18 May 2024

Şənbə, 20:43

BƏŞƏRİ NİZAMİ

"Yeddi gözəl"in Litva səhnəsində nümayişi bu dahi əsərin bütün dünyada dramatik "yürüş"ə başlamasına təkan ola bilər

Müəllif:

24.11.2015

Sanki bu yaxınlarda Rus Dram Teatrının səhnəsində Nizaminin "Yeddi gözəl" poeması əsasında qoyulan eyniadlı premyera tamaşasının alqışları hələ də səngiməyib. Və cari ilin noyabr ayının lap əvvəlində Litvanın (Vilnüs) Rus Dram Teatrında tamaşaçının diqqətinə bu tamaşanın yeni versiyası təqdim olundu. Hər iki tamaşanın müəllifi Yonas Vaytkusdur. Əgər Bakı tamaşasında quruluşçu qrupa Litvadan olan rəssam və bəstəkarlar daxil idisə, Litva interpretasiyasında bu tamaşada xoreoqraf rolunda çıxış edən Tahir Eynullayev iştirak edib.

 

Nizami dram səhnəsində

Vilnüs premyerası təsadüfən dünya premyerası adlandırılmayıb. Heç vaxt və heç yerdə Nizaminin yaradıcılığı dram səhnəsinə uyğunlaşdırılmayıb. İlk dəfə bu, bizdə Bakıda və bu dəfə isə Vilnüsdə baş verdi. Tamaşanın müəllifi ikinci tamaşa versiyasında özünü təkrarlamır. Azərbaycan və Litva versiyaları - epik-oyun teatrı stilistikasında qurulan iki tamamilə fərqli hekayələrdir. Bakılılarda bu, planetar miqyada olan hekayədir. Burada İslamın rəsmi dini ilə bir qədər toqquşan sufizm fəlsəfəsi ön plana çıxır, Nizaminin fikir və ideyasının araşdırılması üçün açar rolunu oynayır. Hadisələri hərəkətə gətirən Bəhramın ardınca paltarlarının rəngini dəyişdirən dərvişlərdir. İnsanlara isə müdrik fikirlər və vəhyləri ötürməli olan bələdçi kimi, Nizami ilə mütəmadi olaraq əlaqəyə daxil olan Cəbrayıl (ə) nəzarət edir. Səhnə tərtibatı da hadisənin planetar miqyasda olmasına mühit yaradır. Litvalıların quruluşu isə tamamilə fərqlidir. Vaytkus yer və səma personajlarını qarışdıraraq, planetar ümumiləşmədən konkret hekayəyə keçir. Əgər bakılılarda Bəhram və yeddi gözəl barədə hekayəni birbaşa zaldan peyda olan və kisəsindən karton kuklalar çıxararaq, Bəhram barədə hekayəni danışmağa başlayan Nizami (AR Əməkdar artisti Fuad Osmanov) aparırsa, litvalılarda hekayəyə Cəbrayıl (ə) başlayır. İndi isə onun gözləri və onun bilavasitə iştirakı ilə biz Bəhramın yeddi gözəl ilə keçməli olduğu bütün hekayələri görəcəyik. Quruluşçu rejissor hekayəni insan dünyasını dolduran səslərin polifoniyasına çevirir. Tamaşanın quruluşunun ideyasını yeddi rəqəm təşkil edir. Yeddi Tibet kasası, yeddi dərviş, yeddi nağılvari hekayə və yeddi gözəl. Lakin onların hər biri 10-70 yaş arasında təqdim olunub. Hər birini də həyatın müxtəlif dövrləri ilə bağlı olan zaman kəsiyində görə biləcəyik: qız uşağı, yetkin qız, cavan qadın, yaşa dolmuş qadın (Nizami poemasında yeddi rəqəminin mənası barədə daha ətraflı məlumatı Aydın Talıbzadənin "Ulduz məclisin sahibi" elmi məqaləsindən öyrənmək olar - müəllif).

 

Tamaşa və teatr barədə

Tamaşanın lap əvvəlində biz üfüq xəttinə doğru əks-perspektivə yönələn yeddi Tibet kasasını və kasalardan səs vibrasiyaları çıxararaq, onları insanların dünyasına yollayan Cəbrayılı (ə) görürük. O, dünya polifoniyası barədə ali ideyanın bələdçisi, insanlarla bağlı baş verən bütün hadisələrin bilavasitə iştirakçısıdır. Tamaşaboyu Cəbrayıl hekayədə müxtəlif mühit yaradan müxtəlif əcaib musiqi alətlərindən qəşəng səslər çıxararaq səhnədən getmir. Nizaminin "Yeddi gözəl" poemasında gizlənən fəlsəfi fikri Yonas Vaytkus tamaşasında güclü polifoniya səsi əldə edir. Aktyorların dramatik və plastik oyunu, rejissorun quruluşçu fikirlərinə tamaşanı canlı və çox aktual edən həcm verir. O, insanın əxlaqi seçimi, onun mənəvi məqsədləri, Tanrı və insanlar qarşısında etdiklərinə görə məsuliyyəti, başçı və onun təbəəsi kimi sosial kompozisiyanın strukturunda əlaqələrlə bağlı olan problemləri nəzərdən keçirir. Ona görə də tamaşada kütləvi səhnələr bu cür çox emosionaldır: Bəhramın və xalqın ünsiyyət səhnəsi. Söz düşmüşkən, bu teatrda bütün aktyorlar öz səsləri ilə oxuyurlar. Baş rejissor heç bir fonoqram qəbul etmir. Ona görə də həftədə iki dəfə məcburi şəkildə truppanın tam heyəti vokal dərslərinə gedir. İki dəfə də dəzgah qarşısında dərslərə. Heç kimə güzəşt edilmir. Yaş həddi də yoxdur. Aktyor həm bədəninə, həm də səsinə sahib olmalıdır. Həm də çox yaxşı şəkildə. Bu, yazılmış həqiqətdir. Güclü qaydadır. Rejissor özü də aktyorlarla təlimlərdə iştirak edir. Onları arxayınlaşmağa və əldə etdikləri uğurlara kifayətlənməyə imkan vermir. Öz üzərində daim çalışmasan, istənilən uğur bir anlıq ola bilər. Bu, teatrda polad qaydadır və heç kim ona şübhə etmir. Odur ki, bütün kollektiv 20-dən 60 yaşına qədər - hər bir kəs möhtəşəm peşəkar formadadır. Onlar məmnuniyyətlə teatra qaçırlar, çünki orada, hətta kiçik uğurdan sevinc yaradan yaradıcılıq mühiti var.

 

Nizami "mirvariləri düzən" deməkdir

Nizamiyə gəlincə o, haqlı olaraq Avropa səhnəsində öz yerini tutub. Bakının teatr səhnələrində ilk dəfə nümayiş olunan "Yeddi gözəl" uzaq Avropa səyahətinə yollandı. Dram teatrında yeni həyat qazanmaq üçün yola çıxdı. Çox güman ki, onları Litva rus teatrının bu yaxınlarda səfər edəcəkləri Belarusun tamaşaçıları da görəcəklər. Dahi Nizami XXI əsrdə yeni həyat qazanmalıdır. Əgər biz səy göstərsək, onun dühası bəşəriyyətə çoxdan unudulmuş vəyhlər bağışlayaraq, parlaq ulduz kimi işıq saçacaq, Litva tamaşasının finalı isə doğru çıxacaq.

Boş səhnədə, tam sükut içində, yuxarıdan tökülən qum axını altında rəqs edən dərviş fırlanır. Qum başına, qollarına və çiyinlərinə tökülür. Tökülür və üstünə düşmədən yerdə böyük lay yaradır. Bu, dahinin müdrikliyinin zərrəcikləridir. Onlar əsrlərdə yaşayır və insanlar onları bir-birinə ötürdükcə yaşayacaqlar. İndi isə gələcək nəsillərə bu bilikləri ötürmək üçün bizim növbəmiz çatıb. Təkcə Azərbaycanda deyil. Tükənməyən quyu kimi, onun yaradıcılığından müharibələr və münaqişələr xaosunda batan bugünün bəşəriyyəti üçün bu qədər vacib olan biliklər və dünyanın anlayışını götürmək olar. Nizamidən bir neçə əsr sonra yaşayan Şekspir, öz dahiliyi ilə britaniyalıları şöhrətləndirməklə dünyanın səhnələriboyu səyahət edir. Bizim Nizami də bunlara layiqdir. Məlum olduğu kimi, o da kifayət qədər səhnə üçün yararlıdır. Və onun istənilən əsərini teatr səhnələri üçün uyğunlaşdırmaq mümkündür! Yonas Vaytkus və S.Vurğun adına Rus Dram Teatrının təcrübəsi bunu praktikada təsdiq etdi. Və yaxşı ki, litvalı rejissor Bakının RDT direktoru Ədalət Hacıyevin ideyasını qəbul etdi və Nizami mövzusunu vətənində inkişaf etdirməyə davam etdi. Başlanğıc qoyuldu. Lakin bu istiqamətdə işi davam etdirmək lazımdır! Bakı premyerasından sonra, artıq Nizaminin yaradıcılığında yeni hüdudları müəyyən edən Aydın Talıbzadənin elmi işi yarandı. Bu versiya artıq litvalı rejissoru maraqlandırdı. Kim bilir, ola bilsin, onda "Yeddi gözəl"in üçüncü tamaşa versiyası yaranacaq?! Onu şairin vətənində, Gəncədə nümayiş etdirmək daha yaxşı olardı! Söz düşmüşkən, Nizami dühasına birdəfəlik və dönməz şəkildə vurulan litvalı rejissor özü Gəncədə tamaşanın qoyulması ideyası barədə söz açıb. O, Azərbaycan şairinin əsərlərindən birini şairin vətənində teatr səhnəsində sevinclə canlandırardı! Lakin bu da Nizaminin dünyada məşhurlaşması üçün azdır. Hələ 1940-cı ildə Rusiyanın məşhur şərqşünası Yevgeni Bertels Azərbaycanın dahi şairinin yaradıcılığının daha dərin və dəqiq araşdırmaya ehtiyac duyulduğu barədə fikrini səsləndirib. O, bunu rus tərcüməçilərinin Nizami poemasını fars dilindən rus dilinə tam şəkildə tərcümə edə bilməmələri ilə izah edib. Çünki mətndə şairin sonradan doğma dilində, XII əsrdə Gəncə sakinlərinin istifadə etdiyi Gəncə dialektində yazıldığı yerlər var. O, Azərbaycan alimlərinə bu boşluqları aradan qaldırmaq üçün müraciət edib, çünki əks-halda, dahinin mətnləri rusdilli əhali üçün həmişəlik itəcək. Çox güman ki, elə qalan dünya üçün də. Bir də oxucular üçün şairin əsərləri ilə bağlı lüğət-bələdçi tərtib etmək təklif olunub. Bu, təkcə XII əsrin şairini daha yaxşı anlamaq üçün deyil, həmçinin oxucuların özlərinin biliklərinin artırılması üçün vacibdir. Təəssüf ki, İkinci Dünya müharibəsi başladı. Bu problemlər üçün vaxt yox idi. Beləliklə, bəlkə də indi bizin alim-linqvistlərimiz, Nizami yaradıcılığının araşdırmaçıları bu məsələlərin həlli üçün müraciət edə bilərlər. Və dünya ictimaiyyətinə - könlü istəyən hər kəsin özününküləşdirməyə cəhd etdiyi dahinin yaradıcılığını qaytarardılar. Fakt biabırcasına qəbuledilməzdir! Necə ola bilər ki, Gəncədə doğulan, onun mədəniyyəti əsasında böyüyən, ölümünə qədər onun hüdudlarını bir dəfə də olsun tərk etməyən insan bizim deyil, hər hansı başqa bir mədəniyyətə mənsub ola bilər? 

Bəli, İlyas ibn Yusif Nizami Gəncəvi fars şahının təbəəsi idi və yaxşı təhsil alan insan kimi fars dilini bilirdi. Lakin o, eyni zamanda, çox güman ki, poemalarının yazılmasında kifayət qədər çox istifadə etdiyi doğma dilini də əla bilirdi. Buna İran şahı diqqət yetirib və əsərlərini daha ali, seçilmiş dildə yazmağı təklif edib - yəni fars dilində. Nizami "Yeddi gözəl"də doğma dilindən istifadə edərək, düzgün reaksiya verib. Bu, etiraz idi. Demək olar ki, qiyam. Lakin adı əbəs yerə "mirvariləri düzən" mənasını daşıyan Nizami deyil ki! Şair o qədər məharətlə fars dilinin mətnlərinə doğma dilini hörüb ki, şah etiraz edə bilməyib. Bax, elə həmin fraqmentləri də rus tərcüməçiləri tərcümə edə bilməyiblər. 

 

Sözardı

Alimlərimizə və Nizami yaradıcılığına biganə olmayanlara müraciət edirik. Lütfən, onun mətnlərinin tam versiyasını bütün dünyaya çatdırmaq üçün nəsə edin. Bəlkə də müasir Azərbaycan dilinə uyğunlaşdırılan şairin əsərləri elə Bertelsin dediyi tam versiyadır. Lakin belə olsa da bu, kifayət deyil. Dünya onun mətnlərini rus və ingilis dillərində görməlidir (xatırladaq ki, "R+" ingilis dilində "Leyli və Məcnun" poemasının uşaqlar üçün uyğunlaşdırılmış variantını nəşr edən norveçli entuziast Ranqhild Tori barədə yazıb - müəllif). Lakin kimsə artıq mövcud olan tərcümələri orijinalla müqayisə edibmi? Bəlkə də edib, amma biz bilmirik. İstərdik ki, bu barədə daha çox öyrənək. Məncə, bir çoxuna maraqlıdır ki, o zaman Nizami mətnləri Gəncə dialektində və ya öz xalqının ədəbi dilində danışan qəhrəmanlarının dillərinə köçürəndə nə deyirdi. Birdən onlarda çox qiymətli məlumat var: zaman, şəhər, özü və ya tarixi məqam barədə...



MƏSLƏHƏT GÖR:

426