18 May 2024

Şənbə, 11:17

AVROPA BÖHRANININ XÜSUSİYYƏTLƏRİ

"Köhnə Qitə" üzləşdiyi problemlərə adekvat cavab tapa bilmir

Müəllif:

17.11.2015

Avropa bəşəriyyətin ən böyük sivilizasiyalarından birinin taleyinə son dərəcə ciddi təsir göstərə biləcək proseslər və hadisələr burulğanından qurtula bilmir. Bir sıra Avropa ölkəsində həllini tapmayan borc böhranı, sosial münaqişələrin kəskinləşməsi, nəticədə, sağçı və solçu siyasi qüvvələr arasında ziddiyyətlərin dərinləşməsi, nəhayət, qitəyə Asiya və Afrikadan kütləvi miqrant axını "Köhnə Qitə"nin xalqları və elitalarını çətin sınaq qarşısında qoyub. İndi söhbət onun nadir mədəni-sivil fenomen kimi strateji sağqalma qabiliyyətindən gedir.

 

Portuqaliyada solçuların çevrilişi?! 

Portuqaliyada yaşanan son olaylar Avropada artmaqda olan siyasi-iqtisadi, sosial-humanitar qeyri-sabitliyin göstəricisi sayıla bilər. Ekspertlər uzun müddət bu ölkəni maddi baxımdan "yıxılmış" Yunanıstana örnək göstərir, Portuqaliyanın Qərb dünyasının aparıcı kreditorlarının məsləhətlərinə uyğun uğurlu xarici siyasətini hamıya nümunə gətirirdilər. Lakin oktyabrın əvvəlində keçirilmiş parlament seçkilərində hakim "Portuqaliya, irəli!" koalisiyası qələbə qazansa da, hökuməti formalaşdırmağa kifayət edəcək çoxluğu əldə edə bilməyib. Əvəzində, parlamentdə çoxluq faktiki olaraq, solçuların əlinə keçib. Söhbət Sosialist Partiyasından, Solçu Blokdan və kommunistlərdən gedir. 230 yerlik parlamentdə, ümumilikdə, 120-dən çox mandat qazanmış bu qüvvələr öz kabinetlərini formalaşdırmaq niyyətindədirlər.

Lakin Portuqaliya Prezidenti Anibal Kakaku Silva Aİ-nin aşkar təzyiqi ilə hökumətin formalaşdırılmasını əvvəlki kabinetin rəhbəri Pedru Pasuş Koelyuya tapşırıb. Brüssel bu ölkədə hakimiyyətə avroskeptikmövqeli qüvvələrin gəlmə ehtimalından narahatlığını gizlətmir. Seçkidə göstərdikləri nəticəyə rəğmən, hökumətin formalaşdırılması prosesindən kənara atılmış solçular bunu böyük hiddətlə qarşılayıblar. Üstəlik, Baş nazir Koelyunun sərt qənaət siyasətinin tətbiqinə hazırlaşdığını da bəyan edib. 

Məlum olduğu kimi, bu, solçuların ən çox etiraz etdikləri məqamdır. Lakin avropalı kreditorların Portuqaliyadan əsas tələbi məhz budur.

Dövlət başçısı isə öz növbəsində, "kommunistlərin hakimiyyətə çox yaxınlaşdıqlarını" bildirib. Bununla yanaşı, prezident hesab edir ki, ölkəyə kommunistlər deyil, azlıqda olsalar belə, mühafizəkarlar rəhbərlik etməli, "Brüssel razı salınmalı, xarici sponsorlarda arxayınlıq yaradılmalıdır". Prezident Silmanın "40 illik demokratiya dövründə Portuqaliyada heç bir hökumətin anti-Avropa qüvvələrinin dəstəyinə arxalanmadığı" haqqında fikirləri də özü-özlüyündə çox şeydən xəbər verir.

Lakin solçular da sakit oturmaq niyyətində deyillər. Onların Lissabonun siyasətində ciddi dəyişikliklər vəd edən böyük iddialarını Qərbin aparıcı KİV və ekspert mərkəzləri açıq-aydın seziblər. Tanınmış analitik Xolger Sşepis "Avropa yeni Yunanıstandan qorxur" məqaləsində Portuqaliyanın bundan sonra Brüsselin xətrinə nümunəvi ölkə olmaq istəmədiyini bildirir. Almaniyanın "Die Welt" nəşrində çap olunmuş məqalədə bildirilir ki, məhz bu səbəbdən, "anti-Yunanıstan ikinci Yunanıstana çevrilə bilər".

Amerikanın nəhəng bankı olan "Citi-bank"ın ekspertləri isə Portuqaliyada "solçuların çevrilişinin baş verə biləcəyini" düşünürlər. Onların fikrincə, indi bu ölkə "ikinci Yunanıstana çevrilmək təhlükəsi ilə üz-üzədir".

Bu cür perspektiv həqiqətən real görünür. Məsələ ondadır ki, Portuqaliya parlamentindəki solçular Koelyu hökumətinə etimadsızlıq elan ediblər. Nəticədə o, Baş nazir postunda cəmi 11 gün qala bilib. Qeyd edək ki, Portuqaliya ilə Yunanıstan hazırkı tarixi məqamda bəzi amilə görə bir-birinə çox bənzəyir. Burada söhbət yalnız hər iki ölkədə əhali sayının, təxminən, 10 milyon nəfər olmasından getmir. Onlar arasında əsas analogiya özünü borcla bağlı "qırmızı xətt"də göstərir. Hər iki ölkədə bu, illik iqtisadi gəlirdən xeyli artıqdır. Hər iki hökumətdən sərt neoliberalizm siyasətinin tətbiqini tələb edən Avropanın maliyyə mərkəzləri yunan və portuqal solçularının sosialyönümlü iqtisadi kursdan imtina etməsinə imkan vermir. Bəs Portuqaliyanın Sosialist Partiyası da yenidən Afinada hakimiyyətini qoruyub-saxlamış "SİRİZA" kimi Brüssel və Aİ-nin aparıcı dövlətləri ilə danışıqlarda irəli sürdüyü ilkin bəyanatlarından imtina edəcəkmi? Portuqaliyada solçu qüvvələrin hakimiyyətə mümkün yiyələnməsi prosesində əsas intriqa da yəqin ki, bunda olacaq. Bəs prezident Silva solçu kabinetin formalaşmasına imkan verməmək üçün növbədənkənar seçki elan edərsə və bununla da Koelyu tərəfdarları revanş şansı qazanarsa, Portuqaliya əvvəlkitək "sərt qənaət siyasətinin müsbət nümunəsi" olaraq qalacaqmı?

İstənilən halda, Portuqaliya Aİ-yə sistemli dayaq olanlarla liberal-mühafizəkar elitaya meydan oxuyan qüvvələr arasında daha bir qarşıdurma meydanına çevrilib.

Bu arada "Köhnə Qitə" daha bir böyük dram yaşayır. Bu dram müasir Avropa düzəninin əsaslarına zərbə ola bilər. Bu şəraitdə Avropa ictimaiyyətinin önəmli bir hissəsinin əhvalında Avropa sivilizasiyasının miqrant yürüşündən qurtulmalı olduğunu bəyan edən qatı solçulara meyil yaranır.

 

Miqrantlar necə olsun?

"Qoca" Avropa müsəlman Şərqindən miqrant axını ilə üz-üzə qalıb. "Köhnə Qitə"ya üz tutan miqrantların əksəriyyəti vətənini bitmək bilməyən müharibələr üzündən tərk edir. Bu müharibələrin başlanmasında "Köhnə Dünya" liderlərinin də iştirakı az deyil. Sanki tale avropalılardan qisas alır və onların mədəniyyətinə yad, lakin "komfort və rifah ölkələri"ndə kök salmaq üçün əlindən gələni edən bəxtsiz asiyalı və afrikalı ordusunu Avropaya yönəldir.

Aİ-ni bürümüş miqrant böhranı, şübhəsiz, Qərb dünyasının dayaqlarını laxlada, onun ənənəvi siyasətində, mədəniyyətində, demoqrafik mənzərəsində dəyişikliklərə yol aça bilər. Bu narahatlıq artıq avropalıların öz aralarında parçalanmaya səbəb olur. İndi onların bir hissəsi qaçqınların halına acıyır və miqrantlara Avropanın humanitar idealları əsasında sığınacaq verilməli olduğunu düşünür. Digərləri isə xalqların yeni köçünün mümkün nəticələrindən ciddi narahatlıq keçirir. Onlar bunun, ilk növbədə, Avropanın eyniliyinə zərbə ola biləcəyini düşünürlər.

İş o yerə çatıb ki, şərti olaraq humanistlər və millətçilər adlandırılan bu iki tərəf arasında toqquşmalar belə, baş verir. Belə qarşıdurmalardan biri Kölndə yaşanıb.

Bununla yanaşı, Avropa əhalisinin əksəriyyətinin bu məsələdə millətçilik əhvalı hiss olunur. İsveçrə, Polşa kimi ölkələrdə keçirilmiş parlament seçkilərinin nəticələri bunu təsdiqləyir. İsveçrədə Xalq Partiyası, Polşada isə "Qanun və Ədalət" partiyasının qələbəsi göstərir ki, indi avropalılar səslərini immiqrasiya sahəsində sərt siyasətə tərəfdar olan qüvvələrə verir. Bu mənada, Aİ-yə daxil olmayan İsveçrə sakinlərinin əhvalı daha maraqlıdır. Dünyada rifah halının ən yüksək olduğu ölkələrdən sayılan İsveçrə, əslində, ciddi miqrant axını ilə üzləşməyib. Lakin ölkə əhalisinin, təxminən, yarısı "əcnəbilərin yürüşü"nə qəti etiraz edir.

Avropanın üzləşdiyi bu problemlər fonunda Azərbaycandakı tolerant və multikultural cəmiyyət modeli xüsusi maraq doğurur. Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonuna bu yaxınlarda etdiyi səfəri zamanı Avropada yaşananlara bizim milli maraqlarımız prizmasından dəqiq qiymət verib. O, Avropa instansiyalarını Azərbaycanın işlərinə müdaxilə etməməyə çağırıb və bildirib ki, "Hazırda Aİ-də artmaqda olan ayrı-seçkilik və islamofobiya fonunda Avropaya inteqrasiya etməyə heç bir ehtiyac yoxdur".

Azərbaycan Prezidenti Avropada "miqrantların ləyaqətiinin alçaldılması, onlara qarşı qəbulolunmaz addımların atılması" faktlarını pisləyib. Dövlət başçısı üstəlik, "həmin insanların vətənlərinin xarici müdaxilə nəticəsində dağıldığına" diqqət çəkib. İlham Əliyev avropalıları elan etdikləri dəyərlərə sadiq qalmağa çağırıb: "Yoxsa, əgər bu vəziyyət davam edərsə, heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən".



MƏSLƏHƏT GÖR:

434