19 May 2024

Bazar, 01:36

BALLI DAMAR

İstehsalat artımı və ixracın təmin edilməsi - Azərbaycanda arıçılığın inkişafının əsas prioritetləridir

Müəllif:

06.10.2015

Yerli arıçılığın inkişafında yeni dönəm başlayıb. Ölkədə sahənin müasir istehsalat bazasının yaradılmasını, arı növlərinin seleksiyasını, istehsalat həcmlərinin artırılmasını və son məhsulun xarici satış bazarlarına çıxarılmasını nəzərdə tutan təşəbbüslər reallaşdırılır. Sadalanan layihələr həm Kənd Təsərrüfatı Nazirliyi, həm də BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənəcək.

 

Qanunlar, proqramlar, güzəştlər...

Xırda məhsul istehsalı, kooperasiyanın olmaması, müasir texnologiya çatışmazlığı və həmçinin məhsulun qablaşdırılmasını təmin edən müasir müəssisələrin yoxluğu və nəhayət, vaxtında diaqnozlaşdırma və arıların müalicəsində hələ ki, effekt verməyən baytar dəstəyi - bütün bunlar yerli arıçıların indi də üzləşdiyi problemlərin hələ tam siyahısı deyil. Bir çox sadalanan mənfi hal ötən ilin 90-cı illərindən qalıb; həmin dövrdə ölkənin arıçılıq təsərrüfatı 45 faiz azaldı, 10 ixtisaslaşmış arıçılıq sovxozu ləğv edildi, sahə infrastrukturu, xüsusilə onun baytarlıq seqmenti dağıldı. Torpaq islahatının ilk mərhələsində kiçik arıxanaların sahibləri kifayət qədər maliyyə və texniki imkanlara, habelə arıçılığın dinamik, gəlirli və aqrar sənayenin ixracyönlü istiqamətə çevrilmə təcrübəsinə, sadəcə, malik deyildilər.

Sözsüz ki, son illər ərzində arıçılıq sahəsində kəskin dəyişikliklər baş verib - dövlətin iştirakı və beynəlxalq profilli təşkilatların dəstəyi institusionallaşmaya və sahə infrastrukturunun inkişafına gətirib çıxarıb. Arıçılığın inkişafı üzrə ilk kompleks tədbirlər 2008-ci ildə qəbul olunan və 2015-ci ilə kimi nəzərdə tutulan Azərbaycanın qida təhlükəsizliyi dövlət proqramında qeyd edilib.

Növbəti addım kimi, müvafiq sahədə əlaqələri tənzimlənməsinə və ən əsası, məhsulun ixracının təminatına dair 2009-cu ildə qəbul olunan "Arıçılıq haqqında" qanunu göstərmək mümkündür. Oxşar məqsədləri bir il sonra Nazirlər Kabineti tərəfindən qəbul olunan "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" da tənzimləyirdi. Bu qaydalar arı populyasiyasının genofondun qorunmasına, arıçılıq subyektləri tərəfindən baytarlıq qaydalarına riayət edilməsinə, keyfiyyətli arıçılıq məhsulunun istehsalına və s. yönəlib. Ötən on il ərzində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə arıxanaların dərman preparatları, xüsusi avadanlıq, baytar nəzarəti və s. ilə təmin edən arıçıların bir sıra birləşmələri yaradılıb. Son illər bu sahə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə maliyyələşdirilib. Bundan başqa, Azərbaycan hökuməti 2019-cu ilə qədər arıçıları torpaq vergisindən başqa, bütün fiskal ayırmalardan azad edib. Bu sahədə pilot layihələrə dəstəyi, həmçinin Türkiyə İnkişaf və Kooperasiya Agentliyi (TİKA) də təmin edirdi. Agentliyin təşəbbüsü ilə onlarca azərbaycanlı fermer Türkiyədə damazlıq arıçılıq təcrübəsini öyrənib. Həmçinin TİKA texniki dəstək və ana arıların yetişdirilməsi üçün təcrübəli təsərrüfatların və s. yaradılmasına köməklik göstərib. Bütün sadalanan tədbirlər və həmçinin münbit iqlim, təbii şərait və zəngin yem ehtiyatları arıçılıq təsərrüfatlarının sayının artmasına və kənddə bu fəaliyyət növünün məşhurlaşmasına gətirib çıxarıb. Belə ki, ötən 12 il ərzində respublikada arı ailələrinin sayı 2,5 dəfə artıb. Ötən ilin məlumatlarına görə, ölkədə, təqribən, 240 min arı ailəsi mövcud idi, bal istehsalı ilə 7,5 min arı təsərrüfatı məşğul idi. Bu gün ölkədə arıçıları cins arı ailələri ilə təmin edən, təxminən, 32 ixtisaslaşmış damazlıq strukturu fəaliyyət göstərir.

Bununla belə, ötən il istehsal olunan, təxminən, 2,5 min ton bal sahənin potensialına cavab vermir. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, ölkədə yem bazası arı ailələrinin sayını 5 dəfədən çox, məhsuldarlığı isə 2-3 dəfədən çox artırmağa imkan verir.

 

Problemlərin siyahısı

Hələlik isə bal istehsalının orta illik göstəriciləri zəif artır: münbit hava şəraitində hər arı ailəsi, orta hesabla, 10-11 kiloqram bal verir. Müqayisə üçün xatırladaq ki, orta dünya göstəriciləri üzrə bir pətəkdən alınan bal 20-30 kq arasındadır. 

Azərbaycan arı təsərrüfatlarının qeyri məhsuldarlığının səbəbləri texniki bazanın zəifliyi, istehsalat həcminin artırılması üsullarının olmaması, habelə baytarlıq dəstəyinin qənaətbəxş olmadığına görə, arıların xəstəliklərdən və parazitlərdən ölməsinin yüksək faizidir.

Bundan başqa, son üç il ərzində arıların populyasiyasının kəskin dəyişməsi baş verib. Zərərvericilər nəticəsində, ötən əsrin 80-90-cı illərində dövlət və sonradan özəl arı təsərrüfatlarının boşalması, arıların Qafqaz növünün tarixi populyasiyasının kütləvi qırılmasına gətirib çıxardı. Sonradan onların koloniyası ölkənin cənub regionundakı yarımnöv və həmçinin Avropadan gətirilən növ vasitəsilə bərpa olunurdu. Yeni arıların mükəmməl məhsuldarlıq keyfiyyətlərinə və xəstəliklərə qarşı immunitetə sahib olmalarına baxmayaraq, onlar ənənəvi Qafqaz arıları ilə müqayisədə zəif idilər. Vaxt keçdikcə, iki yerli yarımnöv və gətirilən arılar qarışdı, nəticədə, nəzərəçarpacaq dərəcədə az bal gətirən arıların hibrid populyasiyası əmələ gəldi.

Sahənin aşağı məhsuldarlığının digər səbəbi - bir çox arıçılıq təsərrüfatlarında işin bəsit, ekstensiv üsullarla təşkil olunması ilə bağlıdır. Bu da onlara maya dəyərini, həcmi və istehsalın rəqabətədavamlılığını artırmağa imkan vermir. Bu amil sahənin qiymət parametrlərini müqayisə etdikdə özünü açıq şəkildə büruzə verir: belə ki, Azərbaycanda istehsal olunan təbii balın 1 kiloqramı növündən asılı olaraq 20-30 manat təşkil edir, halbuki qonşu ölkələrdə və bütün dünyada balın qiyməti üç dəfə aşağıdır. 

Daha bir problem ondan ibarətdir ki, ölkədə istehsal olunan balın böyük hissəsi kustar üsullar emal olunur və qablaşdırılır, daha çoxu isə tökülmə üsulu ilə satılır. Çox cüzi dərəcədə də beynəlxalq gigiyena standartlarına riayət etməklə, balın yığılması və sənaye qablaşdırılması sistemi təşkil olunur. Bu olmadan kütləvi ixracı təşkil etmək, sadəcə, mümkün deyil. Bundan başqa, sözügedən sahənin digər qiymətli məhsulları - arı zəhəri, mum, arı anasının südü, propolisin istehsalı qalıq prinsipi və həmçinin kustar üsullarla həyata keçirilir.

 

Bal marketinqi

Bütün problemlərin həlli üçün Kənd Təsərrüfatı Nazirliyi xammalın hazırlanması sistemi, emalı, son arıçılıq məhsulunun istehsalı və satışı da daxil olmaqla, arıçılıq fəaliyyətinin həyata keçirilməsinin effektiv mexanizminin yaradılmasına başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsulları istehsalı və emalı şöbəsinin müdiri Qalib Məmmədovun sözlərinə görə, arıçılıq fəaliyyətinin ixtisaslandırılmış sisteminin hazırlanması artıq başlayıb - onun tətbiqi gələn il üçün nəzərdə tutulub. Bu isə məhsuldarlığın artırılmasına və rəqabətədavamlı iri mal istehsalının təmin edilməsinə yardım edəcək. Xüsusiə, qablaşdırma müəssisələrinin yaradılması nəzərdə tutulur, həmçinin arıçılıq məhsullarının müasir qablaşdırma standartları təsdiq olunacaq, onların marketinqi və perspektivli satış bazarlarında təşviqi təmin olunacaq. Arıçılıq məhsullarının xarici bazarlarda təşviqi məqsədi ilə turistlər arasında Azərbaycan balının müalicə keyfiyyətlərinın fəal təbliği planlaşdırılıb.

Bu prosesə otelləri və digər turizm obyektlərini cəlb etmək nəzərdə tutulub. Söz düşmüşkən, artıq bu gün Azərbaycan balının reklamı biznes-forumlar, İqtisadiyyat və Sənaye Nazirliyinin keçirdiyi digər tədbirlərdə də fəal şəkildə təşkil edilir. Yerli arıxanaların məhsulları, həmçinin müxtəlif sərgilər çərçivəsində Avropaya aparılır. "Yerli arıçılığın dəstəklənməsinin əsas istiqaməti kimi seleksiya işləri qeyd olunur: artıq 2016-cı ildə Qafqaz arısı genofondunun bərpası proqramının reallaşdırılmasına başlanması planlaşdırılır", - deyə Q. Məmmədov vurğulayıb. Yerli arıların yarımnövlərinin yaxşılaşdırılması və genetik müxtəlifliyinin qorunması məqsədilə FAO da öz yardımını göstərib. FAO və Kənd Təsərrüfatı Nazirliyinin birgə səyləri ilə 2015-ci ildən başlayaraq, Qafqaz arısının Azərbaycanın şimal regionlarının pətəklərinə qaytarılması layihəsinin reallaşdırılmasına start verilib. Layihənin ilk mərhələsində məhsuldarlığı artırılmış ən azı, iyirmi Qafqaz arı ailəsinin əldə edilməsi nəzərdə tutulub. 

"Bu çox çətin tapşırıqdır, çünki Qafqaz növündən olan vəhşi arılar yalnız bir neçə uzaq dağ ərazisində məskunlaşır və elit arının tətbiq edilməsi üçün toxunulmamış ərazi tapmaq elə də asan deyil, - FAO-nun arıçılıq üzrə mütəxəssisi Rayner Krell deyib. - "Güclü, enerjili və diqqətlə seçilən Qafqaz ana arılarının seleksiyası vasitəsilə populyasiyalar ən keyfiyyətli işçi arılar istehsal edəcək, nəticədə, arıçılar daha məhsuldar olacaq yerli arıların dirçəlməsinə ümid edə bilərlər". 

Məqsədli islahatlar, həmçinin arıçılar assosiasiyasına tələb olunan resursların, yaxşı qablaşdırma və əlverişli bazarlara çıxış kimi xidmətlərin təmin edilməsində də kömək edəcək. Bu təşəbbüslərin vacibliyini nəzərə alaraq, Azərbaycan hökuməti FAO-nun proqramını altı il ərzində dəstəkləmək öhdəliyini öz üzərinə götürüb.


MƏSLƏHƏT GÖR:

565