8 May 2024

Çərşənbə, 15:38

ELAN OLUNMAMIŞ MÜHARİBƏ

Türkiyədə törədilmiş terror aktları daxili və xarici təhlükələrin qarşısının alınması işində ümumxalq birliyinin nə qədər vacib olduğunu göstərir

Müəllif:

20.10.2015

Ankarada 100-dən artıq insanın həyatına son qoymuş 2 partlayış Türkiyənin, əslində, müharibə şəraitində yaşadığını tam təsdiq edib. Respublika tarixində ən qanlı terror aktı olan bu hadisə istər Türkiyə, istərsə də bütün dünya üçün terrorun kökünün tamamilə kəsilməsinin nə qədər vacib olduğunu bir daha üzə çıxarıb.

Paytaxtda ardarda törədilmiş iki partlayış sülh yürüşünün başlaması ərəfəsində baş verib. Yürüş təşkilatçıları bir sıra həmkarlar ittifaqı təşkilatları və ictimai qurumlar idilər. "İş, sülh, demokratiya" şüarı ilə keçirilən nümayiş iştirakçıları ölkənin cənub-şərqində zorakılıqlara son qoyulmasına, Türkiyə ilə Kürd Fəhlə Partiyası (PKK) arasında gedən silahlı münaqişənin təcili olaraq dayandırılmasına çağırışlar etməyi planlaşdırırdılar. Lakin dinc aksiyanın yoluna Ankarada iki güclü partlayış törədən kamikadzelər çıxdılar.

Partlayışlara görə hələ də heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib. Rəsmi Ankara hesab edir ki, partlayışların arxasında "İslam Dövləti" (İD), PKK və ya radikal solçu təşkilatlar dayana bilər. Əsas diqqət isə əlbəttə ki, İD-in üzərinə yönəlib. Məlum olduğu kimi, bu təşkilatla vuruşan və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada Türkiyə də yer alır.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankarada törədilmiş terror aktları ilə əlaqədə şübhəli bilinən 10 nəfərin saxlanıldığını bəyan edib. O, saxlanılmış şəxslərin İD və PKK ilə əlaqəli olduqlarını desə də, cinayətin izləri İD-nin başçılıq etdiyi beynəlxalq terror strukturlarının əl atdıqları üsulları daha çox xatırladır. Üstəlik, Türkiyə hökumətinin əldə etdiyi ilkin məlumatlarda da terror aktını törətmiş şəxslərin İD ilə bağlı insanlar olduğu bildirilir.

İraq və Suriyanın bir hissəsinə nəzarət edən İD Türkiyənin beynəlxalq koalisiyaya qoşulmasından dərhal sonra Ankaraya müharibə elan edib. Qruplaşma, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öldürülə biləcəyini belə gizlətməyib. Ekspertlər hesab edirlər ki, İD Türkiyəni "ikinci Suriya"ya çevirmək istəyir. Ankara, artıq ağır Suriya münaqişəsinə cəlb olunub və göründüyü kimi, bu, qonşu ərəb ölkəsindəki müharibənin Türkiyə ərazisinə də keçməsinə səbəb olub. Ankaranın Suriya müxalifətinə Bəşər Əsəd rejiminin devrilməsində əlindən gələn köməyi göstərməsi Suriya ərazisinə "hər kəs hər kəsə qarşı" modelinin yayılmasına öz "töhfə"sini verib. İraqın ardınca beynəlxalq terror ocağına çevrilmiş Suriya Türkiyənin milli təhlükəsizliyi üçün obyektiv təhdiddir. Ankarada törədilmiş terror aktları da daxil olmaqla, son hadisələr bunu bir daha təsdiqləyir.

Britaniyanın "Reuters" agentliyinin Türkiyənin təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, Ankarada törədilmiş terror aktı bu ilin iyulunda Suriya sərhədi yaxınlığındakı Suruçda baş vermiş partlayışla son dərəcədə bənzərdir. Xatırladaq ki, 32 nəfərin həyatına son qoymuş iyul terroruna görə məsuliyyəti İD öz üzərinə götürmüşdü. "Reuters" agentliyinin mənbələri bildirir ki, Ankara terrorunda da bütün əlamətlər İD-ni xatırladır.

768 İD üzvünün saxlanılması bu informasiya ilə əlaqələndirilir. Xatırladaq ki, bu həbs xəbərini Baş nazir Davudoğlu açıqlayıb. Bununla yanaşı, o, Ankarada törədilmiş partlayışların növbədənkənar parlament seçkisinə hazırlığa təsir məqsədi daşıdığını da bildirib. Xatırladaq ki, Türkiyə parlamentinə növbədənkənar seçki bu il noyabrın 1-də keçiriləcək.

Türkiyədə bəzi qüvvələr seçkinin təxirə salınmasına tərəfdar olsa da, rəsmi Ankara buna ehtiyac görmür. Bununla yanaşı, seçkinin nəticəsi hakim partiya üçün heç də sevindirici olmaya bilər. İyunda keçirilmiş seçkidə Ədalət və İnkişaf Partiyası (ƏİP) təkpartiyalı hökuməti formalaşdırmaq imkanından məhrum olmuşdu. İndi ölkədə daxili siyasi vəziyyətin xeyli ağırlaşdığını nəzərə alsaq, paytaxt və regionlarda törədilmiş son terror aktlarını bunun göstəricisi saymaq olar - ƏİP-in mövqeyi, yəqin ki, bir qədər də zəifləyib. Hər halda, Türkiyə ictimaiyyətində hökumətin fəaliyyətindən narazılığın artdığını əminliklə söyləmək olar. Buna səbəb ƏİP hakimiyyətinin terrorçuluqla mübarizədə ciddi irəliləyişə nail ola bilməməsidir.

Lakin hakim partiyanın faktiki lideri Ərdoğan və partiyanın sədri, Baş nazir Davudoğlu fərqli nəticəyə ümid edirlər. Onlar düşünürlər ki, ölkədə gərginliyin artması əksinə, partiyanın seçkidə uğur qazanmaq şanslarını artırır. Guya seçicilər vəziyyətdən çıxış yolu kimi, məhz ƏİP-in Türkiyənin siyasi Olimpində möhkəmlənməsini görürlər.

İstənilən halda, bir məsələyə heç bir şübhə yoxdur - Türkiyənin aparıcı siyasi qüvvələrinin iyun seçkisinin nəticələrinə uyğun koalision hökumət qurmaq istəməməsi, onların ölkənin təhlükəsizliyi və milli maraqları naminə səylərini birləşdirməkdən imtina etmələri Türkiyəni daxili və xarici təhlükələr qarşısında daha gücsüz vəziyyətə gətirib.

Bununla yanaşı, Türkiyə üçün terror təhlükəsinin artmaqda olması, Ankaranın Yaxın Şərq münaqişəsinə getdikcə daha dərindən cəlb olunması dövlətin bütün resurslarının səfərbər olunmasını, siyasi qüvvələrin birləşməsini zəruri edir. İndi ölkənin gələcəyi Türkiyənin ən nüfuzlu siyasi partiyalarının bu taleyüklü çağırışa lazımi cavabı verə bilib-bilməyəcəyindən asılıdır.

Ankarada törədilmiş terror aktlarına kürd yaraqlılarının aidiyyətinə gəlincə, bunu da istisna etmək olmaz. Çünki kürdlər Türkiyədə indiyədək dəfələrlə bu cür qanlı aksiyalara imza atıblar. Lakin ekspertlər bu versiyaya o qədər də inanmırlar. Məsələ ondadır ki, Ankarada törədilmiş partlayışlardan biri kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) tərəfdarlarının toplaşdıqları məkanın yaxınlığında baş verib. Üstəlik, yürüşə hazırlaşanlar Türkiyə ilə PKK arasındakı münaqişənin tezliklə həll olunmasına çağırışlar etməyi planlaşdırırdılar. Bundan başqa, terror aktından cəmi bir neçə saat sonra, PKK Türkiyə ərazisində hərbi əməliyyatları dayandırmaq niyyətini açıqlayıb. Ankara terrorunu araşdıran kriminalistlərin analoq apardıqları Suruç terrorunda ölənlərin əksəriyyətinin kürdlər olduğunu da nəzərə alsaq, son partlayışların kürdlərin işi olmasına dair versiya, ümumiyyətlə, gündəmdən çıxır.

Bununla yanaşı, kürd terrorçularının Türkiyə və türk xalqının təhlükəsizliyinə ciddi təhdidləri davam edir. Üstəlik, birincilər regionda fövqəldövlət maraqlarını təmin etməyə çalışan müəyyən xarici qüvvələrin əlində əlverişli alətdirlər.

Bu mənada, Rusiya və ABŞ-ın Ankaradakı səfirlərinin Türkiyə XİN-ə çağırılmalarına dair informasiya kifayət qədər maraqlıdır. Diplomatların nazirliyə dəvət olunmalarına səbəb, Moskva və Vaşinqtonun Suriyada fəaliyyət göstərən Kürd Demokratik İttifaqına (KDİ) hərbi yardım göstərməsidir. Türklər Rusiya və ABŞ-ın bu əməllərindən narazılıqlarını onların səfirlərinin diqqətinə çatdırıblar. Ankarada əmindirlər ki, KDİ PKK ilə sıx əlaqələrə malikdir və hətta onunla bir strukturdur. Bu səbəbdən, ABŞ və Rusiyanın İD-yə qarşı apardıqları müharibə çərçivəsində Suriya kürdlərinə silah-sursat verilməsi silahların kürd separatçılarının əlinə keçməsi ilə nəticələnə bilər. Bu halda, onların həmin silahlardan Türkiyəyə qarşı istifadə edəcəklərinə şübhə yoxdur - istər Türkiyə ərazisində, istərsə də İraq və Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrində.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu birmənalı şəkildə bildirib ki, Ankara PKK-nın silahlandırılmasına heç bir halda yol verməyəcək. Onun sözlərinə görə, Türkiyə xarici qüvvələrin KDİ-ni silahlandırmasına Ankaranın maraqlarına qarşı atılmış addım kimi yanaşacaq. "Suriya kürdlərinə hərbi yardım göstərilərsə, Türkiyə müvafiq addımlar atacaq", - deyə Davudoğlu bildirib.

Beləliklə, Türkiyə son dərəcə vacib tarixi dönəmdən keçir. Terror bu ölkə ilə ölüm-dirim müharibəsinə başlayıb. Və türk fövqəldövlətinin ona necə cavab verəcəyi yaxın zamanlarda bəlli olacaq...



MƏSLƏHƏT GÖR:

504