9 May 2024

Cümə axşamı, 11:58

GÜRCÜLƏRİN DİVERSİFİKASİYA ARZULARI

Rəsmi Tiflisin "Qazprom"dan qaz almaq arzusu nə ilə bağlıdır?

Müəllif:

20.10.2015

Dünyanın bir çox regionunda müstəqilliyin təmini məsələsində energetika əsas resurslardan birinə çevrilib. Nefti və qazı olan ölkələr özünün inkişaf strategiyasını tam reallaşdıra, xarici siyasi vektorunu müstəqil şəkildə müəyyənləşdirə bilir. Odur ki, neft-qaz resurslarını idxal edən dövlətlər istər nəql marşrutlarının, istərsə də karbohidrogen mənbələrinin şaxələndirilməsinə çalışır. Təradükçünün siyasi təsir imkanlarını nəzərə almasaq belə, müxtəlif texnogen qəzalar, təbiət hadisələri boru xətlərini sıradan çıxara bilər və bundan heç kəs sığortalanmayıb.

Bu mənada, Azərbaycan çoxlarının həsəd aparacağı durumdadır - ölkənin nəhəng neft və qaz ehtiyatı var və onlar yalnız yerli tələbatın ödənilməsinə yox, ixraca da çatır. Yaxın perspektivdə məhz Azərbaycan qazı Avropaya "mavi yanacaq" mənbələri və marşrutlarının şaxələndirilməsinə imkan verəcək. Azərbaycanın reallaşdırdığı "Cənub" Qaz Dəhlizi layihəsi yalnız Avropanın deyil, həm də Türkiyə və Gürcüstanın tələbatının ödənilməsinə istiqamətlənib. 

Artıq bir neçə ildir ki, Azərbaycan Gürcüstanın qaza olan tələbatının böyük hissəsini ödəyir. Tiflis istehlak etdiyi qazın yalnız 200 milyon kubmetrini "Qazprom"dan alır. O da gürcülərə Rusiya qazının Ermənistana tranzitinin haqqı kimi verilir.

Gürcüstana ixrac olunan Azərbaycan qazının etibarlılığı, həcmi və qiymətilə bağlı heç bir problem olmasa da, Gürcüstan hökuməti Rusiyadan "mavi yanacaq"ın alınmasına ehtiyacın yarandığını bəyan edib. Bunu sentyabrın sonunda "Qazprom"un rəhbəri Aleksey Millerlə görüşmüş Gürcüstanın enerji naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Rusiyadan qaz alınması tədarükün şaxələndirilməsinə hesablanıb. Perspektivdə isə Tiflis İrandan da qaz almağı düşünür. Lakin bunun üçün əvvəlcə Tehrana tətbiq edilmiş sanksiyalar aradan qaldırılmalıdır.

Gücüstanın Moskvadan qaz almaq istəyi ölkə müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. "Vahid Milli Birlik", "Azad Demokratlar", Respublika Partiyası kimi siyasi təşkilatlar İrakli Qaribaşvili hökumətini Azərbaycan kimi etibarlı tədarükçünün olduğu bir şəraitdə, "Qazprom"dan qaz alınması zərurətinin haradan qaynaqlandığına aydınlıq gətirilməsini tələb edib. "Azad Demokratlar"ın lideri İrakli Alasaniya Gürcüstan hökumətini dövlətin deyil, şəxslərin maraqlarına xidmət etməkdə günahlandırıb. "Bu şəraitdə Gürcüstan vətəndaşları nədən "Qazprom"a üz tutulduğunu anlamır. Azərbaycan bizə strateji razılaşma əsasında güzəştli qiymətlə qaz satır. Hakimiyyətimizin dövlətin maraqlarından çıxış etdiyini görmürük. Belə olan təqdirdə, ortaya sual çıxır: burada söhbət kiminsə şəxsi maraqlarından getmir ki? İstəyirəm ki, Gürcüstan əhalisi bir şeyi bilsin: enerji təhlükəsizliyi kimi məsələlərdə gizli danışıqların aparılması xalqa münasibətdə məsuliyyətsizlikdir. Çünki enerji təhlükəsizliyi praktiki olaraq, ölkənin təhlükəsizliyinin, müstəqilliyinin əsasını təşkil edir. Bu bizi Rusiya qazından asılı vəziyyətə salmayacaq ki? Belə olacaqsa, biz faktiki olaraq, Rusiyaya yeni təsir rçaqları veririk. Burada söhbət həm də siyasi təsir rçaqlarından gedir. Bu suallara hələ ki, cavab almamışıq", - deyə Alasaniya qeyd edib.

Müxalifət lideri bildirib ki, Rusiya yaxın keçmişədək Gürcüstana qaz ixracını siyasi təzyiq məqsədilə dəfələrlə dayandırıb. 2006-cı ilin qışında da "Qazprom" Gürcüstanın qazla təchizatını dayandıran zaman Tiflis yalnız Azərbaycanın sayəsində vəziyyətdən çıxa bilmişdi.

Ümumilikdə, Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində istənilən cəhdə ehtiyatla yanaşır. Hər halda, gürcülər 2008-ci il müharibəsini və onun ardından Moskvanın Gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanımasını unutmayıblar.

"Vahid Milli Hərəkat" partiyasından olan deputat Zurab Melikişvili də Gürcüstanın "Qazprom"dan qaz alması üçün heç bir əsasın olmadığını düşünür: "Gürcüstan uzun illərdir strateji tərəfdaşı olan Azəbaycandan sabit və fasiləsiz qaz alır və bu, bizə ucuz qiymətə başa gəlir. Əlavə qaza tələbatı yaranacağı təqdirdə, onun da ödənilməsi ilə bağlı problem olmasa da, hökumət birbaşa Rusiya dövlətini təmsil edən "Qazprom"la danışıqları davam etdirir. Halbuki, bu qurumun siyasi qərarlarla birbaşa əlaqəli olduğu hər kəsə bəllidir. Bu, təbii ki, ölkənin müstəqilliyi üçün mənfi haldır".

"Vahid Milli Hərəkat"ın fəalları və "Azad Zona" QHT-nin üzvləri isə Gürcüstan hökuməti ilə "Qazprom" arasında danışıqlara Bidzina İvanişvilinin biznes mərkəzinin qarşısına toplaşmaqla etiraz ediblər. Aksiya iştirakçıları əllərində üzərində "Rusiyanın qaz işğalına yox!", "İşğalçıdan isindirən olmaz!", "İvanişvili "Qazprom"da payçıdır - İvanişvili "Qazprom"un agentidir!", "Rusiyadan enerji asılılığına yox!" və s. şüarları yazılmış plakatlar tutublar.

Əslində, məsələyə Gürcüstanın hakim partiyasında da ehtiyatla yanaşırlar. Partiyada hesab edirlər ki, bu məsələdə əsas şərt ölkə maraqlarının təmini olmalıdır.

Bütün bunların fonunda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gözlənilmədən Bakıya səfər edib. Burada o, Azərbaycan Prezidenti İlham Əliyevlə 3 saat sürən danışıqlar aparıb. Rəsmi məlumata görə, tərəflər siyasi-iqtisadi məsələlər və regional təhlükəsizliklə bağlı müzakirə aparıblar. Görüşdə infrastruktur, enerji və nəqliyyat sahələrində əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər münasibətlərin dərinləşdirilməsi perspektivlərini də müzakirə ediblər.

Qaribaşvili görüşdən sonra verdiyi açıqlamada bildirib ki, ölkəsinin qaz tədarükçüsü rolunda Azərbaycanın əvəzlənməsindən söhbət belə, gedə bilməz: "Azərbaycanla münasibətlərə yenidən baxılması planlaşdırılmır. Azərbaycanla Gürcüstan arasında strateji münasibətlər, tərəfdaşlıq münasibətləri olub, var və bu bizim dövlətimizin, hökumətimizin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bəzi siyasətçilər Azərbaycanla bağlı siyasətə yenidən baxıla biləcəyini ağıllarına necə gətirə bilirlər? Bu, absurddur! Müxalifətdəki partiyalarımızın bu cür absurd mövzunu gündəmə gətirməsini təəccüblə qarşılayıram. Bu, onların məsuliyyətinə aid məsələdir. Heç bir şaxələndirilmədən - Azərbaycan qazının əvəzlənməsindən söhbət getmir".

Bir müddət sonra Kaxa Kaladze mövzuya qayıdaraq bildirib ki, o, qaz alışı barədə danışarkən kommersiya "mavi yanacaq"ın tədarükünü nəzərdə tuturmuş. "Düşünürəm, rəqadət barədə danışmaq doğru olmazdı. Çünki Azərbaycan bizim strateji tərəfdaşımızdır. Burada söhbət yalnız kommersiya qazından gedir. Məlum olduğu kimi, kommersiya bazarı tənzimlənir və istənilən şirkət Azərbaycan, Rusiya, İran, Türkiyə, Ermənistana gedərək, onun üçün uyğun qiymətlə qaz idxal edə bilər. Buna heç zaman məhdudiyyət olmayıb və olmayacaq", - deyə nazir qeyd edib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvli hökumət administrasiyasına müraciət edərək, ölkənin enerji təhlükəsizliyi və enerjidaşıyıcılarının tranziti məsələsinin hökumətin iclasında müzakirəyə çıxarılmasını istəyib. Qaribaşvili ilə Kaladze isə "Qazprom"la danışıqlara dair xüsusi dinləmələrə ehtiyac görmürlər. "Bu məsələnin nədən gündəmdə olduğunu anlamıram. Bu məsələdə bizim heç bir problemimiz yoxdur. Prezidentin hansısa maraqları varsa, administrasiyaya enerji sahəsindəki durumla bağlı lazımi informasiyaları təqdim edə bilərəm", - deyə Kaladze qeyd edib.

SOCAR isə Gürcüstan bazarına yeni tədarükçünün çıxması ehtimalına tam normal yanaşır. O, rəqabətə hazırdır. Şirkətin vitse-prezidenti Süleyman Qasımov "R+"a açıqlamasında bildirib ki, SOCAR Gürcüstanın yeni mənbədən qaz alma ehtimalından heç bir narahatlıq keçirmir. S. Qasımovun sözlərinə görə, Gürcüstan indinin özündə də müxtəlif mənbələrdən müxtəlif qiymətlərlə "mavi yanacaq" alır. Bu, həm SOCAR-ın qazıdır, həm Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi çərçivəsində beynəlxalq konsorsiumun tədarük etdiyi qazdır, həm də tranzit ödəməsi qismində Rusiya qazı.

Bununla yanaşı, Qasımov SOCAR-ın Gürcüstanın qazpaylayıcı sisteminin operatoru olduğunu xatırladaraq bildirib ki, bu bazara daxil olacaq istənilən yeni "mavi yanacaq" qazpaylayıcı şəbəkənin fəaliyyəti ilə bağlı iqtisadi paramentlərin dəyişməsinə səbəb ola bilər. Bu halda, əlbəttə ki, yeni tariflərin ortaya çıxması qaçılmaz olacaq. Doğrudur, şirkət hazırkı mərhələdə Gürcüstan əhalisi üçün tariflərin artırılması məsələsini qaldırmaq niyyətində deyil. Bundan başqa, SOCAR Gürcüstanın qaz bazarında öz fəaliyyətini genişləndirməkdədir. O, 2017-ci ildə bu ölkədə qazlaşdırmanı hazırkı 65%-dən 82%-ə çatdırmağı planlaşdırır.

"SOCAR EnergyGeorgia" şirkətinin rəhbəri Mahir Məmmədov da Gürcüstanın qaz bazarında rəqabətə hazır olduqlarını bildirib. "Bu, azad bazardır və orada fərqli şirkətlərin peyda olması rəqabəti, demək həm də xidmət səviyyəsini artırır. Gürcüstan Rusiyadan qaz tədarükünü artırmaq qərarına gələrsə, müvafiq olaraq, biz də yeni şərtlərə uyğunlaşacaq və inkişafımızı davam etdirəcəyik", - deyə o, "Trend" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, "Qazprom"un Gürcüstan bazarında mümkün güclənməsi SOCAR-ın bu ölkədəki fəaliyyətinə ciddi təsir göstərməyəcək: "Gürcüstan ərazisi ilə tranzit qaz nəqli onsuz da həyata keçirilirdi. Onun bizə heç bir təsiri olmayacaq. Gürcüstanın özünə qaz tədarükünə gəlincə, sosial istehlakçılar üçün alınmalı olan qazın həcmi müəyyən dövr üçün nəzərdə tutulmuş müqavilədə konkret əks olunub. Kommersiya istehlakı üçün isə biz qısamüddətli razılaşmalar sistemindən istifadə edirik. Bu, 3-6 ay üçün nəzərdə tutulur".

Beləliklə, obrazlı ifadə ilə desək, qaz gərginliyinin yeni dalğası daha çox siyasi oyuna bənzəyir. Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti açıqlanmasa da, Tiflisin onun bahalığından şikayətlənməsinin mümkün olmadığı aydındır. O da məlumdur ki, Türkiyədə də Azərbaycan qazı Rusiya və İranın "mavi yanacaq"ı ilə müqayisədə ən ucuz qazdır. Bundan başqa, SOCAR Gürcüstanın əksər regionlarında qazpaylayıcı şəbəkənin operatorudur və əlavə ixrac qiymətlərinin tətbiqi şirkətin özünə sərf etmir. Bu, istehlakçılar üçün nizamlanan qiymət şəraitində idarəetmənin və sərmayələrin səmərəliyini aşağı salacaq.

Xatırladaq ki, "Gürcü arzusu" hökuməti artıq bir dəfə Azərbaycan qazının qiymətində endirimə nail olmağa cəhd göstərib. Bu, partiyanın 2012-ci ildə keçirilmiş parlament seçkisində qələbə qazanmasından sonra baş verib. O zaman ölkənin baş naziri postunu tutan Bidzina İvanişvili Gürcüstanın qazı şişirdilmiş qiymətlə aldığını və qiyməti aşağı saldırmaq niyyətində olduqlarını bildirmişdi. Lakin Bakıya səfərdən dərhal sonra o, ritorikasında dəyişiklik etmiş, bildirmişdi ki, tariflərin aşağı salınması imkanları varsa, onu yalnız ölkə daxilində axtarmaq lazımdır.

Gürcüstan hökuməti "Qazprom"un "mavi yanacaq"ı ən ucuz qiymətlərlə yalnız Ermənistan və Belarusa satdığını bilməyə bilməz. Söhbət Avrasiya İqtisadi İttifaqının üzvü olan, bənzər xarici siyasət yürüdən ölkələrdən gedir. Bundan başqa, bu ölkələrin qaz nəqli şəbəkəsi də "Qazprom"a məxsusdur və bu da onlara "mavi yanacaq"ın daha aşağı qiymətlərlə satılmasına imkan verir. Bu cür güzəştlər, çətin ki, Gürcüstana da edilsin. Hər halda, Tiflis birmənalı olaraq avro-Atlantik məkana inteqrasiya kursu seçib və o, NATO ilə Aİ-yə üzv olmağa çalışır.



MƏSLƏHƏT GÖR:

514