5 May 2024

Bazar, 21:30

BEYNƏLXALQ SİYASƏTİN YENİ REALLIQLARI

Paris və Misir terrorlarından sonra, "İD" ilə mübarizədə cəmi bir il əvvəl heç kimin ağlından belə, keçirmədiyi yeni ittifaqlar meydana çıxa bilər

Müəllif:

24.11.2015

Parisdə törədilmiş terror aktlarından və Sinay üzərində Rusiyaya məxsus sərnişin təyyarəsinin vurulmasından, həmçinin dünya liderlərinin "G20" sammitində bir araya gəlmələrindən sonra, "İslam Dövləti" (İD) qruplaşmasına qarşı vahid alyansın formalaşdırılacağına ümidlər yaranıb. Əvvəlcə ABŞ ilə Rusiya arasında birləşdirici bəndin Fransa olacağı düşünülsə də, sonradan Fransua Ollandın Kreml və Ağ evlə müxtəlif məna və vaxt paralellərində müzakirə apardığı üzə çıxıb.

Bundan başqa, Fransa ilə ABŞ arasında Rusiyadan kənar, birbaşa aparılan dialoqun özündə müəyyən kontekst qəribəlikləri var. Axı Paris artıq ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyada yer alır. "Foreign Policy" yazır ki, ABŞ 2014-cü ilin avqustundan müttəfiqləri ilə birlikdə "İD"nin mövqelərinə 8 mindən artıq zərbə endirib. Lakin deyəsən, bu, kifayət deyil və indi Paris Vaşinqtondan səyləri artırmasını istəyir. Üstəlik bu, yalnız Parisin istəyi deyil. "The Guardian" yazır ki, avropalı diplomatlar Obama administrasiyasına daha bir "şikayət"lərini çatdırmağa çalışırlar: Yaxın Şərqdəki xaos üzündən baş qaldırmış miqrasiya böhranı Avropada sabitliyi pozur. Amerikalılar isə hələlik, daha çox eyni vəziyyətin ABŞ-da təkrarlanmasına imkan verməməmk haqqında düşünürlər. Respublikaçıların təklif etdikləri və ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş qanun layihəsi Suriya və İraqdan olan qaçqınların qəbulu ilə bağlı proqramın dayandırılmasını nəzərdə tutur. Axı ölkəyə qaçqın adı ilə "İD" yaraqlıları da girə bilərlər.

Terrorçuların bilavasitə məskunlaşdıqları yerdə məhv edilmələrinə gəlincə, Barak Obama hesab edir ki, Bəşər Əsədin Suriya prezidenti postunda qaldığı müddətdə "İD" üzərində qələbə qazanmaq mümkün deyil. Əsəd isə bunun tam əksini düşünür - nə qədər ki, Suriyanın bir hissəsi terrorçuların nəzarətindədir, problemin Vyana razılaşması əsasında siyasi həlli baş tutmayacaq.

Bu arada Rusiya XİN rəsmisi Mariya Zaxarova Obamanın fikrinə belə cavab verib: "Əsədin hakimiyyətdən gedişi ilə "İD" ilə mübarizənin əlaqələndirilməsi cinayətkar məntiqidir. Bu, dinc vətəndaşları Paris hadisələrinin təkrarlanması təhlükəsi ilə üz-üzə qoyur". Moskva anlayır ki, Əsədin hakimiyyətdən gedişi Rusiyanın Suriyada legitim mövcudluq hüququnu aradan qaldıracaq.

Kreml isə əksinə, Yaxın Şərqdə hərbi mövcudluğunun legitimliyini daha da artırmaq istəyir. Üstəlik, deyəsən, Moskva bu məsələdə yalnız Yaxın Şərqlə kifayətlənmək niyyətində deyil. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sinay üzərində qəzaya uğramış "A321" təyyarəsinin, əslində, vurulduğunu bəyan etməsindən sonra, Putin "təyyarəni partladanların planetin harasında gizlənməsindən asılı olmayaraq, tapılaraq-cəzalandırılacağını" vəd edib. Bu bəyanatdan dərhal sonra, müəyyən paralellər aparanlar tapılıb - uzaq 1999-cu ildə Putin terrorçuların tualetdən belə, çıxarılaraq cəzalandırılacaqlarını bəyan etmişdi.

Lakin bu iki hal arasında bir ciddi fərq var - Kremldən verilən açıqlamalardan belə başa düşülür ki, Rusiya "A321" təyyarəsinə qarşı törədilmiş terror aktı iştirakçılarının axtarışında BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanacaq. Bu, dövlətin öüzünümüdafiə hüququdur. Bunadək Rusiyadan Suriya ərazisində terrorçularla mübarizə aparmasını yalnız Əsəd xahiş edirdi. İndi isə Moskva terror aktının törədilməsində günahkar sayacağı, terrora aidiyyətinin olduğunu düşündüyü istənilən dövlətə zərbə endirmək hüququnu özündə saxlayır. Hər halda, Federasiya Şurasının Rusiya Silahlı Qüvvələrindən xaricdə istifadə edilməsi ilə bağlı 2015-ci il sentyabrın 30-da verdiyi icazədə coğrafi və ya zaman məhdudiyyəti yoxdur. Bundan başqa, FTX günahkarların tapılmasına kömək edəcək şəxsə 50 milyon dollar mükafat vəd edib. Xarici İşlər naziri Sergey Lavrov isə "özünümüdafiə hüququndan bütün mümkün vasitələrlə istifadə olunacağını" bildirib. Nazirin sözlərinə görə, söhbət istər siyasi, istər hərbi, istərsə də xüsusi xidmət orqanları və kəşfiyyat vasitələrindən gedir. Odur ki, yaxın zamanlarda, yəqin ki, söhbət yalnız aviabombalardan yox, həm də xüsusi xidmət orqanlarının "Yandarbiyev Qətərdə", yaxud "qara ərəb"in "zəhərlənməsi" kimi əməliyyatlarından gedəcək.

Maraqlıdır ki, Misir üzərində Rusiya təyyarəsini partlatmış terrorçular haqqında məlumatlar, hələ ki, çox azdırsa, Parisdəki qətliamı təşkil edənlər ya artıq öldürülüb, ya da onların izinə düşülüb.

Bununla yanaşı, bütünlükdə Avropa İttifaqı əvvəlkitək təhlükə qarşısındadır. Olland Parisdə törədilmiş terror aktlarını "müharibə aktı" adlandırıb. Güman ki, o, bu zaman bütün Qərb dünyasının çiyin-çiyinə dayanmalı olduğunu, təhlükənin öhdəsndən birlikdə gəlmənin vacibliyini nəzərdə tutub. Amma Olland, nədənsə, NATO-ya müraciət etməyib. Halbuki, NATO Nizamnaməsinin məşhur 5-ci maddəsi alyans üzvlərindən hər hansına hücumun bütünlükdə bloka hücum sayıldığını bildirir. Avropalı ekspertlər bunu belə əsaslandırırlar ki, fransızlar hər bir hərbi təşəbbüsü blokun ABŞ-dan Türkiyəyədək 27 üzvü ilə razılaşdırmaq məcburiyyətində qalmaq istəmirlər. Bununla yanaşı, ekspertlər Fransa hökumətinin müdrikcəsinə Lissabon müqaviləsinin 42-ci maddəsinə istinad etməsinə diqqət çəkirlər. Həmin maddədə bildirilir ki, Aİ üzvlərindən birinin ərazisinə hücum olunarsa, digər üzvlər bütün mümkün vasitələrdən istifadə edərək ona dəstək verməli, yardım göstərməlidir. İndi Aİ üzvləri Fransaya bütün vasitələrlə, o cümlədən kəşfiyyat məlumatları ilə yardım göstərməlidirlər. Amma bu siyahıda Suriya müharibəsinə rast gəlinir. Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, onlar Berlinin "İD"yə aviazərbələrin endirilməsi əməliyyatında iştirakını məqsədəuyğun saymırlar. Devid Kemeron Nümayəndələr Palatasının Britaniyanın Suriya kampaniyasına qoşulmasına razılıq verməsini istəsə də, mühafizəkarların əksəriyyəti bunun əleyhinədir.

Belə olan şəraitdə, Olland, gözlənildiyi kimi, diqqətini Moskvaya yönəldib. Yəqin ki, o, bu işdə "düşmənimin düşməni məni dostumdur" prinsipinə əsaslanır. Rusiya hazırda Suriyada bütün hərbi imkanlarını nümayiş etdirir. O, yaraqlıları Aralıq dənizindəki sualtı qayıqlardan yeni gözəgörünməz qanadlı raketlərlə bombalayır, hərbi uçuşların sayını artırır, uzaqmənzilli aviasiyanı əməliyyatlara cəlb edir - "TU-22", "TU-95" və "TU-160" strateji bombardmançıları Mozdok və Engelsdəki aerodromlardan havaya qaldırılır. Məlumata görə, Rusiya HDQ-nin Aralıq dənizində, Suriya sahillərindəki qrupu lazım gələcəyi təqdirdə, Şimal və Baltika donanmasının gəmiləri ilə daha da gücləndiriləcək. Artıq Rusiya "İD"nin "xilafət"in paytaxtı sayılan Rakkadakı mövqelərini bombalayır. Fransanın Xarici İşlər naziri Loran Fabiusun sözlərinə görə, Rusiyanın strategiyasındakı bu dəyişiklik Paris tərəfindən "səmim hərəkət" kimi qiymətləndirilib. İndi Rusiya ilə Fransa dənizdə dostluq edir: Şərqi Aralıq dənizində Rusiya HHQ-yə dəstək verən "Moskva" raket kreyserinin yanına, Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisi də göndərilib. Putinlə Olland noyabrın 17-də iki ölkənin hərbi qurumlarının və xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiya edilməsinə dair razılığa gəliblər. Daha sonra onlar Moskvada görüşmək haqqında da razılıq əldə ediblər.

Bu yaxınlaradək Qərb siyasətçiləri Putini "beynəlxalq siyasətin izqoyu" adlandırırdılar. İndi isə Fransa Prezidenti onunla danışıqlar aparmaq üçün Moskvaya gedir. Moskvanın da öz növbəsində, Fransanın Aİ üzvü və ABŞ-ın müttəfiqi kimi, Rusiyaya qarşı sanksiyalar siyasətini dəstəkləməsinə göz yumması təəccüblü deyil. Halbuki, Paris bu siyasəti dəstəkləməklə, Rusiyaya "Mistral" gəmilərinin satışından belə, imtina edib. Bəzi müşahidəçilər hesab edir ki, Rusiyanın Avropa ilə münasibətlərinin düzələcəyi onun başçılığı ilə koalisiyanın yaradılacağı ümidi ilə Ukraynanın 3 milyard dollarlıq borcunun restrukturizasiyasına gedə bilər. Kiyev isə bu jesti qiymətləndirmir. Ukraynanın Baş naziri Arseni Yasenyuk borcun restrukturizasiyası ilə bağlı ümumi prinsiplərin tətbiqində israr edir: "Siz (Rusiya) digər kreditorlardan fərqli şərt almayacaqsınız. Əsas şərt borcun 20% azaldılması, bütün borcların ödənilməsinin 4 il uzadılmasıdır. İstəmirsinizsə, Ukrayna hökuməti Rusiyaya 3 milyard dolların ödənilməsinə moratorium tətbiq edəcək".

Aİ və ABŞ isə Rusiyaya qarşı sanksiyaları genişləndirmək fikrindədir. Məsələnin Aİ-nin dekabrda keçiriləcək sammitində müzakirəyə çıxarılması nəzərdə tutulub. Putin isə bəlkə də dekabrın ortalarında keçiriləcək sammitədək çox şeyin dəyişə biləcəyini düşünür.

Əslində, ABŞ-ın da eyni prinsipə əsaslandığı istisna deyil. BMT Baş Assambleyasının 2014-cü ildə keçirilmiş 69-cu sessiyasında çıxışı zamanı Obama dünya üçün əsas təhlükə kimi, "Ebola virusu, Rusiyanın Avropadakı əməlləri və Suriya və İrandakı terrorçular"ı göstərmişdi. Ondan bir il sonra noyabrın 18-də o, Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sessiyasında gözlənilməz bəyanatla çıxış edib - sən demə o, "Rusiyanın "İD" ilə mübarizəsini hər zaman dəstəkləyibmiş". Bir prezidentin bir il fərqlə səsləndirdiyi iki bəyanatın müqayisəsi göstərir ki, Amerikanın gözləmə taktikası bəhrəsini verir - ebola virusu yox olur, ikinci "təhlükə" isə indi üçüncü "təhlükə" ilə mübarizə aparır. Bunu "İD" yaraqlıları da hiss ediblər. Hər halda, qruplaşmanın jurnalında (!), əslində, onlar üçün uzaq olan Ukrayna problemi ilə bağlı fikirlər yer alıb. İslamçılar hesab edirlər ki, Ukrayna Rusiya ilə Qərb arasında mübarizə meydanıdır. Onda belə çıxır ki, "İD"nin düşmənləri yalnız bu qruplaşma ilə deyil, həm də öz aralarında savaşırlar. Odur ki, cihadçıların Donbasda baş verənəri müşahidə etmələri tamamilə məntiqlidir.

Etiraf etmək lazımdır ki, "İD"nin dediklərində məntiq var. Əvvəllər "xilafət vətəndaşları"nın düşüncəsiz fanatlar, savadsız varvarlar olduğuna dair fikirlər var idisə, indi Qərb dünyası vəziyyətin fərqli olduğunu anlamağa başlayıb: məlum olub ki, onların düşmənləri yalnız silahdan yox, beyinlərindən də kifayət qədər istifadə edə bilirlər. Hər halda bu, belə olmasaydı, cihadçılar dünyanın ən güclü ordularına bu qədər müqavimət göstərə bilməzdilər. 

"The Wall Street Journal" yazır ki, "İD" dünyanın texnoloji baxımdan ən hazırlıqlı qruplaşmasıdır və o, ən bacarıcıqlı hakerlərə sinə gərmək iqtidarındadır. Yaraqlılar sosial şəbəkələrdə müxtəlif dillərdə məlumatlar paylaşırlar. Tarixi məkanları da onlar yalnız qədim tikililərə, artefaktlara kor-koranə nifrətləri üzündən dağıtmırlar. Bu, onlar üçün milyonlar gətirən biznesdir. Axı yaraqlıların ələ keçirdikləri şəhərlərin hamısı zəngin tarixə malik məkanlardır: bu şəhərlərdə qədim sikkələrin, heykəllərin, silahların, pulların, mozaika hissələrinin, zinət əşyalarının və s. saxlandığı muzeylər var. Bu cür trofeyin hər birinin qiyməti on milyonlarla dollardır.

Yaraqlılar ələ keçirdikləri neft üçün alıcıları da kifayət qədər uğurla tapırlar. "La Repubblica" yaraqlıların nəzarətində olan rayonlara kimlərin gedib-çıxmaq imkanı qazandığından yazır. Məlumata görə, neft yataqlarının ətrafında avtosisternlərin növbəsi 6 kilometrədək uzanır. 

Yeri gəlmişkən, noyabrın 18-də Rusiya bombardmançıları bu cür avtosisternlərə qarşı "ova" başlayıb. Onlarla paralel olaraq, Amerika təyyarələri Suriya kampaniyası dövründə ilk dəfə "İD"nin neft sisternlərinə zərbələr endirib. Deyr-əz-Zo əyalətində keçirilən bu cür reyd nəticəsində 116 maşın məhv edilib. Bunadək Amerika hərbçiləri dinc əhali arasında tələfatın yaşana biləcəyindən ehtiyatlanaraq belə aksiyalara əl atmırdı. İndi isə, deyəsən, "İD"nin büdcəsi ilə də ciddi şəkildə "məşğul olmağın" zamanı çatıb. Putin "Böyük iyirmilik" ölkələrinin bu günlərdə Antalyada keçirilmiş sammitində ölkəsinin xüsusi xidmət orqanlarına istinadla deyib: "İD"yə 40 ölkədən maliyyə gedir və onların arasında "G20" ölkələri də var". "Sponsor" ölkələrin adları isə əlbəttə ki, açıqlanmayıb. Aqata Kristinin romanlarında olduğu kimi, "sadəcə, şübhəlilər çoxdur".

Lakin bu bəyanatdan dərhal sonra, KİV-də terrorçuluğun maliyyələşdirilməsində əli olan şəxslərin saxlanıldıqlarına dair məlumatlar yayılıb. AR agentliyinin məlumatına görə, Küveytin Xarici İşlər naziri ekstremist qruplaşma lideri Üsəma Həyatın həbs olunduğunu bəyan edib. Məlumatda bildirilir ki, Həyat "İD" yaraqlılarına göndərmək məqsədilə... Ukraynadan silah-sursat aldığını etiraf edib.

Əlbəttə ki, sadalanan paralellərin təsadüfi xarakter daşıdığını düşünmək olar. Lakin digər yandan, birdəfəyə bu qədər təsadüf ola bilərmi? İnformasiya texnologiyalarının müasir inkişafı beynəlxalq siyasətin faktorlarına heç sərf etmir - hadisələr bir-birini əvəzləyir, KİV və sosial şəbəkələrin auditoriyası isə onları yadda saxlaya və arxivləşdirə bilir... 

Həndəsədə paralel xətlər heç zaman kəsişmir. Siyasətdə isə hər şey mümkündür. Odur ki, ümid hələ də var...



MƏSLƏHƏT GÖR:

475