9 May 2024

Cümə axşamı, 07:08

SIÇRAYIŞ ALINMADI

Futbol üzrə Azərbaycan millisi yenə "AÇ-2016"nın final mərhələsindən kənarda qaldı

Müəllif:

20.10.2015

2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi millimiz üçün uğurlu olmadı - 6 xal toplayan yığma qrupda 5-ci yerlə kifayətləndi.

 

Foqts pis başladı

Azərbaycan millisi seçmə mərhələyə Berti Foqtsla başladı. Püşkdən sonra iddialı açıqlamalar verən alman məşqçi hədəfin "Avro-2016"da iştirak etmək olduğunu bildirdi. Ancaq ilk turda Bolqarıstana məğlubiyyət (1:2) Foqtsun vədlərinin real olmadığını sübut etdi. Səfərdə Xorvatiyaya biabırçı hesabla uduzan (0:6) yığmanın baş məşqçisi istefa verərək Almaniyaya qayıtdı.

Foqtsun istefasından sonra AFFA 2014-cü ilin son oyununa hazırlaşmaq üçün millini köməkçi məşqçi Mahmud Qurbanova tapşırdı. Adətən, məşqçi dəyişikliyi komandaya yeni nəfəs gətirir. Bu halda da millimiz ümidləri doğrultmadı. Bakıda Norveçi qəbul edən komanda 0:1 hesabı ilə uduzdu. Son oyundakı məğlubiyyət federasiyanın əcnəbi məşqçi axtarışını sürətləndirdi. 

 

Yeni məşqçi ümid verdi

Xorvat baş məşqçi Robert Prosineçkinin Azərbaycan millisinə təyinatı hər zaman olduğu kimi, birmənalı qarşılanmadı. Etiraf etmək lazımdır ki, Foqtsla müqayisədə, Prosineçkinin işi daha məsuliyyətli görünürdü. Xorvat mütəxəssis həm çempionat, həm də AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə oyunları izləməklə diqqəti cəlb etdi. Qışda isə Prosineçki Türkiyəyə yollanaraq, çempionata hazırlaşan klublarımızın düşərgəsində oldu. Nəhayət, ilk rəsmi oyunda azarkeşlərimiz sevindi. Prosineçkinin debütü Malta üzərində 2:0 hesablı qələbə ilə yadda qaldı. Ardınca Norveç səfərindən (0:0) xalla qayıdan yığmanın oyunun üslubunda dəyişiklik olması hamını ümidləndirdi. Foqtsdan fərqli olaraq, Prosineçkinin komandası 90 dəqiqə müdafiə barədə düşünmədi. Eyni zamanda, xorvat məşqçinin klubunda ehtiyatda oturanları deyil, daim oynayan futbolçulara şans verməsi qeyd olunmalıdır. Növbəti görüşlərdə Xorvatiya ilə sürpriz heç-heçə (0:0) və Malta ilə qollu bərabərlik (2:2) baş məşqçinin "Avro-2016"nın seçmə mərhələsində məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırdı. Lakin son görüşlərdə İtaliya (1:3) və Bolqarıstana (0:2) məğlubiyyət gələcək barədə nikbin fikirlərimizi məhv etdi. Sözsüz ki, bu görüşlərdə yığmada itki var idi, amma bununla belə, Prosineçki çətin durumda xilaskar ola bilməyəcəyini göstərməklə bir çox suallara aydınlıq gətirdi.

 

Rəşad Sadıqov üçün yubiley ili

Başa çatan seçmə mərhələdə, ümumilikdə, 33 futbolçu Azərbaycan yığmasının şərəfini qoruyub. Onlardan ən çox meydanda olan elə bu seçmə mərhələdə 100-cü oyununa çıxan Rəşad Sadıqovdur. Kapitan bütün görüşlərdə meydanda olub və əvəzlənməyib. Sonrakı pillələri Kamran Ağayevlə Rahid Əmirquliyev tutur. Ən az meydanda olan Ağabala Ramazanovdur. Millidə mövsüm ərzində ən çox qol vuran Dmitri Nazarovdur. O, 3 dəfə rəqib qapılarına yol tapıb. Qalan 5 qoldan 2-ni Rahid Əmirquliyev, 1-ni Cavid Hüseynov vurub. İtaliya ilə səfər görüşündə Corco Kellinin avtoqoluna sevinmişik. Yeganə qırmızı vərəqə Bədavi Hüseynovun (İtaliya) passivindədir. Sadıqov isə yeganə avtoqolun müəllifidir. Millimizdə yeni futbolçular meydana çıxdılar - Eddi İsrafilov, Elnur Cəfərov, Namiq Ələsgərov və "Karlsrue"nin hücumçusu Dmitri Nazarov.

 

Problemlər qalıb

Azərbaycan millisi üçün seçmə mərhələdə 6 xal toplamaq uğurlu çıxış etmək demək deyil. Cari mərhələ millidə bir çox problemlərin həll olunmadığını göstərdi. İlk olaraq qeyd etmək lazımdır ki, heyətlə bağlı seçim imkanı azdır. Uzun illər yığmanın qapısını Kamran Ağayev qoruyur. Dəvəçili qapıçı səhv etsə belə, yenidən start heyətdə yer alır. Səbəb isə sadədir: onu əvəz edəcək başqa qapıçımız yoxdur. Hücumla bağlı problem son iki ildə daha açıq şəkildə özünü göstərdi. Rauf Əliyevin zədəli, Vaqif Cavadovun ideal formadan uzaq olması Prosineçkinin işini daha da çətinləşdirdi. Yığma son iki oyunda Ruslan Qurbanovun ümidinə qaldı və bu ümid doğrulmadı. Deməli, Azərbaycanda millidə çıxış edəcək səviyyədə hücumçu yoxdur. 

Robert Prosineçkinin işinə keçirilən oyunlara əsasən qiymət vermək çətindir. Çünki seçmə mərhələyə Berti Foqtsla başlayan Azərbaycan millisini çətin durumda qəbul edib. Digər tərəfdən, yeni seçmə mərhələdə daha güclü rəqiblərlə şanslarımızı yüksək qiymətləndirmək sadəlövhlük olardı. Gələn il 2018-ci ildə baş tutacaq Dünya Çempionatının seçmə oyunları başlayacaq. Bu mövsümdə də Azərbaycan millisinin yüksək yerlər uğrunda mübarizə aparacağı inandırıcı deyil. Yığmada rəqabət olmadığı halda, komandadan uğur gözləmək olmaz. 

Xorvat məşqçinin iş prinsipi Foqtsla müqayisədə daha münasibdir. Vaxtının çox hissəsini ölkəmizdə keçirən Prosineçki çempionat matçlarında iştirak edir, klublardakı həmkarları ilə görüşür. Lakin o, bir-iki il ərzində Avropa səviyyəli futbolçu hazırlaya bilməz. Bu işlə uşaq futbol məktəbləri və klublar məşğul olmalıdır. Yığmanın çalışdırıcısı futbolçuları ölkənin əsas komandasında toplamaqla, rəqiblərə qarşı hazırlaşmalıdır, onun işi futbolçu yetişdirmək deyil. Əgər yüksəksəviyyəli futbolçu yoxdursa, onda hər dəfə möcüzəyə ümid etmək qalır. 

Təəssüf ki, yeni seçmə mərhələ barədə nikbin danışmaq çətindir. Son iki ildə yığmada yeni adlar parlamayıbsa, deməli, baş məşqçi Robert Prosineçkinin işi asan olmayacaq. Qeyd edək ki, Azərbaycan millisi 2015-ci ildə son oyununu noyabrda keçirəcək. Yığma Bakıda Moldova ilə yoldaşlıq görüşündə gücünü sınayacaq.

 

 

СИТАТ

 

"Сечмя мярщяля барядя цмуми даныша билмярям. Сон ойунлара эялдикдя - Италийа вя Болгарыстанла матчлардан разы галмадым. Италийа иля эюрцшцн илк 20 дягигясиндя йахшы ойнадыг. Щейятдя зядя проблемини щялл едя билмядик. Зядялиляри явяз едяъяк футболчуларымыз олмады. Миллидя дяйишиклик олса беля истядийим команданы эюрмцрям. Азярбайъан футболуну артыг таныйырам. Йени сечмя мярщяля даща чятин вя мясулиййятли олаъаьыны баша дцшцрям. Ишлямяк лазымдыр, проблемляр барядя мятбуата данышмаг истямяздим. Онун цзяриндя мяшгчиляр ишлямялидир". 

Роберт ПРОСИНЕЧКИ, Азярбайъан миллисинин баш мяшгчиси



MƏSLƏHƏT GÖR:

478