9 May 2024

Cümə axşamı, 13:24

KOLLEKTİV SİPƏR

MDB-nin növbəti sammitinin iştirakçıları xarici təhlükələrdən birgə qorunmaq qərarına gəliblər

Müəllif:

20.10.2015

MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın Akmolinsk vilayətinin Burabay qəsəbəsində keçirilən növbəti iclasında əsas müzakirə mövzusu postsovet məkanında müasir iqtisadi və təhlükəsizlik problemləri olub. Sammitdə birliyə üzv olan 11 ölkə başçısından yalnız 8-i iştirak etsə də (Türkmənistanı toplantıda Baş nazirin müavini, Moldovanı Xarici İşlər nazirinin müavini, Ukraynanı isə Qazaxıstandakı müvəqqəti işlər vəkili təmsil edib), bu, xüsusi önəm daşıyan məsələlərlə bağlı fikir mübadiləsinin aktuallığına mənfi təsir göstərməyib. Qlobal çağırışlar Birlik ölkələrindən də yan keçməyib. Neftin ucuzlaşması (MDB-nin bir sıra üzvlərinin əsas gəliri enerji sahəsindəndir), milli valyutaların məzənnəsinin düşməsi, nəticədə, iqtisadi inkişaf göstəricilərinin geriləməsi və təşkilat daxilində ticarət dövriyyəsinin azalması ilə yanaşı, Yaxın Şərqdəki terror və dini ekstremizm təhlükəsi MDB-nin cənub sərhədlərindən o qədər də uzaq deyil. Bu, artıq xeyli vaxtdır ki, birlik üzvlərinin başağrısına çevrilib.

Sammitdə qəbul edilmiş 16 yekun sənəd birlik ölkələri liderlərinin problemlərə ümumi baxışını ortaya qoymaqla yanaşı, onları birlikdə həll etməyə hazır olduqlarını da göstərib.

"Baş verənlər təşkilatımızdan müvafiq inkişaf, yeni şərtlərə uyğunlaşma tələb edir. MDB inkişaf etməli, yeni reallıqlara uyğunlaşmalı, qlobal dəyişikliklərə və çağırışlara effektiv reaksiya göstərməlidir", - deyə sammitin təşkilatçısı olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə iqtisadi böhrandan çıxış yollarından biri kimi, həmkarlarını qarşılıqlı hesablaşmalarda milli valyutalara daha fəal keçidə çağırıb. "Bu gün bizim ölkələrimizə bir sıra mənfi xarici amillər təsir göstərir - bir sıra əsas ixrac mallarımızın ucuzlaşması, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, bir çox regionlarda siyasi gərginliyin artması. Biz bu zala gələrkən də bəzi həmkarlarımızla, o cümlədən Azərbaycan Prezidenti ilə bu məsələləri müzakirə etmişik. Bütün bunlar regionda iqtisadi fəallığın zəifləməsinə səbəb olur", - deyə Putin bildirib.

Rusiya Prezidenti deyib ki, MDB ölkələrinin milli iqtisadiyyatlarının xarici bazarlardan asılılığının azaldılması üçün kompleks tədbirlər düşünülməlidir. Onun fikrincə, birlik daxilində işgüzar əlaqələrin canlandırılması da vacibdir.

"2015-ci ilin ilk yarısında birlik üzvlərinin ÜDM-i azalıb. Ölkələrimiz arasında ticarət dövriyyəsində də geriləmə var. Bu vəziyyətdə milli iqtisadiyyatların xarici bazarlardan asılılığını azaltmaq üçün kompleks tədbirlərin düşünülməsi, birlik daxilində işgüzar əlaqələri canlandırmaq vacibdir", - deyə V. Putin qeyd edib.

Rusiya Prezidenti milli valyutalarla hesablaşmaya dair təklifi azərbaycanlı həmkarı ilə apardığı müzakirələrdən sonra da səsləndirib. Prezident İlham Əliyev isə sammitdə bu addımın təşkilat daxilində statistika göstəricilərinin yaxşılaşdırılması üçün vacib olduğunu bildirib. O, hesablaşmaların dollarla aparılması nəticəsində bu göstəricinin azaldığını xatırladıb: "Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar".

Bununla yanaşı, İ.Əliyev dünyanın neft və qaz istehsalçıları arasında MDB ölkələrinin qlobal böhrana müqavimət sahəsində nümunə göstərdiyini söyləyib. Təbii sərvətlərindən istifadə edən Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir, regionda iki böyük nəqliyyat dəhlizinin reallaşdırılması ilə məşğul olur: Şimal-Cənub və Qərb-Şərq dəhlizləri birlik ölkələrinin bir çoxunu əhatə edir. Görünür, Azərbaycan Prezidenti bu layihələrin bir-birinə qarşı olmadığını göstərmək üçün (Qərbdə Qərb-Şərq dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars layihəsinin Rusiyadan yan keçdiyini vurğulamağı sevirlər) layihədə iştirak etməyən birlik üzvlərini onları diqqətlə nəzərdən keçirməyə çağırıb. İ.Əliyev transkontinental miqyasa malik bu nəqliyyat xətləri ilə sərnişin və yükdaşımalarının nəhəng gəlirlər vəd etdiyinə diqqət çəkib.

Sammitin daha bir vacib mövzusu terror qruplaşmalarının fəallaşması ilə əlaqədər təhlükələrə reaksiya yollarının müəyyənləşdirilməsi olub. Birlik üzvlərinin bir çoxu bu təhlükə ilə çoxdan tanışdır. Lakin qonşu regionlarda hadisələrin təşviş yaradacaq ssenari üzrə inkişafı heç bir ölkənin özünü təhlükəsizlikdə hiss etməsinə imkan vermir. Yaxın Şərqdə zorakılıq hallarının artması İkinci Dünya müharibəsindən sonra, Avropaya ən miqyaslı miqrasiyanın başlamasına səbəb olub. İndi Qərbi Avropa ölkələrinə qaçqın qismində terrorçuların da daxil ola biləcəyindən narahatlığını heç kəs gizlətmir. Demək, MDB öklələri üçün təhlükə yalnız Cənubdan yox, həm də Qərbdən gələ bilər. Bu mənada, Qazaxıstan Prezidenti BMT Baş Assambleyasının tribunasından səsləndirdiyi təşəbbüsünü bir daha təkrarlayıb. O hesab edir ki, terror təşkilatları ilə mübarizədə BMT-nin razılığı ilə ümumdünya şəbəkəsi yaradılmalıdır. N.Nazarbayev bildirib ki, MDB üzvləri bu istiqamətdə səyləri artırmalı, birliyin Antiterror Mərkəzinin potensialından maksimum istifadə olunmalıdır. Bu mənada, Nazarbayev MDB-nin sammitində dövlət başçılarının BMT-nin yaradılmasının 70-ci ildönümü və beynəlxalq terrorçuluqla mübarizə ilə bağlı bəyanat qəbul etməsini alqışlayıb.

Rusiya Prezidenti V.Putin isə həmkarlarına ölkəsinin Suriyada apardığı antiterror əməliyyatları ilə bağlı məlumat verib. Onun bu çıxışı, yəqin ki, sammit iştirakçılarının səmimi marağına səbəb olub. Onlar Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatları terrorçuların keçmiş SSRİ respublikaları ərazisinə daxil olmasının önlənilməsi baxımından vacib addım kimi qiymətləndiriblər. Üstəlik, Rusiya terrorçuların Suriyadakı mövqelərinə zərbələri Xəzər dənizi hövzəsindən də endirir və bu hövzə MDB-nin 4 üzvü üçün ümumi ərazidər. Terrorçuların regiona gəlməsi təhlükəsinin real olduğuna heç kəs şübhə etmir. Putinin də vurğuladığı kimi, müxtəlif hesablamalara görə, İŞİD sıralarında artıq Rusiya və digər MDB ölkələrindən 5-7 min arası insan döyüşür. Beləliklə, Suriyada döyüş təcrübəsi toplayan həmin şəxslərin nə vaxtsa bu təcrübələrindən öz vətənlərində istifadə etmələrinə imkan vermək olmaz.

Bundan başqa, Rusiya Prezidenti vəziyyətin kritik həddə çatmaqda olduğu Əfqanıstandan da terrorçuların MDB öklələrinə daxilolma ehtimalından narahatlığını dilə gətirib. Onun fikrincə, MDB-nin 2016-2020-ci illər üçün nəzərdə tutulmuş “Sərhəd təhlükəsizliyinin gücləndirilməsinndə əməkdaşlıq proqramı”nın reallaşdırılması "xarici sərhədlərdə etibarlı sipər yarada bilər". "O, sərhəd bölgələrində böhranlı vəziyyətlərin nizamlanması üçün sərhəd və digər qurumların iştirakı ilə qrupların yaradılmasını nəzərdə tutur", - deyə Rusiya Prezidenti bildirib.

Azərbaycan, Qazaxıstan və Rusiya liderlərinin sammitdə müzakirə olunan məsələlərlə bağlı mövqeyi təsadüfən xüsusi qeyd olunmur. Məhz bu üç nəhəng təbii ehtiyatlara və sənaye potensialına malik olan ölkələr birlik çərçivəsində əsas inteqrasiya ideyalarının generatorudurlar. Onlar Avrasiya məkanında təhlükəsizliyin təminində aparıcı rol oynayırlar. MDB-nin son sammitində qəbul olunmuş qərarların reallaşdırılmasının məhz bu üç ölkənin mövqeyindən asılı olacağını söyləmək mümkündür.

Bununla yanaşı, MDB-nin iqtisadi inteqrasiya və təhlükəsizliyin təmini üzrə çoxsaylı qərarlarının uğurla reallaşdırılmadığını söyləmək mümkündür. Bu, regional münaqişələrin həlli ilə bağlı qərarlara da aiddir. Lakin o, postsovet ölkələrinin əsas problemlərini həll, ən azı, müzakirə etdikləri diskussiya klubu kimi özünü doğruldub. Bununla yanaşı, birlik üzvləri qlobal reallıqlardan danışarkən təşkilatın özünün daxilində köhnə problemlərin çözülməmiş qaldığını da unutmamalıdırlar. "MDB-nin nüfuzu, ona tələbat o zaman olacaq ki, o, əsas, mühüm məsələləri çözə bilsin", - deyə Belarus Prezidenti Aleksandr Lukaşenko sammitdəki çıxışı zamanı bildirib. O, misal kimi, Dağlıq Qarabağ münaqişəsini, həmçinin Dnestryanı problemi və Ukraynada yaşananları misal göstərib: "Biz sanki utanaraq bu məsələlərdən qaçırıq. Elə bil, vərdiş etmişik, gözləyirik ki, amerikalılar, Avropa İttifaqı və ya başqası gələcək və həmin "güclü dayı"lar bizə problemin necə çözülməli olduğunu söyləyəcək, onu bizim əvəzimizə həll edəcəklər".



MƏSLƏHƏT GÖR:

473