15 May 2024

Çərşənbə, 03:09

DİPLOMAT OLACAQDI, MODELYER OLDU

Rüfət İsmayılov: "Heç nəyə asanlıqla nail olmamışam və əldə etdiyim uğurların dəyərini bilirəm"

Müəllif:

08.12.2015

Ötən il keçirilmiş Milan moda həftəsində hər kəs "Afffair" brendinin yaradıcısı Rüfət İsmayılovdan danışırdı. Rüfət orada peşəkarlığı ilə yalnız tamaşaçıların deyil, tənqidçilərin və dizayner həmkarlarının da ürəyini fəth etmişdi. Bu gün fashion-sənayenin parlayan ulduzu olan Rüfət İsmayılov "R+"a müsahibəsində dəb haqda düşüncələrini bölüşüb, gələcək planlarından və hobbisindən danışıb. 

- Rüfət, bildiyimə görə, siz taleyinizi diplomatiya ilə bağlamağı planlaşdırırmışsınız. Lakin moda sənayesinə düşdünüz..

- Orta məktəbi bitirdikdən sonra Bakıda diplomatiya məktəbinə daxil oldum. Sonra təhsilimi Frankfurt Universitetinin beynəlxalq münasibətlər fakültəsində davam etdirdim. Lakin tale elə gətirdi ki, moda sənayesində peyda oldum. Necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. Amma anam danışır ki, uşaqlıqda məndən "böyüyəndə nəçi olmaq istəyirsən?" soruşulan zaman qürurla "həkim-ginekoloq" deyirəmmiş...

- Səhv etmirəmsə, jurnalist kimi də fəaliyyətiniz olub...

- İlk iş yerim redaksiya olub. "Vışka" qəzetində jurnalistika kursları keçdikdən sonra mətbuatda mədəniyyətə aid məqalələrimi dərc etdirirdim...

Bu gün isə özümü bir anlıq da olsa, moda sahəsindən kənarda təsəvvür edə bilmirəm. İşimdən son dərəcə zövq alıram. Üstəlik, sevimli, əyləncəli işim həm də mənim gəlir mənbəyimdir. Buna görə Allaha, ailəmə və birgə işlədiyim komandaya minnətdaram.

- Moda sahəsində karyera gənc insanlar üçün çox cəlbedici görünə bilər. Lakin unutmaq lazım deyil ki, bu, rəqabətin kifayət qədər yüksək olduğu sahədir.

- Bəli, razıyam. Moda elə bir biznes sahəsidir ki, burada ən vacibi öz yerini tapmaqdır. Bunu bacarmısınızsa, mövqeyinizi qoruyub saxlamaq üçün əlinizdən gələni etməlisiniz. Yeri gəlmişkən, heç nəyə asanlıqla nail olmamışam və əldə etdiyim uğurların dəyərini bilirəm.

- Viktorian mənəviyyatçıları modanı "şıltaq ilahə" adlandırırlar. Bəs, sizin üçün moda nədir?

- Suala kuterye Jak Fatın sözlərilə cavab verim: moda incəsənət, incəsənət isə yaradıcılıqdır. Bəs, yaradıcıların kimlər olduğunu bilirsinizmi?

- Sualınızdan belə başa düşürəm ki, kişilər...

- Elədir ki, var! Mənim üçün moda insanın, onun özünəməxsusluğunun, xüsusiyyətlərinin təkrarsızlığını göstərən fərdilikdir. Onu necəsə fərqləndirmək üçün zövq lazımdır, hansı ki, Kantın fikrincə mükəmməlliyin hissiyyatla dərk edilməsidir. Mənim üçün moda məhz təkrarsızlıqdır.

Dəb geyimə böyük əhəmiyyət qazandırır. Lakin onda ziddiyyət də var. Bir tərəfdən bu, özünü bəzəmək cəhdidirsə, digər yandan ciddi qalmaq, ədəb, tərbiyə göstəricisidir.

- Karyeranızda ən böyük uğurunuz nədir?

- Mənim üçün həyatımda baş vermiş hər bir hadisə vacibdir. Əsas yeri isə əlbəttə ki, Palase Serbelloni-də baş tutmuş dəfilədir. Bu, mənim debütüm idi və o, çox uğurlu alındı.

- Tənqidə necə yanaşırsınız?

- Əgər arqumentlər varsa, vəziyyətin dəyişməsinə yönəlibsə, normal. Çarlz Baksonun bir fikrilə tam razıyam: bəzən susmaq ən sərt tənqiddir.

- Vissarion Belinski deyirdi ki, "tənqidin sərtliyi güclü istedadı məhv etməz".

- Fikrimcə, tənqidə mənfi reaksiya göstərmək lazım deyil. Ondan faydalanmağa çalışmaq lazımdır.

- Gənclik illərinizdə xarici modelyerlərlə uğurlu əməkdaşlıq etmisiniz. Pako Raban, Valentina Yudaşkina və digərlərilə işləmisiniz. Bugünkü fəaliyyətinizdə bu əməkdaşlıqların faydasını görürsünüzmü? 

- Öz brendimi yaratmaq ideyası məhz bu məşhur modelyerlərin sayəsində peyda olub. Mən məhz onların sayəsində bir dizayner kimi formalaşmışam. Model kimi fəaliyyətimə gəlincə, əlbəttə ki, gələcəyimi o müyyənləşdirib. Yəqin, razılaşarsınız ki, geyim nə qədər möhtəşəm olursa-olsun, onu kimin təqdim etməsi çox önəmlidir. Modellik mənim üçün özünəməxsus məktəb olub.

- Gələcək modelə badalaq vurmaq istəyənlər olubmu?

- Olub. Modellərin bir-birlərini sevmədiklərini hər kəs bilir. Bu sahədə həmkarlar arasında paxıllıq adi haldır.

- Rüfət, ilk kolleksiyanızla bağlı hansı rəylərlə rastlaşmısınız?

- Rəylər müsbət olub. Buna əmin olmaq üçün beynəlxalq mətbuatı oxumaq kifayətdir. Orada mənim geyimlərim haqda fərəhlə danışılır.

- Bəs, müştərilərin rəyini nəzərə alırsınızmı? 

- Əlbəttə. Ümumiyyətlə, mənim üçün müştərilərimin verdiyi qiymət önəmlidir Hər zaman onları razı salmağa, zövqlərini oxşamağa çalışıram.

- Geyim seriyası üzərində işi başa vurduqda hansı hissləri keçirirsiniz?

- Eyforiya, maksimum mənəvi yüksəliş. Bir sözlə, zəhmətinin bəhrəsini görmək böyük xoşbəxtlikdir!

- Sizə ruh verən nədir?

- Həddindən çox səyahət edirəm və təbiətin müxtəlifliyinə heyran oluram. Bu, yaradıcılığımda şəksiz, tükənməz ideya mənbəyidir. Axı, təbiətin özü elə mükəmməllikdir, harmoniyadır.

- Bir kolleksiyanın hazırlanması hansı müddətə başa gəlir?

- Kolleksiyanı çox tez bir vaxtda düşünürəm. Onun ərsəyə gətirilməsi isə 6 ay çəkir. Dəfilənin hazırlanması da bir o qədər çəkir. Sonra müxtəlif ölkələrə səyahətlər başlayır.

- Hansı parçalara üstünlük verirsiniz?

- Hər şey mövsümdən asılıdır. Yayda sətinə, ipəyə, kətana, qışda isə məsələn, kəşmirə, dəriyə.

- Məşhurlardan kimi müştəriləriniz arasında görmək istərdiniz?

- Devid Qandini, Devid Bekhemi, Bred Pitti, Ronaldonu... Amma onların bəzilərinin qarderobunda mənim brendimdən olan mallar da var.

- Fikrinizcə, adlarını çəkdiyiniz məşhurlar sizin məhsullarınızı nədən seçiblər və ya niyə seçməlidirlər?

- Mənim kolleksiyam rahat, keyfiyyətli və dəyişkəndir. Orada istər klassik geyim həvəskarları, istərsə də idman üslubunda geyinməyi sevənlər üçün nəsə tapılar.

- Planlarınız?

- Qadın geyim kolleksiyası yaratmaq. Azərbaycan üçün kapsul kolleksiyası hazırlamağı da düşünürəm. Növbəti addımım isə respublikamızda 2-3 mağazanın açılması olacaq.

- Rüfət, Türkiyədə gənc dizaynerlər arasında keçirilən məşhur "Merter Moda 2015" müsabiqəsinin münsiflər heyətində yer alırsınız. Həmkarlara qiymət vermək necə hissdir?

- Bir tərəfdən məşhur dizaynerlərlə birlikdə qiymət vermək xoşdur. Digər yandan yaxşı alınmır. Çünki kolleksiyalarını nümayiş etdirən şəxslər moda dünyasında məndən əvvəl fəaliyyətə başlayıblar.

- Adi günə necə başlayırsınız?

- Bir fincan kofe içməklə. Daha sonra iş, idman və ev. Boş vaxtım varsa, onu ailəmlə, dostlarımla keçirməyə çalışıram. İstirahət günlərində Beyruta yollanır, oradakı dostlarımla görüşürəm. Bu şəhərdə hər şey çox xoşuma gəlir.

- Həyatda sizin üçün nə daha vacibdir: ailə, yoxsa iş?

- Əlbəttə ki, mənim üçün birinci yerdə iş gəlir. Axı, hər zaman uğurlarıma sevinən, mənim dəstəkləyən ailəmin gələcəyi ondan asılıdır. Sutkada uzağı 6 saat yatıram və günün 10-14 saatını işləyirəm.

- Bəs, nə vaxt dincəlirsiniz?

- Dincəlməyə nadir hallarda imkan olur. Belə imkan yarandıqda, ilk növbədə, telefonu söndürürəm və "əlçatmaz" oluram. İstirahət zamanı telefonu heç sevmirəm.

- Hobbiniz var?

- Mütəmadi olaraq fitnes və piano. Amma uşaqlıqda məni piano arxasına güclə oturdurdular. Musiqi ilə məşğul olmağı xoşlamırdım. İndisə pianoda ifa edərkən dincəlirəm. Amma əlbəttə ki, barmaqlardakı texnika əvvəlki deyil.

- Nə ilə qürur duyursunuz?

- Azərbaycanlı olmağımla!



MƏSLƏHƏT GÖR:

522