3 May 2024

Cümə, 01:09

BÖHRANDAN FAYDALANMAQ

SOCAR, neft qiymətinin aşağı olmasına baxmayaraq, xaricdə fəaliyyətini genişləndirir

Müəllif:

17.11.2015

Neft qiymətinin aşağı olması yeni yataqların işlənməsinə yatırılan sərmayələrin də azalmasına gətirib çıxarır. Nəticədə, neftin dünya birjalarında əvvəlki vəziyyətə qayıtması, sadəcə, vaxt məsələsinə çevrilir. OPEC baş katibi Abdalla Səlim əl-Badrinin sözlərinə görə, neft hasilatına yatırılan sərmayələrin həcminin 130 mlrd. dollara düşməsi, artıq 2016-cı ildə qiymətlərin qalxmasına səbəb ola bilər. Çünki hasilat həcminin labüd azalması tələbatın və təklifin tarazlığına gətirib-çıxaracaq. 

Bu arada indiki vəziyyət neft qiymətinin aşağı olması dövründə dəyəri də düşən perspektiv layihələrə sərmayə yatırımını genişləndirməyə imkan verir. Xüsusilə, Azərbaycan qazını Türkiyənin şərqindən qərbinə, Yunanıstanla sərhədə çatdırılmasını nəzərdə tutan TANAP qaz kəməri layihəsi 20-25% ucuzlaşıb. SOCAR prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bu, tikinti aparılması və boruların alınmasına dair keçirilən uğurlu tenderlər vasitəsilə mümkün olub.

Bundan başqa, neftin qiymətinin aşağı olması neft sənayesinin ayrı-ayrı sektorlarında sərmayə fəaliyyəti üçün geniş imkanlar yaradır. Bu, ilk növbədə, neft qiymətinin aşağı düşməsi ilə gəlirliliyin artdığı neft emalı sahəsinə aiddir. Bununla bağlı SOCAR-ın Misirdə neft emalı zavodlarının birində pay almaqda marağı təsadüfi deyil. "Misir sürətlə inkişaf edən böyük bazardır. Bir neçə il ərzində biz Misirə hər il, təqribən, 1 mln. ton neft və neft məhsulları tədarük edirik. Lakin Misirdə fəaliyyətimizin miqyasını genişləndirmək istəyirik", - deyə R.Abdullayev Misir baş naziri İsmayil Şəriflə danışıqların nəticəsində deyib. Misir baş naziri Azərbaycan sərmayələrinin artımına hərtərəfli yardım göstərilməsinə söz verib. Bununla belə, müvafiq addım coğrafi tədarüklər nöqteyi-nəzərindən əsaslandırılıb.

Bir tərəfdən, Misirin Afrika qitəsində yerləşməsi qitənin daxilinə neft məhsullarının tədarükünü təşkil etməyə imkan verir. Bundan başqa, Misirin Aralıq dənizinə çıxışı da var, bu da Cənubi Avropanın geniş bazarına çıxmağa imkan verir. Digər tərəfdən, Süveyş kanalının mövcudluğu Cənub-Şərq Asiya bazarlarına çıxış perspektivlərini də açır. Üstəlik, Misirdəki NEZ-də zərurət və gəlirlilik yarandığı halda, Azərbaycan nefti Türkiyənin Ceyhan limanından Aralıq dənizinə tədarük oluna bilər. Danışıqlardan müsbət nəticələr əldə olunacağı təqdirdə, Misirdəki NEZ İzmirdə tikilən STAR zavodundan sonra SOCAR-ın ikinci ən iri neft-emalı aktivi olacaq. 

SOCAR daha bir perspektivli istiqamət kimi Kanadanı hesab edir. "Ticarət şirkətimiz "SOCAR Trading" Kanadada böyük və aktiv fəaliyyətə başlayıb. Biz bu ölkə ilə artıq biznes əlaqələrimizi qurmuşuq və inanırıq ki, orada həm treyder kimi, həm də neft sənayesində çalışa bilərik. Bununla bağlı orada müəyyən hazırlıq görürük", - deyə R. Abdullayev "SOCAR Trading"in Kalqaridə ofisinın açılmasını şərh edərkən deyib. Şirkət rəhbəri qeyd edib ki, dünyada neft qiymətinin aşağı düşməsi ilə müəyyən dəyişikliklər baş verir. "Kanadada çətinliklə hasil olunan karbohidrogen ehtiyatları mövcuddur. Hesab edirəm ki, orada bununla məşğul olacağıq", - deyə SOCAR rəhbəri bildirib.

Dövlət Neft Şirkətinin müvafiq istiqaməti neftin qiymətinin artmasının uzunmüddətli trendinin nəzərə alınması ilə daha çox gələcəyə hesablanıb. Kanadanın neft və qaz yataqları da qeyri-ənənəvi sahəyə aiddir və gəlirlilik üçün yüksək qiymətlər tələb edir. Lakin müvafiq dövrdə layihələrin alınması dəyərin aşağı olması nöqteyi-nəzərindən sərfəlidir.

"Cənub" Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi SOCAR üçün qazın tədarükünə yeni bazarlar açır. Xüsusilə, Azərbaycan qazının alınmasında hələ də qazlaşdırılmamış iki Balkan ölkəsi - Albaniya və Monteneqro olduqca maraqlıdır. Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycana bu yaxınlarda baş tutan səfəri çərçivəsində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev və SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşlərində ölkənin qazlaşdırılması məsələsini müzakirə edib. "Biz Albaniyanın qazlaşdırılması layihəsi üzərində çalışırdıq. Bu yaxınlarda Monteneqro da bu layihəyə qoşuldu. Biz Albaniya və Monteneqronun qazlaşdırılması üzrə böyük layihənin birgə texniki iqtisadi əsaslandırılmasını hazırlamağı planlaşdırırıq. Bu, daha sərfəli olacaq", - deyə R. Abdullayev bildirib və əlavə edib ki, layihə Trans-Adriatik Qaz Borusunun (TAP) tikintisi kontekstində nəzərdən keçirilir.

Eyni zamanda, Azərbaycanın özündə də tam sürətlə neft-qaz layihələri həyata keçirilir. Bununla belə, söhbət təkcə işlənən yataqlardan getmir - "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-2" üzrə işləri qrafik üzrə davam edir, "Azəri-Çiraq-Günəşli" blokunda neft hasilatı fəal şəkildə davam edir.

"BP", ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilən "Şahdəniz" yatağından qaz ehtiyatlarını maksimal dərəcədə əldə etmək üçün yatağın işlənməsinin üçüncü mərhələsi üzərində artıq düşünməyə başlayıb. "Biz "Şahdəniz"in üçüncü fazasını da həyata keçirmək niyyətindəyik. Bu, yüksəktəzyiqli şistlərdən qazın hasilatını həyata keçirməyə imkan verən xüsusi texnologiyalar və avadanlığın tətbiq edilməsi ilə mümkün olacaq. Biz SOCAR ilə yatağın imkanlarının qiymətləndirilməsini davam etdiririk", - deyə "bp"nin "Cənub" Qaz Dəhlizi üzrə vitse-prezidenti Co Mörfi bu yaxınlarda Bakıda keçirilən Xəzər Texniki Konfransında bildirib.

Bundan əlavə, "bp" 2016-cı ilin əvvəlində Abşeron arxipelağının dayazsulu hissəsinin öyrənməsini nəzərdə tutan perspektivli strukturların işlənməsi ilə bağlı yeni müqavilə üzrə işlərə başlamaq niyyətindədir. "BP" və SOCAR-ın 50%-lik paya sahib olduğu saziş 1,9 min kvadratkilometr sahəsi olan müqavilə ərazisinin işlənməsini nəzərdə tutur. "Bu layihə üzrə SOCAR-la saziş imzalamaqdan çox məmnunuq və hesab edirəm, bu çərçivədə uzunmüddətli əməkdaşlıq üçün böyük imkanlar var. Artıq hazırlıq işləri aparırıq. 2016-cı ilin fevral-mart aylarında müqavilə sahəsində ilkin seysmik tədqiqatlara başlanılacaq", - deyə "bp"nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell deyib. Onun sözlərinə görə, seysmik kəşfiyyat nəticəsində alınan məlumatların interpretasiyasını və emalını şirkət 2016-cı ilin sonlarına qədər tamamlamalıdır. Bundan sonra gələcək addımlar müəyyənləşdiriləcək. 

Prinsipcə, "bp"ni Azərbaycan üçün "uğurlu" şirkət saymaq olar - Xəzər dənizinin Azərbaycan hissəsinin iki iri bloku "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" Britaniya şirkətinin operatorluğu ilə istismardadır. Səngəçal terminalı və neft ilə qazın ixracı üçün boru kəmərlərinin şaxələndirilmiş şəbəkəsi kimi sahil infrastrukturunun olması - Abşeronun dayazsulu resurslarının işlənməsini potensial şəkildə sadələşdirir və gəlirliliyini artırır. Lakin ölkənin neft-qaz strukturlarında fəaliyyətinin genişləndirilməsində təkcə "bp" maraqlı deyil. Əsasən, Kanadanın "Zenith Energy" şirkəti ilə Muradxanlı-Cəfərli-Zərdab quru yatağı blokunun işlənməsi ilə bağlı sazişin bütün detalları praktiki olaraq razılaşdırılıb. "Saziş hazırdır, həmçinin Azərbaycan prezidentindən icazə alınıb. Hazırda ekspertlər tərəfindən müqavilənin texniki detalları müzakirə olunur. Muradxanlı - çətin yataqdır və orada böyük problemlər var. Biz üçüncü dəfədir, onun işlənməsi üzərində razılıq əldə edirik", - deyə R. Abdullayev bildirib.

"Biz dinamika ilə inkişaf edən, xarici investorlar üçün geniş imkanları olan Azərbaycana investisiya yatırmağı səbirsizliklə gözləyirik. Biz ölkənin qanunları ilə tanış olduq, bir sıra danışıqlar apardıq və qərara gəldik ki, burada əmək şərtləri, infrastruktur və biznes mühiti investorlar üçün çox əlverişli və cəlbedicidir. Ümid edirik, köhnə quru yataqlarla bağlı layihə tapacaq və orada onların yenidən işlənməsi üçün öz texnologiyalarımızdan istifadə edə biləcəyik", - deyə "Zenith Energy" LTD şirkətin prezidenti Andrea Kattaneo bildirib. 1990-cı illərin sonunda - 2000-ci illərin əvvəlində yatağın işlənməsi ilə RAMCO şirkəti məşğul idi. Lakin o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. 2012-ci ildə blok ilə Vyetnamın "Petrovyetnam" şirkəti maraqlanıb, lakin məsələ müqavilənin imzalanmasına qədər çatmayıb. İndiki halda, çox güman ki, "Zenith Energy" Muradxanlı üzrə müqavilənin əvəzinə, SOCAR-a Kanadanın aktivlərinə çıxışını təmin edəcək.

Ümumilikdə, SOCAR-ın gələcək layihələri şirkətə dünya neft-qaz bazarının liderləri arasında öz yerini tutmağa və bir neçə ildir istismar olunan yataqlarında hasilatın təbii azalmasına baxmayaraq, gəlirlərinin artımını təmin edəcək.



MƏSLƏHƏT GÖR:

474