21 May 2024

Çərşənbə axşamı, 05:59

AZƏRBAYCANSAYAĞI NONSENS

Klublarımız UEFA Kubokunda iştirak etmir, amma millimiz Avro-2016-da mübarizə aparacaq

Müəllif:

29.09.2015

Futzal üzrə Azərbaycan millisi tarixində dördüncü dəfə Avropa Çempionatının final mərhələsində oynamaq imkanı qazanıb. Bu xəbər sevinc doğurmaqla yanaşı, həm də təəccüb yaradır. Çünki millimiz klublarımızın UEFA Kuboku uğrunda mübarizədə iştirak etmədiyi ilk mövsümdə böyük uğura imza atdı. Cari mövsüm çempion olan "Xəzər adaları" maliyyə probleminə görə UEFA Kubokunda iştirakdan imtina etdi. Gümüş medalçı "Fənər" isə onun əvəzinə avrokuboklara yollanmaq istəmədi. Belə də UEFA Azərbaycan çempionunun avrokuboklarda iştirak etmədiyinə görə ölkəmizə xəbərdarlıq etdi. 

Xatırladaq ki, futzal üzrə Azərbaycan millisi ilk dəfə 2010-cu ildə Macarıstanda keçirilən Avropa Çempionatının final mərhələsində iştirak etmək imkanı qazanıb. Həmin il Joze Alesionun rəhbərliyi altında komandamız Çexiya (6:1) və Macarıstan (3:1) üzərində qələbəylə pley-offa vəsiqə əldə etdi. 14 finalda yığma penalti zərbələrində Ukraynanı (3:3, 4:2) məğlub etməklə yarımfinala yüksəldi. Finala vəsiqə uğrunda mübarizədə futzalçılarımız Portuqaliyaya uduzdu, özü də penalti zərbələrində (3:3, 3:5). Bürünc medal uğrunda görüşdə Azərbaycan millisi Çexiyaya uduzmaqla (3:5) mükafatçılar sırasına düşə bilmədi. Millimizin futzalçısı Biro Jade 5 qolla Qitə Çempionatının bombardirlər siyahısına daxil olmaqla tarixə düşdü.

Bununla belə qeyd etmək lazımdır ki, AVRO-2010-da millidə əsas sözü legioner oyunçular deyirdi. Tarix yazan komandada ukraynalı Andrey Tveryankin, braziliyalı Felivo, Biro Jade, Tyaqu və Serjao start heyətdə yer alırdı. Azərbaycanlı futzalçılara Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadəyə milliləşdirilmiş oyunçuların əvəzedicisi kimi baxılırdı.

İki il sonra - 2012-ci ildə Azərbaycan Xorvatiyada keçirilən Avropa Çempionatında oynamaq imkanı qazandı. Bu dəfə millimiz uğursuz çıxışla yadda qaldı. Qrupda Portuqaliya (1:4) və Serbiyaya (8:9) uduzan yığma növbəti mərhələyə çıxa bilmədi. Heyətdə yeni oyunçu Dantas het-triklə yadda qaldı. Təcrübəli heyətlə qrupdan çıxa bilməyən futzalçılarımızın nəticəsi federasiya üçün şok oldu. Bu uğursuzluqdan sonra bəzi legionerlərlə yollar ayrıldı, komandada islahatlar aparıldı.

Avro-2014 Belçikada keçirildi. Azərbaycan Qitə Birinciyinə yeni heyətlə - yeni legionerlərlə yollandı. Bu dəfə qapıçı Laersio Buranello oldu. Heyətdə yeni legioner - Rafael, Auqusto, Amadeuya yer verildi. Qitə Birinciliyində Sloveniyaya 7:6 hesabıyla qalib gəldik. Amma ikinci görüşdə İtaliyaya uduzduq, özü də 0:7 hesabıyla.

Bir müddət sonra Azərbaycan Futzal Federasiyası Joze Alesionun xidmətindən imtina etdi. Millinin sükanı arxasına Tino Peres gətirildi. Əksər legionerlər komandadan uzaqlaşdırıldı. Bu il keçirilən seçmə mərhələdə daha çox yerli oyunçulara şans verildi. Bakıda keçirilən seçmə oyunlarda Azərbaycan millisi Belçika və Danimarkaya qalib gəlsə də, Ukraynada uduzdu. Pley-offda Bakıda Slovakiyaya 3:1 hesabıyla qalib gəldik. Səfərdə cavab görüşündə 1-1 oynamaqla yığma Avro-2016-ya vəsiqə əldə etdi. Bu oyunlarda legionerlər - Auqusto, Amadeu, Eduardo, Rafael və Sezarla yanaşı, gənc azərbaycanlı qolkiper Rövşən Hüseynli, veteranlar Rizvan Fərzəliyev, Vitali Borisov və gənc İsa Atayev parladı. 

Avrokuboklarda iştirak etməsək belə, millimiz Avropa Çempionatında mübarizə aparmaq imkanı qazanıb. İndi çalışmaq lazımdır ki, Qitə Birinciliyinə turist deyil, iddialı komanda kimi yollanaq. Amma bu heyətlə Avro-2016-da medallar uğrunda mübarizə aparmaq mümkün deyil. Müdafiədən hücuma keçərkən futbolçularımızda sürət çatışmazlığı hiss olunur. Üstəlik, ehtiyat qüvvə yoxdur. Bütün oyunlarda eyni heyətlə mübarizə aparmaqla uğur qazanmaq çox çətindir. Nəzərə alsaq ki, Qitə Birinciliyinə qədər komanda üzvləri zədə problemiylə üzləşə bilər. Avropa Çempionatının başlanmasına 4 ay vaxt var. Bu müddət ərzində yığma üzvlərinin təlim-məşq toplanışında iştirakını və güclü rəqiblərlə yoldaşlıq görüşü keçirməsini təmin etmək lazımdır. Əks halda milli üzvlər oyun praktikasından əziyyət çəkəcək. Bu problem isə Avro-2016-da fiaskoyla nəticələnə bilər.

Azərbaycan millisinin baş məşqçisi Tino Peres "R+"a bildirib ki, Slovakiya ilə oyunlar çətin oldu. "Azərbaycan millisi əzmkarlıq nümayiş etdirməklə Qitə Birinciliyində oynamağa layiq olduğunu göstərdi. İndi komanda bərpa dövrünü keçəcək. Sonra Avro-2016 ilə bağlı planlarımızı düşünəcəyik. Təlim-məşq keçmək və Qitə Birinciliyinə daha yaxşı hazırlaşmaq istəyirik. Hədəflər barədə federasiya rəhbərliyi ilə görüşdən sonra danışa bilərəm".

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "R+"a bildirib ki, ardıcıl dördüncü dəfə Qitə Birinciliyində iştirakımız futzalın ölkədə inkişafından xəbər verir. "Heyətdə çıxış edən Amadeu, Rafael və digər legionerlərimizi əcnəbi hesab etmirəm. Onlar uzun müddətdir Azərbaycanda yaşayır və bizim komandanın şərəfini qoruyur. Hazırda əsas məqsəd dekabrda keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində uğurlu çıxış etməkdir. Biz mundialda təmsil olunmaq istəyirik. Ona görə bütün fikrimiz seçmə oyunlara yönəlib. Seçmə oyunlarda da bu heyətlə çıxış edəcəyik. Yalnız bundan sonra Avro-2016-ya hazırlıq barədə danışmaq olar".

Beləliklə, Azərbaycan yığması həlledici mərhələdə mübarizə aparacaq 12 komandadan biri olacaq. Millimizlə yanaşı, Qazaxıstan, Macarıstan və Çexiya seçmələri də vəsiqə əldə edən son komandalar olub. Onlar pley-offda müvafiq olaraq, Bosniya və Herseqovina, Rumıniya və Belarusu məğlub ediblər. Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya əvvəlcədən həlledici mərhələyə vəsiqə qazanmışdılar. Serbiya yığması isə meydan sahibi qismində əsas mərhələdə mübarizə aparacaq. Qeyd edək ki, final mərhələsinin püşkatma mərasimi oktyabrın 2-də oyunların keçiriləcəyi Belqrad şəhərində baş tutacaq. Görüşlər isə gələn il 2-13 fevral tarixlərində keçiriləcək.



MƏSLƏHƏT GÖR:

515