27 Aprel 2024

Şənbə, 20:07

"RUSTAVİ-2" UĞRUNDA SAVAŞ

Tiflisin ölkədaxili və xarici strategiyası kontekstində Gürcüstanda partiyalararası mübarizə daha da güclənəcək

Müəllif:

24.11.2015

Son həftələr Gürcüstanda vəziyyətin bir qədər də gərginləşdiyi müşahidə olunur. Və qeyd etmək lazımdır ki, Azərbaycana qonşu və dost olan bu ölkədəki daxili proseslər açıq-aşkar geosiyasi səbəblərlə bağlıdır.

Hazırda ölkənin ən populyar telekanallarından olan "Rustavi-2" gürcüdaxili qarşıdurmanın əsas subyektlərindən birinə çevrilib. Hər şey Tiflis Şəhər Məhkəməsinin "Rustavi-2"nin səhmlərinin nəzarət paketinə sahib olan "Sakartvelo" teleşirkətinin mülkiyyətinə həbs qoyulmasına dair oktyabrda qəbul etdiyi qərarla başladı. Belə qərara səbəb isə iş adamı Kibar Xalvaşinin iddiası oldu - 2006-cı ildə teleşirkətdəki payından dövlətin lehinə imtina etmiş sahibkar indi payın geri qaytarılmasını tələb edib. Onun sözlərinə görə, 9 il əvvəl bu paydan Mixail Saakaşvilinin təzyiqləri altında imtina edibmiş. Məhkəmənin hökmü ilə "Rustavi-2"nin indiki sahiblərinin payına da həbs qoyuldu, həmçinin şirkətin maliyyə fəaliyyətinə qismən məhdudiyyət tətbiq edildi.

Noyabrın əvvəlində isə elə həmin məhkəmə teleşirkətin əsasını qoymuş David Dvalini və rəqib "İmedi" telekanalının keçmiş direktoru Revaz Sakevarişvilini "Rustavi-2"yə müvəqqəti rəhbərlər təyin etdi. Bu verdikt telekanal ətrafındakı gərginlikdə bomba partlayışı effekti verdi. Məhkəmə tərəfindən səlahiyyətləri dondurulmuş teleşirkətin baş direktoru Nika Qvaramiya bu qərarı söz azadlığının boğulması və... dövlət çevrilişi kimi qiymətləndirdi. Çünki onun sözlərinə görə, "hakimiyyətin mənimsənilməsi istiqamətində istənilən addım dövlət çevrilişi deməkdir". Səsləndirdiyi bu ittihamı bir az da konkretləşdirən Qvaramiya "hakimiyyəti mənimsəyən" şəxs kimi keçmiş baş nazir, hakim "Gürcü arzusu" partiyasının faktiki lideri Bidzina İvanişvilinin adını çəkdi. 

Elə bu arada Ukrayna KİV-in Gürcüstanın sabiq prezidenti, hazırda Odessa qubernatoru Mixail Saakaşvili ilə adıçəkilən Nika Qvaramiya, Gürcüstanın Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriya, həmçinin tanınmış müğənni Sofo Nicaradze ilə telefon danışığının audioyazısını yayması ilə qarşılıqlı ittihamlar bir az da sərtləşdi. Bu audioyazılar əsl qalmaqala səbəb oldu, çünki orada Gürcüstan hakimiyyəti ilə "Rustavi-2" arasındakı münaqişənin güc müstəvisinə keçəcəyi təqdirdə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi müzakirə olunmuşdu. Saakaşvili "teleşirkətin ərazisinə xüsusitəyinatlıların buraxılmaması üçün" "Rustavi-2"nin qarşısında barrikadaların qurulmasına çağırırdı. Eks-prezident açıq şəkildə bildirirdi ki, hakimiyyətə fiziki müqavimətin göstərilməsi ölkədə inqilaba gətirib-çıxaracaq. 

Bokeriya isə söhbət zamanı Saakaşviliyə özünün "Vahid Milli Hərəkat" Partiyasını (VMH) "Rustavi-2"nin müdafiəsinə cəlb etməyə söz verib. Bu yerdə qeyd etmək lazımdır ki, bundan bir qədər əvvəl KİV-də Saakaşvili ilə Bokeriyanın oktyabrın 22-də İstanbul hava limanında görüşərək, müxalifətçi telekanala dəstək aksiyalarının gedişində Gürcüstanda dövlət çevrilişi cəhdini müzakirə etdikləri haqqında məlumat yayılmışdı. 

Nəhayət, müğənni Sofo Nicaradze ilə söhbətində eks-prezident Gürcüstanda mümkün qırğından danışır. Hərçənd, müğənni xanımın özü bu "məxfi material"ın saxta olduğunu iddia edir.

Təbii ki, Gürcüstan rəhbərliyi hakimiyyətin devrilməsi və dövlət çevrilişinə hazırlıqla bağlı dərhal istintaqa başlayıb. Prezident Georgi Marqvelaşvili bəyan edib ki, ölkədə inqilabi ssenarilərin vaxtı artıq keçib və bu cür prosesləri reallaşdırmaq istəyən şəxslər ictimaiyyətdən və siyasi reallıqdan bixəbərdir. 

Qalmaqalın əsas iştirakçılarından olan Nika Qvaramiya "Rustavi-2"nin ölkədə inqilab yolu ilə hakimiyyət çevrilişi planlaşdırdığına dair ittihamları rədd edib. "Saakaşvili - mənim dostumur. Onun mövqeyi mənim üçün maraqlıdır, amma bu o demək deyil ki, mən onlarla razıyam".

Keçmiş hakim partiya olan VMH də "inqilabi çevriliş"ə hazırlıqla bağlı deyilənləri təkzib edib. Partiyanın parlament fraksiyasının lideri David Bakradze bildirib ki, VMH hakimiyyət uğrunda yalnız qanun çərçivəsində mübarizə aparacaq. "Mən qəti olaraq bəyan etmək istəyirəm ki, biz heç bir zorakılıq planlaşdırmamışıq, planlaşdırmırıq və planlaşdırmayacağıq. Bizim məqsədimiz bu hakimiyyəti qanun çərçivəsində, Konstitusiyaya uyğun olaraq, dinc seçki vasitəsilə "evinə yola salmaqdır", - deyə o bildirib.

Amma Saakaşvilinin əleyhdarlarının radikal qanadı bütün bu bəyanatlara inanmır. Tiflis və bir sıra digər şəhərlərdə VMH-nin bir neçə ofisi basqına məruz qalıb. Müxalifət partiyası hesab edir ki, bu basqınları hakim "Gürcü arzusu" partiyası ilə bağlılığı olan bir qrup gənc həyata keçirib. 

Beləliklə, hazırda Gürcüstanda baş verənlər gələn ilin payızında ölkədə keçiriləcək parlament seçkiləri zamanı gərgin partiyalararası mübarizənin yaşanacağını göstərir. Təsadüfi deyil ki, "Rustavi-2"nin rəhbərliyi indiki siyasi proseslərin hakim qüvvə tərəfindən təşkil edildiyini düşünür və əsas məqsədin 2016-cı il seçkilərinədək teleşirkəti bağlamaq olduğuna əmindir.

Belə görünür ki, gələnilki seçki marafonunun əsas iştirakçıları məhz "Gürcü arzusu" ilə "Vahid Milli Hərəkat" olacaq və bu marafonun sonuclarını proqnozlaşdırmaq olduqca çətindir. Xüsusilə də nəzərə alsaq ki, son sosioloji sorğulara əsasən, keçmiş hakim partiyanın reytinqi "Gürcü arzusu"ndan bir qədər çoxdur. Amma buna səbəb VMŞ-nin öz elektoratını artırması deyil - o, elə əvvəlki səviyyədə qalıb. Məsələ ondadır ki, son bir neçə ayda "Gücü arzusu" tərəfdarlarının 13%-ni itirib və onun reytinqi 24%-dən 11%-ə düşüb. Bu isə o deməkdir ki, Gürcüstanda parlament seçkiləri indi keçirilsəydi, Saakaşvilinin partiyası qalib gələrək, yenidən hakim qüvvəyə çevrilərdi. Bütün bunlar "Gürcü arzusu"nun o qədər də uğurlu olmayan iqtisadi siyasəti, həmçinin hakim komandadakı ziddiyyətlərlə bağlıdır. Məsələn, Prezident Georgi Marqvelaşvili ilə Baş nazir İrakli Qaribaşvili arasındakı qarşıdurmanı, hətta hazırkı gürcü liderlərinin "ağsaqqalı" olan B.İvanişvili belə aradan qaldıra bilmir.

Bu yerdə bir məsələyə diqqət yetirmək lazımdır - "Rustavi-2" teleşirkəti ilə qarşıdurmanın ən qızğın vaxtı Baş nazir müxalifətin ünvanına sərt tənqid və hətta təhqirlərlə çıxış edərək, VMH-i "cinayətkar struktur" adlandırıb. Maraqlısı isə odur ki, ona ilk etiraz edən elə Prezident Marqvelaşvili olub - Prezidentin sözlərinə görə, Baş nazirin bu bəyanatı aranı sakitləşdirmək əvəzinə, daha da gərginləşdirib. Bir sözlə, Marqvelaşvili ilə Qaribaşvili arasındakı ziddiyyətlərin yaxın perspektivdə Gürcüstanın siyasi arenasında əsas hadisələrdən biri olacağı istisna deyil.

Təbii ki, Gürcüstan siyasətindki son olaylar yalnız daxili faktorlarla bağlı deyil. Çünki "Rustavi-2" ətrafındakı qarşıdurma, ifşaedici audioyazıların üzə çıxması və gələnilki parlament seçkilərinə ümumi hazırlıq güclü xarici siyasi faktorların təsiri altında davam edir. 

İlk növbədə, Gürcüstanla Ukrayna arasında münasibətlərə diqqət yetirmək lazımdır. Əvvəllər bu iki ölkənin münasibəti ideal idi. Amma Gürcüstanın sabiq prezidenti M.Saakaşvilinin Ukrayna siyasətinə "transferi" (hərçənd, rəsmi Tiflis bunu heç istəməzdi) bu münasibətləri ciddi şəkildə pozub. Bunu başa düşmək olar - axı vətənində Saakaşvili barəsində axtarış elan olunub və CM-nin 4 maddəsi ilə ittiham edilən eks-prezidenti 11 ilə qədər həbs cəzası gözləyir. Kiyev Saakaşviliyə qarşı təqiblərin siyasi xarakterli olduğunu əsas gətirərək, onu Tiflisə təhvil verməkdən imtina edir. Eks-prezidentlə Gürcüstan müxalifəti arasındakı sıx təmasları və onun vətənində yeni "inqilab" hazırladığını üzə çıxaran audioyazılar Ukrayna ilə Gürcüstanın münasibətlərini bir qədər də soyudub. 

Qalmaqallı audioyazıların üzə çıxmasından dərhal sonra, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "xarici dövlətin bu cür yüksəkrütbəli məmur"unun ölkənin daxili işlərinə qarışmasının yolverilməz olduğunu bəyan edib. Gürcüstan XİN də Ukrayna tərəfinə etiraz notası verərək, Odessa qubernatorunun çağırışlarını "Gürcüstanın daxili işlərinə qarışmaq" kimi qiymətləndirib. Notada bildirilir ki, bu, yolverilməzdir və iki ölkə arasındakı dostluq və tərəfdaşlığa ziddir. Baş nazir İ.Qaribaşvili isə Ukrayna prezidenti Pyotr Poroşenkoya məktub göndərərək, Saakaşvilinin Gürcüstanın Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri və "Rustavi-2" teleşirkətinin baş direktoru ilə telefon danışıqlarında zorakılıq və dövlət əleyhinə çağırışların olmasından narahatlığını ifadə edib. "Bu cür hərəkətlərin Gürcüstanla Ukrayna arasındakı dostluq münasibətlərinə uyğun gəlmədiyini" deyən Qaribaşvili Poroşenkonu "bu məsələ ilə maraqlanmağa" çağırıb. 

Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli isə daha sərt açıqlama ilə çıxış edib: "Mən çox ümid edirəm ki, Ukrayna bir məsələyə aydınlıq gətirəcək - onların qubernatorunun sözləri Ukraynanın rəsmi mövqeyidir, yoxsa konkret bir başdanxarabın fikridir?".

Bununla bağlı Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani M.Saakaşvilinin ölkə vətəndaşlığından məhrum olunması proseduruna başlanıldığını xəbər verib - o, keçmiş prezidentin Ukrayna vətəndaşlığı aldığını xatırladıb: "Siz Ukrayna vətəndaşının Gürcüstanda yüksək vəzifə tutaraq, anti-Ukrayna bəyanatları ilə çıxış etməsini təsəvvür edə bilirsinizmi? Əlbəttə, Ukrayna Prezidenti və bu ölkə rəhbərliyi bu hadisələrə reaksiya verməlidirlər".

Amma rəsmi Kiyev baş verənlərə gürcü tərəfini razı salacaq səviyyədə reaksiya verməyib. Və bu da təəccüblü deyil, axı yaranmış durum Ukrayna-Gürcüstan dialoqunun məhsulundan çox, Rusiya ilə Qərbin Cənubi Qafqazda davam edən qarşıdurmasının süjetlərindən biridir. Bu qarşıdurmanın mərkəzində isə Gürcüstan dayanır. Təsadüfi deyil ki, Nika Qvaramiya Gürcüstan rəhbərliyinin Rusiyanın təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyi, üzə çıxan audioyazıların isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin "məhsul"u olduğunu bildirir. 

Qərb dairələrinin Saakaşviliyə yaxınlığı ilə seçilən "Rustavi-2" ətrafındakı hadisələrə münasibətinə də geosiyasi konteksdə yanaşılmalıdır. ATƏT və ABŞ-ın Dövlət Departamenti "Rustavi-2"yə qarşı məhkəmə prosesindən narahatlıqlarını bildiriblər. ABŞ-ın Tiflisdəki səfiri bəyan edib ki, teleşirkətin rəhbərliyini dəyişmək cəhdi siyasi motivlərlə bağlıdır. Eyni zamanda, səfir "Gürcüstanın avro-Atlantik səylərinə dəstəyi"ni ifadə edərək, faktiki olaraq, Vaşinqtonun rəsmi Tiflisin indiki siyasətində sezilən bəzi rusiyapərəst tendensiyalardan narahatlığını ifadə edib.

Qərbin sərt təzyiqi ilə üzləşmiş Gürcüstan rəhbərliyi "Rustavi-2" ilə qarşıdurmada geriyə addım atmaq zorunda qalıb. Tiflis Şəhər Məhkəməsi özünün əvvəlki qərarını ləğv edərək, teleşirkətin baş direktoru səlahiyyətlərini müvəqqəti olaraq N.Qvaramiyaya qaytarıb. Amma bunu "Gürcü arzusu"nun strateji baxımdan geriçəkilməsi və xüsusilə də, mövqelərini M.Saakaşvili və onun VMH-ya təhvil verməsi kimi qəbul etmək də doğru olmazdı. Gürcüstanda partiyalar arasında qarşıdurma davam edəcək və daha da gərginləşəcək. Tam əminliklə demək olar ki, gələn il keçiriləcək və rəsmi Tiflisin ölkədaxili və xarici strategiyası kontekstində daha böyük önəm kəsb edəcək parlament seçkiləri məhz bu cür gərginlik fonunda baş tutacaq.



MƏSLƏHƏT GÖR:

490