18 May 2024

Şənbə, 16:57

DİNC DONBASA DOĞRU ADDIM

"Normand dördlüyü"nün Paris görüşü Ukrayna böhranının həlli üçün yeni şans verdi

Müəllif:

13.10.2015

Oktyabrın 2-də Ukrayna, Rusiya, Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Parisdə keçirilmiş "Normand dördlüyü"nün növbəti sammiti Ukrayna böhranının dinc nizamlanmasına ümid yaradıb. Görüş hər hansı saziş və ya birgə bəyannamənin imzalanması ilə sonuclanmasa da, Yelisey sarayında baş tutmuş danışıqlar bir sıra vacib razılaşmalarla yadda qaldı. 

Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri - Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkelin görüşünün əsas nəticələrindən biri yüngül artilleriya, tank və minomyotların Ukrayna və Donbas separatçıları arasındakı təmas xəttindən geri çəkilməsinə dair razılaşma oldu. Razılaşmaya əsasən, bu proses ATƏT-in nəzarəti altında 41 günə yekunlaşmalıdır. Rəsmi Kiyev bu müddəanı özünün uğuru kimi təqdim edir, çünki hərbi texnikanın geri çəkilməsinin ATƏT-in nəzarəti altında həyata keçirilməsi, xarici işlər naziri Pavel Klimkinin fikrincə, Ukraynaya "bütün Donbasın ərazisinə giriş, tədricən oradan rus muzdluları, hərbi texnikanı və silahlı dəstələri çıxarmaq üçün vəziyyətə nəzarət" imkanı verəcək. Bunu əsas götürən Klimkin ümid edir ki, "Normand prosesi"ndə biz, həqiqətən də, başqa reallıqdayıq".

Amma nizamlama prosesində yer alan Donbasdakı seçki proseduru və qiyamçı regionun statusu ilə bağlı digər vacib aspekt Ukrayna tərəfində daha az entuziazm yaradır. Paris görüşünün iştirakçıları "Donetsk Xalq Respublikası"nda əvvəlcə oktyabrın 18-nə elan olunmuş seçkilərin vaxtının dəyişdirilməsinə dair razılığa gəliblər. Fransa prezidenti Fransua Ollandın sözlərinə görə, "müəyyən razılaşmalar əldə olunmayınca seçkilər keçirilə bilməz".

"Müəyyən razılaşmalar" dedikdə, Olland nəyi nəzərdə tuturdu? Belə ehtimal olunur ki, söhbət qondarma Donetsk və Luqansk "respublikaları"nda seçkilərin Ukrayna qanunvericiliyinə uyğun şəkildə keçirilməsi, həmçinin Kiyevin Donbasa "xüsusi status" verməsindən gedir. Danışıqlar zamanı elə vəziyyət yarandı ki, Moskva birinci müddəaya, Kiyev isə ikincisinə razılıq verməli idi. Əgər söhbət Ukraynanın cənub-şərqindəki hərbi münaqişənin uzunmüddətli nizamlanma prosesindən gedirsə, başqa cür mümkün deyil. Və təsadüfi deyil ki, Almaniya kansleri Angela Merkel "Normand dördlüyü" çərçivəsində Donbasda seçkilər və xüsusi status haqda qanunların qəbul edilməsi haqda razılığın əldə olunduğunu bəyan edib. 

Amma bu əsas məsələlərə dair razılaşmaların reallaşacağına tam əminlik yoxdur. "DXR" və "LXR", əlbəttə ki, seçkiləri təxirə sala bilərlər, amma istənilən halda onlar seçkilərin Ukrayna qanunvericiliyi çərçivəsində keçirilməsini Donbasa "xüsusi status"un verilməsi ilə əlaqələndirirlər. Odur ki, Kiyevdən bu istiqamətdə prinsipial addım atmaq tələb olunur, lakin bu prezident Poroşenko üçün xoşagəlməz nəticələr verə bilər. Məsələ ondadır ki, Donbasa "xüsusi status"un verilməsi ideyasının özü belə Ukraynada bir çox siyasi qüvvələrin xoşuna gəlmir. Məhz bu məsələ ilə bağlı ziddiyyətlər bu yaxınlarda Kiyevin mərkəzində Milli Qvardiyanın 4 hərbçisinin ölümü ilə nəticələnmiş qanlı toqquşmalara yol açmışdı. 

Donbasa "xüsusi status"un verilməsi ilə razılaşmayan və bunu Ukraynanın birliyi və suverenliyi nöqteyi-nəzərindən yolverilməz sayan siyasi qüvvələr, "Normand dördlüyü"nün son görüşündən dərhal sonra Yelisey sarayında əldə olunmuş razılaşmalara qarşı çıxmaq niyyətində olduqlarını açıq şəkildə ortaya qoyublar. Məsələn, "Özünəyardım" partiyasının liderləri "xüsusi status" haqda qanun layihəsini pisləyərək bəyan ediblər ki, "işğal olunmuş ərazilərə və dövlət sərhədinə tam nəzarət bərpa olunana qədər" Donbasda seçkilərin keçirilməsi və digər siyasi məsələlərin reallaşması qeyri-mümkündür. 

Radikal Partiyanın lideri Oleq Lyaşko isə prezident Poroşenkodan tələb edib ki, "iqtidar niyə öz xalqını aldatdığına"  dair izahat versin. O hiddətlə bildirib ki, artıq yalnız Moskva deyil, Paris, Berlin və Vaşinqton da Kiyev qarşısında tələblərlə çıxış edir.

Beləliklə, Donbasın statusu məsələsi Ukraynada yenidən qeyri-sabitliyə yol aça bilər. Yerli politoloqlar əmindirlər ki, sağçı qüvvələr prezident Poroşenkonun, onsuz da zəif olan mövqelərinə hücuma hazırlaşırlar. Bu, Kiyevin mövqelərini daha da zəiflədəcək (o cümlədən ölkənin cənub-şərqindəki münaqişənin həlli üzrə danışıqlar prosesində) və daxili-siyasi gərginlikdə maraqlı olmayan Ukrayna liderinin bu vəziyyətdən necə çıxacağı bəlli deyil. Ekspertlər Poroşenkonun parlamentə Donbasın statusuna dair Paris razılaşmalarından bir qədər fərqlənən qanun layihəsi çıxaracağını istisna etmirlər. Məsələn, yeni sənədin Kiyevin Rusiya ilə sərhədə nəzarəti bərpa etməsini və ya hansısa xüsusi seçki prosedurunu nəzərdə tutması mümkündür. Bu isə, təbii ki, separatçı qurumların xoşuna gəlməyəcək. Şübhəsiz, hadisələrin bu cür inkişafı Paris razılaşmalarının və ümumilikdə, Ukrayna böhranının nizamlanmasına dair Minsk sövdələşmələrinin nəzərdə tutduğu kompleks tədbirlərin reallaşmasını yalnız uzadacaq. Məsələn, razılaşmaların bu ilin sonuna qədər reallaşdırılması nəzərdə tutulur. Amma nizamlanma şərtlərinin həyata keçirilməsinin yaxın aylarda reallaşmasının qeyri-mümkünlüyü, Minsk sənədlərinin həyata keçirilməsini 2016-cı ilədək uzada bilər. 

İstənilən halda, "Normand dördlüyü"nün Paris sammitinin əsas yekunu o oldu ki, Minsk razılaşmalarının alternativsizliyi bir daha təsdiqləndi. Və P. Poroşenkonun "müharibə yalnız Ukrayna ərazisinin son parçası da azad olunduqdan sonra bitəcək" bəyanatına rəğmən, bu reallıq şübhə doğurmur. Ukrayna münaqişəsini şərh edərkən, ilk növbədə, Donbasdakı hərbi əməliyyatların dayandırıldığını unutmaq lazım deyil - "Normand dördlüyü"nün sammitində bu fakt xüsusi olaraq qeyd edilib. Siyasi nizamlanmaya dair digər məsələlər isə artıq sülh danışıqları zamanı həllini tapmalıdır. Bununla belə, Almaniya kanslerinin "Ukrayna nizamlanmasındakı uğurdan yalnız bütün münaqişə tərəflərinin razılaşmalara əməl etməsi halında danışmaq olar" fikrilə razılaşmamaq mümkün deyil. Həmçinin nəzərə almaq lazımdır ki, Ukraynadakı vəziyyətə təsir göstərən daha bir faktor var. Belə ki, Paris görüşü açıq şəkildə göstərdi ki, Avropanın və ümumilikdə, Qərbin prioritetləri sırasında Donbas ikinci plana keçir. İndi beynəlxalq aləmin nəzərləri Rusiyanın da müdaxilə etdiyi Suriya münaqişəsinə yönəlib. Avropanın özü isə daha ciddi problemlə - Yaxın Şərqdəki müharibələrdən qaçan əhalinin kütləvi miqrasiyası ilə üzləşib. 

Kim bilir, bəlkə də, bütün bunların fonunda Donbas münaqişəsinə beynəlxalq diqqətin azalması maraqlı tərəflərə Ukrayna nizamlanması formulunu daha tez tapması üçün münbit şərait yaradacaq?..



MƏSLƏHƏT GÖR:

524