21 May 2024

Çərşənbə axşamı, 11:48

Sİ SZİNPİNİN ÖZ OYUNU

ÇXR rəhbərinin ABŞ-a səfəri iki ölkənin münasibətlərində dönüş anı olacaqmı?

Müəllif:

29.09.2015

ÇXR sədri Si Szinpinin ABŞ-a ilk rəsmi səfəri dünya siyasətinin ən vacib hadisələrindən birinə çevrilib. Bu ölkələr arasında münasibətlər heç də birmənalı deyil - onları dost adlandırmaq çətindir. Lakin ABŞ-la Çin düşmən də deyillər. Əksər ekspertlərin fikrincə, Amerika-Çin əlaqələri XXI əsrdə dünya düzəninin formalaşmasında həlledici rol oynayacaq. ABŞ prezidenti Barak Obama qonağını qəbul edərkən bu məşhur fikri bir daha təkrarlayıb, bununla da, nəhəng Asiya sivilizasiyası ilə dialoqun nə demək olduğunu göstərib. Si Szinpinin də açıqlaması eyni ruhda olub. Sadəcə, o, bir qədər daha ehtiyatla danışıb - Szinpinin sözlərinə görə, "Çinlə ABŞ lazımi səviyyədə əməkdaşlıq edərlərsə, bu, dünyada sabitliyin əsasını təşkil edə bilər". "Yox, əgər Pekinlə Vaşinqton arasında qarşıdurma və ya münaqişə yaşanarsa, bu, hər iki ölkə və ümumilikdə, dünya üçün faciə ilə nəticələnər", - deyə Çin lideri qeyd edib. 

Si Szinpin ABŞ və Çini bir-birlərinin strateji məqsədlərini daha yaxşı anlamağa, dövlətlərarası münasibətlərin yeni modelini yaratmağa çağırıb. Onun fikrincə, bu yeni modeldə qarşılıqlı şübhələr az olmalıdır.

Amerika-Çin dialoqunda problem və şübhələr hər zaman çox olub. Lakin, bununla yanaşı, onların ümumi maraqları kifayət qədərdir və bu, Pekinlə Vaşinqtonu əməkdaşlığa məcbur edir. Bu ilin ortalarından onlar münasibətlərdə ciddi yaxınlaşmaya nail olmaq üçün növbəti cəhdə başlamışdılar. Çin liderinin səfərinə əvvəlcədən ciddi hazırlıq gedirdi. Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Rays Pekinə səfər etmişdi. Daha sonra Çinin ictimai təhlükəsizlik naziri, Çin Kommunist Partiyasının siyasi-hüquq komissiyasının rəhbəri Men Szyançjunun başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona yollanmışdı. Səfər zamanı o, Rays və Con Kerri ilə görüşmüşdü.

Bəs, Si Szinpinin bu səfəri iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olacaqmı və ümumiyyətlə, səfərin məqsədi bu idimi?

Səfər çox şey vəd edirdi. Çin sədri amerikalılar qarşısında çıxışına Sietldən başlayıb. Burada o, Amerikanın "Boeing", "Amazon", "DuPont", IBM və "Microsoft" kimi aparıcı korporasiyalarının top-menecerlərilə görüşüb. Çindən Amerikaya "Alibaba Group", "Tencent", "Lenovo", həmçinin aparıcı banklar olan ICBC və "Bank of China" bankının nümayəndələri də yollanmışdılar. Bir sözlə, Vaşinqtonun ən böyük şəhərində təşkil olunmuş sammit izdihamlı alınıb. Sammitin yekununda imzalanmış razılaşma Sakit okeanın hər iki tərəfindən olan IT nəhəngləri arasında dialoqun qurulduğunu göstərib. 

"Boeing" konserni də Çin şirkətlərilə bir neçə müqavilə imzalayıb. Müqavilələr Çinə ümumi dəyəri 38 milyard dollar olan 300 təyyarənin satışını nəzərdə tutur. Bundan başqa, "Boeing" Çində özünün quraşdırma zavodunu da tikəcək. 

Amerikanın "Cisco" şirkəti Çinin ən nəhəng server istehsalçısı olan "Inspur" ilə birgə müəssisə yaradıb. O, Çin ərazisində şəbəkə avadanlıq və digər məhsulların yayımı ilə məşğul olacaq. Bundan əvvəl isə "Dell" yaxın bir neçə ildə Çində öz biznesi üçün 125 milyard dollar xərcləməyə hazır olduğunu bəyan etmişdi. 

Beləliklə, Amerikanın texnologiya korporasiyaları Çinə getdikcə daha fəal kapital yatırır, Çin isə bunun sayəsində Qərb texnologiyaları əldə edir.

Lakin səfərin ən vacib tərəfi Obama və Szinpinin kibercasusluğun qarşısının alınması ilə bağlı qarşılıqlı tədbirlər haqda razılığa gəlmələridir. Onlar internet vasitəsilə zehni mülkiyyətin oğurlanmasına yönəlmiş fəaliyyətin təşkil olunmaması və dəstəklənməməsilə bağlı öhdəlik götürüblər. Elektron hücumlardan imtina paktı çox vaxtında qəbul edilib. Güman ki, o, Çinin ABŞ korporasiyalarının serverlərinə hücum etmiş fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların qarşısını alacaq və ya onları təxirə salacaq. Birləşmiş Ştatların bir sıra yüksəkrütbəli siyasətçisi, məmuru və zabiti əmindir ki, "Çinə işləyən hakerlər" hökumətə məxsus Fərdi Məlumatlatrın İdarəolunması Ofisinin kompüter sistemini "sındırıblar". Söhbət Amerikanın milyonlarla sabiq və hazırkı dövlət qulluqçularına dair məxfi məlumatların (onların qohumlarının adlarından tutmuş, xəstəlik tarixçələrinə, meyillərinədək) saxlanıldığı bazadan gedir. Qeyd edək ki, sözügedən məlumat sızmasının miqyası o qədər ciddi olmuşdu ki, amerikalılar Çindəki casuslarının belə, ifşa olunacağından narahatlıq keçirməyə başlamışdılar. ABŞ çinli hakerlərin dövlət şirkətləri üçün sənaye casusluğu ilə məşğul olmasından da narahatdır. ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Pekini bu işdə əsas şübhəli elan edib. Amerikalılar, əslində, özlərinin də "təmiz" olmadıqlarını etiraf edirlər. Lakin kommersiya sirlərinin oğurlanması artıq dünya casusluğu ilə bağlı yazılmamış qaydaların pozulmasıdır. Çinə gəlincə, o, ittihamları rədd edir və söhbətin "sistemdənkənar xaker qrupları"nın fəaliyyətindən getdiyini bildirir. O, ölkədə belə cinayətlərlə mübarizəni nəzərdə tutan qanunun olduğunu xatırladır. Lakin Pekinin internet məkanına sərt nəzarət həyata keçirdiyi hər kəsə bəllidir. Odur ki, bu ölkədə böyük imkanlara malik "azad hakerlər"in "at oynatmaları" inandırıcı görünmür.

Odur ki, vəziyyət getdikcə gərginləşirdi və emosiyaları sakitləşdirmək üçün təcili tədbirlərə ehtiyac var idi. "Çin hökuməti kommersiya məlumatlarının hər hansı şəkildə oğurlanmasında iştirak etməyəcək. Biz belə cəhdləri nə təşviq edəcək, nə də dəstəkləyəcəyik", - deyə Çin sədri Sietldəki çıxışında bildirib. 

Hər halda, tərəflər özlərini elə aparıblar ki, sanki, bir-birinə inandılar.

İki ölkə münasibətlərindəki gərginliyi azaldan daha bir vacib məqam Amerika və Çin hərbçilərinin əldə etdikləri razılaşmadır. Onlar iki ölkənin hərbi təyyarələrinin havada rastlaşdıqları halda necə davranmalı olduqlarına dair razılığa gəliblər. Bundan başqa, xüsusilə böhranlı vəziyyətlərdə yüksək səviyyədə danışıqların aparılması mexanizmi də razılaşdırılıb.

Xatırladaq ki, sentyabrın 15-də Çinə məxsus qırıcı Amerikanı "RC-135" kəşfiyyatçı təyyarəsi qarşısında təhlükəli manevr etmişdi. İnsident Çin sədri Si Szinpinin təyyarəsinin Sietlə endiyi gün baş vermişşdi.

Bu arada Tayvanla bağlı vəziyyət hələlik sabit olsa da, Cənubi Çin dənizilə bağlı durum hər zaman Amerika administrasiyası üçün başağrısıdır. Oradakı kiçik quru əraziyə Çinlə yanaşı, Yaponiya, Vyetnam, Tayvan, Filippin və Malayziya da iddialıdır. Buna baxmayaraq, Pekin ərazidə özünü ev sahibi kimi aparır, üstəlik, orada quru hissəni genişləndirir, uçuş zolaqları tikir, hərbi və xilasetmə bazaları yaradır. Rəsmi Vaşinqton "bir neçə dövlətin iddialı olduğu rayonların hərbçiləşdirilməsindən" narahatlığını ifadə etsə də, əslində, amerikalıların hiddəti Cənubi Çin dənizinin dünya ticarəti baxımından strateji əhəmiyyət daşıması ilə izah olunur: məlum olduğu kimi, Vaşinqton bir çox xarici dəniz arteriyasına aşkar və ya gizli nəzarət edir. "ABŞ beynəlxalq hüququn icazə verdiyi hər yerdə üzməkdə, uçmaqda və fəaliyyətdədir", - deyə Obama qeyd edib. Çin isə hər dəfə sözügedən adada quru ərazilərin genişləndirilməsinin "hansısa ölkəyə qarşı yönəlmədiyini", "Çinin bu rayonlarda hərbiləşdirilməsi ilə məşğul olmadığını " bildirir.

Beləliklə, nəzərə alsaq ki, söhbət hər iki ölkənin fundamental maraqlarından gedir, onlar gərginliyin azaldılması ilə məşğul olmalı, amma eyni zamanda hərbi güc nümayişini də davam etdirməlidirlər.

Amerikalılar Çinin Yaponiya üzərində qələbənin 70 illiyinə həsr olunmuş 3 sentyabr paradında iştirak etməyiblər. Lakin ABŞ-a məxsus "Ronald Reyqan" atom təyyarədaşıyan gəmisi Cənubi Koreyanın cənub-şərqində yerləşən Pusan limanı yaxınlığında oktyabrın 18-də təşkil olunacaq parada qatılacaq. Söhbət Cənubi Koreya donanmasının yaradılmasının 70 illiyinə həsr olunmuş paraddan gedir. Amerika mətbuatının yazdığına görə, Stokholmun Dünyanın Öyrənilməsi İnstitutu hazırda Çinin müdafiə xərclərinin həcminə görə dünyada ikinci yerdə olduğunu müəyyənləşdirib - ilk yerdə ABŞ gəlir. Çinin xalq-azadlıq ordusu son 20 ildə xeyli müasirləşdirilib və indi o, kəndlilər ordusundan dünyanın ən müasir ordularından birinə çevrilib.

Asiya-Sakit okean regionunda ciddi və birbaşa hərbi toqquşmaların baş vermə ehtimalı azdır. Lakin region ölkələrinin əməlləri və siyasəti hər zaman kimin əzələlərinin daha güclü olması nəzərə alınmaqla müəyyənləşir. Amerika özünə bir şeylə təskinlik verir - iki ölkənin ordusu arasında texnoloji uçurum sürətlə azalsa da, Amerika ordusu desentralizasiya olunmuş, çevik strukturdur. O, təşəbbüslərin, risklərin və qeyri-standart qərarların təşviqi ilə məşğuldursa, Çin ordusu ənənəvi olaraq mərkəzdən asılı olmadan fəaliyyətə keçə biləcək ordudan ehtiyatlanan avtoritar rəhbərliyə tabedir. Bəs, real hərbi şəraitdə bu iki sistemin hərbçiləri özlərini necə göstərərlər? Bu sual açıq qalır. Ümid edək ki, o, elə açıq olaraq da qalacaq. Sanki, buna, ilk növbədə, elə amerikalıların özləri ümid edirlər.

İndi daha real olan iqtisadi xarakterli məsələlərdir. Görünən isə odur ki, onlar Vaşinqtonu və Pekini daha çox narahat edir. Hər halda, ABŞ və Çin bu sahədə bir-birlərindən çox asılıdırlar. Onların arasında illik ticarət dövriyyəsi, təxminən, 600 milyard dollar təşkil edir. Ticarət balansı isə Çinin xeyrinədir. Proqnozlara görə, 2020-ci ilə ABŞ-a yatırılmış Çin investisiyalarının həcmi 200 milyard dollara çatacaq. Amerikalılar bu dövr ərzində ölkədə, təxminən, 4 milyon yeni iş yerinin açılacağını gözləyirlər. Amerika-Çin dialoqundakı sülhsevərlik tonu da bununla izah olunur.

Çin lideri Sietldəki çıxışı zamanı bundan sonra yuanın ucuzlaşmasına imkan verməyəcəklərini bildirib, Çinin qanunun aliliyi və bazar prinsipləri əsasında islahatları davam etdirdiyini söyləyib. O, Amerika biznesinin təlaşına vaxtında reaksiya veriləcəyini bildirib. Si Szinpinin sözlərinə görə, Çin xarici müəssisələr arasında ayrı-seçkilik qoymayacaq, bazarın hər kəsin üzünə açılması prosesini sürətləndirəcək, insan haqları sahəsində vəziyyətin yaxşılaşması üçün səyləri artıracaq. Çin sədri bildirib ki, iqtisadiyyatda yaşanmaqda olan ləngimə müvəqqəti çətinlikdir: "Hətta ən nəhəng gəmi belə, açıq dənizdə fırtınadan zərər görə bilər".

Amerikalıların Çinlə bağlı etirazları Szinpinin sadaladıqlarından xeyli artıq olsa da (Çinin ixraca və investisiyalara əsaslanan iqtisadi modelindən tutmuş, Amerika şirkətlərinin hüquqi və normativ transparentliyin yoxluğunadək), bütün bunlar, əlbəttə ki, amerikalılar üçün sakitləşdirici balzam sayıla bilər. İndi hətta müşahidəçilər ABŞ-ın Asiya İnfrastruktur İnvestisiyaları Bankı da daxil olmaqla, Çinin bir sıra layihələrinə qoşula biləcəyini belə, istisna etmirlər. Bəzilərinin fikrincə, Çin ABŞ-ın Trans-Sakit okean tərəfdaşlığı layihəsinin bir hissəsinə çevrilə bilər.

Si Szinpinin bu səfəri, əlbəttə ki, ən azı bir məqama aydınlıq gətirilməsi baxımından vacib əhəmiyyət daşıyır: guya, Çin Amerika dollarına qarşı hansısa məkrli plan qurur, "dünyanın maliyyə və iqtisadi modelini dəyişməyə" hazırlaşır. Beləliklə, ABŞ Çinlə imzaladığı sazişlərlə bir daha əksər məsələlərə dair mövqeyini ortaya qoydu. Lakin, Amerika-Çin münasibətlərinin uzunmüddətli perspektivinə bu səfərlə qiymət vermək mümkündürmü? Bu sual da açıq qalır. Si Szinpin hazırda "donmuş" iqtisadiyyatının təzyiqi altındadır, Obama isə artıq "axsaq ördək" sayılır. Ağ Evdə tezliklə yeni administrasiya qurulacaq və bunu Pekin də yaxşı anlayır. Belə təəssürat yaranır ki, amerikalılarla çinlilər indiki mərhələdə vacib, lakin həlledici olmayan məqamları, həmçinin ciddi fikir ayrılıqları doğurmayan məsələləri (terrorçuluqla mübarizə, iqlim dəyişikliyi və s.) razılaşdırıblar. Həm də bu razılaşmaları nəhəng biznes-müqavilələrlə "bəzəyiblər".

ABŞ-la Çin ciddi mübahisəyə girişməzlər. Lakin onların inkişafı və iddiaları bu iki ölkənin dost olmasına da imkan vermir. Vaşinqton Çinin artmaqda olan hərbi və iqtisadi qüdrətilə barışmaq məcburiyyətindədir. Bununla yanaşı, o, dünyanın aparıcı fövqəldövləti statusunu qorumaq fikrindən də vaz keçməyəcək. Çinlilərə gəlincə, onlar Amerikaya nə qədər bağlı olduqlarını dərk edir. Pekin anlayır ki, o, Vaşinqtonla sülhdən daha böyük mənfəət əldə edə bilər, nəinki qarşıdurmadan. Çin məhz, bu səbəbdən, nəzakətlə gülümsəyərək güzəştlərə gedir, lakin, eyni zamanda sakit və sxematik şəkildə öz maraqlarını təmin edir."The National Interest" yazır ki, Si Szinpinin ABŞ-da böyük ehtiramla, Ağ Evin çəmənliyində 21 topdan atəş açmaqla, rəsmi banketlə qarşılanmasının səbəbi heç də Vaşinqtonun Pekini özünə müttəfiq sayması, amerikalıların Çinin siyasi sistemini qəbul etməsi və ona hörmətlə yanaşması deyil. Səbəb, sadəcə, Çinin fövqəldövlət olmasıdır. Üstəlik, Çin fövqəldövlət olaraq, özünü heç də Birləşmiş Ştatlar kimi aparmır. O, sakit və ardıcıl iqtisadi ekspansiya ilə məşğuldur. Pekin diqqəti daha çox öz regionuna yönəldib. Çinlilər hər kəsə nəzakətlə müqavimət göstərir, hər kəslə əməkdaşlıq etməyə hazırdır, lakin bu məsələdə heç zaman uzağa getmir. Çinlilər hər zaman öz oyunlarını oynayırlar və amerikalılar da əksərən onların oyun qaydalarına əməl etməli olurlar.



MƏSLƏHƏT GÖR:

524