5 May 2024

Bazar, 14:36

AVROKUBOK MİNİMUMU

"Qarabağ"la "Qəbələ" qrupda Avropa Liqasının pley-off mərhələsinə çıxa bilmədi

Müəllif:

15.12.2015

Azərbaycan futbol klubları üçün qitənin nüfuzuna görə, ikinci ən güclü klub turnirində mübarizə başa çatdı. Ölkə tarixində ilk dəfə iki komanda ilə təmsil olunduğumuz Avroliqa həyəcanı qrup mərhələsində başa çatdı. Əgər "Qəbələ" üçün qrup mərhələsinə vəsiqə qazanmaq maksimum nəticə sayılırdısa, "Qarabağ" bu dəfə pley-offa çıxmaq uğrunda yarışdığını gizlətmirdi.

Cari mövsüm Azərbaycan təmsilçilərinin qrup mərhələsində çıxışına nəzər salarkən, qeyri-stabil nəticələr yada düşür. Roman Qriqorçukun komandası seçmə mərhələdə 4 rəqibini sıradan çıxardıqdan sonra, ilk dəfə qrupda mübarizə aparmaq şansı qazandı. Kifayət qədər sanballı heyətə malik Qəbələ təmsilçisinə qrupda PAOK, "Krasnodar" və "Borussiya Dortmund" kimi güclü rəqiblər qismət oldu. Etiraf edək ki, Bakıda keçirilən ilk oyunda "Qəbələ" PAOK-la layiqli mübarizə sərgilədi. Qələbəyə layiq oyun olsa da, təmsilçimiz sonda 0:0 hesabına razılaşmaqla 1 xalla kifayətləndi. "Krasnodar"la oyun da çox maraqlı alındı. Qriqorçuk rəqibi çox yaxşı tanıdığından, "Krasnodar" 90 dəqiqə ərzində çətin anlar yaşadı. Amma yekunda məğlub olan tərəf biz olduq. Qrup mərhələsinə normal başlayan "Qəbələ"nin oyununda geriləmə almanlarla oyundan sonra başladı. "Borussiya" ilə matçda komandamız 1:4 hesabı ilə məğlubiyyət acısı yaşadı. Hərçənd, ilk 20 dəqiqədə qitənin ən güclü klublarından sayılan "Borussiya"nın qapısında kifayət qədər təhlükəli vəziyyət yarandı. Təcrübəsizlik futbolçularımıza həlledici zərbəni vurmağa mane oldu. Məhz bu məğlubiyyətdən sonra, "Qəbələ" həm çempionatda, həm də Avroliqada öz oyununu tapa bilmədi. Futbolçular sanki ağır məğlubiyyət şokundan ayılmağı bacarmadılar.

Qrup mərhələsinin son oyunu Bakıda "Krasnodar"a qarşı baş tutdu. Artıq pley-offa vəsiqəni təmin edən Rusiya təmsilçisi üçün matçın nəticəsi o qədər önəm daşımırdı. Belədə Roman Qriqorçukun komandasından, ən azı, heç-heçə gözləyirdik. Təəssüf ki, bu dəfə istəyimiz alınmadı. "Krasnodar" komandamıza 3 cavabsız qol vurmaqla, daha təcrübəli olduğunu sübut etdi. Yekunda cəmi 2 xal toplayan "Qəbələ" debüt ilində qrupda sonuncu yeri tutdu.

Avrokuboklarda ilk dəfə qrup mərhələsinə vəsiqə qazandığına görə "Qəbələ"yə böyük təşəkkür düşür. Doğrudan da, çoxları Qriqorçuka inanmadığı halda, ukraynalı məşqçi mübarizə komanda formalaşdırmağı bacardı. Lakin bu mübarizlik qrup oyunlarında özünü göstərmədi. Çox vaxt açıq futbola üstünlük verən Qriqorçukun komandasında futbolçular arasında anlaşma, uzun ötürmələrlə yaradılan təhlükəni müsbət qiymətləndirməmək mümkün deyil. Qısa müddət ərzində komandaya Avropa meydanlarında oynamağa imkan yaradan məşqçilər heyətinin işində qeyd olunası məqamlar çoxdur. Lakin narazı qalmağa səbəb qərarları da unutmaq olmaz. Çox vaxt start heyəti formalaşdırarkən, Qriqorçuk bizləri təəccübləndirməklə böyük səhvlərə yol verdi. Son oyunda qapıda Andrey Popoviçin dayanması səhv qərarlardan biridir. Rəqibin vurduğu hər üç qolda onun səhvi danılmazdır. Digər məqam Roman Qriqorçukun avrokuboklarda yalnız legionerlərə güvənməsidir. Sözsüz, heyətdə yüksəksəviyyəli yerli futbolçular olmaya bilərlər. Bəs o zaman "Qəbələ" Futbol Akademiyasının uzun illər fəaliyyətinin nəticəsi haradadır? Axı, "Qəbələ", demək olar ki, bütün oyunlarda yalnız əcnəbilərə güvənməklə diqqəti cəlb etdi. Əcnəbi futbolçular qışda komandanı tərk edə bilər. O zaman komanda yeni mövsümdə hansı futbolçulara etibar edəcək? Qriqorçukun rəhbərliyi altında çıxış edən bəzi legionerlərin qrup mərhələsi səviyyəsində oyunçu olmadığını etiraf etməliyik. Buna görə də seçmə mərhələdə liderlik keyfiyyətlərini göstərən əcnəbi futbolçular qrup mərhələsində kölgəyə çəkildilər. 

İstənilən halda komanda üçün cari avrokubok mövsümünü müsbət dəyərləndirmək lazımdır. Yeni mövsümdə, ən azı, qrup mərhələsinə vəsiqə qazanmaqla əvvəlki uğuru təkrarlamaq vacibdir.

Ardıcıl ikinci il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan ölkə çempionu "Qarabağ" haqqında xüsusilə danışmaq lazımdır. Qrup mərhələsində 4 xal toplamaqla sonuncu yeri tutan Qurban Qurbanovun komandasında, hər zaman olduğu kimi, heyətlə bağlı problemlər üzə çıxdı. Komandada çoxlu sayda futbolçu olmasına baxmayaraq, baş məşqçinin Avropada uğur qazanmaq üçün seçimi geniş deyildi. Əksər oyunçular yalnız Azərbaycan Çempionatında oynamaq üçün məşq edirdi desək, yeni heç bir şey kəşf etmərik. Üstəlik, Leroy Corc, Muarem Muarem kimi komandanın əsasını dəyişən futbolçuların "Qarabağ"ı tərk etməsi təsirsiz ötüşmədi. 

Londonda "Tottenhem"ə qarşı yaxşı mübarizə sərgiləyən Qurban Qurbanovun komandası sonda 1:3 hesablı məğlubiyyətə üzüldü. Hərçənd hesabı "Qarabağ" açdı, amma sonda komandanın oyun nizamı pozuldu. Əfran İsmayılov ona yaradılan qol şanslarını dəyərləndirmədi, Kintana lazım olanda çərçivəni dəqiq nişan almadı. Alharbi Al-Şardeui sona qədər komandaya öyrəşməkdə çətinlik çəkdi. Bakıda "Anderlext" üzərində 1:0 hesablı qələbə tarixi uğurlarımız siyahısına düşdü. "Monako" ilə oyunda da qələbəyə yaxın olduq, amma sonda 1 xalla kifayətləndik. 

Son turda "Qarabağ"ın ötən mövsüm olduğu kimi, tarix yazmağa əla şansı var idi. Bunun üçün güclü "Anderlext"ə səfərdə qalib gəlmək vacib idi. Paralel keçən görüşdə "Tottenhem" "Monako"ya qalib gəlsə də, biz öz üzərimizə düşən işi görmədik. Nəticədə, 4 xalla qrupda sonuncu yeri tutaraq avrokuboklarla vidalaşdıq.

Azərbaycan çempionunun Avroliqadakı çıxışını dəyərləndirərkən, ilk öncə, mənfi məqamlardan danışmaq istərdik. Komandanın heyətində hücum xəttində boşluq hiss olundu. Oktyabrda Reynaldo zədələnəndən sonra, Ağdam təmsilçisində "vuran ayaq" olmadı. Düzdür, Riçard Almeyda komandanın liderinə çevrildi. Amma unutmaq olmaz ki, braziliyalı hücumçu deyil, hücumameylli yarımmüdafiəçidir. Əfran İsmayılov avropasəviyyəli futbolçu olmadığını sübut etdi. İbhahim Şehiç 3 dəfə kobud səhvlə vurulan qolda günahkar oldu. Bəzi oyunlarda komandanın psixoloji probleminin olduğu aşkar göründü. 

"Qarabağ" sanki rəqiblərindən çəkinirdi. 

Deyilənlərlə yanaşı, "Qarabağ"ın mübarizə komanda təsiri bağışladığını vurğulamaq vacibdir. Gəlin, etiraf edək ki, Azərbaycan Çempionu bu il "ölüm qrupu"nda yer aldı. Püşkdən sonra əgər bizə desəydilər ki, 4 xal toplayacağıq, hamımız razılaşardıq. "Qarabağ" sona qədər qrupda intriqanı ölməyə qoymadı. Son tur ərəfəsində pley-offa çıxmaq şansını saxlaması futbolçuların maksimum oyun nümayiş etdirdiklərini göstərir. 

Beləliklə, Avroliqa həyəcanı Azərbaycan klubları üçün qrup mərhələsində bitdi. Amma təmsilçilərimiz artıq pley-off uğrunda yarışmağın vaxtı olduğunu hiss etdilər. Yeni mövsümdə daha çox klubumuzun qrupa vəsiqə qazanacağına ümid edirik. Ən əsası, "Qarabağ"la "Qəbələ" üçün artıq qrup mərhələsini minimum vəzifə hesab ediləcək.



MƏSLƏHƏT GÖR:

455