18 May 2024

Şənbə, 15:23

EVDƏN KİNEMATOQRAFİYAYA QAÇIŞ

Rejissor Rafiq ƏLİYEV: "Uşaq kinosunda xeyir və şər məsələsi, bəlkə də, ən vacib məqamdır"

Müəllif:

13.10.2015

Xalq artisti, rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq işi üzrə müəllimi "Qızıl dərviş" və "Humay" mükafatları laureatı. Bütün bunlar Rafiq Əliyevə aiddir. O, yaradıcılıq həyatının, təxminən, 40 ilini Gənc Tamaşaçılar Teatrına verib. Elə orada Rafiq Əliyev "Mərdinli" studiyasını yaradaraq, gənclərə aktyorluq sənətindən, səhnə hərəkətindən dərs deyib.

Paralel olaraq, R.Əliyev 100-dən artıq məşhur filmdə rol alıb: "Lətifə", "Məhkumlar", "Padşahın həyatı", "Hökmdarın taleyi", "İmtahan", "Fəryad" və s.

Xalq artisti "R+"a müsahibəsində öz yaradıcılığından və gələcək planlarından danışıb.

- Rafiq müəllim, əvvəlcə uşaqlığınızdan danışın.

- Füzuli rayonunun Mərdinli kəndində doğulmuşam. Valideynlərim xalq dilində desək, adi insanlar olublar. Atam Böyük Vətən müharibəsindən doğma kəndinə qayıdıb və anamla ailə qurub. O, hərbləşdirilmiş mühafizənin rəisi, anam isə pambıqçı olub. Mən 2 yaşımda olarkən valideynlərim Bakıya köçüblər.

- Bəs, onlar sizin böyüdükdə hansı peşəyə yiyələnməyinizi istəyirdilər?

- Valideynlərim övladlarının incəsənət sahəsinə üz tutacağını ağıllarına belə, gətirməzdilər. Atam istəyirdi ki, mən prokuror olum. Gənclik illərində o özü də hüquq sahəsinə maraq göstərsə də, müharibə atamın arzusunu reallaşdırmasına mane olub. Anam isə məni həkim görməyi arzulayırdı. Mənimsə planlarım başqa idi. Həyatımı kinematoqrafiyada və səhnədə görürdüm. Valideynlərimin peşə seçimimə necə reaksiya göstərəcəklərini bilirdim. Bu səbəbdən də, evdən qaçmaq qərarına gəldim. Yuxarı siniflərdə oxuyarkən artıq planımı reallaşdırmaq üçün cibxərcimi yığmağa başlamışdım. Bu gün o zaman doğru iş görmədiyimi, valideynlərimə qarşı müəyyən mənada qəddarlıq etdiyimi anlayıram. Amma aktyor olmaq arzum çox güclü idi...

Orta təhsil haqda attestatı əldə edən kimi, Kiyevə bilet aldım. Anama və atama uzun izahedici məktub yazdım və gecə ilə yola çıxdım. Ali məktəbin "Abituriyentin məlumat kitabçası"ndan oxuduğum ünvanını bugünkü kimi xatırlayıram - Kreşşatik 52, Kiyev Milli Teatr Universiteti, İ.K.Karpenko-Karıy adına kino və televiziya. Təəssüf ki, Kiyevə çatan zaman həmin il bu ali məktəbə yalnız ukraynadilli abituriyentlərin qəbul olunduğu xəbərini aldım. Vaxt itirməmək üçün ilk qatarla Moskvaya yollandım. Lakin məni orada da uğursuzluq gözləyirmiş. Məlum oldu ki, ali məktəblərin ünvanlarını köçürdüyüm "Abituriyentin məlumat kitabçası"nda yanlışlıq var imiş: Moskvada qəbul imtahanları iyulun yox, mayın əvvəlində başlayıbmış. Lakin mən fədakar və inadkar idim. Oradan dərhal Leninqrada yollandım. Nəhayət, Leninqrad Musiqi Teatrı və Kinematoqrafiya İnstitutunun qəbul komissiyasında məni xoş sürpriz gözləyirmiş. Orada da tələbələrin qəbulu çoxdan başa çatsa da, komissiya əlavə qəbul elan etmişdi. Sənədlərimi aktyorluq fakültəsinə verdim və əlimdə gitara ilə imtahana yollandım. Şeir deməyimi, mahnı ifamı və rəqslərimi görən komissiya üzvlərindən biri, səhnə çıxışı və səhnə sənətindən dərs deyən professor Qippius mənim istedadlı oğlan olduğumu, lakin mənim dilimlə rus səhnəsini korlaya biləcəyimi söylədi. "Cavan oğlan, sizdə söhbət nə vaxtsa düzələcək ləhcədən və aksentdən getmir. Sizin dəhşətli, qulağı yırtan tələffüzünüz var və onu qaydaya salmaq mümkün deyil", - deyə Qippius bildirdi. İmtahandan məyus, pərt halda çıxmışdım. Bu məqamda müəllimlərdən biri gözlənilmədən mənə yaxınlaşdı və gücümü Krupski adına Leninqrad Mədəniyyət Universitetində sınamağımı məsləhət gördü. Sən demə, bu ali məktəbdə gələcək televiziya və kino rejissorları üçün eksperiment kursuna tələbələr yığırlarmış. Oraya asanlıqla qəbul olundum. Lakin bir il sonra kursun ixtisası dəyişdirildi. İndi biz ali məktəbi bitirdikdə mədəni-maarif işçisi ola bilərdik. Lakin mən Meyerholdun, Nemiroviç-Dançenkonun və Stanislavskinin dünyası ilə tanışlıqdan sonra kinematoqrafiyanın mənim üçün olduğu qənaətinə gəlmişdim - həyatımı nəyin bahasına olursa-olsun, kino ilə bağlamalı idim. İnstitutda oxuyarkən və səhnə nitqi və düzgün tələffuz üzrə ən yaxşı müəllimlərdən olan professor Yakovlevin xüsusi məşqlərilə mənim "qulağı yırtan tələffüzüm" yox oldu və yenidən Leninqrad Musiqi Teatrı və Kinematoqrafiya İnstitutuna üz tutmaq qərarına gəldim. Yaradıcılıq imtahanlarının hamısını uğurla versəm də, kollokviumda məni "ilişdirdilər". Leninqradda 1 il rejissorluq oxuduğumu qəbul komissiyasından gizlətmişdim. Komissiya üzvləri məndən çağırış yaşına çatmış oğlanın 1 ildə nə ilə məşğul olduğunu, niyə bu vaxtadək orduya yollanmadığını soruşduqda həqiqəti danışmalı oldum və ali məktəbə daxil ola bilmədim. Səhəri gün qonşu şəhər olan Vıborqda teatr-studiyanın açıldığını, gənc rejissor və aktyorların orada özlərini göstərmək imkanı qazandıqlarını eşitdim. Krupski adına Leninqrad Mədəniyyət İnstitutundan olan yoldaşlarla birlikdə oraya üz tutduq. Bir il ərzində kifayət qədər güclü truppa yığa, bir çox uğurlu tamaşa səhnələşdirə bildik. Vladimir Mayakovskinin satirik pyesi əsasında səhnələşdirdiyimiz "Klop" tamaşası Leninqrad vilayətinin həvəskar teatrlar festivalında birinci yeri tutdu. Amma bu günlər uzun çəkmədi. Elə həmin il Sovet İttifaqı Silahlı Qüvvələrinə çağırıldım.

- Bəs, ordu həyatınızda hansı rolu oynadı?

- SSRİ-nin nüfuzuna görə öndə olan Qara dəniz Hərbi-Dəniz Donanmasında qulluq etmişəm. Məhz oraya düşdüyüm üçün xoşbəxt idim. Məsələ ondadır ki, "dəmir pərdə" dövründə ölkədən kənara yalnız seçilmiş şəxslər çıxa bilirdilər. Mən Sofet flotiliyasının dost desantından olan yoldaşlarla Fransaya, Yuqoslaviyaya, Bolqarıstana, Rumıniyaya, Suriyaya, Misirə, Əlcəzairə, Mərakeşə və Qvineya-Bisauya səfər etmişdim. Orduda anladım ki, atam məni prokuror görmək istəyində haqlı imiş. Hərbi xidmətdən qayıdan kimi, sənədlərimi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə verdim. Həmin dövrdə ərəb dövlətləri ilə İsrail arasında hərbi münaqişə yenidən qızışmışdı. Məni yenidən gəmiyə qaytardılar. Heyətimiz Suriyada işləyən Sovet vətəndaşlarının təxliyə edilməsi məqsədilə Tartusa və Lakatiyaya göndərildi. Bakıya qayıdan zaman məlum oldu ki, hazırlıq fakültəsinə gecikmişəm. Mənə SSRİ Hərbi-Dəniz Donanmasının baş komandanı admiral Sergey Georgiyeviç Qorşkovun ölkədən kənarda dövlətin tapşırığını yerinə yetirdiyimə dair məktubu da kömək etmədi. Nəticədə, ali məktəb yanında hazırlıq qrupuna yazılmalı oldum. Cidd-cəhdlə oxuyur, hüquq fakültəsinə qəbul olunmaq üçün ciddi hazırlaşırdım. Kiçik bacım isə həmin vaxt Bakı Musiqi Məktəbinin gözəl müəlliməsi Tamara Xəlilovadan vokal dərsi alırdı. Günlərin birində o, məktəbdə böyük qardaşının yaxşı ifa qabiliyyətinin olduğunu deyir. Tamara xanım onun sözlərinə ciddi yanaşıb və məni dinləməyə razılıq verir. "Rafiq, sənin yerin səhnədir. İstedadını darıxdırıcı hüquqi sənədlərin içərisində basdırma", - deyə o, məni dinlədikdən sonra bildirdi. Bundan ruhlandım və Tamara xanımdan vokal dərsləri almağa başladım. Bir neçə ay sonra o, məni sənədlərimi universitetin hazırlıq kursundan götürməyə və Mirzəağa Əliyev adına Azərbayan Dövlət İncəsənət İnstitutuna qəbul olunmağa razı sala bildi.

- Nəhayət, arzunuz reallaşdı...

- Məni bu arzuya aparan yol çox tikanlı və uzun oldu. İnstitutun ikinci kursunda oxuduğum zaman səhnə nitqi müəllimim Həsən Əbluc gözlənilmədən məni Gənc Tamaşaçılar Teatrına dəvət etdi. O məndən Rüstəm İbrahimbəyovun "Qaçış" pyesi üzrə səhnələşdirilmiş yeni tamaşada baş rolu oynayan əməkdar artist Anton Dobronevskinin dublyoru olmağımı istədi. Bu təklifi son dərəcə böyük sevinclə qarşıladım. Rola bütün məsuliyyətimlə yanaşır, imkan tapdığım hər məqamda məşq edirdim. Rolun mətnini oxuyur, qəhrəmanın nələr yaşadığını anlamağa çalışır, bir addımı niyə başqa cür deyil, məhz belə atdığını təhlil edirdim. Mən - 26 yaşlı tələbə 76 yaşlı residivist Semyonu oynamalı idim.

- İlk dəfə səhnəyə çıxaraq qoca kişi obrazını yaratmaqdan çəkinmirdiniz? 

- Əlbəttə ki, çox həyəcanlı idim. Mətni unudacağımdan, səhnədə büdrəyəcəyimdən qorxurdum. Lakin hər şey yağ kimi keçdi və rolumu uğurla oynadım. Yeri gəlmişkən, iş elə gətirdi ki, premyerada baş rolu məhz mən oynamalı oldum. "Qaçış"dan sonra artıq əsas tamaşalarda baş rolları mənə etibar edirdilər. İlyarım sonra rejissor Azərpaşa Nemətov eyniadlı musiqili tamaşada sevimli və sadə Bumbaraş rolunu mənə həvalə etdi. Rolu, hətta dublyorsuz oynamalı olduğumu bildikdə bir anlıq qorxu da keçirmişdim. Tamaşaçıların sevimlisi olan möhtəşəm Zolotuxinin kino obrazından sonra Bumbaraşı oynamaq son dərəcə riskli idi. Lakin mən və həmkarlarım rejissorun tapşırığının öhdəsindən gəlməyi bacardıq. Tamaşa böyük uğur qazandı. Daha sonra "Ötən ilin son gecəsi", "Necəsən, cavan oğlan?", "Üç muşketyor", "Buratino" və digər tamaşalar da oldu. Elə həmin vaxt özümü rejissorluqda da sınamaq qərarına gəldim. 20-dən artıq tamaşa səhnələşdirdim. Sonradan özümün də gözləmədiyim halda müxtəlif teatrlardan tamaşalarda oynamağa dəvətlər almağa başladım. 40 ildən artıq Gənc Tamaşaçılar Teatrında çalışmışam. Pensiyaya bu yaxınlarda çıxmışam. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqında çalışır, prodüserlik edir, filmlər çəkirəm.

- Siz həm də kinolardakı rollarınızla yaddaşlarda qalmısınız. Sizə teatr daha yaxındır, yoxsa kino?

- Bu suala cavab vermək çətindir. Mənim üçün onların hər ikisi asandır. Həm kinonu sevirəm, həm teatrı. Kinoda 1976-cı ildən çəkilmişəm. Bu işə massovkalarla və epizodlarda çəkilməklə başlamışam. Sonra rejissorların xoşuna gəlmişəm və baş rollara dəvət almışam. Daha sonra rejissor Ramiz Fətəliyevin Elçinin ssenarisi əsasında çəkdiyi "Hökmdarın taleyi" filmində Vanya yüzbaşı rolunu canlandırmışam. Mehriban Ələkbərzadənin Çingiz Abdullayevin ssenarisi əsasında lentə aldığı "Məhkum olunmuşlar"da isə müstəntiq rolunu oynamışam.

- Bəs, necə oldu ki, kamera arxasına keçmək, bədii filmlər çəkmək qərarına gəldiniz?

- Hər şey "Köçəri" ilə başladı. Beynəlxalq çəkiliş qrupunda yer alırdım və aktyor heyətilə məşğul idim. Bu, inanılmaz ünsiyyət təcrübəsi, bütün dünyadan olan ən yaxşı kinematoqrafçılarla işləmək şansı idi. Yəqin ki, özümü bədii filmlərin rejissoru kimi sınamaq qərarına da həmin dövrdə gəldim. Yeri gəlmişkən, onadək mən bir neçə sənədli film, "Mozalan" satirik kinojurnalı üçün buraxılışlar çəkmişdim.

- Bu yaxınlarda tammetrajlı uşaq bədii filmi də çəkmisiniz. O, nədən bəhs edir?

- "Dərs" adlı həmin filmin premyerası bu ilin mayında olub. Filmdə söhbət məktəb dostluğunun başlamasından gedir - çoxları bu dostluğu illər və onilliklər boyu yaşadır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Elza Ağayeva və Anastasiya Volkovanın ssenarisi ilə çəkilib. Filmin prodüseri Müşfiq Hətəmov, operatoru Rauf Qurbanəliyevdir. Filmdə məktəblilərin həyatından, onların dostluğa münasibətindən, əməllərinə görə daşıdıqları məsuliyyətdən bəhs olunur. Gənc qəhrəmanları Bakı məktəblərindən seçiblər. Kastinq zamanı 14 mindən artıq oğlan və qız uşağına baxmışıq. Baş qəhrəman - Xalid adlı yöndəmsiz, lakin böyük ürəyə malik oğlan tam təsadüf nəticəsində 1 saylı orta məktəbdən seçilib. Bu rolu oynamış Tamerlan Ağayev özü mənə yaxınlaşaraq ona "kinoya çəkilmək" şansı verməmizi istədi. Mən ona bu şansı verdim və etiraf etmək lazımdır ki, Tamerlan bu etimadı tam doğrultdu. Eyni sözü filmə cəlb edilmiş digər gənc aktyorlar haqda da söyləmək olar - Ayna Zərbəliyeva, Aliyə Əliyeva və Rəşid Əliyev. Onların Bakının, demək olar ki, bütün məktəblərindən tək-tək seçdiyimiz "sinif yoldaşları" da üzərlərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəliblər. "Dərs" filminə çəkilmiş bütün uşaqlar peşəkar kamera qarşısına ilk dəfə çıxıblar. Yeri gəlmişkən, bu yaxınlarda biz ingilis subtitrləri üzərində işləri başa vurmuşuq və artıq "Dərs" beynəlxalq festivallarda da göstərilə bilər. Hələliksə onun regionlarda nümayişi nəzərdə tutulur. İstəyirik ki, filmlərimizi yalnız azyaşlı bakılılar deyil, Azərbaycanın digər şəhərlərində yaşayan uşaqlar da izləsinlər. O, uşaqlara düzlüyün, vicdanlılığın və mehribanlığın həyatın ən vacib şərtləri olduğunu başa salmalıdır. Bundan başqa, onlar anlamalıdırlar ki, keçmişi öyrənmək, ona hörmət etmək lazımdır. Çünki keçmişsiz gələcək yoxdur.

- Uşaqlarla işləmək çətin deyildi?

- (gülür) Onlarla işləmək böyüklərlə çalışmaqdan daha asandır. Çünki uşaqlar pul xətrinə işləmirlər. Onlar prosesin özündən, ətrafdakıların diqqətindən həzz alırlar. Mənim yeddi nəvəm var və bir məsələni hər kəsdən yaxşı bilirəm: uşaqlarla bir dildə danışmaq, eyni zamanda bir məqamı xatırlatmaq lazımdır - sən böyüksən. Ən vacibi uşağı başa düşmək, onu dinləməyi bacarmaqdır. Hesab edirəm ki, rejissor uşaq filmləri çəkərkən onun özü də müəyyən qədər uşağa çevrilir və bu, heç də çətin deyil. Hamımız uşaq olmuşuq...

- Azərbaycanda uşaq kinosunu necə dirçəltmək olar?

- İlk növbədə, maraqlı və parlaq ssenarilər lazımdır. O, cəlbedici, həmçinin ibrətamiz olmalıdır. Ssenaridə parlaq sərgüzəştlərin, qeyri-adi hadisələrin olması vacibdir. Mədəniyyət Nazirliyi layiqli filmləri maliyyələşdirməyə hazırdır. Uşaq kinosu yaradıcılarının əsas məqsədi onun tamaşaçıya çatdırılmasıdır. Məsələ ondadır ki, hazırda filmlərlə uşaqlar arasında böyük bir uçurum yaranıb. Müasir uşaqların əksəriyyəti asudə vaxtlarını internetdə, kompüter oyunları oynamaqla keçirirlər. Halbuki uşaq filmləri hər zaman cəmiyyətdə xüsusi funksiyaya malik olub və bunu unutmaq olmaz. Uşaq kinosunun ilk və əsas funksiyası uşaqların dünyagörüşünü formalaşdırmaq olub. Burada xeyir və şər məsələsi, bəlkə də, ən vacib məqamdır. Bu işdə xeyirlə şər aydın şəkildə göstərilməli, güclünün hər zaman zəifi müdafiə etdiyi uşaqların nəzərinə çatdırılmalıdır. Hesab edirəm ki, uşaq kinosu onlara konkret əxlaqi hisslər aşılayan saf filmlər olmalıdır. Onlar uşaqlara xeyirxahlıq aşılamalı, onlarda yardım etmək hissi yaratmalıdır. Uşaqlara çaxnaşmalar, dəhşət filmləri göstərmək lazım deyil. Qorxulu filmlər də lazımdır, lakin sonda xeyirin qalib gəlməsi vacibdir.



MƏSLƏHƏT GÖR:

541