6 May 2024

Bazar ertəsi, 21:17

FACİƏDƏN-QARŞIDURMAYA

Səudiyyə Ərəbistanında müsəlman zəvvarların kütləvi şəkildə həlak olması ər-Riyad ilə Tehran arasında münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olub

Müəllif:

06.10.2015

Məkkə yaxınlığındakı Mina vadisində zəvvarların kütləvi şəkildə həlak olmaları bütünlükdə müsəlman dünyası üçün böyük faciəyə çevrilib. Bununla yanaşı, o, Yaxın və Orta Şərqin ən nüfuzlu ölkələrindən olan və İslam dünyasında liderliyə iddialı Səudiyyə Ərəbistanı ilə İran arasında ciddi ziddiyyəti üzə çıxarıb.

Sentyabrın 24-də Məkkədə Həcc ziyarəti zamanı baş vermiş basabas, rəsmi məlumata görə, 769 nəfərin ölümünə, 934 zəvvarın xəsarət almasına səbəb olub. Faciə müsəlmanların "şeytandaşlama" ayinini icra etdikləri zaman baş verib.

Bu, son illərdə müsəlmanların islamın müqəddəs məkanlarını ziyarəti zamanı baş vermiş ilk faciə deyil. Bənzər insidentlər 2004 və 2006-cı illərdə də baş vermişdi. Həmin faciələrdən sonra Səudiyyə Ərəbistanı müqəddəs Məkkə və Mədinə şəhərlərində infrastrukturun və təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üçün ciddi vəsait xərcləmişdi. Lakin bu il növbəti faciədən qaçmaq mümkün olmadı.

Hələ sentyabrın 11-də, qurbankəsmə mərasiminə hazırlıq zamanı Məkkədə, İslamın əsas müqəddəs məkanı sayılan Kəbənin yerləşdiyi "əl-Həram" məscidində kranın aşması, təxminən, 100 nəfərin həyatına son qoymuşdu. Mina vadisindəki basabas nəticəsində kütləvi insan tələfatı isə müsəlman zəvvarların təhlükəsizliyi məsələsinin yenidən ciddi şəkildə gündəmə gəlməsi ilə nəticələndi.

Səudiyyə Ərəbistanı Kralı, "İki Müqəddəs Ocağın (Məkkə və Mədinə) Xadimi" titulunun sahibi olan Salman ibn Abdu-Əziz əl-Səud Həcc ziyarətinin keçirilməsi planının dəyişdirilməsi barədə qərar qəbul edib. Yeni planın təfərrüatları, hələ ki, açıqlanmır. Əvəzində, Mina faciəsinin araşdırılması prosesində ciddi dönüş yaşanmaqdadır. Səudiyyə hökuməti bunun üçün artıq xüsusi komissiya da yaradıb. Bununla yanaşı, ər-Riyad rəsmiləri araşdırmanın yekun nəticələrini gözləmədən xüsusi bəyanatla çıxış ediblər. Bu bəyanatdan məlum olur ki, faciənin günahkarı elə zəvvarların özləridir; məsələn: Səudiyyə Ərəbistanının səhiyyə naziri Xaled əl-Faleh faciəyə bəzi zəvvarların əmrə tabe olmamasının yol açdığını bildirib. "Onlar hərəkətəbaşlama vaxtlarına, bunun üçün nəzərdə tutulmuş cədvələ əməl etməyiblər", - deyə nazir bildirib.

Krallığın Mülki Müdafiə Qərargahı isə daha konkret olub. Qurumdan bildiriblər ki, Mina vadisindəki faciə iki insan axınının qarşılaşması nəticəsində baş verib. Məlumata görə, onlar İd əl-Adha bayramının (Qurban Bayramı) ilk günündə zəvvarların çadır-düşərgəsindən ümumi ibadət məkanına doğru axışmağa başlayıblarmış. Səudiyyə Ərəbistanı hökuməti faciənin səbəbləri arasında havanın həddindən artıq isti keçməsini də göstərir; DİN rəsmisi general Feysəl ət-Turkinin sözlərinə görə, "hərarətin yüksək olması qurbanların sayının artmasına yol açıb".

Görünən odur ki, ər-Riyadın açıqlamaları Məkkə yaxınlığındakı basabasda vətəndaşlarını itirmiş ölkələrin hamısını qane etməyib. Xüsusilə, faciədə, yalnız rəsmi məlumatlara görə, 226 vətəndaşını itirmiş İran (daha 344 iranlı itkin düşmüş sayılır) ər-Riyadın izahını qəbul etmir. Tehran Səudiyyə Ərəbistanının ünvanına son dərəcə ciddi ittihamlar irəli sürüb. Bu, iki ölkə arasında münasibətlərin getdikcə pisləşəcəyini düşünməyə əsas verir. Bu mənada, ilk olaraq, diqqəti İran Prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışına çəkmək lazımdır. O, 180 ölkədən 2 milyonadək insanın toplaşdığı Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanının təhlükəsizlik tədbirlərini lazımi səviyyədə görmədiyini bəyan edib. Ruhaninin fikrincə, ər-Riyad bu işdə "səriştəsizlik" edib və prosesi "idarə etməyi bacarmayıb".

"Mən minlərlə müsəlman zəvvarın ölümündən, yüzlərlə vətəndaşın dünyasını dəyişməsindən kədər içərisində olan böyük xalqın adından danışıram", - deyə Ruhani qeyd edib. - "Məsuliyyətsizlik üzündən, hətta itkin düşmüş insanların şəxsiyyətini müəyyənləşdirmək, həlak olmuş insanların cəsədlərini tez bir zamanda kədər içərisində olan ailələrinə qaytarmaq mümkün olmayıb. Dünyanın hər tərəfindən günahsız insanların öldüyü bu faciənin miqyası o qədər böyükdür ki, ona təbii fəlakət və ya yerli problem kimi yanaşmaq olmaz".

Ruhani hesab edir ki, Səudiyyə Ərəbistanı hökuməti baş verənlərlə əlaqədar xilasetmə əməliyyatlarını pis təşkil etdiyini boynuna almalıdır. Bundan başqa, o, "faciənin səbəblərinin müstəqil, dəqiq araşdırılması üçün lazımi şəraitin yaradılmasını" vacib sayır. Ruhani bildirib ki, bu cür halların gələcəkdə təkrarlanmaması üçün həyata keçirilməli olan tədbirlər də dəqiqliklə müəyyənləşdirilməlidir.

Həsən Ruhani BMT-nin Baş katibi Pan Gi Mun ilə görüşündə bu barədə danışıb və təşkilatı ər-Riyada təzyiq göstərməyə, Mina vadisindəki faciənin araşdırılmasında onu müsəlman dövlətləri ilə, o cümlədən, İranla daha sıx əməkdaşlığa məcbur etməyə çağırıb. 

Məsələyə İranın dini lideri ayətulla Əli Xamnei də münasibət bildirib. O da baş verənlərə görə məsuliyəti ər-Riyadın üzərinə qoyub və Səudiyyə Ərəbistanından ölənlərin və yaralananların ailələrindən üzr istəməsini tələb edib. Bununla yanaşı, dini lider "müsəlman dünyasının ər-Riyada suallarının çox olduğunu" da söyləyib.

Etiraf etmək lazımdır ki, Səudiyyə rəsmilərinin bir sıra məsələlərə, xüsusilə Tehranın faciəyə reaksiyasına münasibəti həqiqətən də müəyyən suallar yaradır; məsələn: İran faciədən dərhal sonra, yaralılara yardımını, cəsədlərin tanınması və ailələrinə təhvili işinə dəstəyini təklif edib. Lakin ər-Riyad bu təklifi sükutla qarşılamaqla yanaşı, İranın xüsusi komissiyasının üzvlərinə viza verməkdən boyun qaçırıb. Halbuki, komissiya üzvləri faciə yerinə itkin düşmüş vətəndaşlarının axtarışını aparmaq, cəsədlərin ailələrinə çatdırılmasını təşkil etmək, yaralıların müalicəsinə nəzarəti həyata keçirmək üçün yollanmaq istəyirdilər.

Bundan başqa, İrana hələ də yüzlərlə itkin düşmüş vətəndaşının taleyi barədə məlumat verilməyib. Görünür, Tehran ölənlərin sayı ilə bağlı ər-Riyadd tərəfindən verilmiş rəsmi açıqlamaya inanmır. İranlıların fikrincə, Səudiyyə Ərəbistanı faciə zamanı ölənlərin sayını bilərəkdən gizlədir və bununla da daha ciddi tənqiddən qurtulmağa çalışır. Tehranda hesab edirlər ki, faciədə, əslində, 5 mindən artıq insan həlak olub. İranın baş verənlərə mənfi reaksiyasına səbəb olmuş daha bir amili də var: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr iranlı həmkarı Məhəmməd Cavad Zərifin Məkkədə baş vermiş faciənin BMT Baş Assambleyasının kluarlarında müzakirə olunması təklifini rədd edib.

Səudiyyə Ərəbistanının bu məsələdə İranla hər hansı əməkdaşlıqdan qaçması Tehranın faciəyə ər-Riyadın səhlənkarlığının səbəb olduğuna dair versiyasının əsaslı olduğunu düşünməyə əsas verir. Livanın "Əd-Diyar" qəzeti iddia edir ki, faciəyə səbəb Səudiyyə taxt-tacının vitse-varisi, şahzadə Məhəmməd ibn Salmanın Mina vadisində peyda olması yol açıb. Qəzetin yazdığına görə, ölkənin müdafiə naziri postunu tutan Məhəmməd ibn Salman həmin vaxt 200 qvardiyaçı və 150 polisin müşayiəti ilə ərazidən keçib və bu, zəvvar axınının qarışması ilə nəticələnib.

İranlılar bu versiyanı dəstəkləyirlər. Onların fikrincə, şahzadənin kortejinin hərəkəti zamanı iki əsas yolun bağlanması zəvvarlar arasında basabasa səbəb olub. Bu baxımdan, İranın baş prokuroru İbrahim Rayzinin faciə günahkarlarının cəzalandırılması tələbi ilə çıxış etməsi heç də təəccüblü deyil. O bildirib ki, "beynəlxalq hüquqa əsasən, bu cür faciənin araşdırılması mütləq cinayət işinin açılması ilə aparılmalıdır". Tehran məsələ ilə bağlı BMT-nin Haaqada yerləşən Beynəlxalq Məhkəməsinə müraciət etmək niyyətini də açıqlayıb.

ər-Riyada gəlincə, o, özünə qarşı ünvanlanmış ittihamları qəbul etmir. Basabasa yolların bağlanmasının səbəb olması barədə deyilənləri qəti şəkildə rədd edən Səudiyyə Ərəbistanı, İranı faciədən siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb. Bu bəyanatı Səudiyyə Ərəbistanının xarici işlər nazir Adel əl-Cubeyr səsləndirib. O, İran liderlərini "faciə ətrafında siyasi oyunlar qurmamağa", "faciə nəticəsində ölənlərə münasibətdə daha ehtiyatlı, həssas davranmağa" səsləyib. Araşdırmaların nəticəsini gözləməyin vacib olduğunu deyən əl-Cubeyr bildirib ki, baş verənlərə görə kiminsə günahı sübuta yetirilərsə, o, lazımi cəzasını çəkəcək. Lakin Səudiyyə Ərəbistanının ali müftisi Abdul Əziz ben Abdulla əl-Şeyx günahkarların aşkarlanmayacağını düşünür. O bildirib ki, nəhəng kütlənin idarə olunması "insanların gücü çatacağı iş deyil".

Beləliklə, Minada baş vermiş faciə, bütünlükdə, İslam Dünyasında liderlik iddiasında olan İranla Səudiyyə Ərəbistanındakı ziddiyyəti daha da aşkara çıxarıb. Şiə dövləti ilə vəhhabi monarxiyası bir-biri ilə sərt siyasi-diplomatik döyüşə girməyə hazır olduqlarını nümayiş etdirirlər. Üstəlik, bu qarşıdurma artıq özünü hərbi sahədə də göstərməkdədir. Tehran və ər-Riyad, faktiki olaraq, bir sıra silahlı münaqişələrə cəlb olunublar. Onlar İraq, Suriya, Livan, Yəməndə qarşı-qarşıya duran qüvvələri dəstəkləyirlər.

İran Səudiyyə Ərəbistanını müsəlman dünyasında Qərb siyasətini, ABŞ-ın maraqlarını qorumaqda təqsirləndirir. Tehranda hesab edirlər ki, regionun ayrı-ayrı ölkələrində şiələrin təqib olunmasının əsas təhrikçisi də məhz ər-Riyaddır. Səudiyyə Ərəbistanı isə öz növbəsində, İranı ona müttəfiq olan Bəhreyndə şiə təlatümü təşkil etməyə çalışmaqda günahlandırır.

Bu iki ölkə arasında qarşıdurmanın getdikcə qızışdığını göstərən daha bir faki ayətulla Xamneinin böyük hərbi məsləhətçisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Yəhya Rahim Səfəvinin son günlər səsləndirdiyi bəyanatlardır. O, ər-Riyadın Məkkədəki faciə ilə bağlı əməllərini "məsuliyyətsizlik" adlandırıb və əl-Səud ailəsinin yaxın 20 ildə ölkə rəhbərliyindən gedəcəyini proqnozlaşdırıb.

Şübhəsiz, Tehran ər-Riyadı dünya müsəlmanlarına Həcc ziyarətinin təşkili kimi təsir vasitəsindən məhrum etmək üçün əlindən gələni əsirgəməyəcək. İranın hər il Məkkə və Mədinədə həyata keçirilən Həcc ziyarətinin təşkili səlahiyyətlərinin İslam Əməkdaşlıq Təşkilatına verilməsi ilə bağlı çağırışı da bunu təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

524