18 May 2024

Şənbə, 09:57

ERMƏNİ "SUVERENLİYİ"

Ölkə vətəndaşlarının yarıdan çoxu ondan imtina etməyə hazırdır

Müəllif:

17.11.2015

Sovet dövrünə aid siyasi lətifələr arasında bəzən maraqlı istehza və yumorun olduğu lətifələrə də rast gəlinir: SSRİ Afrikanın yoxsul ölkələrindən birinə yardımı dayandırır. Həmin dövlətin rəhbəri hökumətinin iclas zalına daxil olur, tərəfdarlarına baxır və deyir: "Yoldaşlar, ölkəni saxlamaq üçün heç nəyimiz yoxdur. Təkliflərinizi verin". Müdafiə naziri deyir: "Gəlin, Amerikaya müharibə elan edək!". Prezident şok içərisində "Axı uduzacağıq?!". Nazir "Doğrudur, uduzacağıq. Odur ki, müharibə elan edək və dərhal təslim olaq. Onlar əsirləri dolandırmağa məcbur olacaqlar!". Bu, əlbəttə ki, "hədəfi" gülüş yaratmaq olan lətifədir. Bugünkü Ermənistanda isə onabənzər real süjet yaşanmaqdadır.

"GALLUP International Association" təşkilatının bu ilin sentyabrında Ermənistan əhalisi arasında apardığı sorğu göstərib ki, onların 54,4%-i respublikanın Rusiyaya birləşməsini arzulayır. Rəyi soruşulanların yalnız 29,9%-i Ermənistanın dünyanın heç bir ölkəsinə qoşulmasını qəbul etmir. Daha 11,1% respondent Ermənistanı Aİ üzvü kimi görmək istəyir.

Bu sensasiyanın ekspertlər üçün gözlənilən olub-olmadığı barədə mübahisə edə bilərik. Sorğu zamanı ortaya çıxmış rəqəmlər eyni təşkilatın 1 il əvvəl keçirdiyi başqa sorğunun nəticələri ilə xeyli oxşardır. 2014-cü ilin payızında aparılmış sorğu zamanı respondentlərin, təxminən, 57%-i İrəvanın Gömrük İttifaqına yönəlməsini alqışlamış, yalnız 27% respondent bunun əleyhinə çıxmışdı. Nəhayət, 2013-cü ilin dekabrında bir çox informasiya agentliklərinin, məsələn, "Rosbalt"ın istinad etdiyi "Asiya Plyus" daha bir sorğunun nəticələrini açıqlamışdı. Həmin nəticələrə görə, Ermənistan vətəndaşlarının 66%-i ölkənin SSRİ-dən ayrılmasının faydadan çox zərər gətirdiyini bildirmişdi.

Əslində, "Bitlz"ın "Back to the USSR" hitinin motivinə keçmiş dövrlərə nostalgiya hissi bütün postsovet məkanı üçün xarakterikdir. 

Lakin SSRİ həsrətinin getdikcə artması başqadır, ölkənin müstəqilliyini "elə indi" qurban verməyə, onun başqa dövlətə birləşməsinə hazır olmaq başqa. Görəsən, sorğuda Ermənistanın Fransanın 6-cı xarici departamentinə və ya ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı sual qoyulsaydı, nəticə necə olardı? Vacib olanı başqa məqamdır: Ermənistanda ölkəsinin müstəqilliyindən imtina etməyə hazır olan vətəndaşların sayı həddindən artıq çoxdur.

Ermənistan isteblişmentinin ortaya çıxmış mənzərəyə reaksiyası kifayət qədər xarakterkdir. Sorğunun nəticələrindən şoka düşmüş rəsmilər və hökumətpərəst KİV, sadəcə, onu "görməməyə" üstünlük verib. Müxalifət isə hökuməti satqınlıqda, "kürəyə zərbə vurmaqda" təqsirləndirib. Müxalifətçilər hesab edirlər ki, sorğunun nəticələri "bəzi qara qüvvələr"in sifarişi ilə saxtalaşdırılıb. Lakin sosioloqların məlumatlarını inkar etmək elə də asan məsələ deyil. Bu acınacaqlı nəticələri ortaya çıxarmış sorğu "üz-üzə" üsulu ilə aparılıb və sorğuda peşəsi, cinsi, yaşı, yaşayış yeri müxtəlif olan 1105 vətəndaş iştirak edib. Nəzərə alsaq ki, sorğu hansısa "resurs mərkəzi" tərəfindən yox, kifayət qədər nüfuzlu "GALLUP International Association" tərəfindən keçirilib, onun nəticələrini şübhə altına almaq üçün əsas yoxdur.

Aydındır ki, əhalinin vətənpərvərlikdən bu qədər uzaq düşməsi ciddi şəkildə iqtisadi çətinliklərlə bağlıdır. Elə Ermənistan mətbuatının məlumatına görə, ölkədə yoxsulluq həddi rəsmi olaraq, təxminən, 32% göstərilsə də, əslində, söhbət 40%-dən gedir. Əhalinin əməkqabiliyyətli hissəsinin, təxminən, 20%-i işsizdir. Bununla yanaşı, Ermənstan kəndlərində işsizlik 6, şəhərlərdə isə 25%-ə çatır. Son siyahıyaalma zamanı Ermənistanda əhalinin sayı aşkar şişirtmələrlə, saxtakarlıqlarla 3 milyona çatdırılıb. Lakin onların, ən azı, 300 mini atasız yaşayır. Çünki həmin ailələrin kişiləri qazanc dalınca ölkəni tərk ebilər - əksəriyyət Rusiyadadır.

Bununla yanaşı, söhbət yalnız sosial çatışmazlıqlarda deyil. Ermənistanda işsizlik, yoxsulluq, "əmək miqrasiyası", ailələrin dağılması yaxşılığa doğru dəyişikliklərin baş verəcəyinə inamsızlıqla bağlıdır. Doğrudur, indi ölkədə vəziyyət elektrik enerjisinin olmadığı 90-cı illərdə olduğundan yaxşıdır. Amma İrəvanda əksəriyyəti qorxutmuş "Elektromaydan" ərəfəsində "Ermənistan elektrik şəbəkələri" təmsilçilərinin səsləndirdikləri xəbərdarlığı, yəqin ki, çoxları xatırlayır: enerji sahəsinə ciddi kapital yatırılmasa, artıq yaxın zamanlarda işıqların kəsilməsi yenidən reallığa çevrilə bilər. İstənilən halda, ölkədə vəziyyət planlı şəkildə pisliyə doğru dəyişir. İrəvanın Aİİ-yə qoşulması hər hansı müsbət nəticə verməyib. Bundan başqa, artıq Ermənistan əhalisi arasında gələcəyini bu ölkə ilə bağlamaq istəməyənlərin sayı daha çoxdur. Və bu, əslində, vətənpərvərliyin çatışmazlığından çox, Ermənistanda dövlətçiliyin qurulması zamanı yol verilmiş fundamental yanlışlıqların nəticəsidir. Ermənistanda bir şeyi yaxşı dərk edirlər: ölkə müstəqil dövlət ola bilməyib. İrəvan oxşar vəziyyətin Ermənistandan kənarda müşahidə olunduğu vaxt məsələyə etinasız yanaşırdı. İndi isə sorğunun şok nəticələri vəziyyətin tam fərqli olduğunu ortaya çıxarıb. Azərbaycan və Türkiyə ilə münasibətləri tam korlamış Ermənistan regionun iqtisadi həyatından "kənara atılıb". Normal iqtisadiyyat qura bilməməsi isə onun nəzəri baxımdan belə, dövlət kimi formalaşmasına imkan verməyib. İctimai inkişaf qanunlarını isə heç kəs ləğv etməyib.

Bununla yanaşı, deyəsən, Ermənistan dövlətçiliyindəki böhran göründüyündən daha əvvəl - hələ Birinci Dünya müharibəsi ərəfəsində başlayıb. Hələ o zaman erməni dairələri Türkiyə torpaqlarında "Qərbi Ermənistan" qurmaq arzusu ilə yaşayırdılar. O zaman türk ordusunun arxasında qiyam, yerli türk əhalisinin qətliamı, Türkiyənin 6 vilayətində erməni dövlətinin yaradılmasını nəzərdə tutan Serv müqaviləsi və... birdən-birə hər şey alt-üst oldu... Əlbəttə ki, Türkiyənin müstəqillik savaşından qalib ayrılmasında, Sver müqaviləsinin Lozan razılaşması ilə əvəzlənməsindən sonra, bir çox erməni lideri özünü, sözün əsl mənasında, aldanmış sayırdı. Sağlamdüşüncəli siyasətçilər isə anlayırdılar ki, Lozanna razılaşmasının əldə edilməsindən sonra, "Araratın qaytarılması" və "Qərbi Ermənistan" haqqında iddiaları unutmaq lazımdır. Lakin erməni siyasi işbazları artıq o dövrdə virtual "Qərbi Ermənistan" həsrəti, Ağrı Dağın, Vanın və s. qaytarılması arzusu üzərindən pul qazanmağa başlamışdılar. Avropa və ABŞ-da müxtəlif "milli komitələr", "federasiyalar" yaradılmışdı. Onlar son dərəcə fəal şəkildə ianələr toplayır, "elmi tədqiqatlar"ı maliyyələşdirir, öz qəzetlərini təsis edir, seçki fondlarına maliyyə ayırırdılar. Diaspora ciddi-cəhdlə "soyqırımı qurbanları"nı anır, hər tərəfə "Böyük Ermənistan" xəritələrini, "Ararat"ın şəkillərini asırdı. Halbuki, onlar Sver müqaviləsinə əsasən, hansı torpaqların Ermənistana məxsus olduğunu bilirdilər. Diasporun bu fəallığı nəticəsində, sanki müstəqil erməni "siyasi təfəkkürü" inkişaf etmişdi. Lakin müstəqil Ermənistan mövcud deyildi. "Peşəkar erməni vətənpərvərləri" Avropa ölkələrində, Amerikada konkret, ciddi probemlər həll etməli olmurdular. Ermənistanda pensiyanın nə qədər olması, çörəyin qiyməti və "erməni işi" ilə bağlı növbəti addımdan sonra, bu rəqəmlərin necə dəyişəcəyi onları maraqlandırmırdı.

Sovet Ermənistanında da "diaspora məlumatları"nı hərisliklə güdüblər. Həmin dövrdə onlar mətbəxdə sərhədlərin haradan keçməli olduğunu müzakirə edir, sərhəddəki tikanlı məftillərin arxasında Aninin xarabalıqlarına baxır və özlərinə bu sualı vermirdilər ki, "Bütün bunlar real həyata necə təsir göstərəcək?". Sisernakaberd dağında "erməni soyqırımı" abidəsinin inşa edilib-edilməməsindən asılı olmayaraq, SSRİ-nin tərkibindəki Ermənistan istər Bakı neftindən, istərsə də Yakutiya almazından öz "pay"ını alırdı.

Lakin 1991-ci ildə SSRİ-nin dağılması və dünya xəritəsində müstəqil Ermənistanın peyda olması ilə vəziyyət köklü şəkildə dəyişdi. İndi Ermənistan öz gücünə yaşamalı idi. O dövrün erməni liderlərində işğal olunmuş Azərbaycan torpaqlarına iddiadan imtina, Türkiyənin sərhədlərinin tanınması üçün cəsarət, siyasi iradə yox idi. Nəticə gözlənildiyi kimi oldu. Ermənilər Azərbaycan və Türkiyə tərəfindən "blokada" ilə üzləşdiklərinə dair fəryad qopara bilərdilər. Lakin bu iniltinin praktiki effekti yox idi.

Bu gün artıq aydındır ki, Ermənistan ümidsizlik içərisindədir və faktiki olaraq, dalana dirənib. Ən başlıcası, İrəvan bundan sonra hansı addımlar atmalı olduğunu bilmir: erməni siyasətinin ənənəvi istiqamətini bir kənara atmaqla, "xəyanət"də ittiham olunmaq, yoxsa...

Bütün bunların fonunda Ermənistan vətəndaşlarının 54%-i çıxış yolunu nədə gördüyünü açıqlayıb: faktiki olaraq, onsuz da mövcud olmayan Ermənistan dövlətçilyindən real imtina!



MƏSLƏHƏT GÖR:

517