9 May 2024

Cümə axşamı, 16:43

MÜRƏKKƏB SEÇİM

Asan olmayan iqtisadi vəziyyətdə sərbəst vəsaitləri haraya yatırmaq olar?

Müəllif:

20.10.2015

Son on ildə Azərbaycan iqtisadiyyatının müşahidə edilən sürətlənmiş artım dövrü əhalinin gəlirlərində də nəzərəçarpacaq dərəcədə öz əksini tapıb. Ölkə sakinlərinin əksəriyyətinin gəlirləri xərclərini üstələyib və vəsaitlərin toplanmasına imkan yaradıb. Bank əmanətlərinin kəskin artımı məhz bununla bağlıdır. Lakin manatın fevral ayında baş verən devalvasiyası dünya iqtisadiyyatının silkələnməsi, neftin qiymətinin düşməsi ilə birgə, sabit gəlirin olması üçün sərbəst vəsaitlərin yerləşdirilmə imkanlarına dair məsələni yenidən aktuallaşdırır. 

Bir qayda olaraq, orta sinfə mənsub olan şəxslərin qazandıqları vəsaitlər öz işlərinin açılması üçün o qədər də yetərli deyildi. Bundan başqa, tamamilə əsas işə yüklənmək də şəxsi biznesin inkişaf etdirilməsinə zaman ayırmağa imkan vermir. Bu mənada mövcud olan maliyyə kapitalının artırılması məqsədilə vəsaitlərin yerləşdirilməsi üçün istiqamətlərin qızğın axtarışı aparılırdı. Məlum olduğu kimi, maliyyə vəsaitlərini qiymətli kağızlara yatırmaq, avtomobil, daşınmaz əmlak və qızıl almaq, banklarda depozit saxlamaq, torpaq sahəsi almaq və s. mümkündür.

İlk növbədə, qeyd etmək istərdim ki, söhbət yuxarıda qeyd edilən səbəblər üzrə yeni biznesin yaradılmasından deyil, sərbəst vəsaitləri uğurlu yerləşdirmək hesabına vəsaitlərin artırılması istəyindən gedir. Bununla əlaqədar, avtomobil almaq məsələsini kənara qoymaq lazımdır. Qeyd edək ki, artıq alınandan və ilk kilometrlərini qət etdikdən sonra, avtomobil ilkin dəyərinin 10-15%-ni itirir. Bundan əlavə, nəqliyyat vasitəsini kreditlə alan şəxs çətin vəziyyətə düşür. Unutmayın ki, avtomobil xeyli dərəcədə əlavə xərc mənbəyidir. Yeri gəlmişkən, indi yerli bazarda avtomobillərin qiyməti xeyli düşüb və bəzən bir neçə il əvvəl alınmış nəqliyyat vasitəsini iki dəfə, hətta üç dəfə ucuz satmalı olurlar. Lakin klassik kəlama görə, avtomobil dəbdəbə deyil, nəqliyyat vasitəsidir. Bu nöqteyi-nəzərdən avtomobil almağı uğurlu sinif nümayəndəsinin statusunun mühüm atributları kateqoriyasına aid etmək olar. Lakin maliyyə vəsaitlərinin sərfəli yerləşdirilməsi kimi ciddi məqam da qətiyyən nəzərdən keçirilmir. 

Minillik ərzində maliyyə vəsaitlərinin saxlanması üsullarından biri də qızıl və zinət əşyalarının alınması hesab olunurdu. İndi daha tezsatılan mal Çar Rusiyası zamanında II Nikolayın hakimiyyəti dövründə buraxılan "qızıl çervonlar" - qızıl sikkələr hesab edilir. Onları zərgərlik mağazalarında qızıl qırıntıları kimi qəbul edilən cəvahiratdan fərqli olaraq, satmaq daha asandır. Həm də cəvahiratların satış qiyməti, avtomobillərdə olduğu kimi (bu iki proses qısamüddətli kontekstdə nəzərdən keçirilərsə) alış qiymətindən iki dəfə ucuz başa gəlir. 

Xatırladaq ki, qızılın qiyməti əsrlər boyu artım tendensiyasına malik olub. 1792-ci ildə qızılın 1 unsiyasının dəyəri 19,3, 1934 - 35, 1973 - 42,22 dollar olub. 2008-ci ilin mart ayında qızılın 1 troya unsiyası 1000 dollar həddini ötmüşdü. Bu qiymətli metal öz pik həddinə 2011-ci il 6 sentyabr tarixində çatıb - o zaman 1 troya unsiyası 1920 dollara bərabər olub. Bu gün dünya bazarında qızılın 1 troya unsiyası 1150 dollar səviyyəsindədir. Bu, pik göstəricilərdən olduqca uzaqdır.

Ümumilikdə, qızıl bazarda kifayət qədər spekulyativ mal dərəcəsində qalır. Və hətta ortamüddətli perspektivdə, qızılın qiymətinin cari vəziyyətini götürsək, "sarı metal" mövcud sərbəst vəsaitlərin artırılması üçün alətdənsə, saxlamaq qismində daha əlverişlidir.

Təəccüblü deyil ki, "qara gün" üçün vəsaitləri harada saxlamaq məsələsi Azərbaycanda uzun müddət ərzində uğurlu insanların əksəriyyəti üçün bank sektorunda əmanətlərin xeyrinə həllini tapıb. Bu seçim bir sıra səbəblərlə bağlı idi. Vəsaiti hətta kiçik məbləğlərdə - 500-1000 manatla da saxlamaq olardı. Bununla belə, bankların illik 10% təklif etdikləri dividendlər, ölkədə son illər inflyasiyanın aşağı səviyyəsi nəzərə alınmaqla, son dərəcə cəlbedici görünürdü. Əvvəlki beş il ərzində əhalinin bank sektorunda əmanətləri 2009-cu ilin sonu ilə müqayisədə üç dəfə artıb və 2014-cü ilin nəticələrinə əsasən 7,188 mlrd. manat təşkil edib. Əmanətlərin orta illik artımı 25%-ə çatıb.

Lakin cari ilin 21 fevral tarixində baş verən devalvasiyadan sonra vəziyyət xeyli dəyişdi. Manatın məzənnəsi bir gün ərzində dollarla müqayisədə üçdə bir qədərdən çox ucuzlaşdı və manatla saxlanılan əmanətlərini vaxtında valyuta vəsaitlərinə dəyişməyənlər uduzdular. Və əhalinin pullarını yenidən kredit müəssisələrinə qoymaq üçün onun etimadını bərpa etmək istiqamətində banklar növbəti dəfə asan olmayan yolu qət etməlidirlər. 

Əksər inkişaf etmiş ölkələrdə daimi əməkhaqqının əlavə gəlirinin üçdə bir hissəsi qiymətli kağızlardan ödənilmiş dividendlərin payına düşür. Təəssüf ki, əhali qiymətli kağızlar bazarından olduqca uzaqdır. Hətta dövlət müəssisələri əhaliyə paylanmış çeklər vasitəsilə hərraclarda fərdi əllərə verilərkən, özəlləşdirmə çeklərinin tətbiq olunmasına baxmayaraq bu baş vermədi.

 

Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan əhalisini birjalarda səhmlərin kortirovkası maraqlandırmır və qiymətli kağızlar bazarı ən yaxşı imkanlarından hələ uzaqdır. Əlbəttə, bir çoxları üçün daşınmaz əmlak bazarını son dərəcə cəlbedici hesab etmək olar. Lakin bunun üçün yaxşı kapital lazımdır. Son vaxtlara qədər, bir qayda olaraq, çoxları sərbəst vəsaitlərini banka qoymaq məqsədilə daşınmaz əmlaklarını satırdılar. İndi isə ilk baxışdan, bazarda qiymətlərin 30% düşməsi baxımından daşınmaz əmlakın əldə olunması üçün son dərəcə əlverişli vəziyyət yaranıb. Amma özün üçün daşınmaz əmlak alarkən fəallıq göstərmək artıq olmaz. Çünki irəlidə, çox güman ki, onun qiymətinin artmasının şahidi olacağıq. 

Daşınmaz əmlaka dair müxtəlif agentliklərin məlumatına görə, təkrar mənzil bazarında mənzilin 1 kv.metri il ərzində, orta hesabla, 2100 dollardan 1600 dollara düşüb. Bununla belə, bazarda alıcı tapmaq son dərəcə çətinləşib - "tam sükut" vəziyyəti yaranıb. Halbuki daşınmaz əmlakın satılmasına dair təkliflərin sayı isə son dərəcə yüksəkdir. Kirayə verilməsi məqsədilə mənzilin əldə olunması əlavə xərclər tələb edir. Unutmaq olmaz ki, gələcək icarəçi ilə əmlakın icarə qiyməti, ödənişin vaxtında verilməsi və mənzilin lazımi qaydada saxlanılmasının zəruri olması ilə bağlı razılaşma əldə etməli olacaqsınız. Aydındır ki, daşınmaz əmlakın qiymətinin düşməsi icarə haqqının da azalmasına səbəb olub - orta hesabla, ildə kv.metri 12 dollardan 9 dollara düşüb.

Yeri gəlmişkən, qiymətin mümkün düşməsi ilə daha az riskli variant - torpaq sahəsi almaqdır. Əhalinin sayının ildə, orta hesabla, 1,3% artmasını nəzərə almaqla, torpağa olan tələbat kifayət qədər yüksək olacaq. Eyni zamanda, söhbət təkcə ev və bağ evlərinin tikilməsi üçün torpaq sahələrindən deyil, həm də müvafiq nəqliyyat infrastrukturu və həyat fəaliyyətinə zəruri obyektlərin yaradılmasından gedir. Sərbəst vəsaitləri haraya yatırmaq məsələsinə - maliyyə alətlərinə və ya daşınmaz əmlaka - hər kəs özü qərar verir. Təqdim olunmuş bölgü, sadəcə, düşünmək üçün məlumatdır.


MƏSLƏHƏT GÖR:

442