14 May 2024

Çərşənbə axşamı, 18:46

İNSANIN GÖZƏLLİYİ

İlk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlının zəngin irsi bu gün də bir məktəb olaraq qalır

Müəllif:

01.12.2015

Rəssamlıq sənətimizdə bir çox ilklər onun adı ilə bağlıdır. Bədurə Əfqanlı Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biri idi. O, həm də ilk azərbaycanlı qadın teatr rəssamıdır. Bədurə Əfqanlı keçən əsrin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətlər göstərdi...

 

Novxanı mənzərələri

Uşaqlıq illərindən sevmişdi bu sənəti. 1912-ci ilin 25 oktyabrında Bakıda ziyalı aləsində dünyaya gələn Bədurə xanımın atası Məlik Ağamalov dövlət qulluğunda çalışırdı. İşdən vaxt tapanda ya rəsm çəkir, ya da övladlarını başına yığıb ədəbiyyatdan, incəsənətdən danışırdı. 

Yayda bütün ailə Novxanıdakı bağ evinə köçürdü. O günlərdə balaca Bədurənin gözlərində dünya başdan-başa gözəlliyə bürünürdü. Gah sakit-sakit ləpələnən, gah da kükrəyib özünü sahilin qumlarına, qayalara, daşlara çırpan dalğalara baxırdı. Dənizin rəngdən-rəngə düşməsi onu heyran edirdi. Novxanı təkcə təbiət mənzərələri ilə yaddaşına köçmürdü. Kənddə keçirilən dini mərasimlərdə çıxarılan şəbihlərdə, milli bayramlarda, el şənliklərində, toylarda gördükləri də unudulmaz xatirələrə çevrilirdi. 

Yay tətili başa çatır, orta məktəblərdə dərslər başlayırdı. Şəhərə dönürdülər. Bədurə yay boyunca gördüklərini kağız üzərində canlandırmağa çalışırdı. Çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb etdi. Müəlliminin ona "istedadlısan" deyib, şəkil çəkməyə davam etməsini məsləhət görməsi Bədurəni ümidləndirdi. Rəssamlığa marağı artdı. Ancaq orta məktəbi bitirəndə sənədlərini Bakı Rəssamlıq Məktəbinə verməyə cəsarət etmədi 1929-cu ildə Bakı Pedaqoji Texnikumuna daxil oldu. Amma rəssam olmaq istəyi qəlbində getdikcə qarşısıalınmaz bir qüvvəyə çevrilirdi. Texnikumu bitirdikdən sonra 5 il orta məktəbdə müəllimlik etdi. Elə həmin vaxtlarda 1931-ci ildə Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsinə də qəbul olundu. Həm işləyir, həm də oxuyurdu. Onun kimi incəsənətə sevgi ilə böyüyən böyük bacısı Səyyarə isə heykəltəraşlığı seçdi...

 

Quruluşçu rəssam

Bədurə Əfqanlı hələ tələbə ikən dünya incəsənət tarixini öyrənməyə başladı. Moskvada, Sankt-Peterburqda yerləşən qalereya, teatr və etnoqrafiya muzeylərini gəzdi. Rəssamlıq sənətini daha böyük məhəbbətlə sevdi. O vaxtlar artıq tanınmış aktyor olan Rza Əfqanlıyla tanışlığı da Bədurə Əfqanlıya sənətlə bağlı yeni düşüncələr, yeni arzular gətirdi. Teatr rəssamı olmağa qərar verdi. Diplom işinin mövzusu da V.Şekspirin "Otello" faciəsi oldu. 

Təhsilini başa vuran Bədurə Əfqanlı ömrünü həmişəlik səhnəyə bağladı. Bu sahədə ilk müəllimi də həyat yoldaşı Rza Əfqanlı oldu. 1930-cu ildə Rza Əfqanlının quruluşçu rejissoru olduğu "Qaçaq Kərəm" tamaşasının bədii tərtibatını Bədurə Əfqanlı verdi. Bundan sonra uzun illər birlikdə tamaşalar hazırladılar. Bədurə Əfqanlının quruluşçu rəssamı olduğu tamaşaları maraqlı geyim və dekorasiya eskizləri ilə zənginləşdirdi. Birgə hazırladığı "Şeyx Sənan", "Aşıq Qərib", "1905-ci ildə", "Sevil" tamaşaları onlara uğur gətirdi. 

Bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışdılar. Sonra yenidən Bakıya qayıdıb, yaradıcılıq işlərini burda davam etdirdilər. 

Bədurə Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət aldı. Teatrda rəssam assistenti kimi işə başladı. Çox keçmədi ki, tamaşalara müstəqil quruluşlar verdi. Sonralar Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşaları Bədurə Əfqanlının rəssamlığı ilə təqdim edildi. Milli Dram Teatrında "Aydın", "Solğun çiçəklər", "Aslan yatağı", "Qatır Məmməd", "Məhəbbət", "Bahar", "Köhnə dostlar", "İnsan", "İşıqlı yollar", "Bir evin sirri", "Rəqs müəllimi", "Namus", "Bahar suları", Opera və Balet Teatrında "Sevil", "Leyli və Məcnun", Rus Dram Teatrında "Vaqif", "Aydın" və digər tamaşalara geyim eskizləri çəkdi. O, təkcə geyim eskizləri vermir, həm də bir çox tamaşaların rəssamlıq tərtibatını, obrazların qrimlərinin eskizlərini hazırlayırdı. Rejissorlar və dramaturqlar Bədurə Əfqanlı ilə həvəslə işləyirdilər. Çünki o, öz bədii tərtibatıyla səhnələşdirilən əsərlərin ideyasını açmaqda rejissorlara kömək edirdi. 

Böyük Vətən müharibəsi illərində və sonralar teatrlarda hazırlanan tamaşaların əksəriyyətinin bədii tərtibatını Bədurə Əfqanlı verirdi. Çox istedadlı quruluşçu rəssam kimi tanınır, eskizləri, bədii tərtibat verdiyi əsərlər başqa rəssamlar üçün nümunə sayılırdı.

 

Milli geyim üzrə mütəxəssis

1959-cu ildə Moskvada Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyü keçirilirdi. Rejissor Adil İsgəndərovla birlikdə hazırladığı "Fərhad və Şirin" tamaşası Vaxtanqov teatrında uğurla nümayiş olundu.

Bədurə Əfqanlı təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərdi, müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkdi. O, 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işlədi. Kino sahəsində yaradıcılığa "Koroğlu" filmi ilə başladı. Sonralar "Leyli və Məcnun", "Böyük dayaq", "Dəli Kür", "Dədə Qorqud", "O qızı tapın", "Qatır Məmməd", "Məhəbbət dastanı" və başqa məşhur kinofilmlərin geyim eskizlərinin müəllifi oldu. Qızı Xalidə xanım danışırdı: "Anam Azərbaycanın ən məşhur kinofilmlər rəssamı kimi tanındı. Həmişə də assistentsiz işləyirdi. O, Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi".

Bədurə Əfqanlı yalnız istedadına güvənməz, bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyur, həmin dövrün tarixini, mədəniyyətini, geyim tərzini araşdırırdı. Yorulmadan çalışır, işləməkdən zövq alırdı. 

O, həm də rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkirdi. Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi də uzun illər konsertlərə Bədurə Əfqanlının məsləhət bildiyi geyimlərlə çıxdı.

Xalidə xanım danışırdı: "Anam Azərbaycanın əksər bölgələrinin milli geyimlərinin, Rusiya, Şimali Qafqaz ölkələrinin rəqs ansambllarının kostyumlarının geyim eskizlərini çəkdi. Respublikamızın mahnı və rəqs ansambllarını milli geyimlərlə dünyada tanıtdı. Azərbaycan gəlincikləri üçün milli eskizləri də o, verdi. İlk şəxsi sərgisi Moskvada - "Mosfilm"də uğur qazandı. Sonradan Böyük Teatra, "Mosfilm"ə işləməyə dəvət olunsa da, anam Vətənindən ayrıla bilmədi. Anamın son sərgisi isə dünyasını dəyişməmişdən 5 il qabaq Bakıda keçirildi. Onun əsərinin çoxu Azərbaycan Dövlət Teatr Muzeyində və Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır".

 

Teatralların tandemi

Həyat yoldaşı Rza Əfqanlı 39 yaşında əməkdar artist, 44 yaşında xalq artisti fəxri adlarını, 1948-ci ildə "Şərqin səhəri" tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı aldı. Bədurə Əfqanlı isə "Əməkdar incəsənət xadimi" adına 1949-cu ildə layiq görüldü. Qızı danışırdı: "O vaxt Azərbaycanın rəhbəri olan Mir Cəfər Bağırov təqdim olunan siyahıda anamın adını görməyəndə soruşub: "Bəs, sizin gənc rəssamınız Bədurə Əfqanlının adı niyə yazılmayıb? O, ildə bir neçə tamaşanın quruluşçu rəssamı olub". Bundan sonra anamın adını da təltif olunanların siyahısına yazıblar.

1974-cü ildə isə Bədurə Əfqanlı "Xalq artisti" fəxri adını aldı. "Şərəf nişanı" ordeni ilə də mükafatlandırıldı. 

Xalidə xanım xatırlayırdı: "Anam mehriban, qayğıkeş adam idi. Evimiz həmişə qonaqlı olurdu. Gələnlərin çoxu da incəsənət adamları idi. Bizim evimizə "Rəssamlar İttifaqının filialı" deyirdilər. Nəslimizdə rəssamlıqla məşğul olanlar çoxdur. Anamda rəssamlığa marağın yaranmasında dayımın da böyük rolu olub". 

Həyat yoldaşı Rza Əfqanlı 1973-cü ildə vəfat etdi. Rza Əfqanlı Bədurə xanıma qədər iki dəfə evlənmişdi. Hər ikisindən uşaqları var idi. Ancaq nə birinci, nə də ikinci evliliyi uzun sürməmişdi. Üçüncü evliliyi daha uğurlu olmuşdu. Bədurə xanım onun yalnız həyat yoldaşı deyildi, həm də sənət dostu idi. Onlar Azərbaycan mədəniyyətinin, teatr sənətinin inkişafı yolunda birlikdə çox işlər gördülər. Bədurə Əfqanlının sənətdə ilk kövrək addımlarını Rza Əfqanlının təcrübəsinə söykənərək atdı. İstedad, zəhmətsevərliyi, bir də rəssamlıq sənətinə sonsuz sevgisi sayəsində daha da püxtələşdi, uğurlu sənətkar ömrü yaşadı.

 

Teatr həyatı

Bədurə Əfqanlı 90 il yaşadı. Bu uzun ömrün 70 ilini teatra bağladı. Sənəti ilə sevildi, şöhrətləndi. Amma son illəri çox kədərli oldu. Xalidə xanım danışırdı: "Anamın axır günləri keçmişini həsrətlə anmaqla keçdi. Onu maddi qazanc heç vaxt maraqlandırmamışdı. Azərbaycanın ilk professional qadın rəssamlarından biri, ilk qadın teatr rəssamımız təmirsiz, şəraitsiz evdə yaşayırdı". 

İllər öncə Xalidə xanımla elə həmin evdə görüşmüşdük. İki sənətkarın qızı xəstə idi. Ömrünün qürubunda keçmiş günlərini yada salır, anasının unudulmaq dərdi ilə bu dünyadan köçməsinin nisgili ilə danışırdı: "Taleyi anama daha bir amansız zərbəsini vurdu. Oğlunu itirdi. Səhhəti daha da pisləşdi, yorğan-döşəyə düşdü. Bir zamanlar şöhrəti dillərdə gəzən, heç bir aktyorun, rəqqasənin onun geyimi olmadan səhnəyə çıxmadığı rəssam "yaddan çıxdı". Həyat onu nə qədər sınaqlara çəksə də, qürurunu qıra bilmədi. Heç vaxt kimsəyə ağız açmamışdı. Nə ev istəmişdi, nə də emalatxana. Yenə heç kimə üz tutub, kömək istəmədi. Evinin təmir olunması haqqında neçə illər əvvəl qərar verilsə də, əməl olunmadı. Əslində, dərdi mal, pul da deyildi. Ömrünün axırlarında prezident təqaüdü alırdı. Dolanışığına, dava-dərmanına yetirdi. Bədurə Əfqanlını ən çox incidən qapısını döyənlərin, onu yoluxmağa gələnlərin olmamasıydı. Ömrünü təmirsiz evində, unudulmağın ağrılarıyla başa vurdu. 2002-ci il 7 mayında dünyasını dəyişdi".

Sənətlə bağlı arzuları sonadək bitmədi. Milli geyimlərimizə həsr olunmuş albomu xəstə halıyla aylarla çalışıb hazırlamışdı. Amma onu pulsuzluq ucbatından çap etdirə bilmədi. Qarabağ bölgəsinin geyimləri barədə çəkdiyi 50 eskizi də tamamlamaq istəyirdi. Yaratdığı əsərlərin onu nə zamansa yenə xatırladacağını düşünürdü. İllər sübut etdi ki, rəssam yanılmayıb. Özündən sonra gələn nəsillərə zəngin bir irs qoyub gedən Bədurə Əfqanlının yaratdığı eskizlər, bədii tərtibat verdiyi əsərlər teatr və kino rəssamları üçün bu gün də bir məktəb olaraq qalır.



MƏSLƏHƏT GÖR:

572