5 May 2024

Bazar, 06:18

SƏRHƏDSİZ TERROR

Parisdə törədilmiş terror aktının günahı yalnız terrorçularda deyil

Müəllif:

17.11.2015

Fransada törədilmiş terror aktlarını gözlənilməz saymaq olmaz. Son zamanlar "İslam Dövləti" (İD) qruplaşması fəaliyyətini Suriya və İran ərazisində elan etdiyi "xilafət"dən kənara daşımaq niyyətində olduğunu açıq şəkildə göstərirdi. Hər halda, son dövrlərdə "Yaxın Şərqin Parisi" adlandırılan Beyrutda terror aktı törədilib, oktyabrın 10-da Ankara tarixinin ən böyük terrorunu yaşayıb, Sinay üzərində turistlərlə dolu Rusiya təyyarəsi böyük ehtimalla partladılıb. Noyabrın 12-də isə İtaliya, Norveç, Finlandiya, Böyük Britaniya və İsveçrədə "İD" ilə əlaqələrdə şübhəli bilinən şəxslər həbs olunub.

Bütün bunlara baxmayaraq, Parisdə yaşananlar əsl şok effekti yaradıb. Terrorçuların hücumu son dərəcə miqyaslı, planlaşdırılmış, qanlı və kobud olub. Terrorçuların hədəflərindən birinin Fransa və Almaniyanın futbol üzrə milli komandaları arasında qarşılaşmanın keçirildiyi "Stade de France" stadionunun olduğunu söyləmək kifayətdir. Qeyd edək ki, futbol matçını izləyənlər arasında Fransa Prezidenti Fransua Olland da olub. Xoşbəxtlikdən, idman tədbiri ciddi tələfatlar olmadan başa çatıb, dövlət başçısı da heç bir xəsarət almayıb.

Paralel olaraq terrorçular Fransa paytaxtının bir neçə restoranının qarşısında insanları atəşə tutublar. Onlar Volter bulvarında partlayış törədiblər. Ən dəhşətli qətliam isə "Bataklan" teatrında keçirilən rok konserti zamanı baş verib. Terrorçuların teatra hücumu 132 nəfərin ölümünə, təxminən, 300 insanın yaralanmasına səbəb olub. Yaralılar arasında onlarca insanın durumu ağırdır. Terror qurbanları yalnız Fransa vətəndaşları deyil. Belçika, Rumıniya, İsveç, ABŞ, İspaniya, Əlcəzair, Meksika kimi ölkələrin vətəndaşları da qurbanlar sırasındadırlar. Terror aktından bir neçə saat sonra, Fransa sərhədlərini tam bağlayıb, bütünlükdə ölkə ərazisində fövqəladə vəziyyət elan olunub. Noyabrın 14-də və sonrakı gün bir çox ölkədə gərginlik davam edib - hər yandan bomba quraşdırıldığına, atışma başladığına dair yalan məlumatlar yayılıb. Polis və xüsusi xidmət orqanları miqyaslı reydlərə başlayıb.

"İD" isə baş verənlərə görə məsuliyyəti dərhal üzərinə götürüb. Qruplaşma bəyan edib ki, "indi fransızların öz 11 Sentyabrı var". Onlar baş verənlərin Suriyada üzləşdiklərinə görə qisas olduğunu da bildirirlər.

Hazırda istintaq terror aktlarını bilavasitə həyata keçirmiş şəxslərin şəxsiyyətini müəyyənləşdirməklə məşğuldur. Hadisələr zamanı 8 terrorçunun öldüyü məlumdur. Onlardan 7-si özü-özünü partladıb, 1 terrorçu polis tərəfindən məhv edilib. Qaçmağa nail olmuş daha bir nəfər isə Fransa ilə qonşu olan Belçika və İspaniyada axtarılır. Şahidlərin sözlərinə görə, terrorçular heç bir ləhcə olmadan fransızca danışan gənclər idi. Qərb KİV-in məlumatına görə, yaraqlıların, ən azı, biri Fransa vətəndaşı olub. Onların əksəriyyətinin Suriya ilə əlaqədə olduğu, müəyyən müddət Suriyada yaşadığı deyilir. Bir terrorçu isə Fransaya, böyük ehtimalla, qaçqın qismində gəlib. Serbiyanın "Blic" qəzeti xəbər verir ki, terror aktının mümkün təşkilatçısı Suriya vətəndaşı Əhməd Əlməhəmməddir. Qəzetin yazdığına görə, o, oktyabrın 3-də Yunanıstanda olub, daha sonra Makedoniya vasitəsilə Serbiyaya üz tutub.

Terrorçuların Aİ ərazisində qaçqınlarla birgə daxil ola biləcəklərinə dair versiya gündəmə gəlməyə bilməzdi. İndi bu, Avropanın miqrant problemini tamamilə yeni, daha təhlükəli müstəviyə keçirib. Birləşmiş "Köhnə Qitə"nin rəhbərləri Yaxın Şərq və Məğribdən gəlmiş çağırılmamış qonaqlara qarşı zorakılığa, islamofobiyaya yol verməmək üçün mümkün olan və olmayan hər şeyi etməlidirlər. Parisdə törədilmiş terror aktlarından dərhal sonra, Fransanın şimalında, Kale şəhərindəki qaçqın şəhərciyində 40 çadırın alovlandığına dair xəbərlər yayılıb. Hökumət bunun məqsədli şəkildə törədilmiş yanğın olduğunu təsdiqləməyib. Lakin hadisələrin ardıcıllığı istər-istəməz müəyyən narahatlıqlara səbəb olub. Narahatlıq yaradan daha bir məqam durmadan Aİ-yə axışan insanların qışda hansı durumla üzləşəcəkləridir. Polşa rəhbərliyi Parisdə törədilənlərlə əlaqədar olaraq, bundan sonra qaçqınların ölkəyə buraxılmayacağını bəyan edib. Çexiya isə bir sıra digər Aİ üzvləri ilə birlikdə, sərhədlərin qapadılmasının vacibliyini bir daha bəyan edib. Angela Merkelin iradəsinin əksinə olaraq, Almaniyanın da yaşananlardan nəticə çıxaracağını gözləmək olar. Bundan başqa, yəqin ki, indi bütünlükdə Aİ-də qatı sağçı partiyaların populyarlığı sürətlə artacaq. Fransada yaxın zamanlarda keçiriləcək regional seçki Marin Le Penin və başçılıq etdiyi "Milli Cəbhə"nin əlavə xal toplamasına yol aça bilər. Lakin indi ən çox şansı olan Fransanın Respublikaçılar Partiyasının lideri, sabiq prezident Nikola Sarkozidir. Onun miqrasiya və terror probleminin sərt yolla həllinə tərəfdar olduğu hər kəsə bəllidir. Bununla yanaşı, indi siyasi intriqalar üçün heç də əlverişli dövr deyil. Bütünlükdə, Avropa İttifaqında olduğu kimi, Fransa xalqına da ümumi hədəflərə nail olunması üçün xeyli səy və kompromisə eynilik tələb ediləcək.

Bu, ümumiyyətlə, bütünlükdə dünya birliyinin işinə yarıya bilər. Olland Parisdə baş verənləri "müharibə aktı", Putin "sivilizasiyaya meydan oxuma" adlandırıb. ABŞ-ın dövlət katibi Con Kerri isə baş verənləri "orta əsrlər dövrünün və yeni faşizmin qarışığı" sayır. Bu fikirlərə etiraz etmək mümkün deyil. Həqiqətən də, hazırda bir neçə min nəfər milyonlarla insanı vahimə içərisində saxlayır. Çünki bənzər hadisənin nə vaxt və harada təkrarlana biləcəyini heç kəs bilmir. Terrorçular son illərdə dünyanın siyasi elitası arasında, BMT TŞ-dəki dərin anlaşılmazlıqlardan lazımınca istifadə edirlər. Diplomatların razılığa gəlməyə çalışdıqları vaxtda terrorçular teatra toplaşmış insanları atəşə tutur, istirahətdən qayıdan turistləri partladır.

Beynəlxaq terrorçuluğa qarşı savaş artıq ikinci onillikdir, davam edir. Lakin bu dövrdə terror təhlükəsi nəinki azalmayıb, hətta bəlkə daha da artıb. Əslində, insan ən yeni ağrını ən ağır ağrı kimi qəbul edir. Halbuki, Parisdən əvvəl London, Madrid, Boston, dəfələrlə Moskvada bənzər terror aktları törədilib. 11 Sentyabr terroru isə ayrıca söhbət mövzusudur. Və Qərb ölkələrində terrorçular, sadəcə, zaman-zaman həmlələr edirsə, Yaxın Şərq ölkələrində bu, çoxdan adi gündəlik hadisəyə çevrilib. Bunu xəbərlərdən, siyasətdən uzaq insanların belə, görməməsi çətindir.

Paris faciəsindən dərhal sonra, sosial şəbəkələrdə istifadəçilər profil şəklini Fransa bayrağı ilə bəzəyərək, "Fransa xalqı ilə həmrəylik, terror qurbanlarının xatirəsinə ehtiram" nümayiş etdirənlərə və bunu etməyənlərə bölünüblər. Sonuncular deyirlər ki, onların bu addımı atmamalarının səbəbi heç də baş verənlərdən məyus olmamaları deyil: nədən dünya birliyi İraq, Suriya, Əfqanıstanda, az qala, hər gün törədilən terror aktlarını sakit qarşılayır, eyni hadisənin Qərbdə baş verməsi isə onlarda şok yaradır? Axı Parisdə törədilmiş terrordan cəmi bir gün əvvəl Beyrutda törədilmiş terror aktı 43 nəfərin həyatına son qoymuşdu. Daha bir problem ondadır ki, məhz bu "gündəlik terror"dan qaçan yüzminlərlə suriyalı, iraqlı, liviyalı, əfqan Avropaya üz tutur və əksər avropalı terrorda məhz bu insanları günahlandırır. Nəticədə, sanki qapalı bir dairə əmələ gəlir. Bu dairəni yarmaq üçün bir şeyi dərk etmək vacibdir - indi Avropanın təhlükəsizliyi Yaxın Şərqdə baş verənlərlə sıx bağlıdır. Bu faktın dərk edilməsi çox vacibdir.

Qeyd olunan fakt, nəhayət, "doğmalar"la "düşmənlər"i bir-birindən ayırmağa kömək etməlidir. Bunsuz isə terrorla mübarizə aparmaq mümkün deyil. Qarışıqlıqda kimdən ehtiyatlanmağın, kimə yardım göstərməyin lazım olduğunu anlamaq çətindir. Bu halda terrorçu özünü dinc, bəxtsiz qaçqın kimi göstərə, Fransa vətəndaşlığı olan insan isə özünü "islam xilafəti"nə sadiq şəxs saya bilir. Belə vəziyyətdə yaraqlılar "mötədil" və "radikal" kimi dərəcələrə bölünür. Nəticədə, ən güclü təhlükəsizlik sisteminin belə, "çat" verəcəyi istisna deyil. Odur ki, "Charlie Hebdo" həftəliyinin redaksiyasında törədilmiş terror aktından sonra, təhlükəsizlik tədbirlərini gücləndirmiş Fransanın 31 noyabr hadisələrini önləyə bilməməsi heç də təəccüblü görünmür. Axı indi kimliyi bəlli olan düşmənin konkret nəyə nail olmaq istədiyi dəqiq məlum deyil. "İD" miqyaslı hücuma başlayır, yoxsa, sadəcə, öz imkanlarını nümayiş etdirir? Belə bir fikir var ki, bu, terrorçuların zəifliyinin, Suriya, İraqda son məğlubiyyətlərdən, Avropa və Türkiyədə həyata keçirilmiş həbslərdən ümidsiz vəziy yətə düşdüklərinin göstəricisidir. Belə olan təqdirdə, Fransada törədilmiş terror aktları sanki bir mesajdır: "Yaxın Şərqdə bizi sıxsanız, Avropaya üz tutacağıq".

Bununla yanaşı, qruplaşmanın ən fanatik rəhbərləri belə, Avropanı ələ keçirmək iqtidarında olmadıqlarını anlamaya bilməz. Onlar bilirlər ki, NATO ölkələrini, Rusiyanı, İranı Suriya və İraqda "İD" ilə savaşdan çəkilməyə məcbur edə bilməzlər. Axı onların əməlləri bunun əksinə yol açır. Məsələn, artıq noyabrın 15-də Fransa HHQ İD-nin Suriyadakı paytaxtı sayılan Rakkaya kütləvi aviazərbələr endirib. "Şarl de Qoll" təyyarədaşıyan gəmisi isə Fras körfəzinə doğru hərəkətə başlayıb.

Rusiyanın da "İD" ilə mübarizədən imtina edəcəyi gözlənilmir. Bundan başqa, Paris qətliamından sonra ABŞ, yəqin ki, "İD" ilə mübarizə koalisiyasında iştirakını artıracaq. Vaşinqton artıq bəyan edib ki, o, bu işdə Parislə koordinasiyasını gücləndirmək niyyətindədir.

Daha bir vacib məqam: terror aktlarından sonrakı ilk günlərdə dünya liderləri, demək olar ki, daim danışıqlar masası arxasında olublar. Onlar əvvəlcə Vyana, sonra Türkiyənin Antalya şəhərində bir araya gəliblər. Bu görüşlərin əvvəlcədən planlaşdırılmasına, terrorçuların Parisdəki partlayışları məhz "G20" toplantısına "həsr etdiyinə" dair versiyanın mövcudluğuna baxmayaraq, liderlərin bir araya gəlmələri müəyyən ümidlər yaradır. Dialoq davam etdirilməlidir. Çünki Suriya böhranı çözülmədən, Yaxın Şərqin ümumi problemləri ilə bağlı ortaq məxrəcə gəlinmədən, Avropanın miqrant problemini həll etmədən terrorçuluqla effektiv mübarizə aparmaq son dərəcə çətin, bəlkə də mümkünsüzdür. Vyanada, təxminən, 20 dövlətin XİN başçısının, həmçinin ƏDL, İƏT və AŞ təmsilçilərinin iştirakı ilə aparılmış danışıqların ikinci raundunda Suriyadan ilyarım sonra seçkinin təşkili haqqında razılığa gəlinib. Razılaşmaya əsasən, orada Keçid Hökuməti yarım il ərzində formalaşdırılmalı, bu dövrdə isə ölkənin yeni Konstitusiyası hazırlanmalıdır. Tərəflər Suriya və İraqda fəaliyyətdə olan terror təşkilatlarının siyahısını detallarınadək müzakirə edib, "İD" və "Cabhat-ən-Nusranı" yekdilliklə belə təşkilatlara aid ediblər. Dünyada fəaliyyət göstərən terror təşkilatlarının siyahısının hazırlanması İordaniyaya həvalə edilib.

"Antalyada keçirilmiş sammit beynəlxalq terrorçuluqla mübarizədə dönüş anı olmalıdır". Bunu isə "Böyük iyirmilik" sammitinə ev sahibliyi edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan noyabrın 15-16-da Türkiyənin Belek əyalətində təşkil olunmuş sammit zamanı verdiyi açıqlamada vurğulayıb ki, "İqtisadiyyatla təhlükəsizlk bir-biri ilə, həmçinin insan həyatı ilə bağlı məsələlərdir". Prezident hesab edir ki, Fransada törədilmiş son hadisələr bunu bir daha sübut edib.

"G20" sammiti Ankara və Parisdə törədilmiş terror aktları nəticəsində həlak olmuş insanların xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ankarada keçirilən "Böyük iyirmilik" sammitinin önəmini artıran məqamlardan biri də sammit çərçivəsində müxtəlif formatda danışıqların aparılmasıdır. Hər halda, indiki şəraitdə dünya liderlərinin istənilən məsələdə ortaq məxrəcə gəlmələri "İD" ilə mübarizə kontekstində irəli atılmış addım sayıla bilər. Proqnozların əksinə olaraq, Antalyada Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obama da görüşüblər. Görüşün nəticələri ilə bağlı KİV-də yer almış məlumatlar Vyana razılaşmasını bir daha təsdiqləyib. Tərəflər Suriyada siyasi dəyişikliklərin vacib olduğuna, bu zaman əsas rolu "suriyalıların oynamasının vacibliyi"nə dair razılığa gəliblər.

Ümumilikdə isə "G20" iştirakçıları və görüşün qonaqları terrorun maliyyələşdirildiyi kanallarının bağlanması, ekstremistlərə sərhədləri aşmaq imkanının verilməməsi üçün koordinasiyanın, informasiya mübadiləsinin gücləndirilməsi qərarına gəliblər. İndi sərhəd nəzarətinə və aviasiya təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Ümid edək ki, Ərdoğanın sözləri müəyyən mənada "peyğəmbərcəsinə söylənmiş" sözlərə çevriləcək. Terrorla mübarizədə dönüş anı yenilənmiş beynəlxalq təhlükəsizlik strukturunun yaradılmasına da yol açmalıdır. Parisdə yaşananlara bənzər faciələrin, münaqişələrin birbaşa və dolayı günahkarı həm də köhnə formatdır.



MƏSLƏHƏT GÖR:

421