7 May 2024

Çərşənbə axşamı, 10:40

"SÜLHƏ DOĞRU İSTƏNİLƏN ADDIM ÇOX VACİBDİR"

AŞPA-nın İspaniyadan olan üzvü Arkadio Dias Texera "R+"a müsahibəsində Robert Uolterin Qarabağ münaqişəsilə bağlı məruzəsinin təsdiqlənməsinin vacibliyini bildirib

Müəllif:

08.12.2015

AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsi noyabrın 4-də Parisdə erməni nümayəndə heyətinin və dəstəkçilərinin ciddi müqavimətinə rəğmən, "Qarabağda və Azərbaycanın başqa işğal edilmiş ərazilərində zorakılığın artımı" adlı məruzəni qəbul edib. Məruzənin müəllifi britaniyalı məruzəçi Robert Uolterdir.

"R+" Avropa Şurası Parlament Assambleyasının İspaniyadan olan üzvü Arkadio Dias Texerin müsahibəsini təqdim edir. Qeyd edək ki, o, qurumda məruzəni, o cümlədən sənəddə Azərbaycanın təklif etdiyi vacib dəyişiklikləri ciddi şəkildə dəstəkləmiş şəxslərdəndir.

- Cənab Texera, icazə verin, söhbətimizə belə bir sualla başlayaq: Azərbaycan ərazilərinin beşdə birinin işğalına necə baxırsınız?

- Ümid edirəm ki, AŞPA-nın yeni məruzəsi Avropa Şurası Parlament Assambleyasının plenar iclasında təsdiqlənəcək və Dağlıq Qarabağ problemilə bağlı beynəlxaq qurumlar tərəfindən indiyədək qəbul olunmuş qərarlara bir əlavə olacaq. Mən, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlılarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini nəzərdə tuturam.

Qarabağ probleminə münasibətimə gəlincə, Avropa Şurasının üzvü olan bir dövlətin digər üzv dövlətin ərazilərinin 20%-ni işğalda saxlamasını qəbuledilməz sayıram. Bu ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən, təxminən, 20 il əvvəl böyük müttəfiqinin dəstəyilə işğal olunub. Yeni sənəd, yəni cənab Uolterin məruzəsi də bundan danışır. Düşünürəm ki, Parlament Assambleyasının digər üzvlərində də bu məsələ ilə bağlı şübhə yoxdur. Avropa Şurasının üzvü olan dövlətlərin suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı məsələlərinə hörmətlə yanaşmaları vacibdir.

- Dəstəklədiyiniz dəyişikliklərin məğzi nədən ibarətdir?

- Söhbət azərbaycanlı deputat Elxan Süleymanovun təşəbbüsü ilə irəli sürülmüş 3 dəyişiklik təklifindən gedirdi. Onlar məruzənin daha konkret xarakter almasını təmin edirdi. Mən və polşalı həmkarım Tadeuş İvanski onları dəstəkləməyə bilməzdik.

Dəyişikliklərdən sonrakı məruzə layihəsində bildirilir ki, Azərbaycan ərazilərinin bir hissəsi əvvəlkitək Ermənistanın işğalı altındadır. Sənəd qarşı tərəfi işğala son qoymağa, qanunsuz şəkildə ələ keçirilmiş Azərbaycan vətəndaşları Şahbaz Quliyevlə Dilqəm Əsgərovu dərhal girovluqdan azad etməyə çağırır.

Bununla yanaşı, məruzədə erməni tərəfinin sənədin hazırlanmasında iştirakdan imtinası kəskin şəkildə pislənilir və İrəvanın Avropa Şurası qarşısındakı öhdəliklərini pozması kimi qiymətləndirilir. Məruzə layihəsində gələcəkdə məruzəçilərin mandatlarına uyğun fəaliyyət zamanı bu cür problemlərlə üzləşməmələri üçün tədbirlər görülməsinin vacibliyi vurğulanır.

Bundan başqa, sənəd Avropa Şurasının baş katibini Ermənistanla Azərbaycan arasında barışığa nail olunması üçün Minsk Qrupunun prinsipləri əsasında fəaliyyət planı hazırlamağa, bu iki ölkə ilə bağlı gələcək fəaliyyətində komitənin təsdiqlədiyi sənədi nəzərə almağa çağırır.

- AŞPA çərçivəsində məruzənin hazırlanmasında əməkdaşlıqdan imtina edən Ermənistan tərəfi bu addımını belə izah edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım göstərilməsi ATƏT-in Minsk Qrupuna aid məsələdir. Onların fikrincə, bu istiqamətdə hər hansı başqa təşkilatlar tərəfindən atılan istənilən addım Minsk Qrupunun fəaliyyətinə ziyandır və hətta ona mane olur. Həqiqətdə isə bunun status-kvonun qorunması cəhdi olduğu, Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə yönəldiyi ortadadır. Ermənilər sənədin müəllifinə qarşı başlatdıqları geniş yalan kampaniyası vasitəsilə layihənin müzakirəsinin növbəti mərhələsində hədəflərinə nail ola bilərmi?

- Erməni tərəfi cənab Uolterə, həqiqətən də, ciddi təzyiqlər göstərir, onun nüfuzuna, qərəzsizliyinə, reputasiyasına zərbə vurmağa çalışır. Lakin bütün bunlar cənab Uolterin işinə mane olmayıb. AŞPA üzvləri müstəqil insanlardır. İşimizdə azadlıq, kənar təsirlərə boyun əyməmək bizim əsas prinsipimizdir. Ümid edirəm ki, məruzə AŞPA-nın yanvarda keçiriləcək sessiyasında təsdiqlənəcək.

- Maraqlıdır ki, AŞPA-nın məruzəsi heç də yalnız Ermənistan tərəfindən tənqidlə qarşılanmayıb. Məsələn, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib ki, "AŞPA və digər beynəlxalq strukturlar Dağlıq Qarabağla bağlı hesabat və qətnamələri dərc etməzdən əvvəl ATƏT-in Minsk Qrupu ilə məsləhətləşməlidir". Bu haqda nə düşünürsünüz?

- ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərdikləri 20 ildən artıq müddətdə hər hansı dəyişikliyə, tərəflərin sülhə gəlməsinə nail olmayıblar. Bu səbəbdən də, münaqişənin həllinə yönəlmiş istənilən yeni addım çox vacibdir. Hər kəs AŞPA tərəfindən təsdiqlənməli olan sənədə hörmətlə yanaşmalıdır. Üstəlik, söhbət bu cür sənəddən gedirsə. Axı, biz sülh naminə çalışırıq.

- İrəvan ayrı-ayrı ölkələrdə əhalinin müstəqillik elan etməklə öz müqəddəratını təyin etməsinə şövqlə baxırlar. Onlar Dağlıq Qarabağdakı separatçı rejimə də bu prinsip əsasında haqq qazandırmağa çalışırlar. Ermənilər üçün bu cür nümunələrdən biri ölkənizin regionlarından birində, konkret desək, Kataloniyada baş verənlərdir. Bu cür paralel aparmaq nə dərəcədə doğrudur? 

- Kataloniya və Dağlıq Qarabağdakı durumlar arasında heç bir bənzərlik yoxdur. Onlar kökündən fərqlənir. Bizdə qanunun aliliyi tam təmin olunub, bütün addımlar yalnız Konstitusiya çərçivəsində atılır. Bu, Dağlıq Qarabağda baş verənlərə heç nə ilə bənzəmir. Ermənistan Qarabağdan azərbaycanlıları silah gücünə qovub. Halbuki bu torpaqlar azərbaycanlılar üçün doğma torpaqlardır. Odur ki, bir daha deyirəm, bu iki hal arasında bənzərlik axtarmaq əsassızdır.


MƏSLƏHƏT GÖR:

558