15 May 2024

Çərşənbə, 01:32

TƏMİZ ENERJİ YOLUNDA

Parisdə keçirilən iqlim konfransı qlobal istiləşmənin qarşısını alacaqmı?

Müəllif:

08.12.2015

Parisdə Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişiklikləri üzrə konfransı keçirilir. Dünyanın 195 ölkəsindən olan nümayəndə heyəti, o cümlədən, təxminən, 150 dövlətin lideri bəşəriyyət üçün təhlükəyə çevrilmiş qlobal istiləşmənin qarşısının alınması yollarını müzakirə etmək üçün bir araya gəliblər. Sammitin gündəliyində duran əsas məsələ Kioto Protokolunu əvəzləyəcək yeni sənədin qəbuludur.

 

2 dərəcə selsidən artıq olmayaraq

İqlim konfransı beynəlxalq vəziyyətin kəskin şəkildə pisləşməsi fonunda başlayıb. Yaranmış vəziyyət forumun keçirildiyi məkana da təsirini göstərib - Fransa paytaxtı bu yaxınlarda dəhşətli terror aktlarına şahidlik edib. Elə sammitin əvvəlində bir dəqiqəlik sükut da həmin hadisələr zamanı həlak olmuş insanların xatirəsinə idi. Hazırda bütün Fransa fövqəladə vəziyyət şəraitində yaşayır. Odur ki, konfransın son dərəcə ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilməsi heç də təəccüblü deyil. Bununla yanaşı, forumun həsr edildiyi problem bəşəriyyət, həmçinin Yer planetinin bütün canlıları üçün müharibəsiz, zorakılıqsız həyatdan heç də az önəm daşımır.

Alimlər, həmçinin BMT-nin himayəsi altında fəaliyyət göstərən ekspertlər yaxın onillikdə bəşəriyyəti nələrin gözlədiyini açıq şəkildə dilə gətirirlər: şirin su qıtlığı, qlobal ərzaq böhranı, nəticədə, bir çox ölkələrdə kütləvi aclıq, həmçinin görünməmiş sayda təbiət kataklizmləri. Alimlər hesab edirlər ki, bütün bu gözlənilən fəlakətlərin əsas katalizatoru planetdə hərarətin durmadan artmasıdır. Amerikanın Okean və Atmosfer üzrə Milli Administrasiyasının məlumatına görə, son 100 ildə Yerdə hərarət, orta hesabla, 0,85 selsi dərəcə artıb. Üstəlik, ən isti illərin hamısı bizim yaşadığımız dövrdə - XXI əsrin əvvəllərində qeydə alınıb. Qlobal istiləşmənin səbəblərinə gəlincə, əksər mütəxəssislər bunu sənaye və kənd təsərrüfatı müəssisələri tərəfindən atmosferə tullantıların yaratdığı istixana effektilə əlaqələndirir. Məsələn, karbon qazının həddindən artıq toplanması Günəş istisinin qarşısının kəsilməsinə səbəb olur. Karbon qazını udan və yerinə oksigen buraxan meşələrin durmadan qırılması vəziyyəti daha da ağırlaşdırır.

Belə hesab edilir ki, qlobal istiləşmə, ilk növbədə, inkişaf etmiş ölkələrin ucbatından baş verir. Bu fikri antiqlobalçı hərəkatın nümayəndələri, radikal solçular və ekoloji təşkilatlar da dəstəkləyir. Onlar Paris sammitinin iştirakçılarını etiraz aksiyaları ilə qarşılayıblar. Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Qarşıdurmalar zamanı 300-dən artıq nümayişçi saxlanılıb.

Bununla yanaşı, "düzgün iqlim" uğrunda mübarizədə gözləntilər həqiqətən, böyükdür - Kioto Protokolunu 2020-ci ildən sonra əvəzləyəcək, istixana qazlarının emissiyasının qarşısını alacaq yeni qlobal razılaşma əldə olunmazsa, planet ciddi problemlərlə üz-üzə qalacaq. Ekspertlərin iddialarına görə, qlobal istiləşmə ilə üz-üzə qalma riski, ilk növbədə, daha yoxsul ölkələri əhatə edəcək: Banqladeş, Çad, Niger, Haiti, Konqo Demokratik Respublikası, Əfqanıstan və Mərkəzi Afrika Respublikası. BMT mütəxəssisləri hadisələrin bu cür mənfi istiqamətdə inkişafına imkan verməmək üçün bir məsələni son dərəcə vacib sayırlar: bu yüzilliyin sonunadək atmosferdə orta hərarətin 2 selsi dərəcədən çox artımına imkan vermək olmaz. 

Qeyd etmək lazımdır ki, ünvanlarına anti-ekologiya siyasəti yürütmək ittihamları səsləndirilən aparıcı fövqəldövlətlərin liderləri qlobal istiləşmənin planet miqyaslı təhlükə olduğunu etiraf edirlər. Məsələn, ABŞ prezidenti Barak Obama bildirib ki, qlobal istiləşmə dünya iqtisadiyyatına, həmçinin qlobal təhlükəsizliyə təhdiddir. O, konfrans iştirakçılarını planetdə ekologiyanı yaxşılaşdıracaq, eyni zamanda dünya iqtisadiyyatının inkişafı üçün stimul olacaq beynəlxalq razılaşma əldə etməyə çağırıb.

Hazırda dünyada istixana emissiyasının uzağı 14%-ni əhatə edən Kioto Protokolunun yerinə yeni razılaşmanın əldə olunmasını Rusiya da vacib sayır. Moskva hesab edir ki, yüzilliyin əsas hədəflərindən birinə - planetdə hərarətin 2 selsi dərəcədən çox yüksəlməməsinə nail olmaq üçün güclü iqtisadi və siyasi əsaslar yaradılmalıdır. Bununla yanaşı, Rusiyada hesab edirlər ki, Paris konfransı iştirakçısı olan dövlətlər ümumi istixana emissiyasının azaldılması üçün hansı mexanizmlərdən istifadə edəcəyini özü müəyyənləşdirə bilməli, bu suveren hüququ özündə saxlamalıdır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya iqlim məsələsilə bağlı üzərinə ciddi öhdəliklər götürməyə hazırdır. O, inkişaf etməkdə olan ölkələrin mövqeyini bu cür qiymətləndirib: "İndi inkişaf etməkdə olan iqtisadiyyatların üzərinə tullantılarla, cərimələrin ödənilməsilə və sair ağır yük qoyularsa, bu, onların inkişafını əngəlləyən amillərdən biri olacaq". Rusiya prezidentinin fikrincə, inkişaf etməkdə olan iqtisadiyyatların daha yüksək texnoloji inkişaf səviyyəsinə çatması və atmosferə tullantılara görə "əl-qolu bağlanmaması" üçün BMT mexanizmlərindən istifadə olunmalıdır.

 

İnkişaf etmişlər və inkişaf etməkdə olanlar

İnkişaf etməkdə olan ölklərin mövqeyi, həqiqətən də, iqlim problemlərinin qarşısının alınmasında az qala həlledici amildir. Zərərli tullantıların azaldılmasına razı olan aparıcı iqtisadiyyatlardan fərqli olaraq, bu ölkələr bildirirlər ki, üzvi yanacaq onların iqtisadiyyatlarında artımı təmin edir və təmiz enerjiyə keçid üçün vəsait əldə etməyə imkan yaradır. Bu mənada, atmosferə atılan istixana qazının həcminə görə üçüncü yerdə olan Hindistanı nümunə göstərmək olar. Dehlidə hesab edirlər ki, bərpa olunmayan enerji daşıyıcılarından, xüsusilə kömürdən istifadənin məhdudlaşdırılması ölkə iqtisadiyyatında kollapsa səbəb olacaq və onsuz da yoxsul olan əhaliyə əlavə zərbə vuracaq. Hindistanda iqlimə nəzarət proqramı özündə bərpaolunan enerji mənbələrinin artırılmasını da əks etdirsə də, orada yaxın onillikdə ölkədə kömürdən istifadə nəticəsində tullantıların 3 dəfə artacağı da bildirilir. Bununla yanaşı, Dehli məsələni iqlim dəyişikliklərində günahkar olan digər ölkələrdən daha ciddi qoyur. Ölkənin baş naziri Narendra Modi Paris konfransındakı çıxışı zamanı bildirib ki, onun ölkəsi iqlim dəyişikliklərində günahkar olmasa da, "sənaye əsrinin çiçəklənməsinin, inkişafının fəsadlarını özündə hiss edir" - söhbət ondan gedir ki, hazırda dövlətlərin inkişafı mədən yanacaqlarından istifadədən asılıdır. O, qənaətini də açıqlayıb: bir çox dövlətlərin inkişaf səviyyəsi onların alternativ enerji mənbələrindən istifadəsinə imkan vermədiyindən, "iqlim ədaləti prinsipi inkişaf etməkdə olan ölkələrə inkişaf üçün geniş imkanlar verilməsini vacib edir".

Hindistanın arqumentlərini, ümumilikdə, inkişaf etmiş dövlətlər qəbul edir. Məsələn, Fransa prezidenti Fransua Olland bildirib ki, "iqlim dəyişikliklərinə görə əsas məsuliyyəti inkişaf etmiş ölkələr daşımalıdır". Paris xoş məram jesti olaraq, Afrika ölkələrinin elektrik enerjisilə təmin olunması üçün 4 il müddətinə 6 milyard avro ayırmaq niyyətini açıqlayıb. Bu məbləğin 2 milyardı bərpaolunan enerji mənbələrinin inkişaf proqramının reallaşdırılmasına xərclənəcək.

Bənzər qərar Almaniya tərəfindən də qəbul edilib. O, oxşar proqramların reallaşdırılmasına 3 milyard avro ayırmaq niyyətindədir. Bundan başqa, Berlin inkişaf etməkdə olan ölkələrin qlobal istiləşmə ilə mübarizəsinə illik maliyyə dəstəyini 2 dəfə artırmaq qərarına da gəlib (4 milyard avro).

Paris konfransında İsveç xüsusi mövqeyilə yadda qalıb. O, dünyada mədən yanacağından imtina edən ilk ölkə olacağını bəyan edib. Yeri gəlmişkən, bu ölkə 2009-cu ildə Kopenhagendə keçirilmiş sammitin yekununda yaradılmış Beynəlxalq İqlim Fondunun ən nəhəng donorudur (adambaşına düşən həcmə görə). İsveçin baş naziri Stefan Lyoven Parisdə keçirilən brifinqdə alternativ enerji mənbələrinin artırılmasının iqtisadi inkişafa, xüsusilə yeni iş yerlərinin açılmasına təkan olacağına əminliyini bildirib.

 

 Söz Qeytsə verilir!

Təmiz enerjinin inkişafı ilə iqtisadi artım arasında əlaqəni etiraf edənlər heç də yalnız ayrı-ayrı dövlət liderləri deyil. Paris konfransının əsas personajlarından biri də "Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts olub. Konfransda o, "Breakthrough Energy Coalition" adlı yeni layihəsini təqdim edib. Söhbət bərpaolunan enerji mənbələrinin inkişafını maliyyələşdirəcək fondun yaradılmasından gedir. Qeytsin bu təşəbbüsünə 28 milyarder dəstək verib. Onların arasında "Alibaba" şirkətinin baş icraçı direktoru Cek Ma, "Facebook"un yaradıcısı Mark Sukerberq, "HP" şirkətindən Meq Uitman və Virgin qrupundan Riçard Brenson da var.

Qeyts əmindir ki, mədən yanacaqlarından qlobal asılılığın azaldılması "milyonlarla insanın yoxsulluqdan xilasına, iqtisadi baxımdan daha müstəqil olmalarına" yol açacaq. Onun fikrincə, bu halda "enerji daşıyıcılarının qiyməti də sabitləşəcək və bu, dünya iqtisadiyyatına daha ciddi təsir göstərəcək". Bundan başqa, "Microsoft" korporasiyasının yaradıcılarından olan Qeytsin fikrincə, təmiz enerjinin maya dəyərinin azalması yoxsul ölkələri iqtisadi inkişafdan imtina etmədən, alternativ enerji mənbələrinə müraciət etməyə yönəldəcək. 

Qeyts bildirir ki, özəl şirkətlər təmiz enerji sahəsində ciddi qərarların hazırlanmasında böyük rol oynaya bilər. Söhbət, ilk növbədə, külək və günəş enerjisi kimi bərpa olunan enerjinin əldə olunmasında texnologiyaların tətbiqindən gedir: "Bu, karbohidrogenlərsiz enerjiyə aparan yol olacaq". Lakin şirkətlərin bu istiqamətdəki fəaliyyəti yalnız hökumətlər tərəfindən maliyyələşdirilən "baza araşdırmaları"na əsaslanmalıdır.

Beləliklə, Paris konfransında qərarın qəbul olunub-olunmayacağı iki amildən asılıdır: fövqəldövlətlərin inkişaf etməkdə olan ölkələri, ilk növbədə, Hindistanı Kioto Protokolunu əvəzləyəcək daha mükəmməl sənədin qəbuluna razı salmasından və hökumətlərin Bill Qeyts və zəngin həmfikirlərinin təşəbbüsünü dəstəkləyib-dəstəkləməyəcəyindən. Sonuncu təşəbbüs, deyəsən, reallaşdırılmağa yaxındır. Hər halda, Qeyts enerji sahəsinə investisiya yatırımını 2 milyard dollaradək artırmaqla, bəzi hökumətləri üzərlərinə öhdəlik götürməyə razı salıb: onlar karbohidrogenlərin tətbiqi olmadan enerji mənbələrinin işlənməsinə yönəlmiş elmi tədqiqatlara kapital qoyuluşunu 2020-ci ilədək iki dəfə artırmalıdırlar. "Mission Innovation" layihəsinin əsasını da Qeytsin təşəbbüsü ilə ABŞ, Çin və Hindistan da daxil olmaqla, bir sıra ölkələrin üzərlərinə götürdükləri öhdəlik təşkil edir.

İqlim konfransının qlobal istiləşmənin qarşısının alınmasına yönəlmiş yeni səyləri nəzərdə tutan yekun sənədinin imzalanmasına gəlincə, o, hələ sual altındadır. Bu, işini dekabrın 11-də başa vuracaq Paris konfransının əsas intriqası olaraq qalır.



MƏSLƏHƏT GÖR:

485