2 May 2024

Cümə axşamı, 06:52

İSLAM DAVOSU

"Ümumdünya İslam İqtisadi Forumu" Fondunun sədri, Malayziyanın sabiq baş naziri Tun Musa Hitamın "R+"a müsahibəsi

Müəllif:

27.10.2015

- 2006-cı ildə yaradılmış Fond hansı önəmli işləri görüb? Hədəfiniz nədən ibarətdir və hansı ölkələrlə əməkdaşlıq edirsiniz?

- "Ümumdünya İslam İqtisadi Forumu" Fondu dəqiq hədəflərə malikdir - biznes vasitəsilə əlaqələrin qurulması, cəmiyyət üzvlərinin mənsubiyyətindən asılı olmayaraq, birləşdirilməsi, cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsinin yüksəldilməsi... Fondun fəaliyyətində əsas istiqamət müsəlman dünyasının potensialının, islam ölkələrinin iqtisadiyyatının öyrənilməsi, biznesin mövcud imkanlardan istifadə edə bilməsi üçün əməkdaşlığın təşviqidir. Biz istəyirik ki, bu forumlar fəallığını artırsın, nəzərəçarpan nəticələr əldə etsin. Bu nəticələr forumumuz çərçivəsində imzalanan çoxsaylı qarşılıqlı anlaşma memorandumlarında, müqavilələrdə öz əksini tapmalıdır.

Fond 2006-cı ildə ÜİİF-in institutlaşdırılması məqsədilə yaradılıb. Bu, 2005-ci ildə Kuala-Lumpurda keçirilmiş 1-ci forumdan sonra baş tutub. Bizim forumumuz hər il əlamətdar hadisələrdən birinə çevrilir. Bundan başqa, fond sahibkarlığın, təhsilin, gənclərin liderliyinin, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təşviqi məqsədilə bütün dünyada çoxsaylı proqramlar, seminarlar təşkil edir. Məqsəd cəmiyyətin müxtəlif seqmentlərinin öz həyat səviyyələrini yüksəldəcək bacarıqlara yiyələnməsinə kömək etməkdir. 

Bütün dünyada yaşayış səviyyəsinin yüksəldilməsinə yönəlmiş daimi səylərimiz çərçivəsində fond çoxsaylı təşkilatlarla tərəfdaş münasibətləri saxlayır. Məqsəd cəmiyyətin mümkün qədər çox üzvünün rifahı naminə dayanıqlı və effektiv inkişafını təmin edəcək təşəbbüslərlə işləməkdir. İslam İnkişaf Bankı (İİB), İslam İnkişaf və Ticarət Mərkəzi (İİTM), Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyası (MUSIAD) və bir çox digər təşkilatlar bizi çoxdan dəstəkləyir.

Son 10 ildə 7 ölkədə illik beynəlxalq forumlarımızı uğurla keçirmişik. Onlar ən müxtəlif məkanlarda təşkil olunub. Hazırda ÜİİF bütün dünyada qəbul edilmiş brenddir. O, bir çox ölkələrin marağını çəkib. Nəticədə, Yaponiya, Koreya, Bəhreyn, Malta və İspaniya kimi ölkələr təşkilatımızın forum və proqramlarının reallaşdırıldığı məkana çevirmək istəyirlər.

UİİF yaranandan indiyədək onun nümayəndələrinin sayı, təxminən, 5 dəfə artıb. 2005-ci ildə ilk dəfə keçirilmiş forumda 35 ölkədən 600 nümayəndə iştirak edibsə, 2013-cü ildə foruma 128 ölkədən 2700 nəfər qatılıb.

Bu il ÜİİF-in 11-ci toplantısı "Bərabər inkişaf üçün dayanıqlığın təmini" mövzusunda keçiriləcək. Onun 2015-ci il noyabrın 3-5-də Malayziyada, Kuala-Lumpurda təşkil olunması nəzərdə tutulub. Forumda bütün dünyadan 2500-dən artıq nümayəndənin, o cümlədən dövlət başçılarının, hökumət nümayəndələrinin, iri sənayeçilərin, iqtisadçıların, sahibkarların, elmi dairə təmsilçilərinin, qeyri-hökumət təşkilatları və kütəvi informasiya vasitəsi nümayəndələrinin iştirakı gözlənilir.

Foruma dəvət almış şəxslər arasında Malayziyanın baş naziri, ÜİİF Fondunun himayəçisi Nəcib Tun Razak, Bosniya və Herseqovina Federasiyası Rəyasət Heyətinin sədri Draqan Doviç, Qana prezidenti Con Dramani Mahama, İndoneziyanın vitse-prezidenti Yusuf Kalla, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli əl-Mədəni və digər şəxslər var.

Toplantıda Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyətini salamlamaqdan da məmnun olacağıq.

11-ci ÜİİF Forumu müsəlman və qeyri-müsəlman ölkələri arasında əməkdaşlığa, iqtisadi inkişafa kömək missiyasını davam etdirmək niyyətindədir. Forum Kuala-Lumpura (Malayziya) bölgədə yeni regional inteqrasiya imkanlarının yarandığı bir vaxtda qayıdır. Söhbət ASEAN İqtisadi Birliyinin yaradacağı inteqrasiya imkanlarından gedir. 11-ci ÜİİF-də işıqlandırılacaq mövzular bunlar olacaq: islam maliyyəçiləri, halal məhsul sənayesi, ekoloji texnologiyalar, təhsil, dayanıqlı həyat fəaliyyəti və inkişaf, qadınlar və gənclər üçün inkişaf proqramı, incəsənət.

- Qlobal iqtisadi böhranın qarşısının alınması ilə bağlı tövsiyələriniz nədən ibarətdir? 

- Maliyyə sabitliyinin təmini və iqtisadi inkişafın stimullaşdırılması dünya iqtisadiyyatı üçün ən aktual məsələdir. Bu, xüsusilə 2008-ci ildə baş qaldırmış maliyyə böhranından sonrakı qeyri-müəyyənlik, inkişafın zəifləməsi nəticəsində aktuallıq qazanıb. İndi daha ədalətli və dayanıqlı iqtisadi modelin axtarışı ilə məşğul olan ölkələrin sayı getdikcə artır. Bu, həm müsəlman, həm də qeyri-müsəlman ölkələrinə aiddir.

Məsələn, Beynəlxalq Valyuta Fondunun araşdırmaları göstərib ki, qlobal maliyyə böhranı zamanı islam bankları ənənəvi banklarla müqayisədə daha çox sabitlik nümayiş etdiriblər.

Son bir neçə ildə islam iqtisadiyyatı konsepsiyası dünyada daha böyük populyarlıq qazanmaqdadır. O, daha güclü dayanıqlıq nümayiş etdirir və nə qədər böyük potensiala malik olduğunu dünyaya göstərir. Bu konsepsiyanın hər kəsə etik münasibət və aşkarlıq prinsipi əsasında sülh və çiçəklənmə gətirdiyi təsdiqlənir.

Diqqət tələb edən əsas mövzular bunlardır və ÜİİF Fondu dünya liderlərinə, hökumət nümayəndələrinə, iqtisadçılara, elm dairələri və biznes təmsilçilərinə bu cür iqtisadi və sosial problemlərin həlli üçün meydan verir. Ümid edirik ki, bu forum dönüş nöqtəsi olacaq və ölkələr, sənaye sahələri, müəssisələr arasında daha geniş əməkdaşlığa yol açacaq. Bu isə dəyişikliklər üçün ciddi bir təkan olacaq.

- Davos Dünya İqtisadi Forumu biznesmenləri və iqtisadi ekspertləri bir araya toplayan ən güclü məkandır. Bildiyiniz kimi, bu forumda Azərbaycan da fəal rola malikdir. Bəs, siz iqtisadi fövqəldövlətlərin bir araya toplanmasında rolunuzu necə görürsünüz? Fikrinizcə, Azərbaycanın bu forumdakı rolu nədən ibarətdir?

- Biz Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovun bizə qoşulacağından, ÜİİF-in 2015-ci ilin noyabrında keçiriləcək 11-ci toplantısında iştirak edəcəyindən məmnunuq. Ümid edirik ki, sizin dövlətiniz bundan sonra da illik qlobal forumda fəal iştirak edəcək.

Azərbaycanın iqisadiyyatını neft sektorundan kənarda da inkişaf etdirməsi ölkənin sabit inkişafının davamlılığını təmin edib. Bazarda baş verən dəyişikliklərə rəğmən, inkişaf ortadadır. Bununla yanaşı, hökumət inşaat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq kimi sektorların inkişafını təşviq edir. Uzağı bu cür görmə bilmək gələcəkdə də dayanıqlı inkişafın təmini baxımından əhəmiyyətlidir. Ümid edirik ki, Azərbaycanın da iştirak edəcəyi forumda beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə olunacaq.

ÜİİF-i fərqləndirən daha bir cəhət bizim beynəlxalq iqtisadi və sosial inkişafda kiçik və orta sahibkarlığa xüsusi diqqət ayırmamızdır. ÜİİF bütün dünyadan olan kiçik və orta biznes təmsilçiləri arasında yaxınlaşmanı, əlaqələrin qurulmasını asanlaşdırır. Bu isə öz növbəsində, yeni bazarların mənimsənilməsi və yeni məhsulların yaradılması kimi təşəbbüslərin reallaşdırılmasına yeni imkanlar açır.

Bu, xüsusilə Azərbaycan üçün dəyərlidir. Hesab edirik ki, ölkənin uğurlarının davamı kiçik və orta müəssisələrinin inkişafından asılı olacaq. Bu, istehsalatın artımında, innovasiyaların tətbiqində və əhali üçün yeni iş yerlərinin açılmasında daha böyük rol oynayacaq.

- Bəs, ərəb dünyasındakı mövcud vəziyyət haqda nə düşünürsünüz? Ərəb ölkələrində, o cümlədən Suriya və İraqda yaşanmaqda olan siyasi böhran ÜİİF Fondunun fəaliyyətinə necə təsir göstərib? 

- Adımızdan da göründüyü kimi, ÜİİF səylərini islam dövlətlərinin iqtisadiyyatlarının, bazarlarının verdiyi iqtisadi imkanların reallaşdırılmasına yönəldib. Biz buna bütün dünyada əməkdaşlıq ilə nail olmağa çalışırıq. Bu zaman siyasi və dini məqamlar nəzərə alınmır. Biz hesab edirik ki, ərəb dünyasındakı çətin siyasi vəziyyət digər səlahiyyətli, başında maraqlı dövlətlərin dayandığı forumlar çərçivəsində daha yaxşı həll oluna bilər.

Bundan başqa, hesab edirik ki, dünyada ehtiyat içərisində olan cəmiyyətlərə kömək etmək üçün hələ çox iş görülməlidir. Biz özümüzü tam şəkildə bu işə həsr etmişik. ÜİİF Fondunun diqqəti iqtisadi və sosial inkişafın artırılması üçün əməkdaşlığın gücləndirilməsinə yönəlib. Elə etmək lazımdır ki, gəlirlər sonda cəmiyyətin bütün üzvlərinə çatsın. Bu, ÜİİF-in 11-ci toplantısı üçün prioritet istiqamətdir: "Bərabər inkişaf üçün dayanıqlılığın təmini".

- Belə bir fikir var ki, Qərb ölkələri islam dünyasında yaradılmış xaosda maraqlıdırlar. Siz bu haqda nə düşünürsünüz?

- Hesab edirik ki, irəli getmək üçün pozitivə diqqət yetirmək daha vacibdir. Buna islam iqtisadiyyatının inkişafına yardım etməklə nail olunmalıdır. Üstəlik, bu prosesdə yalnız müsəlman dünyasının deyil, Qərb ölkələrinin də iştirakı vacibdir. Onlardan bir çoxunun artıq bu istiqamətdə fəaliyyətə keçdiklərini görmək xoşdur.

ÜİİF üzvləri onu müsəlman və qeyri-müsəlman dünyası arasında əməkdaşlığın gücləndirilməsi üçün effektiv platformaya çevirmək istəyirlər. Bu, mövcud potensialın tam reallaşdırılması üçün lazımdır.

Bu mənada islam ölkələrinin sürətli inkişafına da diqqət ayrılmalıdır. 2013-cü ildə qlobal islam dünyasının istehlak xərclərinin və maliyyə aktivlərinin ümumi həcmi, təxminən, 4 milyon dollar təşkil edib. Bu məbləğin, təxminən, yarısını halal məhsullar, səyahət, KİV, istirahət, əczaçılıq və kosmetika kimi sahələr təmin edib.

Ümumilikdə, 2014-cü ildə, təxminən, 2 trilyon dollar səviyyəsinə yüksəlmiş qlobal rəqəmsal iqtisadiyyatda müsəlman istehlakçıların payına 107 milyard dollar düşüb. Üstəlik, 2020-ci ilədək onların xərcləri dünyadakı orta göstəricidən daha sürətlə artacaq.

2020-ci ilə islam maliyyə resurslarının, təxminən, 2 dəfə artaraq 3,25 trilyon dollara çatacağı gözlənilir. Hazırda isə ən yüksək inkişaf templəri bank aktivlərində və islam sığortasında qeydə alınır.


MƏSLƏHƏT GÖR:

573