18 May 2024

Şənbə, 17:13

KSENOFOBIYA "YATMIŞ" VƏZIYYƏTDƏ

Rusiyada radikal millətçiliyin azalması tendensiyası hiss olunsa da, bu əhvali-ruhiyyənin yenidən baş qaldırması riski hələ də qalır

Müəllif:

13.10.2015

Hələ bir neçə il əvvəl qəzet və informasiya agentliklərində Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində skinhed dəstələrinin milli zəmində törətdikləri basqın və qətllər haqda mütəmadi olaraq xəbərlərlə rastlaşırdıq. Amma bu gün mənzərə bir qədər dəyişib. 

İnsan haqları üzrə Moskva Bürosunun 9 ayın nəticələrinə dair hesabatına görə, 2014-2015-ci illərdə Rusiyada aqressiv ksenofobiya və radikal millətçilik əhvali-ruhiyyəsinin azalması müşahidə olunur. Özü də bunun əsas səbəblərindən biri kimi, hüquq mühafizə orqanlarının uğurlu fəaliyyəti ilə yanaşı (söhbət, ilk növbədə, Şimali Qafqazdakı silahlı dəstələrin neytrallaşdırılmasından gedir), həm də Ukrayna böhranı və ABŞ ilə Avropanın Rusiyaya qarşı sərt sanksiyaları göstərilir. Hüquq müdafiəçilərinin fikrincə, bu, cəmiyyətin və hakimiyyətin vahid mövqedən çıxış etməsilə bağlıdır. 

İnsan haqları üzrə Moskva Bürosunun direktoru, RF prezidenti yanında Vətəndaş Cəmiyyəti və insan haqlarının inkişafı Şurasının üzvü Aleksandr Brodun "R+"a verdiyi məlumata görə, "Maydanın qan tökülməsinə, insan haqlarının kütləvi şəkildə pozulmasına və millətlərarası gərginliyə gətirdiyini görən Rusiya ictimaiyyəti üçün bu, bir növ, peyvənd oldu. Ukraynadakı vəziyyət bizim hamımızı ayıltdı. Özü də yalnız millətçiləri deyil, hakimiyyəti də".

Hesabat müəlliflərinin fikrincə, nisbi sakitlik ona gətirib çıxardı ki, "etnomillətçilərin sıralarında Ukrayna hadisələri ilə bağlı parçalanma baş verdi". Onların bir qismi Maydanı milli dövlət uğrunda mübarizə kimi qəbul edərək Kiyevi dəstəklədilər. Radikalların bir qismi hələ də Ukrayna münaqişəsində bu və ya digər tərəfdə vuruşurlar. Ölkədə qalmış radikal etnomillətçilər isə aktivliklərini azaltdılar: "Onların yürüş və mitinqlərinə əvvəlki aksiyalara qatılanların yarısı belə gəlmir. Qanunsuz miqrantlara "ov" təşkil edən millətçi reydlərin sayı da azalıb".

Bundan başqa, "Rusiya millətçiləri", "Piranya-74" və digər neonasist qruplaşmaların liderlərinə qarşı sərt məhkəmə hökmləri də radikalların aktivliyinin qarşısını alıb.

Bununla belə, bu ilin yanvarından avqust ayına qədər Rusiya ərazisində 20-dən artıq ksenofobiya və ekstremizm motivli cinayət qeydə alınıb. Nəticədə, ən azı 10 nəfər qətlə yetirilib. Ümumilikdə isə millətlərarası motivli kütləvi toqquşmalarda 50-dən artıq insan xəsarət alıb. Bu cür hallar Moskva və Moskva vilayəti, Stavropol, Yekaterinburq, Kalininqrad, Rostov və Ulyanovsk vilayətlərində qeydə alınıb. 9 ay ərzində ölkənin 17 bölgəsində ən azı 22 vandalizm aktı baş verib - Moskva, Voloqda, Permdə məscidlər, Arxangelskdə isə sinaqoq təhqir edilib, Dərbənd, Simferopol, Volqoqrad, Krasnodar və Çelyabinskdə məzarlıqlar və abidələr dağıdılıb. 

Düzdür, mili təhlükəsizlik üçün yeni təhdidlər də yaranıb - ölkə ərazisində terrorçu "İslam Dövləti" təşkilatı üçün Rusiya vətəndaşlarının "səfərbər olması" halları artıb. 2013-cü ildə İD sıralarında ən azı 300 nəfər Rusiya vətəndaşının vuruşması haqda məlumat olub. İndi isə onların sayının 2-5 min arasında olduğu bildirilir. İD idealları uğrunda döyüşməyə, əsasən, gənclər yollanırlar. Bu mənada, Türkiyə ilə sərhəddə saxlanılmış tələbə qız Varvara Karaulova, Suriyadakı döyüşlərdə həlak olmuş rusiyalı aktyor Vadim Dorofeyevin işi daha böyük qalmaqal yaradıb. İyun ayında isə "YouTube" servisində terrorçu "Qafqaz Əmirliyi" təşkilatının "İslam Dövləti"nin lideri Əbu-Bəkr əl-Bağdadinin tabeçiliyinə keçməsi və müvafiq andiçmə mərasiminin yazısı yayılıb. 

Bu yaxınlarda Moskvada keçirilmiş Dəyirmi masada da aqressiv ksenofobiyanın və radikal millətçiliyin inkişaf dinamikasına dair proqnozlar, beynəlxalq münasibətlərdə müasir risklər və digər məsələlər müzakirə olunub. Sıralarında dövlət srtukturları, elm, din və vətəndaş cəmiyyətlərinin nümayəndələrinin də olduğu ekspertlər Rusiya dövlətində sabitlik üçün əsas təhlükəyə dair yekdil rəy nümayiş etdiriblər. Onların fikrincə, hazırda beynəlxalq münaqişələr öz yerlərini beynəlxalq gərginlik və qiymət artımı kimi müasir təhlükələrə buraxıblar. Ekspertlərin sözlərinə görə, keçirilən rəy sorğuları da bu tendensiyaları təsdiqləyir. 

Tanınmış sosioloq Vladimir Mukomelyadan sitat gətirən A.Brod bildirib ki, "ksenofobiya yatmış vəziyyətdədir. Protest əhvali-ruhiyyə, sosial gərginlik, miqrasiya və milli siyasət sahəsindəki problemlərin həll olunmayacağı təqdirdə, ksenofobiya yenidən aktivləşə bilər. Çünki radikal millətçilər protest əhvalı "ələ alaraq" onu entik müstəviyə keçirməyi sevirlər".

Həll olunmamış problemlər isə az deyil. Məsələn, bir çox hallarda məmurlar etnik zəmindəki toqquşmaları ayırd etmədən, onları məişət müstəvisində təqdim etməyə çalışırlar. Öz ərazisindəki "xoş mənzərə"ni pozmamaq üçün məmurlar çox vaxt millətlərarası münaqişələri, zorakılıq faktlarını ört-basdır etməyə çalışırlar.

Daha təhlükəli informasiyalara da rast gəlinir - Kuzbassda qubernator seçkiləri ərəfəsində "Kuzbassın islamlaşdırılmasının qarşısını alaq" adlı film geniş yayılmışdı. Aman Tuleyevin əleyhdarları siyasi dividendlər xatirinə regionda münaqişəli vəziyyət yaratmağa cəhd etmişdilər. 

Bəzən isə daha kuryoz hallara rast gəlinir. Məsələn, bu yaxınlaradək Moskvada paytaxtın dini məsələlər üzrə departamentinə ticarət sahəsində ixtisaslaşmış şəxs rəhbərlik edirdi. Halbuki ekspertlər hələ bir neçə il əvvəl  milli məsələlərlə məşğul olan dövlət qulluqçularının hazırlığı üçün standartlar hazırlayıb təqdim etmişdilər, amma indiyədək bu standartlar tətbiq olunmur. 

Moskva məhkəmələri miqrasiya haqda federal qanunun dəyişdirilməsini xahiş edirlər, çünki bu, qanunu pozmuş miqrantlarla bağlı işlərin sayını azaldacaq. Hüquq müdafiəçiləri isə RF-nin Təhsil və Elm Nazirliyinin vətəndaşların tədris müəssisələrinə qəbuluna dair əmrini ləğv etdirməyə çalışsalar da, hələ də buna nail ola bilmirlər - bu əmrə əsasən, Rusiya məktəblərin ötən ildən etibarən miqrantların uşaqlarını, həmçinin Rusiyanın digər regionlarından olan uşaqları qəbul etmirlər. Yaranmış vəziyyət həm RF Konstitusiyasına, həm Uşaq Hüquqları Konvensiyasına, həm də təhsil haqqında federal qanunun tələblərinə ziddir. 

Daha bir köhnə və həllini tapmayan problem - ekstremizmə çağırışla bağlı mətnlərin ekspert qiymətləndirməsidir. Halbuki, hələ 7 il əvvəl baş vermiş və İranla dövlətlərarası qalmaqala səbəb olmuş bir hadisədən hamı dərs ala bilər. Xatırladaq ki, o zaman elmi dərəcəsi olmayan 21 yaşlı filoloq və 24 yaşlı psixoloq ayatolla Xomeyninin məşhur "Vəsiyyətnaməsi"ni ekstremist ədəbiyyat sırasına aid etmişdilər. Onların verdikləri ekspert rəyinə əsasən, bu mətndə zorakılığa çağırış var və o emosional baxımdan təhlükəlidir. Halbuki sözügedən sənəd İranda ən hörmət olunan və sayılan sənədlərdən hesab edilir. Yeri gəlmişkən, Xomeyninin əsərləri dünyanın heç bir ölkəsində qadağan olunmayıb.

Amma bu qalmaqaldan lazımi nəticə çıxaran olmadı. Və demək olar ki, hər il bu cür qalmaqal yaşanır. 2013-cü ildə Novorossiysk rayon məhkəməsi azərbaycanlı dinşünas Elmira Quliyevanın yazdığı "Müqəddəs Quranın rus dilinə tərcüməsi"ni "ekstremist ədəbiyyat" elan etdi. Bu il isə ölkə ictimaiyyəti Cənubi-Saxalin şəhər məhkəməsinin qalmaqallı qərarını heç cür ləğv etdirə bilmir: burada məhkəmə "Allaha dua: onun İslamdakı yeri" kitabını ekstremist ədəbiyyat elan edib. Halbuki bu kitab, əslində, Qurandakı ayələrin mənasının rus dilində izahını verir. 

Bütün bunlara rəğmən, Moskva və Mərkəzi Regionun müftisi, RF İctimai Palatasının üzvü Albir Krqanov ölkədəki millətlərarası münasibətlərdən danışarkən deyir ki, "şükür Allaha". Onun sözlərinə görə, Riqada 1838-ci ildən mövcud olan tatar icması bu il, həmişəki kimi, Qurban bayramı ilə bağlı məsciddə toplaşmışdı. Amma içəridə hamıya yer çatmadığından, 15 nəfər küçədə ibadət etmək istədi. Dərhal hadisə yerinə gələn polis onların hər birini 3 min avro məbləğində cərimə etdi. Moskvada isə 100 min müsəlman hökumətin, şəhər və hüquq mühafizə orqanları rəhbərlərinin dəstəyilə bu cür mərasimdə iştirak edir və "şükür Allaha, bu cür insidentlərə rast gəlinmir".

"Yeri gəlmişkən, ölkə prezidentinin Moskvadakı Cümə məscidinin açılışında iştirak etməsi çox vacib idi. İndiyədək Rusiya tarixində heç vaxt - nə Çar dövründə, nə sovet dönəmində - ölkə rəhbəri məscid açılışında iştirak etməmişdi. Dövlət başçısı, bununla, 20 milyona çatan müsəlman vətəndaşlarına öz münasibətini nümayiş etdirdi", - deyə mufti bildirib.

"Dəyirmi masa"dakı müzakirələr zamanı radikal millətçilik və ekstremizmin istənilən formalarına qarşı mübarizə üçün çoxlu təkliflər səslənib. Qeyd olunub ki, ictimai, qeyri-hökumət, gənclər və dini təşkilatların, milli-mədəni muxtariyyətlərin rolunun artırılmasından tutmuş tədris müəssisələrində "terralogiya" fənninin keçirilməsinədək - hər şey terrorizmin mahiyyətinin açılmasına xidmət etməlidir. Müzakirələr zamanı öncədəngörmələr də səslənib: RF prezidenti yanında millətlərarası münasibətlərə dair Şuranın üzvü Qalina Boqolyubovanın fikrincə, "rus marşları bilərəkdən münasibətləri qızışdırmaq üçün təşkil olunan - xüsusilə də Milli Birlik günü (4 noyabr) - aksiyalardır. Məncə, bu il Milli Birlik günü millətçilərin yürüşü olmayacaq".

Nə demək olar? Bayrama az qalıb. Görərik...



MƏSLƏHƏT GÖR:

547