19 May 2024

Bazar, 03:14

MƏDƏNİYYƏTLƏRİN DİALOQU

YARAT-da keçirilən "Ürək - tənha ovçudur" sərgisində müxtəlif mədəniyyətlərin rəssamları müasir gerçəkliyə öz münasibətlərini bildiriblər

Müəllif:

06.10.2015

"Ürək - tənha ovçudur", məhz bu ad altında YARAT Müasir İncəsənət Mərkəzində 2016-cı ilin yanvarına qədər sərgi öz işini davam etdirəcək. Sərginin adı 1940-cı ildə Amerika yazıçı Karson Makkalersin eyniadlı romanından götürülüb. Lakin o da bunu XIX əsrdə yaşayıb-yaratmış şotlandiyalı şair Uilyam Şarpdan "borca götürüb". Yazıçı yaradıcılığının tematik istiqamətini onun poetik sitatı olan "Mənim ürəyim - tənha ovçudur" ilə müəyyən etmək olar.

Bunu sərgidə iştirak edən hər bir rəssam özü barədə söyləyə bilər. Onlar Şərq və Qərb kimi bir- birinə bənzəyən və bənzəməyən dünyanı təmsil edir. İki dünya - iki həyat tərzi. Lakin niyyət eynidir - insanda insanlığa məxsus olanların axtarışı, zorakılıq və qəddarlıq dünyasında şəxsi "mən"in təyini, yeni texnologiyalar və ideallara uyğun müasirlik , eyni zamanda çoxəsrlik ənənələr strukturunda vaxtın yenidən dərk edilməsinə cəhdlər... 

Bunlar, Neyl Bilufa Xanna Blek, Kamil Enro, Parker İto, Banni Rocers, Casper Spisero, Lu Yanq, Aida Mahmudova, Nilber Güres, Nibər Güraş, Erbosin Meldibekov, Niyaz Nəcəfov, Ramal Kazımov və başqalarıdır. Sərginin adına qayıdaraq, deyək ki, onu müəllifin nümayiş etdirdiyi hər bir işində müstəqil şəkildə mövcud olan mövzu və ideyalar kimi də, lakin eyni zamanda, bir növ, dramatik taleyi olan yazıçı Karson Makkalersin yaradıcılığına həsr olunmuş özünəməxsus fan-art kimi də nəzərdən keçirmək olar. Bu sərgi təşkilatçılarının düşündüklərinin orijinallığı ondan ibarətdir ki, müxtəlif işlərin ekspozisiyası peşəkar rəssamlara fərqli qəhrəmanların və əsərlərin fan-artı rolunda çıxış etməyə imkan verib. Onlar isə öz növbəsində, bu imkanını bizə - tamaşaçılara təqdim edirlər.

 

Əks-əlaqə

Sərgidə əsas yeri Pyer Uqa və Filipp Parrenonun işləri tutur. Bu, incəsənətin insan həyatına təsirinin yenidən bədii dərkidir. Araşdırmanın mərkəzində animasiya personajı durur. Bu qızdır. Lakin onun gözləri qapalıdır. Ona görə deyil ki, o yatır. Əslində, cansızdır. O, sadəcə, qişadır. Kifayət qədər cəlbedici xarici görünüşə malik ola bilən yalandır. Amma həqiqətin yalanla əvəz edilməsi həmişə dağıdıcıdır. O, real dünyaya təsir edir, mənəvi itkilər və məyusluq gətirərək, ona daxil olur. Uydurulmuş personajlar insanların dünyasına təsir göstərir. Və bununla da təhlükəli ola bilər. 

Ramal Kazımov (Bakı). Rəssamın bir çox işlərdən hazırlanmış kompozisiyası üç rəngdə hazırlanıb. Onların hər biri televizorların ekranlarından, çoxzolaqlı qəzetlərdən, jurnallardan, İnternetdən hər birimizin həyatına aqressiv təcavüz gətirən, real dünyaya daxil olan müəllifin mənəvi müqavimətinin nəticəsidir. Buna qarşı necə dayanmaq lazımdır? Yaxud bəlkə də qarşı dayanmamaq məsləhətdi?! Öz ruhu və kənar dünya arasında ayırıcı xətt çəkmək mümkündürmü? Xeyr. Bu dünyanı necə qarşılamaq isə hər birimizin seçimidir...

Neyl Bilufa. "Elmi sevmək". Televiziya insan həyatına daha fəal şəkildə daxil olur. Bəzən isə, hətta utanmadan və abırsız şəkildə. Həyatını onlayn rejimdə izləyən çoxsaylı realiti-şoular, ən məhrəm olanı hədəf alan uzunmüddətli layihələr -bəşəriyyət tərəfindən mənəvi, əxlaq və ruhi mənada əsrlərlə formalaşdırılan hər şeyi dəyərdən salmaq niyyətidir. Lakin bütün bu proqramlar, sadəcə, müvəqqəti sabun köpükləridir. Onlar gedəcəklər və heç nə qalmayacaq. Amma dünyada sabit, möhkəm dəyərlər də var. Onlar isə uzunmüddətlidir. Bəzən isə bu, əsrlərə bərabərdir. Təəssüf, onlar ancaq dəyərlərin maddi dünyası ilə bağlıdırlar. Ona görə də daha sabit, daha dayanıqlı və vaxta görə daha möhkəmdirlər. Onlara KİV, ədəbsiz maraq altında həyat qorxulu deyil! Ruh, fikir, ideya cisimsizdir. Ona görə də vaxt çərçivəsində həssasdırlar, transformasiyaya məruz qalırlar. Müasir adamın həyatı - müntəzəm nəzarət, müşahidə, araşdırma obyektidir. Sosial media həyatı məqsədli marketinq obyektinə çevrilən XXI əsr adamının yeni qorxularını formalaşdırır.

Parket İto. "Razzeledazzelefrontsm". Amerikalı rəssamın işinin çox hissəsi məcazi məna daşıyır. Bir çoxunun danışdığı, yazdığı və bütün dünyada populyarlaşdırdığı demokratiya, əslində, gözəl sözlərdən başqa bir şey deyil. Onların arxasında isə reallıqda qadağalar, qanunsuzluq və müdafiəsizlik durur. Amerikansayağı demokratiya - çoxsaylı şərtilik zənciridir. Bəzən bu, parlaq, gözəl cəhətdən təqdim olunan zəncirlərdir. Lakin hər halda, bunlar zəncirlərdir: sıxıcı, qarşısını alan, qadağa qoyan... Onun növbəti işi xüsusi olaraq, bu sərgi üçün hazırlanan, həmin mövzuya - insanın müasir dünyada azadlıq və asılılıq dərəcəsinə həsr olunan instalyasiyadır. İnsanın XXI əsrdə formalaşdırdığı yeni miflər, məişət, media, texnoloji strukturlardan asılılıq barədə. Azadlıq və onlardan asılılıq - çox konkret anlayışlardır!

 

Dialoq

Banni Rocers. O, şair və rəssamdır. Sərgidə onun çoxlu işi var. Lakin emosiya cəhətdən ən dolğun olan işi - 1999-cu ilin "Kolumbayn" (ABŞ) məktəbinin kitabxanasında və kafeteriyasında baş verən faciəvi hadisələrə həsr olunan işdir. Onlarca uşaq həmyaşıdları tərəfindən həyatlarını itiriblər. Onlardan qalan isə yalnız rəflərdə səliqəli şəkildə dayanan çoxlu çantadır. Qanlı zorakıq hadisəsini psixoloqlar və sosioloqlar videooyunların təsirini, virtual oyunlar dünyasının fərqini canlı insanların real dünyasından ayıra bilməyən uşaqların şüuruna təsir nəticəsi kimi təsnif ediblər. Mahiyyətcə oxşar faciələrə yol açan, lakin insanları İnternetin həyatlarına, şüurlarına, psixikalarına təcavüzunun rolunu yenidən nəzərdən keçirməyə vadar etməyən hadisə.

Nübər Güraş. "Cəmilə". Təpənin başında dayanan qız, mobil telefonla danışmaq üçün şəbəkənin siqnalını tutmağa çalışır. O, ənənəvi milli paltar geyinib və əlində telefon olmasaydı, onu XX əsrin əvvəlində yaşayan insan kimi qəbul edə bilərdik. Eyni fikir "Kulisarxası portretdə" də duyulur. Milli geyimdə olan qadınlar ənənəvi şəkildə mövcud olan ev işləri ilə məşğuldurlar. Zaman, hətta ən uzaq coğrafi nöqtələrdə belə, insan həyatına daxil olur. Bu, qarşı durmaq mümkün olmayan təbii prosesdir. 

Rəşad Ələkbərov. "Şəbəkə". Bu, Azərbaycanda qədim yaradıcılıq növü kimi məşhur həndəsi formada olan ornamentlərdir. Qədim şəbəkə - ustaların daş, sonradan isə ağac və metal üzərində olan işləridir. Onu çox vaxt Avropa vitrajları ilə müqayisə edirlər. Bəlkə ona görə ki, bu texnikada Şəki Xan Sarayında bütün qapı və pəncərələr hazırlanıb. Bu texnikada şəmsi, gülü, bəndi-rumi, gülabi, cəfəri və s. ənənəvi kompozisiyalar sayılır. Bizim rəssamın öz yanaşması və baxışı var. İşıq axını ilə sancılan və qəribə şəkildə birləşdirilən metal çubuqların parçaları divarda gözəlliyi ilə qeyri-adi ornament yaradır - qədim yaradıcılığın müasir variantını!

İki dünya - iki həyat tərzi, lakin fikirlər, hisslər, problemin dərki oxşardır. Rəssamlar həqiqəti çatdıran, çəkinmədən bəyanatlar verən, intellektual, emosional, assosiativ dialoqa çağıran dünya carçılarıdır. Və nə yaxşı ki, çoxsaylı tamaşaçıların mədəniyyətlərin, dünyabaxışların, dünyanı duymaq dialoqunun iştirakçısı olmağa imkan verən formanı tapmaq üçün məkanlar var.



MƏSLƏHƏT GÖR:

490