21 May 2024

Çərşənbə axşamı, 03:28

MÜSƏLMAN ŞƏRQİNDƏ İLK TEATRLAR

Onlar Azərbaycanda yaradılıb, özlərilə mədəni inkişaf, tərəqqi və azad fikir gətiriblər

Müəllif:

29.09.2015

Nəyinsə banisi olmaq, əsasını qoymaq  hər zaman çətindir. Özünə qarşı apriori qərəzli və şübhəli münasibət görürsənsə, bu, ikiqat çətinlik yaradır. Azərbaycan çar Rusiyasının  tərkibində olarkən məhz bu cür münasibətlə üz-üzə idi. Azərbaycanda peşəkar teatr da məhz tatar xalqına (o zaman azərbaycanlılar belə adlandırılırdı) münasibətin birmənalı olmadığı, hökumətin icazədən çox qadağa qoyduğu şəraitdə yaranıb. Lakin o, zəngin ənənələr sayəsində müsəlman Şərqində Avropa tipli ilk teatra  çevrilə  bildi.

 

Zəngin  irs

Teatrın yaranması Azərbaycan xalqının mədəniyyətinin vacib mərhələlərindən biridir. Bu yaxınlarda Azərbaycan Prezidenti Dərbənddə XIX əsrdə yaradılmış Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqda sərəncam imzalayıb. Lakin İrəvandakı Azərbaycan teatrının daha öncə - XVIII əsrdə yaradıldığını yada salmaq yerinə düşər. Tiflisdə də Avropa tipli Azərbaycan teatrı ilk yaradılan teatrlardandır. Bu, bütünlükdə Cənubi Qafqaza aiddir. Bütün bunlar azərbaycanlılara Şərqdə Avropa tipli ilk teatrın yaradıcısı olduqlarını söyləməyə, bu ada iddia etməyə əsas verir. Bəlkə bu, UNESCO-ya müvafiq ərizə ilə müraciət olunması üçün əsasdır?

Bu gün bir məqamı anlamalıyıq ki, zəngin tarixin daşıyıcısı olmaq müasir  Azərbaycan teatrının vəziyyəti ilə bağlı üzərimizə daha böyük məsuliyyət qoyur. Etiraf etmək lazımdır ki, "doğuluş və inkişaf" o qədər də asan  keçməyib. Axı, Azərbaycan teatrının formalaşması ciddi ruslaşdırma təzyiqi altında baş verib. Müxtəlif mədəniyyətlərin görüşdüyü səhnənin - teatrın əhəmiyyəti o zamankı rus hökuməti tərəfindən rus musiqisinin, dilinin və mədəniyyətinin təbliği ilə kifayətlənirdi. Bunun qarşılığında azərbaycanlı teatr həvəskarları görkəmli yazıçılar Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin və digərlərinin əsərlərini səhnələşdirirdilər. Nəticədə, Azərbaycan teatrı tədricən həvəskar səviyyədən peşəkar səviyyəyə  yüksələ bilmişdi. 

 

İlk tamaşalar

"XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində Şimali Azərbaycandakı vəziyyət yeni tipli teatra tələbatın artmasına səbəb olmuşdu. Bunadək Azərbaycan teatrının ibtidai forması kimi xalqın əmək fəaliyyəti, dini və məişət ənənələrilə bağlı mərasimlər, mahnılar, rəqslər nümayiş olunurdu. Onlarda qədim Azərbaycanda xalq teatrlarının əsasını təşkil edən elementlərə rast gəlinirdi", - deyə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Esmira Vahabova "R+" jurnalına açıqlamasında  bildirib. Onun sözlərinə görə, Şimali Azərbaycanda Avropa tipli teatrın yaradılması üçün əsas 1850-ci ildə M.F.Axundovun Azərbaycan dilində komediyalarının peyda olması ilə yaranıb. Onlar ilk dəfə Peterburqda (1851) və Tiflisdə (1852) rus dilində səhnələşdirilmişdi. Azərbaycanda  milli teatrın yaradılması uğrunda mübarizə aparmış şəxslərdən biri azərbaycanlı maarifpərvər Həsən bəy Zərdabi olub. O, hesab edirdi ki, məktəblərin və nəşrlərin açılması ilə yanaşı, teatrların yaradılması xalqın maariflənməsi baxımından önəmli hadisədir. Zərdabi çoxsaylı məqalələrində xalqda teatra maraq yaratmağa çalışır, onu təhsilə, mədəniyyətə səsləyirdi. Bu çağırışlar xalq tərəfindən eşidildi və öndə gedən ziyalılar Bakıda milli teatrın yaradılmasının vacibliyini qəbul etdilər. "Milli teatr, yeni məktəblər, ana dilinin və mədəniyyətin inkişafı uğrunda mübarizə, ümumilikdə, vahid prosesə çevrilmişdi. Prosesdə Azərbaycanın görkəmli maarifpərvərləri, teatr rejissorları da iştirak edirdilər. Misal kimi, Əhməd bəy Ağayevin, Haqverdiyevin, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Sultan Məcid Murtuza-Əli oğlu Qənizadənin, Əli bəy Hüseyn oğlu Hüseynzadənin və digərlərinin adlarını çəkmək olar", - deyə tarixçi bildirir.

Avropa tipli Azərbaycan teatrının yaradılması və inkişafı tarixinə gəlincə, milli istorioqrafiyada, bununla bağlı, müəyyən fikir mövcuddur. Azərbaycanlı tədqiqatçı, musiqişünas-nəzəriyyəçi Qubad Qasımovun sözlərinə görə, 1857-1858-ci illərdə Şamaxıda Müqəddəs Nina məktəbinin xeyrinə tamaşalar göstərilib və bu, tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Lakin  söhbətin hansı tamaşalardan getdiyi, hansı pyeslərin səhnələşdirildiyi, hansı musiqilərdən istifadə edildiyi  bilinmədiyindən, prosesin başlanğıcı 1857-ci il yox, 1873-cü il sayılır. Həmin il martın 21-də (başqa məlumata görə, martın 23-də) real məktəbin  şagirdləri məktəbin müəllimi Həsən bəy Zərdabinin rəhbərliyi, N.Vəzirovun və A.Adıgözəlovun iştirakı ilə M.F.Axundovun "Sərgüzəşti-vəziri xani-Lənkəran" komediyasını səhnələşdiriblər. Aprelin 28-də isə tamaşaçılara "Hacı Qara" komediyası təqdim olunub. Bunu Azərbaycan teatrı tarixinin görkəmli biliciləri də təsdiqləyirlər.

 

Qori  seminariyasından Bakıya

Milli teatrların yaradılmasında 1879-cu ildə açılmış Qori seminariyasının Azərbaycan bölməsinin məzunları da müəyyən rol oynayıblar. "Teatr hər bir şəhərdə yaradılarsa, o, mədəni həyatın önəmli amilinə çevrilə bilər. Milli teatr mədəniyyəti bütöv bir teatrlar sistemindən formalaşır", - deyə Mirzə Fətəli Axundov yazırdı.

XIX əsrin 80-ci illərinin ortalarında Nəcəf bəy Vəzirovun, Haqverdiyevin, Bədəl  Bədəlbəyovun iştirakı ilə Bakıda teatr işində canlanma baş verir. Şəhərdə gələcəyini teatrda görən çox sayda həvəskar aktyorları birləşdirən həmrəy teatr kollektivləri formalaşır. "O zaman bir çox şəxsi, ailə və xidməti maraqlar teatra qurban verilib. Dövlət dəstəyi, maddi bazası, peşəkar kadrları olmayan, ruhanilər və rəsmi dairələr tərəfindən təqib olunan, məhrumiyyətlərlə üzləşən Azərbaycan teatrı buna rəğmən, təkmilləşmədən qalmayıb", - deyə E. Vahabova qeyd edir. 

Beləliklə, Azərbaycanın bir sıra şəhərlərində teatr truppaları yaradılmağa başlayır, həyatlarının mənasını teatrda görən yeni yaradıcı gənclik üzə çıxır, tamaşaların səhnələşdirilməsində iştirak edir, müxtəlif rolları oynayırlar. Teatr rəhbərləri durmadan onun təbliğilə məşğul idilər. Bir faktı bunun göstəricisi saymaq olar: hər dəfə tamaşa başlamazdan əvvəl onun təşkilatçılarından və ya iştirakçılarından biri səhnəyə çıxaraq giriş nitqi söyləyir, teatrın kütlənin tərbiyələnməsindəki rolundan  danışırmış.

Teatrın xalq kütləsinin tərbiyələnməsindəki böyük rolunu dərk edən Azərbaycan ziyalıları Şimali Azərbaycanın bir çox şəhərlərində tamaşaların təşkilinə başlayırlar. Onlar Lənkəranda, Şuşada, Nuxada (Şəki), İrəvanda, Qubada, Naxçıvanda, Yelizavetpolda (Gəncə) müxtəlif tamaşalar səhnələşdirirlər. Həmin ziyalıların əksəriyyəti tamaşalarda aktyor kimi də çıxış edirdilər. Tamaşalar yoxsul şagirdlərə, məktəblərə yardım xarakteri daşıyırdı.

 

İrəvanda  teatr

Azərbaycan mətbuatında daim Bakı və Tiflisdə təşkil olunan tamaşalarla bağlı məlumatların yer alması teatr sənətinin İrəvanda da inkişafına təkan olur. XX əsrin əvvəllərində İrəvan teatrının formalaşdırılmasında Yunis Nuri, Sidqi Ruhulla, Mirzə Mustafa Rəcəbov, Kərim Əhmədov, Mirabbas Mirbağırzadə, Cəfər Əhmədov, Əkbər Rzayev və digərləri böyük rol oynayıblar.

Azərbaycanlı  teatrşünas İnqilab Kərimovun sözlərinə görə, İrəvanda (hazırkı Yerevan) ilk tamaşa 1881-ci ilin sonlarında  səhnələşdirilib. Digər azərbaycanlı tədqiqatçılar İrəvanda Azərbaycan teatrının 1882-ci ildə yaradıldığını bildirirlər.

"Erməni dilini bilən tədqiqatçı İ.Məmmədov "Psaq" ("Çələng") erməni qəzetinin 1882-ci il 10 aprel tarixli nömrəsində yer almış "Fars teatrı" yazısına istinad edir. Məqalədə deyilir: "2 aprel 1882-ci ildə İrəvanın Müqəddəs Qayane gimnaziyasının salonunda irəvanlı kasıb müsəlman tələbələrə dəstək məqsədilə tatar dilində "Acgözlük düşmənçilik yaradır " pyesi ikinci dəfə səhnələşdirilib. Məmmədov tamaşanın ilk dəfə nə zaman nümayiş olunduğunu göstərmir. Odur ki, məntiqlə İnqilab Kərimovun ilk tamaşanın 1881-ci ildə səhnələşdirildiyi haqda fikirlərinin doğru olduğunu düşünmək mümkündür", - deyə E. Vahabova bildirir. 

25 mart 1913-cü ildə Molla Nəsrəddinçi, şair və publisist Əli Məhsun Rəhimzadə və Əsgər Axundov rəsmi dairələrdən İrəvanda "İslam dram dəstəsi"nin fəaliyyətə başlaması üçün icazə alırlar. Bu dəstə özündə gənc aktyorları birləşdirirdi. Qısa zamanda onun aktyorları Canpoladovun teatr binasında bir neçə tamaşa nümayiş etdirir - "Kimdir müqəssir?", "Ac həriflər", "Pul hərisi", "İbrahim bəy və ya despotizmin qurbanı", "Aldanmışlar"..

 

Tiflisdə  teatr

1873-cü ildə Tiflisdə yaradılmış Azərbaycan Dram Teatrının banisi Abdulla Xəlilov olub. Bu teatr Borçalı azərbaycanlılarının mədəni həyatında böyük rol oynayıb. Teatrda Azərbaycan klassiklərinin, xarici və rus yazıçılarının əsərləri səhnələşdirilib. Teatrın səhnəsində Azərbaycanın tanınmış aktyorları - Haqverdiyev, Hüseyn Ərəblinski, S.Ruhulla, Ülvi Rəcəb, İ.İsfahanlı, A.Yüzbaşıyev, A.Vəli, R. Əfqanlı, M.Sənani, M.Mərdanov və digərləri çıxış ediblər.

Tiflisdə Azərbaycan teatrı ağır şəraitdə fəaliyyət göstərib - uzun illər onun öz  binası olmayıb. Maliyyələşmənin zəif olması teatr sənətinin peşəkar inkişafına öz təsirini göstərib. Lakin buna rəğmən, teatrın azərbaycanlı truppası öz missiyasının öhdəsindən şərəflə gəlib, xalqın mədəniyyətinin təbliği ilə məşğul olaraq Azərbaycanın, Gürcüstanın, İranın və Mərkəzi Asiyanın bir sıra şəhərlərində teatrın inkişafına təkan veriblər.

 

Naxçıvan, Dərbənd və Gəncə teatrları

"Naxçıvanda da bu və ya digər dərəcədə normal teatr həyatı Qori seminariyasının məzunlarının vasitəsilə başlayıb. 1882-1883-cü illərdə orada tanınmış yazıçı və publisist Eynalıbəy Sultanov "Ziyalılar cəmiyyəti"nin əsasını qoyub. O, özündə, ilk növbədə, müəllimləri və tələbələri birləşdirib. 1883-cü ilin mayında naxçıvanlı ziyalı Hacı Nəcəf Zeynalovun evində cəmiyyətin üzvləri Mirzə Fətəli Axundovun "Misyö Jordan və dərviş Məstəli şah" əsərini səhnələşdiriblər. 1883-cü ildə isə Naxçıvanda onlar "Müsəlman şiə incəsənəti və dram cəmiyyəti"ni yaradıblar. Bu cəmiyyətin formalaşmasında görkəmli ədəbiyyat və incəsənət xadimləri də iştirak ediblər", - deyə E. Vahabova bildirir.

Dərbəndə gəlincə, 1880-ci ilin ortalarında orada həvəskarlardan ibarət Azərbaycan-türk dram dərnəyi yaradılıb. Dərnəyin yaradılmasının təşəbbüskarı yenə də Azərbaycan ziyalıları olub - müəllimlər və yuxarı sinif şagirdləri, həmçinin musiqiçilər və müğənnilər. Dərnəyin Nizamnaməsi 1904-cü il sentyabrın 22-də təsdiqlənib. Yeni teatrda teatr təhsili olmayan şəxslər çalışıb. Onlar, sadəcə, bu sənətə qəlbən bağlı olan insanlar idilər.

Nəhayət, 1906-cı ildə ziyalı Ələsgər bəy Xasməmmədovun rəhbərliyilə Yelizavetpolda (Gəncə) "Yelizavetpol müsəlman dram cəmiyyəti" fəaliyyətə başlayıb. Cəmiyyətin teatr truppası (38 nəfər) Nəriman Nərimanovun, Namiq Kamalın, Rəşid Əfəndiyevin və digərlərinin əsərlərini səhnələşdirirdilər. Yelizavetpol real gimnaziyasının türk dili müəllimi Mirzə Məhəmməd Axundzadənin təşəbbüsü ilə şəhərdə özfəaliyyət dram dərnəyi də yaradılmışdı. Mirzə Məhəmməd onun işində quruluşçu və aktyor kimi iştirak edirdi. O, həm teatrın repertuarının müxtəlifliyinin qayğısına qalır, həm də pyeslər yazırdı. Ən aktual, insanları narahat edən mövzularda səhnə əsərləri məhz onun qələmindən çıxmışdı.

1913-cü ildə Yelizavetpolda "Aktyorlar cəmiyyəti" də yaradılır. Onun təsisçisi həkim, ictimai xadim Xudadat Ağa oğlu Rafiqbəyov idi. Cəmiyyət tamaşaların təşkili, teatr truppalarının yaradılması ilə məşğul olur, həmçinin aktyorlarına maddi dəstək verirdi. Sonradan Xudadat Rafiqbəyov ADR-in səhiyyə və sosial təminat naziri postunu tutub. "Avropa tipli Azərbaycan teatrının mənbəyində, bax, bu cür insanlar durub", - deyə  E. Vahabova bildirir.

Teatr sənətinə ciddi maraq yaratmağa nail olmuş Azərbaycan Dram Teatrı Azərbaycan Opera Teatrının formalaşdırılması üçün də əsasa çevrilib. Lakin, bu, başqa söhbətin mövzusudur.



MƏSLƏHƏT GÖR:

641