18 May 2024

Şənbə, 09:20

HARMONİYAYA ALLAH VERGİSİ

Daxili "mən" və xarici dünyanın mütləq harmonik qovuşması təəssüratı bağışlayan rəssam Eldar Babazadənin işlərindən ibarət ekspozisiya haqqında

Müəllif:

17.11.2015

Qalereyada səslənən musiqini belə eşidilməz edən bir gurultu vardı. Bu, rəssam Eldar Babazadənin "Sehrli yuxular" sərgisinin ziyarətçiləri idilər, emosiyalarını gizlətmədən onun işlərini müzakirə edirdilər. Xüsusən, həyəcanla və onun hər bir işi üzərindəndə bir xeyli dayanaraq, texnika və kompozisiyalarını dörd gənc təhlil edirdi. Qeyri-ixtiyari söhbətlərinə qulaq asarkən, onların gələcəyin rəssamları olacaqlarını demək mümkündür. Bir tərəfdə isə kiçik qrup şəklində toplaşanlar isə onun valideynlərindən danışırdılar. Bir qoca qadın dedi: "Bu, genlərlə bağlıdır! Onun valideynləri rəssamdırlar axı". Digəri isə etiraz etdi: "İstedad irsən keçmir. Bu, artıq Allah vergisidir!". 

 

Yaradıcılığın sehri haqqında

Eldar Babazadə 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun yaradıcılıq bioqrafiyasında üç fərdi və çoxlu digər sərgilər yer alır. Rəssamın işləri dünyanın bir çox ölkəsində fərdi kolleksiyaları bəzəyirlər. Həmkarları arasında sadə, müvazinətli birisi kimi tanınır. Onun barəsində azadxarakterli olduğunu, eyni zamanda, liderliyə ehtiyac duymayan və öz üzərində hökmə dözməyən birisi olduğunu deyirlər. Müvazinətliliyi və yaradıcı müstəqilliyi sayəsində ətrafındakılarla kompromis tapmağı bacarır. Zahiri müvazinətlilik və sakitlik kənardan istənilən təzyiq zamanı sərtlik və xarakterin gücünə çevrilə bilər. Onun işləri insanı enerji vibrasiyalarının paklığı, insan və həyata baxışları ilə, məcazi mənanın dərinliyi ilə, "Həyat" adı altında gündəlik prosesə münasibəti ilə ovsunlayır. Əcnəbi fərdi sərginin bukletlərinin birində onun müəllif üslubunun janrı Vyana modernizmi kimi müəyyən edilib. Yəqin ki, bu, Azərbaycan miniatür ənənələrindən çox da anlayışı olmayan avropalıların fikrincə belədir. Lakin Babazadədə daha çox müasir simvolikada, həyatın müasir ritmlərinə uyğun məzmununu dəyişən ənənələrin davamıdır. Bunu da rəssam geniş şəkildə və məmnuniyyətlə istifadə edir. 

 

"Taleyin telləri"

Mərkəzdə Kişi (solda) və Qadın (sağ) fiqurları dayanır. Qadının maraqlı baxışları Kişiyə zillənib. Açıq ovcunda nar var. Bu, günəşin, həyat enerjisi daşıyıcısı, bərəkət və bolluq, dirçəliş və ölümsüzlük, həssaslıq, sevgi və nikahı əks etdirəm qədim Şərq rəmzidir. Onun arxasında totem heyvanın rənglənmiş başı görünür. Deyəsən, öküzdür. Və Qadının ibadətgahını simvolizə edə bilər. Qədim türklər Tenqri tanrısının şərəfinə məbəd tikmişdilər və qurban verilən heyvanların başlarını budaqdan asardılar. Qadın sevgilisinə nə qurban verməyə hazırdır? Axı o, əsl simasını, hissləri kimi maska altında gizlədir. O oyunçu, həm də qurbandır? Sevgi və etimad istəyir, amma inanmağa və sevməyə qorxur? Arxasında at - şahmat fiquru durur. Bu, şahmat oyununda digər fiqurların üzərindən hərəkət edən bilən yeganə fiqurdur. Eyni zamanda, at dünyanın bütün xalqlarında həyat gücü, sədaqətliliyin və ram olmayan azadlığın rəmzi hesab olunur. O, kortəbii güc və istiqamətverici ruhun kombinasiyasıdır. Sağ çiynində isə leylək durur: yeni həyat, uğur vəd edən quş. Güclü bağlılığı bildirir. Kişi nəyə bağlıdır? Qadına? Həyatla və həyatda oynamaq vərdişinə? Onun sağ çiynində oturan balaca quş obrazında iztirablı ruhu Qadına baxır. Əllər isə balaca, üzüyola itaətkar qadın fiqurunu dartır. Marionet-qadın qarşısında diz çökmüş kişini heç görmür. İnsanların bu oyununu kədərlə seyr edən it, deyəsən, oyunçuların özündən daha çox şey anlayır...

 

"Yazın melodiyası"

Gözəl gənc əlində balığı saz kimi tutur. Onun içində yarımkürəşəkilli günbəzlər və düz damları olan bütöv bir şəhər var. Sanki sevginin gözəl melodiyasının ovsunlayıcı səslərini fədakarcasına çıxarır. Onun arxasında xeyli qadın dayanır. Bəlkə də bu qadınlar onun qohumlarıdır?! Balığın quyruğu (hesab et ki, musiqi alətinin dekasıdır) yarıçılpaq oturan qız fiqurası ilə qurban edilmiş totem heyvanın kəlləsinin arasından keçir. Öküzün də. Gözəlin ayaqlarında nar var. Burada yenidən qadın gücünə dair mövzu yaranır: yaradıcı, düşünülmüş şəkildə məqsədyönlü. Gənc oğlan yarıaçıq göz qapaqları ilə bütün bunları görür və çox bəyənir. Lakin arxasında dayanan qohum qadınlar isə onu tədbirli olmağa çağırırlar. Sağ çiynində isə iynəcə oturub: yüngüllük, arsızlıq rəmzi daşıyır. O, ölümsüzlük və dirçəlişi təcəssüm etdirir. Bizim hisslərimiz kimi - ölürlər və yenidən dirçəlirlər. Ümumiyyətlə, həşərat insanın yerdə az yaşamasını bildirir. Və nə qədər qəribə olsa da, ruhun xilaskarı hesab edilir. İynəcə sanki iki dünya arasındadır. Onun qanadlarının sürtəli hərəkəti insana zamanın tez keçməsini, bərq vuran parıltısı isə keçmişin sehrli dövrlərini xatırladır. Eyni zamanda, dünyada ancaq görünən reallığın olduğunu dərk etməyə kömək edir. Onun qanadlarının hərəkətini hiss edən gənc düşünür ki, tezötən ömrü hüznlü reallığa çevriməyə dəyməz. Ələlxüsus da, balığın daxilindəki şəhər zəngin və xoşbəxt həyat vəd edir. 

 

"Qayıdış"

Birinci planda Qız durur. Onun ovcundan havaya göyərçin qalxır. Əcaib başörtüyünün ucunda isə metal üçbucağın içində parlaqlələkli balaca quş yırğalanır. Qızın başörtüyü təmtəraqlı qalaya bənzəyir. Boynuna bəyaz yüngül şərf dolayıb. Qızın fiqurunun arxasında isə bütün şəhər - İçərişəhər görünür. Şəhərin axrasındakı mənzərə isə güclə sezilir: səma və üfüqün şərti xətti. Klassik miniatür təsvirlərə məxsus olmayan üsuldur bu, amma rəssamın bir çox işində uğurla tətbiq edilir. Ağ göyərçin bütün mədəniyyətlərin - qədimdən tutmuş, müasir dövrədək - simvolunda sevgililərə uğur gətirən xeyir quşu hesab edilir. O, Veneranın elçisidir. Çox vaxt nağıllarda deyilənlərə görə, bu quşun dilini anlayanlara mühüm bilgilər məlum olur. Bir də quşlara çevrilmək qabiliyyəti. Qız quş deyil. Lakin onun ruhu quş kimi, şəhərin üzərində qanad çalaraq, şəhərə öz sevgisini qaytarır. Heyranedici və gözəl şəhərə. Onun ruhunu yaradan şəhərə: azad, yüngül, sevgidolu. Çünki sevgi böyük qüvvədir: gündəlik həyatın mənası və sevincidir. 

 

Təəssüratlar haqqında

Onun əsərləri tamamilə harmonik qovuşma təəssüratı yaratdı: rəssamın və dünyanın daxili "mən"ini. Bu cür əsərləri ancaq şöhrətpərəstlikdən uzaq olan birisi çəkə bilərdi. Məgər incəsənət insanlarının aləmində belə olur? Bu, ritorik suallar silsiləsindəndir. Psixoloji testdən keçmə prosesinin virtual üsulla olmasını - insanı heç tanımadan onun portretini "yaratmasını" bəyəndim. Əsərlərinin süjetləri onun ancaq dərk etdiyi və yaşadıqlarını əks etdirdiyini deyir. Daha doğrusu, öz həyat təcrübəsinə güvənir. Hər şeylə bağlı onun öz fikirləri var. İnsanları əla tanıyır, lakin onları idellaşdırmaqdan da uzaq deyil. Adi maddi gəliri və sadə ləzzətlərdən həzz alaraq yaşayır. Özü yaratdığı dünyaya - ailəsinə, uşaqlarına, peşəsinə dəyər verir. Şərəfə, mükafatlara və şan-şövkətə can ataraq, həmkarlarını dirsəkləmir. "Böyük şəxslərdən heç nə istəmə..." prinsipi ilə yaşayır. Hərçənd milli miniatür janrının ənənələrinin davamçısı kimi, hər cür ad və mükafatlara layiqdir. Həyatının mənası yaradıcılıq, yaradıcılıq, yaradıcılıqdır. Harmoniya hissi rəssam üçün zəruridir. Elə hər birimiz üçün də. Lakin rəssamlar üçün olduqca labüddür. Çünki rəssamlar, sanki bizimlə - adi adamlar və ali - bəlkə də Mütləq Vəhy arasında görünməz bağı icra edirlər. Bu barədə düşünmədən, sadəcə, bədii obrazlara transformasiya olunmuş öz fikirlərinin nəticəsini təklif edərək həyata keçirirlər. 

 

Şəcərəsi haqqında

Atası Maarif Babayev məşhur azərbaycanlı sovet heykəltəraşıdır. Əvvəlcə özünü idmanda axtarıb və hətta sərbəst güləş üzrə usta olaraq, müvəffəqiyyət də qazanıb. 1957-ci ildə isə respublika çempionu olub. Xasiyyətcə üsyankardır. Və təəccüblü deyil ki, sonradan gözlənilmədən idmanı atır və Bakıda Rəssamlıq Akademiyasının tələbəsi olur. Lakin idmana və onun üzvlərinə olan maraq və sevgisini əbədi qoruyur. Gələcəkdə onun peşəkar fəaliyyətində məhz idmançılar heykəltəraşın həvəs predmeti olacaqlar. Daha sonra isə o, üsyankar mahiyyətinin axtarışlarına təsviri incəsənətdə başlayır. Onun əsərləri güclüdür, demək olar ki, kosmik enerjiyə malikdir. Təəssüf ki, onun həyatı çox tez yarıda qaldı. 

Eldar Babazadənin anası ölkədə məşhur keramikaçı Əzizə Əliyevadır. O, Riqa Rəssamlıq Akademiyasını bitirib və kiçik plastika ilə məşğul olub. Onun təhsil aldığı dövr oğlunun dünyaya gəlməsi ilə üst-üstə düşüb. Lakin bu, gənc qadın müvəffəqiyyətlə təhsil almağa və övladını böyütməyə zərrə qədər də mane olmayıb. Düzdür, anası təhsil alarkən, uşağın qayğısına qala biləcək nənələri vardı, amma o vaxt təzə doğulan körpəni anadan ayırmaq olmazdı. Maariflə Əzizə də hesab edirdilər ki, oğullarını özləri böyütməlidirlər. Özləri də böyütdülər. Oğlan böyüyüb, hərbi kreyserin kapitanı olmağı arzulayaraq, Naximov adına Hərbi-Dəniz Qüvvələri Məktəbində təhsil almaq istəyəndə valideynləri etiraz etmədilər. Eldar, hətta müəyyən müddət orada oxudu. Lakin sonra ya ananın ürəyi oğlu ilə ayrılığa dözmədi, ya hər iki valideyn fikirləşərək, qərara gəldi ki, hərbçi karyerası oğullarına uyğun deyil. Lakin fakt faktlığında qalır: Eldarın peşəkar hərbçidənsə, rəssam sülaləsi yaratması daha yaxşı olar deyib, məktəbdən çıxarırlar. O vaxtdan Eldar onun üçün yeni rol daşıyan funksiyanı - usta köməkçisi sənətini mənimsəməyə başlayır. Boyaları qarışdırmağı, gili həll etməyi öyrənir. Eyni zamanda, valideynlərinin peşəsinin mahiyyətini müşahidə etməyi və yenidən dərk etməyi. Beləliklə, gün gəldi və o da öz əlləri ilə nəsə hazırlamaq istədi. Valideynləri onun bu istəyinə rəğbət bəslədilər və hər cür dəstək oldular: 84 saylı Rəssamlıq Məktəbinə (keçmiş Razin qəsəbəsində) daxil olanda da, N. Tusi adına Pedaqoji İnstitutda bədii qrafika fakültəsinin tələbəsi olanda da. 

 

Sözardı

Eldar Babazadənin bütün işlərini şərh etmək və ya təhlil etmək olmaz. Bu, doğru deyil. Onlara baxmaq doğrudur. Təhlil etmək, düşünmək, müqayisə etmək. Ya da heç düşünməmək, onun pozitiv enerjisindən və həyat eşqindən güc alaraq, sadəcə, incəsənəti canına çəkmək. Onun küləklər, qəribə binalar, qızmar damlar və asfalt, əfsanə və rəvayətlər, muğam və qədim ənənələr şəhərindən olan rəssamın etdiyi kimi. O, rəssamın böyük qəlbinin bir hissəsidir. 

- Arzularınız nədir?

O, təəccüblə baxdı və sanki məndən başqa hamıya aydın olan həqiqəti səsləndirdi:

- Arzularım sadədir. Hamıda olduğu kimi. Sadəcə, yaşamaq. Sevmək və bu həyatda məşğul olduğun şeylərə sevinmək; həyata gəlmə səbəbinə sevinmək. Öz uşaqlarını, qohumlarını və yaxınlarını sağlam və xoşbəxt görmək. Uşaqlarının sevdiyi işlə məşğul olmaq imkanlarının olması. O zaman onlar da bəxtiyar olacaqlar. Gördüyünüz kimi, mən orijinal deyiləm. O, bunu dedi və məni hansısa qeyri-adi cavabla təəccübləndirmədiyi üçün elə gülümsədi ki, sanki üzr istəyir. O, yanılırdı. Çünki əslində, o məni heyrətləndirmişdi. Həyatdan özü üçün heç nə tələb etməməsi ilə məni heyrətləndirmişdi. Heç kimdən inciməyib, heç kimə qarşı iddiası yoxdur. Onun üçün ən vacibi, hər şeydə harmoniyanın olmasıdır: həyatda da, yaradıcılıqda da. Sanki elə də çox deyil. Amma nadir hallarda mümkündür. Onunla bağlı bu, mümkündür. O, özü harmoniyadır: fikirlərinin, işlərinin, əməllərinin...



MƏSLƏHƏT GÖR:

480