7 May 2024

Çərşənbə axşamı, 16:56

YÖNDƏMSİZ CƏHD

Ermənistan prezidenti bütün doğrular və yalanlarla xarici qoşunların Qarabağa cəlb edilməsinə çalışır

Müəllif:

06.10.2015

Qarabağ münaqişəsi zonasında davam etməkdə olan növbəti gərginlik Dağlıq Qarabağ ətrafında münaqişənin istənilən an yenidən qızışa biləcəyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanı yaradıb. Hər halda, bu günlərdə BMT Baş Assambleyasının yubiley - 70-ci sessiyasının keçirilməsi bu baxımdan yaxşı imkan olub. Dünyanın, demək olar ki, bütün beynəlxalq təşkilatlarının rəhbərləri, o cümlədən, BMT-nin Baş katibi Pan Gi Mun, münaqişə tərəflərini təmkinli olmağa çağırıblar. Nyu-Yorkda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin də olması rəsmi Bakının cəbhə xəttində baş verənlərlə bağlı mövqeyinin operativ şəkildə ortaya qoymasına imkan verib.

Azərbaycan diplomatiyasının əsas tezislərini Baş Assambleyadakı ümumi dinləmələrdə nazirin özü səsləndirib. E. Məmmədyarov Ermənistan prezidentindən sonra etdiyi çıxışında, əsasən, Serj Sarqsyanın səsləndirdiyi əsassız məzəmmətlərə cavab verib. Nazir erməni prezidentinin fikirlərini "saxtakarlıq, təhrif və yalan" adlandırıb.

"Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu deyən Sarqsyan, bununla Azərbaycana qarşı təcavüzlərini ən yüksək səviyyədə etiraf edib", - deyə Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışında bildirib. Nazir deyib ki, S. Sarqsyan bəyanatı ilə, əslində, İrəvanın konstruktiv yolla sülhə nail olmaq niyyətindən nə qədər uzaq olduğunu göstərib: "Onun Ermənistanın dünyada ən hərbiləşdirilmiş region olduğuna dair bəyanatı isə Sarqsyanın indiyədək münaqişə tərəfləri arasında inam yaradılmasının vacibliyi haqqında fikirlərini darmadağın edir".

"Ermənistanın qonşularına qarşı tarixin təhrifinə əsaslanan ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi, həmin ərazilərdə etnik təmizləmə aparması, münaqişənin gedişində baş vermiş cinayətlərə görə məsuliyyətdən imtinası, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasa imkan verməməsi, itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan yayınması tərəflər arasında inamın olmamasının əsas səbəbləridir", - deyə nazir qeyd edib. E. Məmmədyarov bildirib ki, inamın bərpası üçün ilk şərt təmas xəttində yaşanmaqda olan silahlı toqquşmaların əsas səbəbinin aradan qaldırılmasıdır. Söhbət Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə mövcud olan Ermənistan Silahlı Qüvvələrinin oradan çıxarılmasından gedir.

E. Məmmədyarov BMT tribunasından İrəvana kifayət qədər sərt mesaj da ünvanlayıb: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması prosesini bundan sonra da uzadarsa, Bakı ona BMT Nizamnaməsinə uyğun verilmiş hüquqdan istifadə etməli olacaq. Bu, ölkənin ərazi bütövlüyünü müstəqil şəkildə bərpa etmək hüququdur.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən Ermənistan işğal altında saxladığı ərazilərdə fiziki, demoqrafik və mədəni xarakterli dəyişikliklər aparmaqla, status-kvonun möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. Bununla o, öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının geriqayıtma, öz mülklərinə təkrar sahib olma hüququnun reallaşdırılmasına imkan vermir", - deyə Azərbaycanın Xarici işlər naziri qeyd edib.

Bundan başqa, E.Məmmədyarov münaqişənin uzadılmasının yolverilməzliyini, Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması uğrunda mübarizə aparmaq niyyətini Baş Assambleya çərçivəsində keçirdiyi bütün ikitərəfli görüşlərdə və ayrı-ayrı forumlarda bəyan edib. Amma erməni tərəfi də susmayıb...

Ötən həftə İrəvanın növbəti səs-küylü bəyanatı ilə yadda qalıb. Ermənistan müdafiə nazirinin müavini "Azərbaycanı yeni şərtlərlə barışığa məcbur edəcəkləri"lə hədələyib. Xarici işlər nazirinin müavini isə "Bakının əməllərinin Qarabağın dünya birliyi tərəfindən tanınması gününü yaxınlaşdırdığını" bildirib. Amma əlbəttə ki, bu ritorikanın arxasında pafosdan başqa heç nə yoxdur. 20 ildən artıqdır davam edən danışıqlar göstərib ki, münaqişənin bu qədər uzanması məhz sülhə məcburetmə mexanizminin olmamasıdır. Bəzilərinin belə imkanı yoxdur. Bu cür imkanı olanlar isə müxtəlif səbəblərdən bunu etmək istəmirlər.

Böyük qardaşından, hətta daha aşağı statusa malik qardaşlarından asılı vəziyyətdə olan Ermənistanın müstəqil hərəkət etməyə, xüsusilə kimisə nəyəsə məcbur etməyə qadir olduğunu eşitmək həqiqətən gülüncdür. Problemin nizamlanmasına və ya heç olmasa, prosesdə real irəliləyişə nail olmaq iqtidarında olan fövqəldövlətlər - ABŞ, Rusiya və Fransaya gəlincə, hələlik, bu ölkələr belə arzuda olduqlarını nümayiş etdirməyiblər. Halbuki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu ölkələr erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrin icrası ilə birbaşa məşğul olmalıdırlar. Əvvəllər bunu daha çox belə izah edirdilər ki, Qarabağ düyününün açılması bu ölkələrdən hansınınsa milli maraqlarına cavab vermir. Bu gün isə məsələ bir qədər fərqli qoyulmalıdır: onlarda, sadəcə, lazımi motivasiya yoxdur. Hər halda, Birləşmiş Ştatlar BMT TŞ müvafiq qətnaməni qəbul edər-etməz, qoşunlarını Liviyaya göndərə bilib. Rusiyanın aviasiyasını Suriyada terrorçuların üzərinə göndərməsi üçün də sadəcə, Bəşər Əsədin müraciəti kifayət edib və Moskva son dərəcə qısa zamanda buna qərar verib. Şübhəsiz, istər Azərbaycan, istərsə də Ermənistan müasir dünyanı, ilk növbədə, maraqların idarə etdiyini anlayır. Azərbaycanda bilirlər ki, BMT TŞ-nin Qarabağla bağlı qətnamələri yalnız onlara sərf etdikdə yada düşəcək. İrəvan da bir şeyi anlayır ki, onun Rusiya və KTMT ilə hərbi-siyasi ittifaq haqqında çoxsaylı ikitərəfli sənədləri düşməni başqasının əli ilə "sülhə məcbur etmək" üçün kifayət deyil.

Bununla yanaşı, Sarqsyanın Dağlıq Qarabağın Ermənistana mənsub olduğuna dair bəyanatına İrəvanın özündə də şübhə ilə yanaşıblar. Hakimiyyətdən asılı olmayan ekspertlər prezidentin davranışında ardıcıllığın və vahid xəttin olmadığını bildirirlər. Çünki o, bir müddət əvvələdək Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağla birlikdə qoşulmamasını Qarabağın bu respublikaya aid olmaması ilə əsaslandırırdı. Azərbaycan hərbçilərinin Qarabağ cəbhəsindəki son əməllərindən, üstəlik, Rusiya və KTMT-nin digər üzvlərinin buna biganəliyindən pərt olmuş S. Sarqsyan hamıya "mənliyini qoruduğunu" nümayiş etdirmək istəyib. Bunun üçün ən sevimli vasitə isə yenə də Qarabağdır. Lakin Ermənistan rəhbərliyi onun müstəqilliyini  rəsmən tanımağa cəsarət etmir. İrəvanın özündə də tam haqlı olaraq hesab edirlər ki, Dağlıq Qarabağın müstəqil qurum kimi tanınması Azərbaycanın dərhal hərbi əməliyyatlara başlamasına səbəb olacaq. Ermənistan isə buna hazır deyil.

Bununla yanaşı, Sarqsyanın bəyanatına fərqli tərəfdən də yanaşmaq olar. Rusiya və KTMT-nin Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağdakı mümkün müharibəyə qoşulmaq istəmədiyini göstərən birbaşa və dolayı amillər İrəvanı, çətin ki, məmnun etsin. Bakı isə öz növbəsində, Moskva ilə getdikcə yaxınlaşmaqdadır. Odur ki, Sarqsyanın "Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" bəyanatı prezidentin "Ermənistana hücum Rusiyaya hücum deməkdir" kimi hərbi-siyasi razılaşmadan necəsə istifadə etmək üçün növbəti cəhddir. Amma bu, əlbəttə ki, yöndəmsiz cəhddir. Çünki Rusiyanın rəsmi dəstəyi olmadan, Ermənistan prezidentinin sözləri, sadəcə, arzularını gerçəklik kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Onun Rusiyadan belə dəstək alması isə fantastika olardı. Məsələ yenə də motivasiyadadır. Azərbaycan Rusiya üçün çətin dönəmdə onunla yaxınlaşmaqla potensial təhlükələrin neytrallaşdırılmasında maraqlı olduğunu göstərib. Azərbaycan diplomatiyasının məqsədi bəllidir: ərazi bütövlüyünün hərbi yolla bərpasına qərar verilərsə, anti-Azərbaycan demarşları Rusiyanın maraqlarına uyğun olmasın...



MƏSLƏHƏT GÖR:

550