21 May 2024

Çərşənbə axşamı, 11:47

İDMANDA İSLAM HƏMRƏYLİYİ

Azərbaycan İslamiada-2017-ni təşkil etməklə öz imkanlarını bir daha nümayiş etdirəcək

Müəllif:

29.09.2015

"İdman, sən həyatsan!" Müasir Olimpiya Oyunlarının təşəbbüskarı olmuş baron Pyer de Kubertenin bu fikri XIX-XX əsrlərin kəsişməsində idman tədbirlərinin artan əhəmiyyətinin göstəricisi sayıla bilər. Arxada qalmış yüzillikdə idmanın dünya ictimaiyyətinin həyatındakı rolu və əhəmiyyəti xeyli güclənib. Olimpiadaların, dünya çempionatlarının və digər yarışların keçirildiyi günlərdə ölkəsinin atletlərinə, futbolçularına, hokkeyçilərinə və digər idmançılarına görə həyəcan keçirməyən insana rast gəlmək çətindir. Digər tərəfdən nəhəng idman tədbirləri buna ev sahibliyi edən ölkənin daxili aləmini dünyaya açır, həmin ölkənin təbiətinin gözəlliyini, tarixini və mədəniyyətini nümayiş etdirir.

Ölkələrin Olimpiadalara, dünya və ya qitə çempionatlarına, yaxud digər idman tədbirlərinə ev sahibliyi etmək uğrunda yarışmaları, bununla da, özlərinə daha çox diqqət cəlb etməyə çalışmaları əbəs deyil.

Bu baxımdan, Azərbaycanda da idmanın inkişafına xüsusi diqqət göstərilməsi tamamilə əsaslıdır.

"Müstəqil Azərbaycanın rəmzlərini idman qədər nümayiş etdirən ikinci vasitə yoxdur". Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu fikri ölkə rəhbərliyinin idman siyasətinin konsepsiyasını tam aydın şəkildə ortaya qoyur.

İdmana, idman infrastrukturunun inkişafına diqqət nəticəsində Azərbaycan artıq dəfələrlə miqyaslı yarışlara ev sahibliyi edib. Onların arasında müxtəlif idman növləri üzrə istər dünya, istərsə də Avropa çempionatları olub. Nəhayət, bu ilin iyununda Birinci Avropa Oyunlarının möhtəşəm təşkili ölkənin bu sahədəki əsas nailiyyəti sayıla bilər. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki, Türkiyə, Rusiya, Serbiya və digər ölkə prezidentləri isə bu idman bayramına qatılmaqla oyunların təşkilinə ən yüksək bal vermiş oldular.

Onların hər biri Avropa Oyunlarının təşkili səviyyəsinin planetin ən miqyaslı idman tədbiri olan Yay Olimpiya Oyunlarının təşkilindən heç nə ilə geri qalmadığını bildiriblər. Bununla yanaşı, qeyd edilməlidir ki, Azərbaycan Avropa Olimpiya hərəkatının pionerinə çevrilib - qitə miqyaslı Olimpiadanın keçirilmə ideyası məhz Bakıda baş tutan birinci Avropa Oyunlarının uğurundan asılı idi. Azərbaycan da öz növbəsində bütün gözləntiləri doğruldub, təşkilatçılığın ən yüksək səviyyəsini nümayiş etdirib. Bundan sonra növbəti Avropa Oyunlarının təşkilatçılarının eyni uğuru təkrarlamaları çox çətin olacaq. Bu dərəcədə yüksək təşkilatçılıq standartına idmançılardan da dəstək gəlib - Azərbaycan komanda hesabında 21-i qızıl olmaqla, 56 medal qazanıb və yalnız Rusiya yığmasını irəli buraxaraq, ikinci yeri tutub. 

Və əlbəttə ki, yerli idmançıları vətənində dəstəkləmək imkanı qazanmış azarkeşlərin sevinci də öz yerində.

"Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan idman yarışlarının təşkili standartını növbəti dəfə 2017-ci ildə dünyaya nümayiş etdirmək şansı qazanacaq - mayda ölkədə dördüncü İslam Həmrəylik Oyunları keçiriləcək.

Artıq oyunların Təşkilat Komitəsi yaradılıb və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası da keçirilib.

"Əminəm İslam Oyunları, ilk növbədə, İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. Birinci Avropa Oyunlarında əldə edilmiş təcrübə, əlbəttə, ki, bizə kömək edəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi, təxminən, bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcək və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaq", - deyə Prezident İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin iclasında bildirib.

Bununla yanaşı, qeyd edək ki, İslamiadanın təşkili böyük maliyyə vəsaiti tələb etmir. Çünki artıq ölkədə yarışların keçirilməsi üçün lazım olan bütün obyektlər tikilib: Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi.

"Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur", - deyə iclasda Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva bildirib.

İslamiadada 57 islam ölkəsindən 5 min idmançının iştirak edəcəyi gözlənilir. İlkin razılaşmaya əsasən, 20 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur: yüngül atletika, gimnastika, güləş, boks, cüdo, taekvando, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, futbol və s. Oyunlar çərçivəsində paraatletlərin və paracüdoçuların yarışı da gözlənilir. Bundan başqa, sözügedən oyunların daha bir fərqli cəhəti qeyri-ənənəvi idman növü üzrə keçiriləcək yarış olacaq. Söhbət "zorxana" milli idman növündən gedir.

IV İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcək.

Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Media Kəndində isə kütləvi informasiya vasitələrinin təmsilçiləri yerləşəcəklər.

"Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq Oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaq. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur", - deyə M. Əliyeva qeyd edib. Onun sözlərinə görə, oyunların yayımının təşkili ilə bağlı danışıqlar aparılır. Bundan başqa, turnirə beynəlxalq və yerli sponsorların cəlbi ilə bağlı da işlər görülməkdədir: "Qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan hotellərin sayı və tutumu dəqiqləşdirilib. Bu sahədə heç bir problem gözlənilmir".

Oyunlar zamanı 10 min könüllünün işə cəlb olunması da nəzərdə tutulub. Ümumiyyətlə, yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır.

Prezident İlham Əliyev isə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. "Avropa Oyunları zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi. Yəni budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil edilmişdi. Eyni zamanda təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu hiss etməməlidir", - deyə İlham Əliyev qeyd edib.

Dövlət başçısı oyunlar zamanı informasiya-kommunikasiya sistemlərinin, şəhər nəqliyyatının işinin də yaxşı təşkil edilməli olduğunu söyləyib. Prezident bildirib ki, Atletlər Kəndi və Medi Kəndinin 2017-ci ilədək yüksək səviyyədə qalması üçün onlara lazımi səviyyədə xidmət göstərilməlidir.

Bununla yanaşı, İslam ölkələrinin idman funksionerləri artıq gələn ay Azərbaycanın İslamiadaya hazırlıq səviyyəsini qiymətləndirmək imkanı qazanacaqlar. Noyabrın 2-4-də ilk dəfə olaraq İslam Həmrəyliyi İdman Federasiyasının IX Baş Assambleyası və İslam Həmrəylik Oyunları ilə bağlı yaradılmış koordinasiya komissiyasının birinci toplantısı ilk dəfə olaraq Səudiyyə Ərəbistanında deyil, Bakıda keçiriləcək.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, iki il ərzində həm Avropa Oyunlarına, həm də İslamiadaya ev sahibliyi edəcək ölkə məhz Azərbaycandır. Bu, iki mədəniyyətin həmahəng şəkildə qovuşmasının, yüksək tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir.

Lakin İslam Oyunlarınadək Bakıda daha bir neçə əhəmiyyətli idman tədbiri keçiriləcək - 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa Çempionatının final mərhələsi, yelkənli qayıqların Olimpiya sinfi üzrə 23 yaşadək gənclərin Dünya Çempionatı, Şahmat Olimpiadası və "Formula-1" Avropa Qran-pri yarışları. Qarşıda isə bizi futbol üzrə Avropa Çempionatı gözləyir - 2020-ci ildə Bakı Avropa Çempionatının final mərhələsinin bir qrupunun matçlarına və 1/4 final qarşılaşmasına ev sahibliyi edəcək.

Ölkə rəhbərliyinin bu cür tədbirlərin təşkilindəki təcrübəsi və məsuliyyət səviyyəsi bütün bu yarışların uğurla təşkil olunacağına əminlik yaradır. İdman yarışlarının bütün spektrini əhatə etmək üçün isə Bakı Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanmalıdır. Birinci Avropa Oyunlarının, İslam Oyunlarının, futbol üzrə Avropa Çempionatının və digər yarışların təşkili təcrübəsi, şübhəsiz ki, Azərbaycana gələcəkdə planetin əsas yarışının təşkili hüququnu qazanmaq üçün əlavə üstünlüklər verəcək.

 

 

SİTAT

 

"Əminəm İslam Oyunları, ilk növbədə, İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

503