5 May 2024

Bazar, 09:50

ÖLÜMƏ APARAN YOL

Nə qədər ki, biz bu yoldan dönməmişik dəhşətli avtomobil qəzaları barədə xəbərlərin sayı azalmayacaq

Müəllif:

29.09.2015

Üç ölü, doqquz yaralı... Sentyabrın 17-si səhər Sumqayıtdan Bakıya yollanan "Ford-Tranzit" markalı mikroavtobusun sərnişinlərinə mənzil başına çatmaq qismət deyilmiş. Kimi sağlamlığını, kimi isə ümumiyyətlə, həyatını itirdi.

Əslində, yollarımızda hökm sürən bu acınacaqlı durumu çoxdan təhlil etmək istəyirdim. Sumqayıt-Bakı yolunda baş vermiş avtomobil qəzasının faciəvi nəticələri isə bu niyyətimi həyata keçirmək üçün daha bir təəssüf doğuran səbəb oldu.

 

Bir qəzanın çox dərsi

Dəhşətli qəzadan dərhal sonra Bakı-Sumqayıt yolunda Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisinin (DYP) reydləri başlandı. Müfəttişlər həsəd aparılacaq canfəşanlıqla sərnişindaşıma qaydalarını pozanlara qarşı necə mübarizə apardıqlarını qabaqcadan dəvət olunmuş jurnalistlərə nümayiş etdirirdilər.

Təkcə bir reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan və sənədləri qaydasında olmayan 10 sürücü cərimələndi, onların idarə etdikləri mikroavtobuslar isə cərimə meydançasına göndərildi. Sürücülərlə müfəttişlər arasında yaranan mübahisələr ciddi insidentlərlə də nəticələndi. Bir neçə sürücü saxlanılaraq polis bölmələrinə aparıldı.

Reydlərdən çəkilmiş videokadrlardan isə görünür ki, sürücülər nəqliyyat müfəttişlərinə rüşvət verib işlədiklərini iddia edirlər. Onların sözlərinə görə, məhz, bu səbəbdən, nazirlik əməkdaşları qanunsuz reyslərin ləğvində maraqlı deyillər. 

Gözlənildiyi kimi, Nəqliyyat Nazirliyi dərhal baş vermiş qəzadan yaxasını kənara çəkdi. Nazirliyin müvafiq bölməsinin rəsmisi Vüqar Nuriyev qeyd etdi ki, bu mikroavtobusun onlara heç bir aidiyyəti yoxdur. Qəzaya səbəb olmuş mikroavtobusun qanunsuz fəaliyyət göstərdiyini deyən Nəqliyyat Nazirliyinin əməkdaşı Vüqar Nuriyev isə sərnişinləri lisenziyasız avtobuslara minməməyə çağırdı. "Sumqayıt əhalisinə müraciət edirik, bu qanunsuz marşrutlara minməyin. Ona görə ki, onların heç bir sənədi olmadığı üçün belə hadisələr baş verir", - deyə nazirlik rəsmisi bildirib. Bu məntiqlə sərnişin avtobusa minməzdən əvvəl mütləq sürücüdən lisenziya soruşmalıdır. Hərçənd təcrübə göstərir ki, hətta lisenziyanın olması belə bizim avtobusla mənzil başına təhlükəsiz çatacağımıza zəmanət vermir. 

Bu arada, nəqliyyat müfəttişlərinin başı qanunsuz sərnişin daşıyanlarla mübarizəyə qarışdığı bir vaxtda eyni markadan olan başqa bir mikroavtobus Hacıqabul rayonunun Nəvai qəsəbəsindəki DYP postunun yaxınlığında dəmir arakəsməyə çırpılıb. İnformasiya agentliklərinin məlumatına görə, sentyabrın 18-də baş vermiş bu hadisə nəticəsində daha bir nəfər həyatını itirib. 

 

Nə baş verir?

Beləliklə, daha bir qəza, daha bir dəhşətli mənzərə, daha bir qurban və bu da, təəssüf ki, son deyil. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2014-cü il də daxil olmaqla son 26 ildə Azərbaycanın yollarında 69 622 qəza baş verib ki, bunun da nəticəsində 24 537 nəfər dünyasını dəyişib, 77 457 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Əlbəttə, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin kökünü kəsmək dünyada hələ heç kimə müyəssər olmayıb. Lakin müasir texnologiyalardan istifadə etməklə qəzaların böyük bir qisminin qarşısını almaq mümkündür. Özü də bu texnologiyalardan Azərbaycanda kifayət qədərdir. Lakin bu barədə bir qədər sonra. Hələlik isə ölüm saçan mikroavtobusların yollarımıza necə çıxdığına nəzər salaq. 

Son reydlər göstərdi ki, təkcə Sumqayıt-Bakı istiqamətində lisenziyası olmayan onlarla mikroavtobus fəaliyyət göstərir. Lisenziyası yoxdursa, deməli, tələblərə də cavab vermir, əksər hallarda isə ümumiyyətlə, həyat üçün təhlükəlidir. Üstəlik, belə mikroavtobusları, adətən, müvafiq dərəcəsi və ya sürücülük vəsiqəsi belə olmayan insanlar idarə edir. Onların reysə çıxmazdan əvvəl həkim müayinəsindən keçməsindən isə ümumiyyətlə, söhbət gedə bilməz. Bəs, sərxoş halda avtobus idarə edənlərin olması barədə faktlara nə deyirsiniz?

Deməli, qəzaların baş verməsi üçün kifayət qədər səbəb var və müvafiq qurumlar bu barədə bilməmiş olmazlar. Elə onların özləri də bunu inkar etmirlər. Elə isə necə olur ki, bu yararsız mikroavtobuslar illərlə qanunsuz yolla sərnişin daşıyırlar?! Doğrudanmı bu qədər avtobus yollarda sayı-hesabı bilinməyən nəqliyyat müfəttişlərinin iti nəzərindən qaça bilib?! Bəlkə, elə həmin müfəttişlərin müəyyən haqq müqabilində baş verən qanunsuzluqlara göz yumduqlarını deyən sürücülər haqlıdırlar?! Axı, sürücülərin sözlərinə görə, hətta nəqliyyat vasitəsi bütün tələblərə cavab versə belə onlar lisenziya alarkən o qədər süni maneə ilə rastlaşırlar ki, qeyri-rəsmi haqq ödəyib işləməyə üstünlük verməli olurlar. 

Sirr deyil ki, məhz bu kimi səbəblərdən Azərbaycan Prezidenti İlham Əliyev taksi xidmətinin lisenziyalaşdırılması səlahiyyətini "ASAN xidmət"ə verdi. "Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır",- deyə ölkə başçısı iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bildirib.

Azərbaycan Prezidenti ölkənin yol infrastrukturu və nəqliyyat təsərrüfatının təkmilləşdirilməsinə xüsusi önəm verir. Bütün ölkə boyu salınmış yeni yollar, yol ötürücüləri və qovşaqları, hər gün rastlaşdığımız müasir avtobus və taksilər buna əyani sübutdur. İlham Əliyevin təşəbbüsü ilə "ASAN xidmət"in yaradılması isə bir çox sahələrdə şəffaflığın təmin olunması məsələsində gerçək inqilabi addım kimi dəyərləndirilib. 

Lakin Bakı-Sumqayıt yolunda baş vermiş qəza göstərdi ki, heç də bütün qurumlar bu şəffaflıqda maraqlı deyillər, axı, bulanıq suda balıq tutmaq daha asan olur. Faciəvi qəzadan sonra keçirilmiş reydlər göstərdi ki, yollarda təhlükəsizliyə cavabdeh olan qurumların özləri buna səbəb olan hallara göz yumurlar. Onların keçirdikləri reydlər isə bəzən, ümumiyyətlə, qanunun tələblərini pozur. Məsələn, İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsi sərnişindaşıma qaydalarının pozulması və ya lisenziyasız nəqliyyat xidməti göstərilməsinə görə avtomobilin cərimə dayanacağına aparılmasını nəzərdə tutmur. Bunun nəqliyyat müfəttişləri tərəfindən edilməsi isə ümumiyyətlə, yolverilməzdir. Lakin yol polisinin avtomobilin konstruksiyasına edilən dəyişikliklərə görə onu hərəkətdən kənarlaşdırmaq səlahiyyətini heç kim əlindən almayıb. 

 

Hansı daha yaxşıdır: qarşısını almaq, yoxsa cəzalandırmaq?

DYP müfəttişlərinin əlində yetərincə əsası var idi ki, Sumqayıt yolunda qəza törətmiş avtomobili az qala ömürlük cərimə duracağına məhkum etsinlər. Və bu, əksər belə hallara aiddir. Lakin necə olursa onlar həm nəqliyyat, həm də yol polisi müfəttişlərinin gözündən "yayınır". Belə avtomobillərlə mübarizə yalnız qəzalardan sonra və ya telekanalları növbəti reydə dəvət edib qanunu pozanlara qarşı "amansız" münasibət nümayiş etdirmək lazım gələndə yada düşür. 

Reydlərdən biri zamanı Nəqliyyat Nazirliyinin rəsmisi Məmməd İbrahimov etiraf edib ki, qanunsuz sərnişin daşıyan mikroavtobusların bir çoxu Azərbaycana gətirilənə qədər xırda yüklərin daşınması üçün nəzərdə tutulub. Yalnız sonradan onların konstruksiyası dəyişdirilərək sərnişindaşımaya uyğunlaşdırılıb. Elə isə daha bir sual ortaya çıxır: bu mikroavtobuslar yol polisində texniki baxışdan necə keçib?! Axı, hətta bu maşınlar "əvvəlki həyat"larında da mikroavtobus olublarsa belə, onların hazırkı texniki durumu lazımi diaqnostikadan uğurla keçməyə imkan vermir. 

Lakin tutaq ki, hansısa dolayı yollarla texniki baxış birkası bu avtomobillərin alın şüşəsini bəzəyib. Necə olur ki, konstruksiyasına kobud müdaxilə edilmiş onlarla avtobus Bakı-Sumqayıt yolunda yerləşən iki stasionar postdan və bu yolda addımbaşı rast gəlinən yol patrul xidməti naryadlarının yanından maneəsiz keçərək hərəkət edə bilir?! 

Özü də bu avomobillərin cərimə duracağına göndərilməsi üçün yol polisinin sərəncamında olan müasir diaqnostik texnikaya belə ehtiyac yoxdur. Adi gözlə baxmaq kifayətdir ki, bunun üçün yetərincə əsas üzə çıxsın. 

Yeri gəlmişkən, bu gün Azərbaycanın bütün əsas yol və küçələrində təhlükəsizliyə nəzarət etməyə imkan verən müasir kamera və radarlar quraşdırılıb. Bundan başqa, ölkə prezidentinin tapşırığı ilə yol polisi üçün müxtəlif kamera, radar, nömrəoxuyan və s. kompüter avadanlığı ilə təhciz edilmiş yüzlərlə yeni BMV avtomobili alınıb.

Məntiqlə, artıq yol hərəkəti qaydalarının pozulmasını əsasən bu qurğular qeydə almalıdır. Yol patrul xidməti əməkdaşları isə vaxtlarını daha çox yollarda hərəkətin tənzimlənməsinə və qəzaların qarşısının alınmasına sərf etməlidir. Bu, həmçinin qayda pozuntularının rəsmiləşdirilməsində insan faktorunun aradan qaldırılmasına, sadə dillə desək, müfəttişlərlə sürücülər arasında tez-tez rast gəlinən mübahisələrə də son qoymağa imkan verərdi. Sirr deyil ki, bəzən belə mübahisələr hətta ciddi insidentlərlə də nəticələnir. 

Lakin reallıqda biz hələ də əksər hallarda görürük ki, xeyli sayda kompüter avadanlığı ilə təhciz olunmuş YPX avtomobili haradasa kölgədə dayanıb, müfəttiş isə köhnə ənənəyə sadiq qalaraq, əlindəki jezli qabağa uzadıb qaydanı pozan avtomobilə qarşı qaçır.

Yəqin ki, bir çoxlarına belə bir mənzərə tanış gələr: YPX müfətişləri döngədə, görünməyən yerdə dayanıb növbəti qayda pozan sürücünü gözləyir. Belə hallarla hər gün Bakının mərkəzində - İstiqlaliyyət, B. Sərdarov, Şeyx Şamil və başqa küçələrdə rastlaşmaq olar. Piyadaya yol verməyən sürücü yolu dönən kimi mütləq dayandırılacaq və cərimələnəcək. Doğrudur, qaydanı pozmusansa, məsuliyyət də daşımalısan. Lakin kim təminat verir ki, döngədə gizlənmiş YPX inspektoru qaydanı pozan sürücünü saxlayana qədər həmin avtomobil tənzimlənməyən keçiddə piyadanı vurmayacaq?! Yaxşı olmazmı ki, xidmət görünən yerdə aparılsın ki, baş verə biləcək qayda pozuntusunun da qarşısı alınsın?! Elə təəssürat yaranır ki, müfəttişin əsas məqsədi mümkün yol-nəqliyyat hadisəsinin qarşısını almaq deyil, mümkün qədər çox cərimə yığmaqdır. 

İstənilən halda, intizamsız sürücü YPX əməkdaşını qaydanı pozmamışdan əvvəl görsə daha yaxşıdır. Xüsusilə də nəzərə alsaq ki, bizim yollarda yol hərəkəti qaydalarından bixəbər sürücülərə çox tez-tez rast gəlmək olar. Ən pisi isə odur ki, belə hərəkət iştirakçılarının bəzən hətta elementar sürücülük mədəniyyətindən belə xəbərləri olmur. Belələrini heç cərimə ilə də qorxuda bilməzsən. 

İnsafən, yol polisinin keçirdiyi reydlər artıq müsbət nəticələrini verməkdədir. Hər halda bu gün artıq sərxoş halda sükan arxasına keçənlərə və ya avtoxuliqanlıq edərək şəhər sakinlərinin rahatlığını pozanlara az rast gəlmək olar. Polisin sürücülərə sosial statusundan və ya himayədarının olub-olmamasından asılı olaraq fərqli münasibət bəsləməsi barədə ictimai rəydə yer almış təsəvvürlər də artıq dağılmaq üzrədir. 

Lakin görünən odur ki, bu tədbirlər kampaniya xarakteri daşımalı deyil. Yol terrorunun qarşısının alınması üçün sistemli yanaşma sərgilənməlidir. Formallıqdan uzaq, gündəlik və real nəzarət olmalıdır. Özü də bu nəzarət sürücülük vəsiqəsinin və dərəcələrin verilməsindən, avtomobillərə texniki baxışın keçirilməsindən tutmuş sərnişindaşımaya lisenziyanın verilməsinə və sürücünün reysqabağı həkim müayinəsindən keçirilməsinə qədər bütün mərhələdə olmalıdır. Əks halda, hansısa dolayı yollarla sürücülük vəsiqəsi və ya dərəcə almış insandan necə təhlükəsiz sürüş gözləmək olar?! Axı, heç kimə sirr deyil ki, bu gün avtobusların sükanı arxasında, ümumiyyətlə, yaşı müvafiq sürücülük dərəcəsi almağa yetməyən gənclərə belə rast gəlmək mümkündür. Belə bir sürücü, üstəlik, sərxoş və ya xəstə, onun idarə etdiyi avtomobil isə nasaz olarsa, demək, faciə qaçılmazdır. 

Bütün bunların qarşısını almaq üçün aidiyyəti qurumların birgə fəaliyyəti üçün işlək mexanizm olmalıdır. Məsələn, nəqliyyat müfəttişi lisenziyasız sərnişindaşımaya görə avtomobili cərimə duracağına göndərə bilməsə də, bunu həmin avtomobildəki texniki nasazlıqlara və ya konstruksiyaya edilmiş dəyişikliklərə görə yol polisi əməkdaşı edə bilər. Əsas odur ki, məqsəd cərimə toplamaq və ya iş görüntüsü yaratmaq olmasın. 

Hərəkət iştirakçıları isə ən azından öz təhlükəsizlikləri naminə daha artıq vətəndaş məsuliyyəti göstərməlidirlər. Bu, həm də bizim tərəfimizdən bir vətənpərvərlik nümayişi, ölkəmizə və xalqımıza hörmətin təzahürü olardı. Axı, biz vətənpərvərlik və millət sevgisindən danışmağı çox xoşlayırıq. Vətənpərvər olmaq üçün isə ön cəbhədə səngərdə vuruşmaq mütləq deyil, ən azından yollarda bir-birimizin qatilinə çevrilməsək yetər.

 

 

AÇIQ SUALLAR

 

"R+" aidiyyəti qurumlara bu sualları cavablandırmaq imkanı yaratmağa hazırdır

 

Necə olur ki, bu yararsız mikroavtobuslar illərlə qanunsuz yolla sərnişin daşıyır?! Doğrudanmı bu qədər avtobus yollarda sayı-hesabı bilinməyən nəqliyyat müfəttişlərinin iti nəzərindən qaça bilib?!

 

Qanunsuz sərnişin daşıyan mikroavtobusların bir çoxu Azərbaycana gətirilənə qədər xırda yüklərin daşınması üçün nəzərdə tutulub. Yalnız sonradan onların konstruksiyası dəyişdirilərək sərnişindaşımaya uyğunlaşdırılıb. Elə isə bu mikroavtobuslar yol polisində texniki baxışdan necə keçib?!

 

Necə olur ki, konstruksiyasına kobud müdaxilə edilmiş onlarla avtobus Bakı-Sumqayıt yolunda yerləşən iki stasionar postdan və bu yolda addımbaşı rast gəlinən yol patrul xidməti naryadlarının yanından maneəsiz keçərək hərəkət edə bilir?!

 

Kim təminat verir ki, döngədə gizlənmiş YPX inspektoru qaydanı pozan sürücünü saxlayana qədər həmin avtomobil tənzimlənməyən keçiddə piyadanı vurmayacaq?!



MƏSLƏHƏT GÖR:

522