6 May 2024

Bazar ertəsi, 04:16

AZƏRBAYCANLI ALİMİN ALMAN MƏKTƏBİ

Məsud ƏfƏndiyev: "Uğuru, məşğul olduğu işi həqiqətən sevən kəs əldə edir"

Müəllif:

01.12.2015

Həmvətənlimiz fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Almaniyada yaşayır və işləyir. O, burada "Helmholtz Elmi Tədqiqat Mərkəzində dinamik sistemlər şöbəsinin müdiridir. Bavariya Elmlər Akademiyasının prezidenti, professor K. N. Hoffman onun elmi fəaliyyətini qiymətləndirərək, qeyd edib: "Biz professor Əfəndiyevin fundamental elmi nailiyyətlərindən agahıq və onun elmi karyerasını izləyirik. O, istər nəzəri, istərsə də tətbiqi riyaziyyatda fundamental nəticələr əldə edən nadir ekspertlərdən biridir. Və onun bizimlə Almaniyada olmasına çox şadıq. O, heç şübhəsiz, Bavariya Elmlər Akademiyasının üzvü olmağa layiqdir və biz onu akademiyamızın üzvləri sırasında görməkdən şad olardıq. Amma akademiyanın nizamnaməsinə əsasən, onun həqiqi üzvləri ancaq Almaniya vətəndaşları ola bilərlər...".

- Məsud müəllim, sizin riyaziyyata həvəsiniz necə başladı?

- Müəllim ailəsində böyümüşəm. Atam orta məktəbdə riyaziyyat fənnindən dərs deyirdi. Onun sayəsində bu fənni sevdim və səylə məşğul oldum. Məktəb illərində riyaziyyat (o vaxt hesab) mənim üçün maraqlı idi. Daha çox oyun kimi, müxtəlif hesablamalar, əyləndirən və rəqəmlər dünyasına aparan tapmaca kimi idi. Jurnallarda, dərsliklərdə tapdığım hansı isə məsələləri, tapşırıqları bütün günü həll edə bilərdim. İllər ötdükcə uşaqlıq əyləncəsi bu predmetlə ciddi məşğul olmaq üçün daha anlamlı qərara çevrildi. Orta məktəbi qızıl medalla bitirərək, Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil oldum. Həmin vaxt məşhur akademik Zahid İsmayıloviç Xəlilov bizə tamamilə yeni mühazirə - "Qeyri-xətti analizdə differensial topologiyanın üsullarının tətbiqi"ni oxuyurdu. Alimin qəfil ölümündən sonra Bakıda bu mövzunu davam etdirən heç kim yox idi, Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsində isə bununla dünya şöhrətli professor M.İ. Vişik və onun ətrafındakılar məşğul olurdular. Bu şəkildə, MDU-ya düşərək, professorlar M.İ. Vişik və A.İ. Şnirelmanın rəhbərliyi altında diplom işimi yazdım. Yeri gəlmişkən, elmi işim "Azərbaycan SSR-nin Elmlər Akademiyasının məruzələri" jurnalında dərc olunub. 

1975-ci ildə Lomonosov adına MDU-də aspiranturaya daxil oldum və beş ildən sonra namizədlik dissertasiyamı müdafiə etdim. 

- Siz uzun müddət Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda çalışmısınız. Necə oldu ki, hər şeyi atıb, Almaniyaya getdiniz?

- Almaniyaya 90-cı ildə alman hökumətinin mənə təqdim etdiyi Aleksandr fon Humboldtun fəxri mükafatının verilməsi ilə əlaqədar getdim. Bundan sonra növbəti iki il ərzində elmi fəaliyyətimlə məşğul olmaq və bu ölkənin aparıcı universitetlərində mühazirələrlə çıxış etmək imkanım oldu.

- Məncə, bu, AFR-də ən nüfuzlu mükafatdır.

- Bəli, siz tamamilə haqlısınız. Bunu, bu mükafatı alan 52 alimin sonradan Nobel mükafatına layiq görülmələri faktı sübut edir. Aleksandr fon Humboldt mükafatına layiq görülənləri Almaniya prezidenti iqamətgahında qəbul edir. Yeri gəlmişkən, 1991-ci ildə mənə Almaniyanın ovaxtkı prezidenti cənab Rixard fon Vaytsekerlə görüşmək nəsib oldu. Onunla söhbətimiz əsnasında fəxrlə bildirdim ki, bu mükafatı alan ilk azərbaycanlıyam və onun Azərbaycan haqda yaxşı məlumatlı olduğunu bilmək də mənə xoş idi. Beləliklə, Ştutqart, Berlin və Münhen universitetlərində dərs deyərək, artıq 25 ildir Almaniyada yaşayır və işləyirəm. Eyni zamanda Münhendə Helmholts adına dünyanın ən yaxşı elmi mərkəzlərindən birində elmi tədqiqatlar aparıram.

- Siz sovet məktəbinin nümayəndəsisiniz. Tələbələrinizlə işləyərkən hansı isə xüsusi yanaşmadan istifadə edirsinizmi? Sizin tədris üsulunuz qərbli həmkarlarınızdan seçilirmi?

-Sözsüz. Mən elə gəlir ki, gənclər bəyənirlər. Həmkarlarım buna müsbət yanaşırlar və hətta mənim iş üsulumu "Efendiev's Zugang" (Əfəndiyevin yanaşması) adlandırırlar. Məsələn, mühazirə vaxtı deyirəm ki, yaxşı sual (bunun yaxşı və ya pis olmasını mən seçirəm) verən məndən ulduz (*) alacaq. Bu ulduzların sayı müəyyən miqdarı (bu, mühazirənin yarımillik və ya birillik olmasından asılıdır) keçərsə, tələbə məndən ən yaxşı qiyməti alır. Bir də - mühazirənin əvvəlində öncədən deyirəm ki, bu və ya digər faktın sübutu zamanı qəsdən bir mühüm hissədə səhvə yol verəcəyəm. Bunu tapa bilən məndən 5 ulduz alacaq. Tələbələrdən heç kəs bunu tapa bilmirsə, mühazirənin sonunda mütləq onu açıqlayıram. Mənim üçün həmçinin bu və ya digər tələbənin yaradıcı potensialının meyarları da mühümdür. Mühazirələrimdə və təşkil etdiyim seminarlarda fərqlənən tələbləri bəzən bazar günlərində evimə dəvət edərək, onlarla sonradan da işləməyə üstünlük verirəm və əlavə işləyirəm. İstedadlı tələbələrin fikirlərinin obrazı və məsələlərə yanaşması, hətta onlar düzgün olmasa belə, təravətliliyi və bayağı olmamaqları ilə mənə maraqlıdır. Bunu başa düşmək çox vacibdir. Siz hər zaman öz tələbələrinizin fikirlərini başa düşməyi və anlamağı öyrənməyə hazır olmalısınız. Tələbələrinizin gələcəkdə böyük alim olduqlarını və ətrafınızda sizin tələbələriniz və həmfikirlərinizdən ibarət elmi məktəbin yaranmasını görmək insana xüsusi zövq verir.

- Ötən il sizin 60 illik yubileyiniz münasibətilə Münhendə dünya riyaziyyat ictimaiyyəti bir həftə davam edən "Nonlinear Phenomenain Biology, Physicsand Mechanics" mövzusunda beynəlxalq konfrans təşkil etmişdi. Bu tədbir haqda qısaca məlumat verə bilərsizmi?

- Ötən il qeyd etdiyiniz kimi mənim yubileyim oldu. Konfransda dünya şöhrətli yüzə yaxın alim iştirak edirdi. Hamını saymaq olmur. Lakin bir neçəsini qeyd etmək istərdim. Onların sırasında Bavariya Elmlər Akademiyasının professoru K. X. Hoffmann; prof. A Berestiki (həmmüəllifim)- Humboldt mükafatı laureatı və elmdə böyük nailiyyətlərinə görə Fransanın fəxri legion ordeni laureatı; prof. C. Vu, Tətbiqi Riyaziyyat Cəmiyyətinin direktoru və Kanadada Xəstəliklərin Modelləşdirilməsi İnstitutunun direktoru və Humboldt mükafatı laureatı; prof. V.L. Vendland (həmmüəllifim) SFB və DFG layihələrinin keçmiş direktoru; dünyada riyazi fizika tənlikləri üzrə aparıcı mütəxəssis və həmmüəllifim, prof. M. Otani (Yaponiya); prof. YihonqDu, həmmüəllifim (Avstraliya); F. Hamel, Marsel Universiteti yanında (həmmüəllifim) Riyaziyyat İnstitutunun direktoru; Edinburq Kral Cəmiyyətinin üzvləri prof. C.R.L.Vebb və prof. Ç.Stüard; prof. M. Renardi (ABŞ) prezident mükafatı laureatı, Amerika Riyaziyyat Cəmiyyətinin üzvü və başqaları. Gördüyünüz kimi, konfransın coğrafiyası bütün dünyanı əhatə edib. Mənim Helmholq Mərkəzindən və Münhen Texniki Universitetindən olan həmkarlarım deyirdilər ki, konfransın başlanmasını səbirsizliklə gözləyirdilər və tətbiqi və nəzəri riyaziyyatın müxtəlif sahələrini təqdim edən, eyni vaxtda bu cür konfransda belə "nəhənglərin" olmasını çoxdandır görməyiblər. Bununla belə, Azərbaycan elmi tarixində ilk dəfə "Journal of Coupled Systems and Multiscale Dynamics" və "Mathematical Methods in the Applied Sciences" adlı nüfuzlu amerikan jurnalları bir saylarını mənim yubileyimə həsr etmişdilər.

- Bu il siz Feodor Linen mükafatı almısınız.

- Bu, 1964-cü ildə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı (Xolesterin və yağ turşularının mübadiləsinin tənzimlənməsi və mexanizmlərinə aid kəşflərinə görə) - almaniyalı biokimyaçıdır. Bu mükafatın laureatı qismində mühazirələr oxuyurdum və üç ay müddətində Kanadanın aparıcı universitetlərində "Evolution Equations Arisinginthe Modellingof Medicine, Biologyand Ecology" mövzularında elmi işlər aparmışam.

- Uğur sanki sizi izləyir.

- Uğuru məşğul olduğu işi həqiqətən sevən, bütün gücü ilə çalışan, əldə etdiklərindən kifayətlənməyən və vaxtını boş yerə sərf etməyən kəs qazanır. Yadımdadır bizim dövrdə belə bir ziddiyyətli fikir (bunu MDU-da eşitmişəm) vardı ki, professorun iki istedadlı tələbəsi olur: biri tapşırıqları daha tez, digər isə bir qədər asta həll etməyə öyrəşir. Professor tədricən tapşırıqları mürəkkəbləşdirərək, onları növbə ilə verirdi. Və həmişəki kimi, tapşırıqları həmişə daha tez həll edən, həll etdiyi tapşırıqları da digərindən daha tez gətirirdi. Hansı isə mərhələdə professor onlara daha mürəkkəb tapşırıq verir. Tapşırığı daha tez edən yarım ildən sonra marağını itirir və yolundan çıxır. Digər isə bir qədər asta etsə də, tapşırığın həllini il sonra gətirir və böyük alim olur. Mənim fikrimcə bu, reseptlərdən biri ola bilər: bu dəqiqəlik nəticələr gözləməmək, bütün gücünlə çalışmaq, əldə etdiyinlə kifayətlənməmək lazımdır. Bu imperativə riayət edənlərə uğur zəmanət verilir.


MƏSLƏHƏT GÖR:

542