17 May 2024

Cümə, 11:52

QORXUDULMUŞ və ACİZ

Ermənilərin gülləbaranı ATƏT-in Minsk qrupu həmsədrlərini aktivləşdirəcəkmi?

Müəllif:

03.11.2015

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsi zonasına növbəti səfərləri hələ uzun müddət yaddaşlarda qalacaq. Onlar əvvəlcə Ermənistanda və Dağlıq Qarabağda görüşlər keçiriblər. Bu görüşlərdə onları əməlli-başlı dəng ediblər: guya, sülh prosesini Azərbaycan əngəlləyir və atəşkəs rejimini azərbaycanlılar pozur. Amma daha sonra vasitəçilər qoşunların Azərbaycanın Tərtər rayonu ərazisindəki təmas xəttində ATƏT-in planlaşdırılmış monitorinqində iştirak ediblər. Elə bu vaxt "qəflətən" kimsə atəş açıb. Məlumata görə, atəş çox çəkməyib. Lakin bu, amerikalı həmsədr Ceyms Uorlikin sonradan etiraf etdiyi kimi, qorxmuş ATƏT üzvlərinin gizlənmək üçün yer axtarmalarına kifayət edib.

Gözlənildiyi kimi, Azərbaycan və Ermənistan müdafiə idarələri baş verənlərə görə bir-birlərini günahlandırıblar. Maraqlı olan isə başqa məqamdır: həmsədrlər atəşkəsi kimin pozduğunu nə insidentdən dərhal sonra, nə səfərlərinin son nöqtəsi olan Bakıya gəldikdə, nə də səfərdənsonrakı yekun bəyanatlarında müəyyənləşdirə biliblər.

Hər halda, vasitəçilər yollarına davam ediblər. Bakıda isə onları çətin anlar gözləyirdi. Atəşin qorxusundan özlərinə gəlməyə macal tapmayan həmsədrlər burada daha bir "atəş"lə qarşılaşıblar. Onlara qarşı uzun illərdir davam edən danışıqların regiona sülh gətirmədiyinə dair ittihamlar irəli sürülüb.

"Sizin belə rahat danışmağınızın səbəbi var: yandırılan sizin evləriniz, işğal olunan sizin torpaqlarınız deyil. Dağlıq Qarabağın azərbaycanlı sakinləri artıq 20 ildən artıqdır ki, öz torpaqlarına qayıda bilmirlər. Bu müddət ərzində bir santimetr belə, torpaq işğaldan azad edilməyib, bir nəfər belə, öz evinə qayıtmayıb. Demək, sizin fəaliyyətiniz effektiv deyil", - deyə Milli Məclisin deputatı Elman Məmmədov karıxmış diplomatların Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü zamanı bildirib: "Mən bu problemin sizin fəaliyyətiniz nəticəsində çözülə biləcəyinə inanmıram. Səbəb aydındır: sizin dövlətlərinizin Cənubi Qafqazda maraqları var və münaqişə çözüləcəyi təqdidə, bu maraqlar təmin olunmayacaq. Siz heç zaman vahid fikrə gələ və bu problemi həll edə bilməyəcəksiniz".

Həmsədrlər daha sonra Azərbaycan Prezidenti ilə görüşüblər və bu zaman da xeyli sərt fikirlərə "qonaq olublar": əlbəttə ki, dövlət başçısı deputatlar qədər açıq danışmayıb. Vasitəçilərin Azərbaycan Prezidenti ilə, adətən, qısa keçən görüşü bu dəfə xeyli məzmunlu olub və görüşdə Ermənistanın danışıqlarda nümayiş etdirdiyi mövqe ilə bağlı sərt fikirlər səsləndirilib. Bu, artıq maraqlı sayıla bilər. İlham Əliyev qoşunların təmas xəttində atəşkəsin pozulmasına görə məsuliyyəti Ermənistanın dövlət başçısı Serj Sarqsyanın üzərinə qoyub. Bununla yanaşı, o, nisbətən yaxın keçmişə aid bir neçə fakt səsləndirib; məsələn, prezident xatıladıb ki, Azərbaycan və Ermənistan rəhbərlərinin ötən il Parisdə baş tutmuş görüşündən iki həftə sonra, erməni tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi əməliyyatlar keçirib. İlham Əliyev təlimlər çərçivəsində Ermənistan HHQ-yə məxsus vertolyotların Azərbaycanın nəzarətində olan mövqeləri üzərində uçuşlar keçirdiyini və bir neçə belə haldan sonra, erməni vertolyotunun vurulduğunu yada salıb. Prezident bu ilin sentyabrında baş vermiş daha bir insidenti xatırladıb: bu dəfə erməni diversiya qrupunun Azərbaycan ərazisində törətməyə çalışdığı təxribatın qarşısının alındığını söyləyib. Onun sözlərinə görə, bu insident zamanı erməni tərəfi ciddi itki verib. "Bütün bu təxribatlara görə, məsuliyyət Ermənistan prezidenti Serj Sarqsyanın üzərinə düşür", - deyə İ.Əliyev qeyd edib. Dövlət başçısı bildirib ki, indi Ermənistan regionda ciddi təhlükə mənbəyinə çevrilib.

"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur", - deyə prezident bildirib. O, belə insidentlər nəticəsində azərbaycanlı mülki şəxslərin həlak olduqlarını deyib: "Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar".

Prezident İlham Əliyev təəssüf hissi ilə bildirib ki, beynəlxalq ictimaiyyət və xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu hərəkətlərinə adekvat reaksiya vermirlər.

Azərbaycan Prezidenti bildirib ki, bütün bunlar azmış kimi, Sarkisyan bu yaxınlarda yeni siyasi təxribata əl ataraq, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib.

"Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

Vasitəçilər regiona səfərlərinin yekununda birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, onların bu səfərinin əsas nəticəsi Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonunda görüşməyə razılıq vermələridir.

Bundan başqa, onlar İrəvana səfərləri zamanı orada Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşlərini xatırlayıblar. Həmin görüşdə itkin düşənlərlə bağlı informasiya mübadiləsi haqqında müzakirələr olub və həmsədrlər bu sahədə atıla biləcək istənilən addıma dəstək verdiklərini bildiriblər. Bakı danışıqlarına gəlincə, onlar Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə danışıqlarını xatırladıblar. Vasitəçilər həmin görüşdə sülh prosesinin vacib hissəsi kimi, münaqişə nəticəsində zərərçəkmiş şəxslər arasında dialoq yaradılmasının vacibliyini bildirib, ermənilərlə azərbaycanlıları yaxınlaşdıracaq proqramların reallaşdırılmasına dəstək veriblər.

Və əlbəttə ki, həmsədrlər birgə bəyanatlarında münaqişə zonasında ehtirasların coşmasından narahatlıqlarını da ifadə edib, münaqişə tərəflərinə ənənəvi barışıq çağırışı ünvanlayıblar.

Bəs münaqişə tərəflərinin rəhbərləri uzun fasilədən sonra bu ilin sonunadək dialoqu bərpa edə biləcəklərmi və əgər biləcəklərsə, o, nə qədər məhsuldar alınacaq? Bunu zaman göstərəcək. Tərəflər həmsədrlərin bu səfərinə müəyyən ümid ifadə ediblər. Bunun əvvəlkilərtək "formal ümid" olduğunu demək olmaz. Hər halda, həmsədrlərin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onların səhra köməkçilərinin şahidlik etdiyi atəşə reaksiya yalnız özünü itirmiş Uorliki "İndi biz münaqişənin nə qədər təhlükəli olduğunu gördük" kəlamı ilə yekunlaşmamalıdır.

Bu insident heç də müsbət fikirlər yaratmır. Bakı vasitəçi ölkələrin günahkarı və qurbanı öz adı ilə çağıracaqları anı səbirsizliklə gözləyir. Bəs, həmsədrlər heç kəsin xəsarət almadığı silahlı insidentin günahkarını belə açıqlamırlarsa, onlardan bunu gözləmək olarmı? Axı onlar, böyük ehtimalla, günahkarın kimliyini bilirlər. Əlbəttə, bu işdə bilavasitə həmsədrləri iradəsizlikdə günahlandırmaq doğru olmazdı. Onlar, sadəcə, ölkələrinin siyasətini ifadə edirlər. Həmsədr ölkələr isə göründüyü kimi, hələlik, münaqişənin həlli ilə ciddi şəkildə məşğul olmurlar.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda səsləndirdiyi bəyanatda bildirib ki, vasitəçi üçlük Qarabağ probleminin həllində vahid komanda kimi çalışır. Halbuki, onların ölkələrinin digər beynəlxalq problemlərlə bağlı mövqeləri çox fərqlidir. 

Lakin onun bu sözlərinə inanmaq çətindir... ABŞ, Rusiya və Minsk qrupunda Fransanın təmsil etdiyi Aİ-nin başı qarışıb Suriya probleminin həllinə və bu münaqişəni də onların hər biri öz maraqlarına uyğun çözməyə çalışır. Digər münaqişə ocaqları indi onları az maraqlandırır. Rusiya da Suriya münaqişəsinə cəlb olunanadək, Qarabağ problemi ilə bağlı nisbətən fəallıq nümayiş etdirirdi. Rusiya aviasiyasının bu ilin sentyabrında "İslam dövləti" təşkilatının Suriyadakı mövqelərini bombalamağa başlamasından sonra isə yəqin ki, Moskvadan da Qarabağ probleminin həllində ciddi fəallıq gözləmək doğru olmaz. Həqiqət ondan ibarətdir ki, dünyanın digər regionlarında aparıcı dövlətlərin maraqlarına toxunan müharibələrin getdiyi vaxtda, Qarabağ münaqişəsi hər zaman dünya üçün ikinci planda qalacaq - münaqişə zonasında atışma intensivləşsə belə.

"Problemin həllinin açarı "böyük və güclü" dövlətlərin əlindədir. Yəni, Rusiya və ya ABŞ-ın (yerdə qalan dövlətlər çəki baxımından onlardan geri qalır) Qarabağ münaqişəsinin həllini istəmələri lazımdır. Bu gün Vaşinqton və ya Moskva bu işdən "siyasi xal" qazanacaqlarmı? Çətin. Qalan dövlətlər üçün isə Qarabağ maraqlı deyil", - deyə siyasi şərhçi Yuri Siqov bildirib.

Əlbəttə ki, nəzəri cəhətdən münaqişə tərəflərinin ümumi dil tapacaqlarını düşünmək olar. Azərbaycanı qane edən variant mərhələli şəkildə olsa belə, sonda erməni qüvvələrinin bütün işğal olunmuş ərazilərdən çıxmasıdır. Ermənistan isə münaqişə illəri ərzində bu variantı daim rədd edib. Əslində, Ermənistanın işğalda bilavasitə iştirak etmiş hazırkı rəhbərliyindən bunu gözləmək olmaz. Ermənistanda hakimiyyətə başqa qüvvələrin gələcəyini gözləmək də çətindir. Hər halda, Ermənistanda hakimiyyətin rəqiblərinə, hətta silahdan istifadə ilə divantutma ənənəsi var. Nəhayət, bu ölkədə prezident seçkisinə hələ 3 il var.

Azərbaycanı, ərazi bütövlüyünün bərpasının onun özündən asılı olmayacaq heç bir variant qane etmir. Beləliklə, ərazi bütövlüyünün güc yolu ilə bərpası variantı daha ağlabatan ssenari olaraq qalır. Lakin müharibəyə başlamaq qərarının qəbulu elə də asan deyil.



MƏSLƏHƏT GÖR:

482