9 May 2024

Cümə axşamı, 07:41

DÖRDÜNCÜ ÇEMPİON

Azərbaycan boksçuları Dünya Çempionatında bir qızıl, bir gümüş və iki bürünc medala sahib çıxdılar

Müəllif:

20.10.2015

Bakıda keçirilən birinci Avropa Oyunlarından sonra, boksçularımızın növbəti ciddi sınağı Qətərdə baş tutan Dünya Çempionatına təsadüf etdi. Mötəbər yarış ərəfəsində Azərbaycan komandasının şansları yüksək qiymətləndirilməsə də, məşqçilər heç olmasa, iki medala ümid edirdilər. İkiqat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidovun zədə səbəbindən yoxluğu rəqiblərin sevincinə səbəb oldu. Belədə Qətərə yollanan boksçular arasında kimin çempion ola biləcəyi sual doğururdu. Sevindirici haldır ki, dəri əlcək sahibləri onlara bəslənən ümidləri artıqlaması ilə doğrultdu. Boksçularımız Azərbaycan idman tarixində dünya çempionatlarında ən yaxşı nəticəyə nail olmaqla yeni rekord müəyyənləşdirdilər.

10 günlük mübarizənin yekununda Azərbaycan boksçuları Dünya Çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxdılar. İlk dəfə olaraq, Dünya Çempionatından Azərbaycan idmançıları Vətənə 4 medalla qayıtdılar. Üstəlik, boksçularımız 4 medalla yanaşı, Yay Olimpiya Oyunlarına iki lisenziya da qazandılar. Qətərdə baş tutan ilin əsas boks yarışında ən böyük nəticəni Elvin Məmişzadə əldə etdi. Bütün rəqiblərinə qalib gələn Məmişzadə Azərbaycan boks tarixinə dördüncü dünya çempionu kimi düşdü.

2003-cü ildə Ağası Məmmədov Azərbaycan boks tarixində ilk dünya çempionu oldu. 2011-ci ildə Məhəmmədrəsul Məcidov planetin ən güclüsü adını qazandı. İki il sonra ölkəmiz iki qızıl medala sevindi. Cavid Çələbiyev ilk dəfə, Məcidov isə karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxdı. Qətərdə isə Elvin Məmişzadə adını tarixə yazdı. 52 kq-da çıxış edən boskçumuz ilk görüşdə Almaniya təmsilçisi Qamzu Toubanı mübarizədən kənarlaşdırdı. 1/4 finalda boks tarixinin canlı əfsanəsinin adaşı Məhəmməd Əliylə (Böyük Britaniya) qarşılaşan Elvin özünəməxsus taktika ilə rəqibə şans vermədi. Yarımfinalda idmançımızın işi o qədər də çətin olmadı. Əlcəzair idmançısı Məhəmməd Flislə görüşdə Məmişzadə vaxtından əvvəl qələbə qazanmaqla finalda çıxış etməyə layiq olduğunu sübut etdi. Həlledici görüşdə isə rəqib kubalı Yosbani Veyta oldu. 52 kq çəkinin favoritlərindən sayılan Veytanı məğlub etmək asan deyil. Bu səbəbdən, risk etməyən Elvin düzgün taktika seçimi ilə uğur qazandı. İlk raund zamanı müdafiəyə daha çox diqqət verən boksçumuz görüşün sonuna yaxın bütün gücü ilə hücuma keçdi. Dəqiq zərbələr sayəsində Veytaya çətin anlar yaşadan Elvin Məmişzadə karyerasının ən böyük uğuruna imza atdı. Mundialın qızıl medalı ilə yanaşı, Elvin həm də gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı əldə etdi.

Azərbaycan yığması iki il əvvəl olduğu kimi, yenə Vətənə iki qızıl medalla qayıda bilərdi. Təəssüf ki, dünya və Avropa çempionu Albert Səlimovun fəxri kürsünün ən yüksək pilləsinə qalxmasına zədə mane oldu. 60 kq-da təmsil olunan milliləşdirilmiş legioner Olimpiadaya lisenziyanı Ümumdünya Boks Seriyasında qazandığından, Qətərdə əsas məqsəd mükafatçılar sırasında yer almaq idi. Albert bu vəzifənin öhdəsindən layiqincə gəldi. İlk döyüşdə irland Şon Makkomba, ardınca fransız Sfetan Oumiya və braziliyalı Robson Donatonu məğlub edən Səlimov finalda Kubanın daha bir güclü təmsilçisi Lazaro Alvareslə üz-üzə gəldi. İlk raund zamanı alnından zədələnən Səlimovun yarasında qan axması həkimlərin görüşü dayandırması ilə nəticələndi. Rinq yaxınlığında Alberti müayinə edən həkimlər görüşün davam etdirilməsinə icazə vermədilər. İlk raunddan sonra boksçumuz hesabda öndə olsa da, qələbə Lazaro Alvaresə verildi və o, karyerasında üçüncü dəfə dünya çempionu oldu. 

91 kq-da Əbdulqadir Abdullayev Dünya Çempionatının bürünc medalını qazandı. Üçüncü yer tutmasına baxmayaraq, boksçu Olimpiadaya vəsiqə qazanmadı. Çünki 91 kq-da lisenziya yalnız finalçılara verildi. Digər təmsilçimiz Pərviz Bağırovun isə müəyyən mənada bəxti gətirdi. 69 kq-da bürünc qazanan Bağırov həm də lisenziyaya layiq görüldü. Buna səbəb isə bu çəkidə qələbə qazanan Mərakeş boksçusunun əvvəlki yarışlarda Olimpiadada iştirakını təmin etməsi oldu. Onun əvəzinə lisenziya boksçumuza qismət oldu.

Karyerasında ilk dəfə dünya çempionu olan Elvin Məmişzadə ən böyük arzusunu reallaşdırıb. Çempion bu fikri "R+"a açıqlamasında söyləyib: "Danışmaq çətindir. Həyatımda ən böyük arzularımdan birini reallaşdırdım. Çox xoşbəxtəm. Bu uğurda məşqçilərimin böyük rolu var. Mənə inanan insanlara təşəkkür edirəm. Finala çıxarkən artıq məğlubiyyət barədə düşünmürdüm. Karyeramın ən vacib görüşü idi, orada uduzmaq olmazdı. Risk etməyərək, ilk raundlarda rəqibi məsafədə saxladım. Sonradan isə dəqiq zərbələrlə xallar qazandım. Finalda uduzsaydım, bunu özümə heç vaxt bağışlamazdım".

Dünya Çempionatında gümüş medal qazanan Albert Səlimov isə yarımfinalda zədələndiyini bildirdi. Onun sözlərinə görə, görüşü davam etdirmək istəsə də, həkimlər buna icazə vermədilər: "Yarımfinalda zədə almışdım. Finalda zərbə başımdan dəyəndə qan açıldı. Ona görə həkimlərin müdaxiləsi vacib oldu. Təkidimə baxmayaraq, onlar görüşü yarımçıq dayandırmağa məcbur etdilər. Belədə gümüş medalla kifayətlənməli oldum. Karyeramda mundialda ikinci qızıl medalı qazanmağa çox yaxın idim. Təəssüf, alınmadı".

4 medal və iki lisenziyaya baxmayaraq, Azərbaycan yığmasında ümidləri doğrultmayanlar da oldu. İlk Avropa Oyunlarının qalibləri Teymur Məmmədov (81 kq), Lorenso Sotomayor (64 kq), bürünc mükafatçı Tayfur Əliyev (56 kq) yarışa hazır olmadığını göstərdi. Avropa çempionu, Dünya Çempionatının bürünc medalçısı Teymur ilk görüşdə Rusiya idmançısı Pavel Silyagenə uduzmaqla yarışı tərk etdi. Teymurun zəif çıxışı və ilk görüşdə uduzması bir çox suallara səbəb olur. Ya son aylar ardıcıl məşqlərdə iştirak edən boksçunun fiziki hazırlığında problem var, ya da məşqçilər onu Qətərə aparmaqla səhvə yol veriblər. Sotomayor 1/4 finalda Rusiya idmançısı Vitali Dunayçevə məğlub oldu. 56 kq-da çıxış edən Tayfur Əliyev də 1/4 finalda mübarizəni dayandırdı. Unutmayaq ki, inamlı təsir bağışlamayan Əliyevin mundiala gəlməsi hamını təəccübləndirib. Bu çəkidə dünya çempionu Cavid Çələbiyebin Qətərə gedəcəyi gözlənilsə də, son anda məşqçilər Tayfurun adını siyahıya daxil etməklə riskə getdilər. Bu risk özünü doğrultmadı. Fikrimizcə, Elvin Məmişzadə, Albert Səlimov, Əbdulqadir Abdullayev və Pərviz Bağırov Qətərdə alqışa layiq mübarizə sərgilədilər. Digərləri isə ciddi düşünməlidirlər. Yay Olimpiya Oyunlarına bir ildən az vaxt qalır, bu müddətdə hazırlığı artırmaqla planetin ən böyük yarışına vəsiqə qazanmaq lazımdır. Əks halda, onlar Olimpiadada iştirakçı deyil, tamaşaçı olacaqlar.



MƏSLƏHƏT GÖR:

490