17 May 2024

Cümə, 04:41

BUNU TƏKRARLAMAQ ASAN DEYİL

Sabiq dünya çempionları Veselin Topalov və Vladimir Kramnik Dünya Kubokunun nümunəvi təşkilatçılığına heyrandırlar

Müəllif:

29.09.2015

Dünyanın ən güclü qrossmeysterləri Bakıya şahmat üzrə Dünya Kubokuna yığışıb. Azərbaycana Veselin Topalov, Vladimir Kramnik, Sergey Karyakin, Fabiano Karuana, Xikaru Nakamura, Boris Qelfand, Pyotr Svidler, Levon Aronyan və digərləri gəlib. Çünki Dünya Kubokunun finalçıları şahmat tacı uğrunda iddiaçılar turnirinə vəsiqə qazanacaq. Ümumiyyətlə, turnirə 128 şahmatçı qoşulub.

Turnirin keçirilmə qaydaları isə istənilən şahmatçıya finaladək irəliləməyə imkan yaradır. Artıq turnirin favoritləri hesab olunan dünya çempionları Veselin Topalov və Vladimir Kramnik mübarizəni dayandırıblar. 

Rusiyalı dünya çempionu Vladimir Kramnik mötəbər yarışın 1/16 final mərhələsində Dmitri Andreykinə uduzmaqla yarışı tərk etdi. "R+"a müsahibə verən Rusiyanın məşhur şahmatçısı Andreykinin onun üçün uğursuz rəqib olduğunu deyib: "O hər zaman mənə qarşı yaxşı oynayır. Səhv etmirəmsə, keçirdiyimiz partiyaların nəticələrində böyük fərq yoxdur. Amma, deyəsən, mənim xeyrimə deyil. Klassik partiyada heç-heçə oynadıq. Tay-brekdə isə Andreykin uğur qazandı. Deməli, Dünya Kubokunda mübarizəni dayandırmalıyam".

Maraqlıdır ki, 2013-cü ildə keçirilən Dünya Kubokunun finalında Kramnik məhz Andreykinə qalib gəlib. Onun sözlərinə görə, Andreykinlə hər bir oyun yeni mübarizə olur: "İki il əvvəl mən qalib gəlmişdim. Bu dəfə tay-brekdə alınmadı. Həmin oyunun revanşı olduğunu söyləməzdim. Sadəcə, rəqibim qalib gəldi. Ona uğurlar arzu edirəm".

Kramnik qeyd edib ki, Bakıda qalib gəlmək istəyirdi: "Ardıcıl ikinci dəfə Dünya Kubokunu indiyə qədər heç kim qazanmayıb. Çox istəyirdim bu uğura imza atım. Təəssüf ki, alınmadı. Dünya Kubokunda rəqabət çox güclüdür. Demək olar ki, hər gün oyun var. İstirahət günü hər şahmatçıya dincəlmək nəsib olmur. Bu mənada sona qədər mübarizə aparmaq asan deyil. Fikir verin, Kamski, Gelfand kimi şahmatçılar turniri erkən tərk etdilər".

Dünya Kubokuyla bağlı proqnoz verməyən Kramnik finalçıların adını çəkməyə çətinlik çəkdi: "Qarşıda bir neçə mərhələ var. Ona görə finalda kimlərin olacağını deyə bilmərəm. Hər bir şahmatçı finala vəsiqə qazanmaqla iddiaçılar turnirində oynamaq istəyir. Finalçıların adını söyləmək üçün, heç olmasa, yarımfinalı gözləmək lazımdır. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovu qeyd edə bilərəm. Məmmədyarov çox yaxşı oyun nümayiş etdirir. Doğma insanların yanında olması onu ruhlandırıb".

Təşkilatçılıq barədə danışan rusiyalı dünya çempionu Azərbaycanda özünü yaxşı hiss etdiyini deyib: "Təşkilatçılıq barədə şərh verməyə ehtiyac yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, biz şahmatçıların bütün diqqəti Dünya Kubokuna yönəlib. Ona görə bəzən hər bir detalı görmək imkanımız olmur. Məsələn, mənə dedilər naharda həm yerli, həm də Avropa mətbəxinə yer ayrılıb. Amma inanın fikir verməmişəm. Nahara gələndə tələsik yeyirəm. Çünki oyuna az vaxt qalır, hazırlaşmaq vacibdir. Avropayla saat fərqi olduğu üçün ilk günlər səhər tezdən oyanmaq mənim üçün çətin olurdu, sonradan öyrəşdim. Lakin yenə də səhər tezdən oyanmıram. Şəmkirdə olanda da oyanmaqla bağlı problem olurdu. Dünya Kubokunun keçirildiyi hoteli xüsusi qeyd etməliyəm. Həyatımda gördüyüm ən gözəl mehmanxanalardan biridir".

Bakıda turnir günlərində istirahətinə gəlincə Kramnik "Barselona" klubunun azarkeşi olduğunu söylədi: "İmkan olanda bir-iki saat havada gəzirəm. Futbola baxmaq istəyirdim, amma alınmadı. Rusiya klublarının avrokubokdakı matçlarını izləyirəm. Və təbii ki, "Barselona"nın oyunlarına baxıram. Bu komandanın azarkeşi olduğumu gizlətmirəm. Yadımdadır, 2002, yoxsa 2003-cü il idi. "Barselona"nın stadionunda oyuna baxırdım. Həmin görüş Messinin klubda ilk oyunlarından biri idi. Leo fərqli hərəkətlər edirdi. O vaxtdan diqqətimi cəlb etdi. Messi, həqiqətən, yaxşı futbolçu, komandanın lideridir".

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun reytinq favoriti Veselin Topalov "R+"a açıqlamasında turnirin əhəmiyyətindən və məğlub olduğu partiyadan danışıb. Sabiq dünya çempionu 1/8 finalda Rusiya təmsilçisi Pyotr Svidlerə məğlubiyyətini normal qarşıladığını deyib: "Dünya Kubokunda hər görüş çətindir. Hətta lider şahmatçı belə erkən mərhələdə turniri tərk edə bilər. Svidlerlə görüşdə səhvlərim oldu. Bəzi gedişlərin perspektivini düşünmədən qərar verdim. Məğlubiyyətimə üzülmürəm. Hər zaman qalib gəlmək mümkün deyil. Svidler məndən əvvəl Teymur Rəcəbovu məğlub edib. Nəzəri cəhətdən Rəcəbov mənim üçün daha uğursuz rəqibdir. İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm. Bir dəfə də o məni məğlub edib. Digər görüşlərimiz heç-heçə başa çatıb. O mənada onunla oynamaq da çətin olacaqdı. Belə reqlamentdə hər mərhələdə bir neçə şahmatçı yarışla vidalaşır. Bu dəfə mən Dünya Kubokundan ayrılıram. Amma üzülmürəm. Bakıda istənilən yarışda iştirakçı olmaq çox sevindiricidir".

Bolqar dünya çempionunun məğlubiyyətə üzülməməsi başadüşüləndir. Dünya Kubokunda şahmatçılar finala vəsiqə qazanmaqla iddiaçılar turnirində iştirak etmək imkanı qazanacaq. Topalov isə FİDE reytinqində yüksək göstəricilərinə görə ali şahmat qurumu tərəfindən dəvət alacaq, məhz bu amilə görə Dünya Kubokunu erkən tərk etməsi onu kədərləndirmir: "Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün çıxış edirdim. Reytinqə görə onsuz da iddiaçılar turnirində mübarizə aparacam. Belə də FİDE qaydalarına əsasən ya Qran-pri, ya da Dünya Kubokunda mütləq iştirak etməlisən. Qran-pridə olmadığım üçün Dünya Kubokunda təmsil olunmağım mütləq idi. Sadəcə, gözəl oyun sərgiləmək üçün Bakıya gəlmişdim. İddiaçılar turnirində tam fərqli hazırlıq və hədəflər olacaq".

Son aylar stabil oyun nümayiş etdirən Topalov karyerasında irəliləyişi belə izah etdi: "Tam olaraq sakitləşmişəm. Hər turnirdən zövq almağa çalışıram. Hərçənd 43 yaş şahmat üçün az deyil. Bu yaşda şahmatdan ayrılan insanlar olub. Müəyyən problemlər zamanı mən də şahmatdan ayrılmağı düşünmüşəm. Bir müddət oynamadım, sonra toparlanaraq sevimli işimlə məşğul olmağa başladım. Fikrimcə, hələ bir neçə il yaxşı forma göstərə biləcəm. Əsas odur ki, oyunundan zövq alasan, məcburiyyət olmasın".

Dünya Kubokunun təşkilatçılığı barədə danışan Topalov şahmatçılar üçün hər cür şəraitin yaradıldığını dedi: "Təşkilatçılara təşəkkür edirəm. Dünya Kuboku tarixində ən gözəl turnirlərdən biri oldu. Sözsüz, belə şəraitdə oynamaq çox xoşdur. Bakıda bir neçə dəfə olmuşam, hər dəfə xoş təəssüratlarla ayrılmışam. Bu şəhər və insanları çox gözəldir. Gələn il Bakıda şahmat olimpiadası keçiriləcək. Fikrimcə, sizdən sonra olimpiadanı təşkil etmək asan olmayacaq. Bakı növbəti dəfə nümunəvi təşkilatçılıqla hamını heyran edəcək. Bu təşkilatçılığı təkrarlamaq asan deyil. Ümumiyyətlə, Azərbaycandan sonra şahmat yarışı keçirmək istənilən ölkə üçün çətindir. Çünki bu səviyyədə təşkilatçılığı çoxları bacarmır".

Gələcək planlarından danışan Topalov "SOCAR-Azerbaijan" klubunun heyətində növbəti dəfə uğur qazanmaq istədiyini söylədi: "SOCAR-Azerbaijan" klubunda çıxışımı davam etdirirəm. Bu mənada yenidən Avropa Kubokunu qazanmaq istərdim. Bu klubda çox güclü heyət formalaşıb. Hər dəfə qalib gəlmək gözəl hisslər yaradır. Dünya Kubokunu tezliklə unudub bütün fikrimi klublar arasında Avropa Kubokuna yönəldəcəm. Noyabrda bizi yeni sınaq gözləyir".


MƏSLƏHƏT GÖR:

539