17 May 2024

Cümə, 21:29

MƏSCİDİN GÜNBƏZİ ALTINDA

Moskvada məscidin açılması Rusiya ilə Türkiyə arasında terrorla mübarizə kontekstində Suriya böhranının həlli üzrə danışıqların fəallaşmasına səbəb olub

Müəllif:

29.09.2015

Moskvada Cümə məscidinin açılışı, şübhəsiz ki, müsəlmanların həyatında əlamətdar hadisə oldu. Özü də bu, heç də yalnız Rusiyada yaşayan müsəlmanlara aid deyil. Bununla yanaşı, bu hadisə beynəlxalq mövzuda ətraflı müzakirələrin aparılması üçün yaxşı bəhanə də olub. Rusiya prezidenti Vladimir Putin məscidin açılışına qatılmaq üçün Moskvaya səfər etmiş Türkiyə və Fələstin liderləri Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbasla aktual beynəlxalq məsələlərlə bağlı müzakirələr  aparıb.

Türkiyə prezidentinin "Rusiya paytaxtının mərkəzindəki möhtəşəm abidə" adlandırdığı Moskva Cümə məscidi Avropanın ən böyük məscididir. Putinin sözlərinə görə, "o, vacib dini mərkəz, maarifçilik mənbəyi, islamın əsl dəyərlərinin yayıcısı olacaq". Rusiya prezidenti bildirib ki, məscid yalnız müsəlmanların deyil, digər dinə sitayiş edən insanların da ümumi işlər naminə birləşməsinə kömək  edəcək.

Ümumiyyətlə, Rusiya prezidentinin məscidin açılış mərasimindəki çıxışı son dərəcə aktual və əhəmiyyətli fikirlərlə zəngin olub. Üstəlik, o, bu çıxışı müasir dünya düzəninin çətin dövrünü yaşadığı, islam dünyasının, ilk növbədə, Yaxın Şərq regionunun ağır günlərini keçirdiyi bir vaxtda edib. Putin "Rusiyanın hər zaman çoxmillətli, çoxdinli ölkə olduğunu" deyərək, onun gücünün məhz mədəniyyətlərin, ənənələrin, dinlərin qarşılıqlı zənginliyi ilə izah edib. Bununla əlaqədar olaraq, Putin xalqların və dinlərin sülh şəraitində mövcudluğunda müsəlman ümmətinin böyük xidmətlərinin olduğunu vurğulayıb. "Bu gün ənənəvi islam ölkəmizin mənəvi həyatının ayrılmaz hissəsidir. Bizim digər ənənəvi dinlərimiz kimi, islam da humanist dəyərləri, insanlara mərhəmət, ədalət, yaxınların qayğısına qalmaq kimi keyfiyyətləri aşılayır", - deyə V. Putin qeyd edib.

Rusiya prezidenti müsəlman gəncliyin ənənəvi islam dəyərlərilə tərbiyələnməsinin vacibliyini deyib: "Bu, əsl islamla heç bir əlaqəsi olmayan dünyagörüşünün bizə qəbul etdirilməsi cəhdlərinin qarşısının alınması baxımından vacibdir". "Fundamentalizmin və radikallığın istənilən təzahürünün rədd edilməsinin, pislənməsinin millətçiliklə, dini ekstremizmlə mübarizəyə böyük töhfələr verdiyini" vurğulayan Vladimir Putin fikrini belə davam etdirib: "Bu istiqamətdə işlərin görülməsi xüsusilə bu gün - dini hisslərdən həyasızcasına siyasi məqsədlərlə istifadə olunmasına cəhdlərin göstərildiyi dövrdə çox vacibdir". Rusiya prezidenti "İslam Dövləti" (İD) qruplaşmasından olan terrorçuları məhz bu cür fəaliyyətdə günahlandırıb. Putin xatırladıb ki, İD yaraqlıları məhz nifrət toxumu səpməklə, insanları qətlə yetirməklə, dünya mədəniyyətinin abidələrini varvarcasına dağıtmaqla, yalana əsaslanan ideologiya yaymaqla, islamı təhrif etməklə məşğuldur.

Şübhəsiz ki, dünya tarixində ən ciddi Yaxın Şərq dramlarından birinin yaşandığı dövrdə Moskvada bu məscidin açılması Rusiyanın bütünlükdə bəşəriyyətə özünəməxsus mesajı sayıla bilər. Üstəlik, Rusiya bu strateji əhəmiyyətə malik regionda keçmiş nüfuzunu geri qaytarmağa çalışır. Moskvanın Suriya istiqamətində fəallaşmasına da bu kontekstdə yanaşmaq lazımdır. O, rəsm Dəməşqə İraq və Suriyanın bir ərazisini ələ keçirmiş, bütünlükdə müsəlman Şərqini nəzarətə götürmək planını gizlətməyən məşhur İD ilə mübarizədə real yardım göstərir.

Müqəddəs torpaqda və tarixi Mesopatomiyada getdikcə qəlizləşməkdə olan vəziyyət dünya birliyini və maraqlı ölkələri ciddi şəkildə narahat edir. Bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahunun, bir neçə gün sonra isə Mahmud Abbas və Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfər etmələri də diqqətçəkən məqamdır.

Dünyanın müxtəlif dairələri Putinin İD ilə mübarizədə vahid cəbhə yaradılması təşəbbüsünü intensiv şəkildə müzakirə edir. Onun BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində bu məsələni ABŞ prezidenti Barak Obama ilə müzakirə edəcəyi də istisna olunmur. Putinin təklifi Suriya prezidenti Bəşər Əsədə ciddi yardım göstərilməsini nəzərdə tutur. Lakin Qərbin çoxdan "qaraladığı" Əsədin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. Bundan başqa, ABŞ və Avropa Moskvanın Əsədə dəstək cəhdlərini Rusiyanın Suriyanın Tartus şəhərindəki hərbi-dəniz bazasını qoruyub saxlamaq istəyilə əlaqələndirir. Bu, şimal fövqəldövlətinin Cənubi Aralıq dənizində hərbi-siyasi nüfuzunun qarantıdır.

Lakin Əsədin hakimiyyətdən getməsini istəyən xarici qüvvələr Kremlin onun prezident kürsüsündə qalması təklifilə razılaşmır. Bu, Türkiyəyə də aiddir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Moskva səfərinin yekunları haqda danışarkən "tərəflərin məsələyə yanaşmasının əvvəlkitək fərqli olduğunu" etiraf edib. Peskovun sözlərinə görə, Moskva və Ankara Suriyada vəziyyətin gərginləşməsindən son dərəcə narahat olsalar da, onların "Əsəd məsələsi"ndə mövqeləri bir-birinə tam ziddir.

Rusiyanın "müxtəlif dinlərə və etnik köklərə mənsub insanların bir dam altında sülh şəraitində yaşaması" sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirən Türkiyə prezidenti R. T. Ərdoğan bildirib ki, "bu gün biz bir daha Moskvanın müxtəlif xalqları bir araya yığmasının, onların vahid mənəvi dəyərlərini birləşdirməsinin, vahid həyat məkanı formalaşdırmasının, gələcək üçün hər birimizə əla nümunə göstərməsinin şahidi oluruq". Bununla yanaşı, o, Kremlin Suriya rejimini dəstəkləməsilə razı olmadığını da gizlətməyib.

2 milyondan artıq suriyalı qaçqının (rəsmi Ankaranın məlumatına görə, onların saxlanmasına artıq 5,5 milyard dollar xərclənib) sığınacaq tapdığı Türkiyə Suriya ərazisində qaçqınların yerləşdirilməsi üçün təhlükəsizlik zonasının yaradılmasını təklif edir. Moskva isə bu ideya ilə razı deyil. Kremldə hesab edirlər ki, bu, Suriya dövlətinin dağılması üçün əsas ola bilər. Əslində, Suriyanın parçalanması Türkiyəyə də sərf etmir. Çünki bu halda daha bir kürd muxtariyyətinin yaradılması məsələsi gündəmə gələ bilər. Üstəlik, onun İraq Kürdüstanı ilə müqayisədə daha müstəqil olacağı istisna deyil. Qərb dairələrinin "Böyük Kürdüstan" layihəsini reallaşdırmaq istədiyini anlayan Ərdoğan məhz bu üzdən Suriyanın "Kürd demokratik ittifaqı"na himayədarlıq edən ABŞ-ı tənqid atəşinə tutur. Türkiyə prezidenti hesab edir ki, sözügedən təşkilatın da Kürd Fəhlə Partiyası və "İslam Dövləti" kimi terrorçu qurumdur. Ərdoğanın Suriya münaqişəsinin hökm sürdüyü illər ərzində ilk dəfə irəli sürdüyü bir təşəbbüsə də məhz bu kontekstdə yanaşılmalıdır: onun fikrincə, "münaqişənin nizamlanması prosesi Əsədin iştirakı olmadan getməlidir və Əsədi yalnız keçid dövrünə cəlb etmək olar".

Bu təklifin konkret nələrə əsaslandığı geniş ictimaiyyət üçün açıqlanmadı. Moskvada aparılmış Putin-Ərdoğan danışıqlarının ümumi nəticəsi isə belədir: Rusiya və Türkiyə Yaxın Şərqdə terrorun qarşısının alınması üçün çoxtərəfli əməkdaşlığa tərəfdardırlar. Məsələn, Ərdoğan bu istiqamətdə ölkəsinin Rusiya, İran və ABŞ ilə əməkdaşlığının vacibliyini vurğulayıb. Bununla yanaşı, o bildirib ki, Türkiyə və Rusiya "qədim Avrasiya sivilizasiyasının iki təmsilçisi kimi", dünya üçün "səmimi, əsl əməkdaşlıq, qarşılıqlı yardımlaşma nümunəsi ola bilər".

Ərdoğanın gətirdiyi nümunənin Suriya böhranının həllinə, İD ilə müharibədə irəliləyişə nə qədər kömək edəcəyi yaxın vaxtlarda bəlli olacaq. Yaxın zamanlarda Moskva ilə Ankaranın digər regional problemlərin də düyününü aça bilib-bilməyəcəkləri üzə çıxacaq. Söhbət həm də Avrasiya kəsişməsinin ən köhnə problemi olan Ermənistan-Azərbaycan münaqişəsindən gedir.



MƏSLƏHƏT GÖR:

553