21 May 2024

Çərşənbə axşamı, 08:38

OPTİK İNTEQRASİYA

EPEG və TASİM layihələrində iştirak Azərbaycanın regional texnoloji haba çevrilməsinə kömək edəcək

Müəllif:

29.09.2015

Azərbaycan şəbəkə infrastrukturu sahəsində beynəlxalq layihələrin reallaşdırılması üçün İran, Qazaxıstan və Rusiya ilə əməkdaşlığı genişləndirməyə hazırdır.  İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların yaxın zamanlarda gözlənilən ləğvi, aparıcı iştirakçısı Azərbaycan olan bir sıra regional layihələrin reallaşmasına ikinci nəfəs verəcək.  Əsasən söhbət "Europe-Persia Express Gateway" (EPEG) layihəsinin ikinci fazasının reallaşmasından, habelə "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) yaradılmasından gedir.

 

EPEG-in ikinci fazası

Beş ildən bir qədər az müddət bundan əvvəl ölkə iri beynəlxalq layihənin - "Europe Persia Express Gateway" (EPEG) - fiber-optik kabel magistralının çəkilməsinə cəlb edilmişdi. 200 mln. dollar dəyərləndirilən layihənin təşəbbüskarları - Rusiyanın "Rostelekom", İranın "Telecommunication Infrastructure Company (TIC), Omanın "Omantel", o cümlədən  Britaniyanın "Cable & Wireless" (C&W) - 2012-ci ilin sonunda layihələndirilən buraxılış  qabiliyyəti 3,2 Tbit/s və ümumi uzunluğu, təxminən, 10 min km (tranzit ölkələrdə qolları daxil olmaqla) olan kabelin çəkilməsini yekunlaşdırıblar. Frankfurtdan başlanğıcını götürən, bu xətt EPEG konsorsiumunun bilavasitə səhmdarları olmayan üç tranzit ölkəni - Azərbaycan, Polşa və Ukraynanın ərazisindən keçərək Omana qədər uzanıb. Azərbaycanın EPEG layihəsində iştirakının əhəmiyyətli üstünlüyü ölkənin müasir şəbəkə infrastrukturu ilə təchiz olunması və layihədə cəlb olunmuş kommutasiya obyektlərinin təkmilləşdirilməsi  oldu. Azərbaycan bu layihədə "Delta Telekom" şirkəti ilə təmsil olunur. Şirkətin şəbəkə infrastrukturu respublika ərazisinə trafikin çatdırılmasına cavabdehdir. Ekspert hesablamalarına görə, EPEG-in Azərbaycan seqmentinin dayanıqlığının illik əmsalı 99,99% səviyyəsindədir. Bu, SLA (Service Level Agreement) göstəricisinə əsasən hesablanıb. SLA standartında  xidmətin əlçatarlılıq əmsalı, fasilələrin aradan qaldırılması üzrə normativlərə riayət edilməsi, səmərəlilik göstəriciləri, xüsusən orta və maksimal buraxılış qabiliyyəti və s. kimi parametrlər  qeyd  edilir. Daha doğrusu, keyfiyyət parametrləri  və  rabitə dayanıqlığına görə fiber-optik xəttin Azərbaycan hissəsi hər cür tərifəlayiqdir. 

Lakin EPEG kabel sisteminin potensial yüksək  buraxılış qabiliyyətinə baxmayaraq, onun iş həcmi saniyədə 540 giqabayt təşkil edir. Başqa sözlə, bu gün sistemin potensialının ancaq 1/6-i istifadə olunub. EPEG-in fiber-optik sisteminin tam güclə işləməsi və uyğun olaraq konsorsiumun iştirakçılarına daha çox gəlir gətirməsi üçün Hindistan və Cənub-Şərqi Asiyanın geniş və əhali sıx məskunlaşan regionlarından tranzit trafiki cəlb etməklə, ötürülən informasiyanın həcmini artırmaq lazımdır. 

Son dövrlər EPEG magistral kabelinin Hindistan sahillərinə qədər çəkilməsi işləri həyata keçirilib, həmçinin rabitə xəttinin İran seqmentinin texniki yenilənməsi üçün işlər görülüb. Bu təşəbbüslərin reallaşdırılması maliyyə və texniki xarakterli bir sıra problemlərlə üzləşərək, yubanıb. Bununla belə, cari ildə beynəlxalq sanksiyaların gözlənilən yumşaldılması fonunda İran kabel layihəsinin ikinci fazasına başlamağa hazır olduğunu açıqlayıb. "Layihə ilə bağlı işlər yüksək templə gedir. Trafikin nəql tarifləri optimallaşdırıldıqdan sonra, biz yaxın gələcəkdə EPEG layihəsinin ikinci hissəsini buraxacağıq", - deyə İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi bildirib. 

Layihənin ikinci fazası EPEG kabel magistralının digər - Europe-India Gateway (EIG) beynəlxalq magistralın sualtı seqmentləri ilə birləşdirilməsini nəzərdə tutur.  Bu layihə Britaniyanın "Cable & Wireless Worldwide" operatoru, həmçinin "AT&T" və "Verizon" Amerika şirkətləri  tərəfindən təşviq edilir.  Bu günlərə qədər həmin qərb şirkətləri İrana qarşı tətbiq edilən sanksiyalarla əlaqədar olaraq EPEG layihəsinin inkişaf etməsi üçün sərmayə yatıra  bilmirdilər. 

 

TASİM  layihəsinin yekun variantı

Diqqətəlayiqdir ki, son vaxtlar Avrasiya məkanında güclənən inteqrasiya prosesləri və İranın region dövlətləri ilə iqtisadi  əlaqələrinin genişləndirməsinə maraq göstərməsi, şəbəkə infrastrukturunun inkişafı sahəsində mühüm olan digər bir təşəbbüsün reallaşdırılmasına səmərəli təsir göstərəcək. Söhbət Avropa və Asiyanın - Frankfurtdan tutmuş Honkonqa qədər yüksəksürətli informasiya şəbəkəsi - 20-dən çox ölkəni birləşdirən TASİM layihəsindən  gedir.  Bu layihənin təşkilatçısı, təxminən, yeddi il əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. Layihənin inkişafında mühüm mərhələ 2013-cü ildə TASİM layihəsinin reallaşdırılması istiqamətində qarşılıqlı anlaşma haqda Bakı memorandumunun imzalanması oldu. Bu,  konsorsiumun yaradılmasında vacib addım oldu, o, layihənin gələcəkdə reallaşmasının konturlarını cızdı, həmçinin iştirakçıların səlahiyyətlərini və rollarını, onların maliyyə xərclərini və hüquqi statuslarını müəyyənləşdirdi. 

Ötən illər ərzində bu layihələrin həyata keçirilməsində "Rostelekom" (Rusiya), "KazTransKOm" (Qazaxıstan), "TurkTelecom" (Türkiyə), "ChinaTelecom" (Çin), o cümlədən "AzİnTelekom" (Azərbaycan) iştirak edirlər. Artıq yekunlaşan birinci mərhələdə regionun aparıcı ölkələri və operatorlar şərq və qərbi birləşdirəcək əsas tranzit internet-infrastruktura sərmayə yatırmağa hazır olan rabitə şirkətlərinin cəlb olunması ilə məşğul olublar.  BMT-nin  mandatı əsasında reallaşdırılan ikinci mərhələdə, yaradılmış infrastrukturdan istifadə etməklə, beynəlxalq hablara (internet-mərkəzləri) birbaşa çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətə internetlə təmin etmək nəzərdə tutulur. 

Növbəti  addım  yüksək buraxılış  qabiliyyəti olan fiber-optik infrastrukturun yeni seqmentlərinin çəkilməsi olacaq. Belə ki, yaxın zamanlarda Azərbaycan və Qazaxıstan TASİM-in Xəzər sualtı seqmentinin tikintisi barədə müqavilə imzalayacaqlar. Azərbaycanın Siyəzən şəhəri və Qazaxıstanın Aktau limanı arasında kabelin çəkilməsi, təxminən, 2016-cı ilə planlaşdırılıb. 

Cari ilin dekabr ayında keçirilən "BakuTel-2015" növbəti beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində TASİM layihəsinin yekun inkişaf variantları da daxil olmaqla, əsas sənədin imzalanması nəzərdə tutulub. Operatorların layihənin dəqiq texniki göstəriciləri əks olunan, TASİM-in tikintisi və istismarına dair ayrıca müqavilə imzalayacaqları istisna  edilmir. Layihənin rəsmi iştirakçısı olmayan İran da TASİM-lə bağlı öz maraqlarını ifadə edir. Bununla yanaşı, bu gün İslam ölkəsi region dövlətlərinin telekommunikasiya sahəsinə inteqrasiya proseslərində  hər cür iştiraka hazır olduğunu bildirir.

"İran TASİM layihəsinin reallaşdırılmasında əməkdaşlıq etməyə hazırdır və bu məsələ hazırda Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə müzakirə edilir. Bu gün yaranan beynəlxalq şərtlər regionda mövcud olan rabitə kanalları və sisteminin inteqrasiyası istiqamətində birgə səylər üçün əlverişlidir", - deyə İranın rabitə naziri M. Vaezi vurğulayıb.  

Bu şəkildə, regionda əlverişli şərait Azərbaycanın magistral optik rabitə xətlərinin çəkilməsi üçün bütün həyata keçirilmiş və perspektivli layihələrdə iştirak etməsinə imkan yaradıb.  Bu layihələrin reallaşdırılması və beynəlxalq internet-hablara qoşulma fövqəladə nəticələr verib. Belə ki, ötən ilin sonuna "AzNet" milli seqmentinin internet-trafikinin həcmi 300 Gbit/saniyəni ötüb.  Bu gün əksər qonşu ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edərək, qlobal şəbəkəyə çıxış əldə edirlər. Müqayisə üçün:  bu göstərici 2008-ci ildə 6 Gbit/s-ə bərabər olub, yəni cəmi yeddi ilə 50 dəfə artım baş verib. 

Yaxın bir-iki ildə TASİM magistralının istismara verilməsi və EPEG layihəsinin ikinci fazasının reallaşdırılması ilə ölkə technology hub - Xəzəryanı regionunun əsas informasiya mərkəzi statusunu əldə edəcək.  Bu isə istər şəbəkə tranziti, istərsə də regionda ən iri DATA-mərkəzin serverlərində məlumatların emalı və saxlanılması hesabına böyük gəlirlərin gələcəyindən xəbər verir. Tier-3 səviyyəli məlumat mərkəzinin istismara verilməsini RYTN yaxın vaxtlarda planlaşdırır. Bəkbonların (magistral İP-kanallar) ölkə ərazisindən keçmələrinin daha bir üstünlüyü  kommunikasiya proseslərinin nəzərəçarpacaq dərəcədə texniki sadələşməsi olacaq. Bu, qlobal internet-şəbəkə ilə bağlantını ucuzlaşdıracaq və nəticədə, istifadəçilərin dünya hörümçək toruna qoşulmaq üçün  daha ucuz qiymətlərə ümid etmələrinə imkan verəcək.


MƏSLƏHƏT GÖR:

493