14 May 2024

Çərşənbə axşamı, 03:12

OKEANIN O TAYINDAN GƏLƏN DESANT

Azərbaycana səfər edən Amerika nümayəndə heyətlərinin sayının artması ABŞ-ın ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindən xəbər verir

Müəllif:

01.12.2015

Azərbaycan müstəqillik qazandığı ilk illərdən Qərblə inteqrasiyanı özünün xarici siyasətinin prioriteti kimi seçib. Bu siyasətdə ABŞ ilə münasibətlərə xüsusi önəm verilirdi. Gənc respublikanın siyasi və iqtisadi inkişafının əsas istiqamətlərində aldığı dəstəyə görə (xüsusilə də, müstəqilliyin ilk illərində) Azərbaycan, həqiqətən də, Vaşinqtona minnətdardır. Amma son illər ikitərəfli münasibətlərdə heç də hər şey hamar deyil. 

Amerika nümayəndələrinin açıqlamalarında, Qərbin qəzetlərində və hüquq-müdafiə təşkilatlarının saytlarında Azərbaycanda insan haqlarına dair tənqidlər o həddə çatdı ki, Prezident İlham Əliyev Bakının hər hansı ölkə qarşısında heç bir öhdəlik götürmədiyini açıq şəkildə bəyan etməli oldu. Bunu ABŞ-ın Azərbaycanın daxili işlərinə müdaxiləsinə açıq-aşkar işarə də saymaq olar. 

Zəngin təbii ehtiyatlara və əlverişli coğrafi mövqeyə malik olan gənc dövlətin müstəqil siyasət yürütməsi və Vaşinqtonun dost saymadığı ölkələrlə belə dostluq münasibətləri saxlaması Birləşmiş Ştatların xoşuna gəlməyib. 

"Deputatlar da, ictimaiyyət də yaxşı bilir ki, bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur... Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü?" - deyə İ.Əliyev bildirib. 

Amma son ay ərzində ABŞ-ın Azərbaycana münasibətində açıq-aşkar dəyişikliklər hiss olunmağa başlayıb. Ölkələr arasında yüksək səviyyətə əlaqələrin aktivləşməsi baxımından, noyabr ayını, ümumiyyətlə, Azərbaycan-Amerika münasibətlərinin bərpası dövrü də adlandırmaq olar.

Noyabrın 7-də Azərbaycan Prezidenti ABŞ Hərbi-dəniz qüvvələrinin katibi Rey Meybasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə o müdafiə sahəsində əməkdaşlığın böyük tarixi olduğunu deməkdə yanaşı, həmçinin vurğulayıb ki, son vaxtlar regionda vəziyyət kifayət qədər dəyişib. 

Bundan bir həftə sonra Azərbaycan və ABŞ preizidentləri İlham Əliyevlə Barak Obama arasında G20 ölkələri liderlərinin Türkiyənin Antaliya şəhərindəki sammiti çərçivəsində qısa söhbət oldu. Bundan başqa, sammitin seksiyalarından birində çıxışı zamanı Azərbaycan Prezidenti ABŞ-ın Azərbaycanın reallaşdırdığı bütün enerji layihələrinə verdiyi dəstəyə görə Barak Obamaya şəxsən təşəkkürünü bildirib. "Bu dəstək olmasaydı biz, məsələn, 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik", - deyə Azərbaycan lideri qeyd edib.

Bundan dərhal sonra - noyabrın 18-də ABŞ-ın ticarət-sənaye nümayəndə heyəti Bakıya təşrif buyurub - özü də, bu, son 7 ildə Azərbaycana gələn ən böyük qrup idi. Missiyanın rəhbəri, ABŞ dövlət katibinin ticarət məsələləri üzrə müavini Maykl Lalli qeyd edib ki, Amerika nümayəndə heyətinin səfərində iki məqsəd var: iqtisadi-ticarət münasibətlərindəki böyük potensialın inkişafına təkan vermək və nümayəndə heyətinin tərkibində Bakıya gələn 15 Amerika şirkətinin Azərbaycan tərəfdaşları ilə görüşlər keçirməsi, birgə layihələr reallaşdırması və yeni iş yerlərinin açılması istiqamətində səylər qurmaq.

"Bakıda işlədiyim dövrdə mən ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində böyük potensialın şahidi oldum. Biz yeni ixrac imkanları üçün qapıları açmaq, Azərbaycana yeni sərmayələr cəlb etmək istəyirik. Və bu, iki ölkə arasındakı sıx iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək. Gələn dəfə biz Azərbaycana artıq 15 deyil, 45 şirkətin nümayndələri ilə gələcəyik", - deyə danışıqlardan razı qalan Lalli vurğulayıb.

Qeyd edək ki, ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 2 mlrd. dollar təşkil edib. ABŞ Konqresi bu il Azərbaycanı yenidən Amerikanın GSP (General System of Preference) proqramına daxil edib. Xatırladıq ki, bu proqram ABŞ-ın tərəfdaşı olan ölkələrə öz məhsullarını Amerika bazarına çıxarmaq üçün güzəştlər sistemini nəzərdə tutur. İştirakçı ölkələrin siyahısı hər il yenilənir.

Yeri gəlmişkən, noyabrın 20-də Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) 20 illiyinə və ABŞ-ın ticarət missiyasının Bakıya səfərinə həsr olunmuş tədbirdə Palata Azərbaycan Prezidenti İlham Əliyevi daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Leadership Award" mükafatına layiq görüb. 

Nəhayət, ötən həftə Azərbaycana Dövlət Departamentini təmsil edən daha bir yüksək tərkibli nümayəndə heyəti səfər edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridjet Brink və Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım göstərilməsi üzrə koordinatoru Alina Romanovski jurnalistlərlə görüşündə xatırladıblar ki, onların Azərbaycana səfəri Amerikanın hərbi və ticarət missiyalarından dərhal sonraya təsadüf edir. Brifinqdə Dövlət Departamentinin hər iki nümayəndəsi ikitərəfli münasibətlərin ümidverici perspektivlərindən danışıblar. "ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin geniş spektrinə enerji, təhlükəsizlik, iqtisadiyyat, demokratiya və insan haqları məsələləri aiddir. Münasibətlərimizin sütununu təşkil edən 3 əsas sahə - enerji, təhlükəsizlik və insan haqları sahəsində ABŞ-ın maliyyə yardımı davam edəcək", - deyə Brink vurğulayıb. 

ABŞ-ın Cənubi Qafqaza dair xarici siyasətində dəyişikliklərin baş verdiyini göstərən daha bir məqam ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, açıqlamalar verməkdən heç vaxt qaçmayan Ceyms Uorlikin bəyanatlarının tərkib və tonallığının dəyişməsidir. Məsələn, onun Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın ətrafındakı 7 rayonun azad edilməsinin vacibliyi haqda "qəflətən" səsləndirdiyi bəyanat, indiyədək Uorlikin "boş açıqlamalarına" öyrəşmiş İrəvanda ciddi rezonansa səbəb olub. 

Bir sözlə, kontaktların aktivləşdiyi göz qabağındadır. Təsadüf olmur və görünür, Vaşinqton özünün Azərbaycana qarşı siyasətinə yenidən baxmaq qərarına gəlib. Beynəlxalq təhlükəsizlik sistemində gündən-günə artan gərginlik də bu məsələdə az rol oynamır. Söhbət Azərbaycanın da yerləşdiyi və onsuz da qeyri-sabitliyilə tanınan regionda - Amerika isə bu bölgəyə xüsusi önəm verir - gərginliyin daha da artmasından gedir. Bəli, Azərbaycan-Amerika münasibətlərinin normallaşması perspektivlərinə beynəlxalq vəziyyət kontekstində baxmaq lazımdır. Hazırda isə bu vəziyyət İkinci Dünya müharibəsindən sonra təhlükəsizlik üşün ən ciddi təhdidlərlə xarakterizə olunur. Postsovet məkanı, Yaxın Şərq və Afrikanı bürümüş münaqişələr bu regionların inkişafına təhlükə olmaqla yanaşı, milli iqtisadiyyatlar və hətta siyasi sistemlərin iflasına, sosial fəlakətə, şəhər və kəndlərin viran qalmasına və çoxsaylı qaçqın kütləsinin peyda olmasına səbəb olur. Belə bir şəraitdə təhlükəsizlik, konkret olaraq, sabitliyə və iqtisadi inkişafa təhlükə yaradan hallara qarşı beynəlxalq səylərin koordinasiyası ön plana, Bakı ilə Vaşinqtonun əməkdaşlığına mane olan problemlər isə arxa plana keçir. ABŞ özünün strateji maraqları zonasına aid etdiyi bu regiondakı əsas müttəfiqlərindən biri ilə münasibətləri korlamağı özünə rəva görə bilməz.



MƏSLƏHƏT GÖR:

487