18 May 2024

Şənbə, 08:51

SİNAY ÜZƏRİNDƏ FACİƏ

Rus təyyarəsinin Misir qəzası: terror aktı, yoxsa texniki nasazlıq?

Müəllif:

17.11.2015

Yaxın Şərqdəki mövcud durumu nəzərə alsaq, Rusiya təyyarəsinin Sinay yarımadasında üzləşdiyi qəza ortaya bir çox sual çıxarır. Qəzadan dərhal sonra, ortaya atılmış texniki nasazlıqla bağlı versiya, əslində, hadisənin terror aktı olduğunu göstərən çoxsaylı faktın üzə çıxması ilə aktuallığını itirib. Bunu Misirə uçuşları dayandıran və turistlərin xüsusi reyslərlə, yüklərdən ayrı daşınmasına qərar verən Rusiya hökuməti də dolayısı ilə təsdiqləyib.

 

Terror aktı, yoxsa...

Oktyabrın 31-də Peterburq-Şars-əl-Şeyx reysi ilə uçan "Koqalımavia" şirkətinə məxsus "A321" təyyarəsi havaya qalxdıqdan 20 dəqiqə sonra, Misirin şimalında, Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfərin (217 sərnişin, o cümlədən 25 uşaq və 7 heyət üzvü) hamısı həlak olub. Həlak olanların əksəriyyəti istirahətdən qayıdan rusdur. Bundan başqa, dünyasını dəyişənlər arasında 4 Ukrayna və 1 Belarus vətəndaşı da var.

Jurnalımızın çapa hazırlandığı ana qədər "qara qutu"nun nəticələri ilə bağlı rəsmi açıqlama yox idi. Dövlətlərarası Asiasiya Komitəsi (DAK) isə təyyarənin havada partladığını bəyan edib. Nəticədə, təyyarənin qalıqları, həmçinin həlak olanların cəsədləri böyük bir əraziyə səpələnib. Havadan aparılan çəkilişlər göstərir ki, layner yerə, demək olar ki, şaquli vəziyyətdə düşüb. 

Təbii ki, qəzanın səbəbi kimi, ilk versiya texniki çatışmazlıq olub. Hər halda, qəzadan dərhal sonra hadisə ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - guya, heyət üzvləri Qahirədəki dispetçerlə əlaqə saxlayıb, yerdəki xidmətlərə qəza ilə bağlı siqnallar ötürüb. Mütəxəssislər isə 18 illik "A321" təyyarəsinin hələ 2001-ci ildə Qahirə aeroportunda baş vermiş insident zamanı quyruğunu zədələdiyini xatırladıblar. Onların fikrincə, bu zədə çat yarada, nəticədə, təyyarə havada parçalana bilərdi. Çarter reyslərinin həyata keçirildiyi əksər təyyarələrin köhnə olduğu heç kəs üçün sirr deyil. Lakin bir müddət sonra qəzaya uğramış laynerdən SOS siqnalının gəlmədyi, uçuşun ştat rejimində həyata keçirildiyi məlum olub. Demək, qəza heyət üzvləri üçün son dərəcə gözlənilmədən və ani baş verib.

Beləliklə, terror aktı əsas versiyaya çevrilib. Bunu ilk bəyan edənlərdən biri ABŞ olub - birincisi, Amerika kəşfiyyatına istinad edən mənbələr, ikincisi, CBS telekanalı. Telekanalın məlumatına görə, ABŞ-a məxsus peyk Sinay üzərində alov işartısı qeydə alıb. Nəhayət, Amerikanın Stratfor agentliyinin analitikləri təyyarənin daxilində partlayıcı qurğunun işə salınması versiyasını gündəmə gətiriblər. Hətta Birləşmiş Ştatların prezidenti Barak Obama məsələyə münasibət bildirib, "bombanın laynerin daxilində quraşdırıla biləcəyini" söyləyib. Onun bu fikrini Böyük Britaniyanın Baş naziri Devid Kemeron və İsrailin Müdafiə naziri də bölüşüb.

Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, partlayışın təşkilatçısı misirli xətib Əbu Osman əl-Masri ola bilər. Qeyd edək ki, o, özünü "İD-nin Sinay vilayətindəki əmiri" elan edib. Misirdə Hüsni Mübarək rejiminin devrildiyi 2011-ci ildən sonra, əl-Masrinin, əsasən, bədəvilərdən ibarət olan, "Müsəlman qardaşlar"la əlaqəli qruplaşması regionun ən böyük cihadçı qruplaşmasına çevrilib. Qrupaşma "Əl-Qaidə"yə sadiqlik andı içib və 2014-cü ilin sonunda İD-yə yönələrək, "Sinay vilayəti"nin yaradıldığını elan edib. Sözügedən qəzadan sonra, İnternetdə söhbətin, əslində, terror aktından getdiyini məhz əl-Masri bəyan edib.

Bəzi Britaniya KİV-in yazdığı versiya - təyyarənin yerdən raketlə vurula biləcəyi versiyası isə tədricən arxa plana keçib. Halbuki, Britaniya və İsrailin mülki aviasiya pilotları onların idarə etdikləri təyyarələrə yerə daşınan zenit-raket kompleksi ilə atəş açıldığını bəyan ediblər. "The Daily Mail" qəzeti məlumatlı mənbəyə istinadən yazıb ki, Britaniyanın göyərtəsində 189 turist olan təyyarəsi avqustun 23-də Şarm-əl-Şeyxə eniş edən zaman, raketlə vurulmaqdan son anda qurtulub. Bununla yanaşı, qəza zamanı Rusiya təyyarəsinin islamçıların silahları ilə vurula biləcək məsafədə olmadığı, üstəlik, təyyarənin qalıqlarında kənar müdaxilə əlamətlərinin tapılmadığı bildirilir. Ekspertlər bombanın təyyarənin içərisinə quraşdırılması versiyasına daha çox üstünlük verirlər. Bəzi KİV isə öz "mənbə"lərinə istinadla, "qara qutu"da partlayış səsinin əks olunduğunu bildirir. Bundan başqa, uçuş zamanı təyyarənin quyruq hissəsində əyləşmiş 20-dən artıq sərnişində "partlayış xəsarətləri" aşkarlanıb. Həlak olmuş sərnişinlər və heyət üzvlərinin heç biri kamikadze roluna uyğun gəlmədiyindən, Amerika xüsusi xidmət orqanları terrorçuların Şar-əl-Şeyx aeroportunun əməkdaşları arasında yer aldıqlarını düşünürlər; ya da uçuşdan əvvəl təyyarəyə kənar şəxslər buraxılıbmış. Şarm-əl-Şeyx aeroportunda təhlükəsizliklə bağlı ciddi problemlərin olduğu heç kəs üçün sirr deyil. Təyyarənin içərisinə bombanın quraşdırıla biləcəyinə dair versiyanı "gücləndirən" daha bir amil var: partlayışdan dərhal sonra, Böyük Britaniya, Niderland, Fransa, Litva və Almaniya Şarm-əl-Şeyxə uçuşları dayandırıb. Noyabrın 6-dan isə Rusiya, ümumiyyətlə, Misirə bütün uçuşları təxirə salıb. O dövrə Misirdə olan rusiyalı turistlərin isə rus hərbçilərinin müşayiəti ilə və yalnız əl yükü ilə geri qaytarılması qərara alınıb. Putinə bu tövsiyəni Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksandr Bortnikov verib.

 

Turist siyasətin bir elementi kimi

Rusiyanın Nəqliyyat naziri, faciənin araşdırılması məqsədilə yaradılmış hökumət komissiyasının başçısı Maksim Sokolov isə hadisənin terror aktı olduğunu təsdiqləyəcək dəqiq faktlara malik olmadıqlarını bildirib. Onun sözlərinə görə, belə faktlar Misir tərəfində də yoxdur. Rusiyanın Baş naziri Dmitri Medvedev isə təyyarə qəzasının terror aktı olduğunu istisna etməyib. Deyəsən, Kreml məsələni mümkün qədər uzatmağa çalışır - yəqin ki, faciənin yaratdığı ilk şokun aradan qalxması üçün. Rusiya KİV güman edir ki, Putin bu məsələ ilə bağlı əsas fikirlərini Federasiya Şurasına ünvanlayacağı ənənəvi illik müraciətində səsləndirəcək. Bu, dekabrın əvvəlində baş verməlidir.

Bu arada Rusiya hakimiyyətinin daxildəki rəqibləri yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Onların fikrincə, Kreml ölkəni "ikinci Əfqanıstana"a sürükləyib. Artıq dinc əhali arasında da itkilərin olduğunu önə çəkən müxaliflər deyirlər ki, Suriyanı terrorçulardan təmizləmək işinə girişmiş Putin öz vətəndaşlarının müdafiəsini təşkil edə bilmir. İstirahətdən məhrum olmuş ruslar da bənzər fikirdədirlər. Qeyd edək ki, Misir xaricdə dincələn Rusiya vətəndaşları arasında populyarlığına görə ikinci yerdədir. Yalnız ötən il oraya 3 milyon rusiyalı turst səfər edib. Qışda, ümumiyyətlə, Misir ucuz dəniz istirahəti baxımından alternativsizdir. Alternativlər ondan dəfələrlə baha başa gəlir. İndi yeganə isti dənizdən məhrum olan milyonlarla insan təbliğat işləri üçün vasitəyə çevrilə bilər. Üstəlik, adi ruslar bir şeyi də dərk edir ki, qərarları qəbul edən şəxslərin özləri istədikləri yerdə dincələ bilirlər. Kreml isə deyəsən, bütün bunlardan narahat deyil. Mətbuatda yer almış məlumatlara görə, Baş nazir Dmitri Medvedevin müavinləri ilə keçirdiyi toplantıda yanız rusların Misirə uçuşuna qadağa qoyulması deyil, bir sıra digər ölkələrlə də aviareyslərin dayandırılması imkanları müzakirə edilib. RİA "Novosti"nin noyabrın 12-də yaydığı məlumata görə, Rusiya Federasiya Şurası rus turistlərinin Türkiyə və Tunisə uçuşlarına qadağa qoyulmasını dəstəkləyir. Qurumda hesab edirlər ki, turist axınını daha keyfiyyətli kurortlara yönəltmək olar.

Konspirologiya həvəskarları isə əmindirlər ki, ABŞ-a ən sərf edəni terror versiyasının etirafıdır: bu, Rusiyanın Yaxın Şərq müharibəsinə daha ciddi cəlbinə imkan verəcək. Hər halda, "Forbes" jurnalının versiyasına görə, ən nüfuzlu hökmdar olan Putin baş vermiş hadisəyə göz yuma bilməz. "Bu, birmənalı olaraq, Rusiyadan Suriyaya görə alınmış qisasdır", - deyə əksər Qərb nəşrləri yazır. "The Guardian" "İndi Putin Suriyada əməliyyatları genişləndirəcək, yoxsa əksinə, diqqəti danışıqlara yönəldəcək?". "The New York Review of Books" isə yazır: "Suriyada aparılan əməliyyatlar rusları Yaxın Şərqin ekstremist qruplaşmaları üçün yeni hədəfə çevirib".

Moskva Karnegi Mərkəzində isə hesab edirlər ki, Sinay üzərində baş vermiş faciə "Rusiyanın təbliğat maşını"nı sındırıb. "Metrojet təyyarəsi ilə bağlı faciədə İD-nin əli olduğu sübuta yetirilərsə, Putinin buna ən təbii reaksiyası Suriya kampaniyasının genişləndirilməsi olacaq - qisas olaraq". - Bunu isə "Newsweek" yazıb. Lakin digər tərəfdən, terror aktına Rusiyanın Suriya kampaniyasının uğurlu alındığının sübutu kimi də baxıla bilər - terrorçular qaçır, cavab verməyə çalışır, demək, əməliyyatlar öz effektini verir. Belədirsə, demək, Rusiya Suriyanı, ən azı, indi tərk etməli deyil və demək o... "ilişib-qalıb". 

 

Bəlkə hədəf Misir olub?

Yeri gəlmişkən, əl-Masrinin son dərəcə aşağıkeyfiyyətli lent yazısındakı səmimi etirafına rəğmən, terrorun həyata keçirilməsi vasitəsi özü müəyyən suallar doğurur. Gizli şəkildə təyyarənin göyərtəsinə bombanın quraşdırılması İD-nin, hətta "Əl-Qaidə"nin "dəst-xətt"inə uyğun gəlmir. İD nümayişkaranə qətlləri, ölüm şouları yaratmağı xoşlayır. Onlar bu zaman üzlərində maska olan cəlladların da iştirakı ilə "filmlər" çəkir, qurbana verilən işgəncələrdən klip hazırlayaraq, onu İnternetə yerləşdirirlər. Aviaqəza isə bir anda baş verir və ondan sonra tüstüləyən qalıqlardan və "qara qutu"dan başqa heç nə qalmır. Üstəlik, "qara qutu" yalnız mütəxəssislərin "üzünə açıq olur".

"Əl-Qaidə"yə gəlincə, o də adətən, kamikadzelər vasitəsilə "işləyib" və bunu tələblər səsləndirməklə edib. Bununla yanaşı, bəlkə də dünya terrorçuların yeni taktikasına şahidlik edir - onlar eyni zamanda, müxtəlif istiqamətlərdə işləyirlər.

Rusların və misirlilərin terror versiyasının təsdiqlənməsini istəməmələri belə qənaətə gəlməyə əsas verir. Çünki bu halda, birincisi, bütün dünya yerli xüsusi xidmət orqanlarının işinin iflasından danışacaq; ikincisi, Misirin turizm sənayesinə ciddi zərbə dəyəcək. Qahirənin əsas gəlirinin isə bu sahədən olduğu hər kəsə bəllidir. Doğrudur, terror aktları əvvəllər də baş verib; məsələn, 2004-2005-ci illərdə Taba və Şərm-əl-Şeyx şəhərlərinin mehmanxanalarında. 2014-cü ildə "Ansar Bayt əl-Makdis" yaraqlıları tərəfindən Sinayda koreyalı turistləri daşıyan avtobusda terror aktları törədilib. Bu dəfə isə vəziyyət daha ciddidir və vəziyyətin yaxın zamanlarda qaydaya düşəcəyi gözlənilmir. 2011-ci ildə baş vermiş "Ərəb baharı"ndan sonra, bu ölkəyə turist axını onsuz da qat-qat azalıb. Həmin hadisələr zamanı qorxuya düşmüş britaniyalıların, almanların yerini ruslar uğurla ələ keçirə biliblər. İndi isə kurortların gələcəyi ciddi sual altındadır. Beləliklə, ortaya tamamilə təbii sual çıxır: Sinay üzərində törədilmiş terror aktı konkret olaraq kimə qarşı yönəlib - Sinay vilayətində istirahətdən imtina etməyən turistlərə, Rusiyaya, yoxsa Misirin özünə? Axı, indi cənub hissəsi hələ də dünyaəhəmiyyətli kurort olan Sinay terrorçuların sığınacağına çevrilmək riski ilə üz-üzədir. Bəzi məlumatlara görə, terrorçular, artıq rus bombalarından qaçmaq üçün Suriyadan oraya axışmağa başlayıblar. İndi turistlərin "yox olması" ilə qazancını itirəcək yeni "döyüşçülər" də meydana gələ bilər. Bu, bəlkə də Məğrib ölkəsinin turizm biznesindən məhrum edilməsi məqsədi güdən planın tərkib hissəsidir. Hər halda, bu il İD yaraqlılarının Sus şəhərinin El-Kantaui kurort zonasındakı çimərliklərinin birində əksəriyyəti britaniyalı olan 38 turisti güllələməsindən sonra, Tunisin turizm sektoruna da ciddi zərbə dəyib.

İndi terror "maydanlar silsiləsi"ndən və çevrilişlərdən sonra, onsuz da özünə gələ bilməyən Misirin əsas hissəsini bürüyə bilər. Xüsusilə nəzərə alsaq ki, bu ölkəni daim insan və silah axını olan Sudan, Liviya, Qəzza bölgəsi kimi qeyri-sabit ərazilər əhatə edir. Misirin güclü orduya, güclü aviasiyaya malik olmasına, ABŞ-dan hər il yardımlar almasına baxmayaraq, Qahirənin Sinayda aparacağı antiterror əməliyyatları lazımi effekt vermir. Vəzyyət sabiq prezidentlər Hüsni Mübarəkin və Məhəmməd Mursinin müvafiq olaraq, 2011 və 2013-cü illərdə həbs olunmalarından sonra daha da ağırlaşıb. İslamçıların dağ rayonlarından sıxışdırılaraq yarımadaya qovulması mümkün olmur. Qahirə Qəzza və Liviya ilə sərhədləri tam bağlaya bilmir. Halbuki, bu sərhəddən müxtəlif silah-sursat, həmçinin daşınan raket-zenit kompleksləri və tankəleyhinə komplekslər daşınır. Nəticədə, darmadağın edilmiş qruplaşmalar hər dəfə yenidən dirçələ bilir. Elə noyabrın 12-də Şimali Sinay əyalətinin Əl-Ariş şəhərində təşkil olunmuş hücumda 9 nəfər həlak olub. Terrorçular polis məntəqəsinə hücum etsələr də, yaşayış evi hədəfə çevrilib. Bununla yanaşı, Sinay terrorçuları Misirin daha bir ciddi gəlir mənbəyi üçün təhlükədir. Söhbət Süveyş kanalından gedir. Yarımadada, xüsusilə onun şimal hissəsində yaraqlıların güclənməsi İsrail üçün birbaşa təhlükədir. Hər halda, "Ansar Beyt əl-Mekdam" Misirdən İsrailə gedən qaz kəmərində diversiya törədib, Eylatı atəşə tutub, İsrail ərazisinə belə soxulub.

 

P.S. əvəzi...

Sinay barədə danışarkən, bir məqamı yada salmamaq olmur - 1979-cu ildən yarımadada BMT sülhməramlıları xidmət aparır. Onların işi Misirlə İsrail arasında əldə olunmuş razılaşmaya əməl edilməsini nəzarətdə saxlamaqdır. Sülhməramlı missiyaya 1600-dan artıq adam cəlb olunub. Bu, Avstraliya, Böyük Britaniya, Kanada və ABŞ da daxil olmaqla, 12 ölkə nümayəndələridir. Bu yaxınlarda isə Pentaqon Sinay yarımadasına daha 75 hərbçi göndərib. Məqsəd terrorçuların hücumlarından əziyyət çəkən sülhməramlı kontingentin mühafizəsini gücləndirməkdir. Müdafiəsinə, saxlanılmasına, təchizatına ehtiyac olan sülhməramlılar (bu arada terrorla mübarizə aparan Misir ordusu yarımadada infrastrukturun zəifliyindən şikayətçidir) terrora qarşı beynəlxalq müqavimətin effektivsizliyinin göstəricisidir. Buradan yalnız bir dəqiq qənaətə gəlmək olar: Rusiya təyyarəsinin sərnişinləri, güman ki, dinc əhali və turistlər arasında son qurban deyil...



MƏSLƏHƏT GÖR:

501