18 May 2024

Şənbə, 11:37

YENİ DÖVR?!

Latın Amerikası ölkələrində rejimlərin dəyişməsi başqa heç nəyi dəyişmir

Müəllif:

15.12.2015

Latın Amerikasında (LA) hər kəs "yeni dövr"dən danışmağa başlayıb. Bu cür fikirlərin meydana çıxmasına uzun illərdən sonra, Venesuelada keçirilmiş parlament seçkilərində ilk dəfə müxalifətin qələbə qazanması, Argentinada keçirilmiş prezident seçkisini Mühafizəkar Partiyasının namizədi Maurisio Makrinin qalib başa vurması səbəb olub. Müşahidəçilər artıq neoliberalların qələbəsindən, "Bolivar inqilabı"na və XXI əsr sosializminə zərbə vurulmasından danışırlar. Bəs bu, həqiqətən yeni dövrdür, yoxsa sadəcə, tarixdə bir dəfə baş vermiş hadisənin - "toplananların yerinin dəyşməsi" - təkrarıdır? Axı solçular vaxtilə məhz neoliberalizm siyasətinin uğursuzluğu sayəsində baş qaldırmağa başlamışdılar. Görünür, indi qarşı-qarşıya dayanmış bu iki sistem arasında yeni mübahisə başlayır, LA sakinləri isə həmişəki kimi, kənarda qalır.

 

Madurоdan demokratiya

Venesuelada keçirilmiş parlament seçkilərində müxalifətçi "Demokratik birlik bloku" qələbə qazanıb. O, 109 mandata sahib çıxıb. Nəticədə, prezident Nikolas Maduronun lideri olduğu Venesuela Vahid Sosialist Partiyası 55 deputat kürsüsü ilə kifayətlənməli olub. Milli Assambleyanın yeni heyəti işinə 2016-cı ilin yanvarında başlayacaq.

"Demokratik birlik bloku" özündə bir çox qüvvələri cəmləyə bilib - sol-mərkəzçilərdən tutmuş, mühafizəkarlara, xristian-demokratlardan tutmuş, populistlərədək. O, kütləvi həbslərə, keçirdiyi mitinqlərin əksər hallarda insan tələfatı ilə bitməsinə baxmayaraq, vahid cəbhə yaratmağa nail olub. Blokun seçki ərəfəsində keçirdiyi mitinqdə də müxalifətin regional liderlərindən biri, "Demokratik fəaliyyət" partiyasının baş katibi Luis Manuel Dias güllələnib.

İndi qələbəni əldə etmiş "demokratlar", ilk növbədə, parlamentdə siyasi məhbusların azad olunmasını nəzərdə tutan qanun qəbul etmək niyyətindədirlər. Bundan başqa, onlar Ali Məhkəməyə bir sıra mübahisəli təyinatlara etiraz etməyi də düşünürlər. Ölkədə Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi təşəbbüsünün irəli sürülməsi də mümkündür. Qeyd edək ki, qanunvericilik 6 illik səlahiyyət müddətinin yarısını başa vurmuş prezidentin postundan uzaqlaşdırılması məsələsinin gündəmə gətirilməsinə imkan verir. Hazırkı prezident Maduro üçün bu müddət gələn ilin aprelində başa çatır. Odur ki, görünür, Venesuelada ən maraqlı hadisələr hələ qarşıdadır.

Maduro isə müxalifətin "Petrokaribe" proqramı haqqında razılaşmanı pozmaq niyyətindən xəbərdar olduğunu bildirib. Qeyd edək ki, bu proqram çərçivəsində Venesuela bir sıra ölkələrə güzəştli şərtlərlə neft satır. Maduro hesab edir ki, bu qərar regionda görünməmiş humanitar böhrana yol aça bilər.

Müxalifəti isə hazırda əsas narahat edən məqam Venesuelanın özündəki böhrandır.

"Demokratik birlik bloku" sosialistləri faciəvi iqtisadi siyasət yürütməkdə, neft resurslarının israf olunmasında günahlandırır. Dünyanın əsas neft tədarükçülərindən olan Venesuela dünyada ən yüksək inflyasiyanın mövcud olduğu ölkələr sırasındadır. O, əsas ərzaq məhsulları - düyü, süd, qarğıdalı unu, yağ çatışmazlığı ilə üz-üzə qalıb. Ölkədə kəskin investisiya, texnologiya və peşəkar kadr çatışmazlığı da var. Təxminən, 1,6 milyon venesuelalı daha yaxşı həyat şəraiti tapmaq üçün vətəni tərk edib. Üstəlik, ölkədə cinayətkarlığın səviyyəsi pik həddədir.

Nikolas Maduro prezident kürsüsünü (bunadək vitse-prezident və Xarici İşlər naziri olub) 2013-cü ildə dövlət başçısı Uqo Çavesin ölümündən sonra tutub. Son parlament seçkisindən sonra məğlubiyyətini etiraf etmiş prezident bununla yanaşı, uğursuzluğunun ona qarşı aparılan "iqtisadi savaş" üzündən olduğunu bildirib. Maduronun fikrincə, ərzaq böhranının əsas səbəbi də budur. Prezident Uqo Çavesin başlatdığı "Bolivar inqilabı"ndan imtina etməyi düşünmür və "inqilabçı qüvvələri" yeni şəraitə qarşı birliyə çağırır. Lakin indi əksəriyyəti, o cümlədən, Maduronun tərəfdarları da onun Uqo Çavesin işinin uğurlu davamçısı olmadığı qənaətindədir. Çaves "XXI əsrin sosializmi"ni xalq demokratiyası, iqtisadi müstəqillik, gəlirlərin ədalətli bölüşdürülməsi, korrupsiyanın kökünün kəsilməsi, yeraltı sərvətlərin və sənayenin milliləşdirilməsi ilə görürdü. Çavesin siyasi karyerasını tale kəsdi. Maduro isə bir sıra amillərin köməyi ilə hakimiyyətə yiyələndi. O, sanki çox iş görüb, xarici siyasətdə ciddi fəallıq göstərib. Amma nəticə yenə də faciəvidir və Maduro, onunla birlikdə isə Çaves məğlub olur. Hər halda, çoxları parlament seçkilərini hazırkı hakimiyyətin effektivliyinin qiymətləndiriləcəyi referendum sayırdı.

 

Kirşner erasının sonu

Argentinaya gəlincə, mühafizəkar sağçı partiya populist-solçu peronçular üzərində qələbə çalmaqla, 12 illik "kirşnerizm"ə son qoyub. Söhbət prezident Nestor Kirşner tərəfindən qurulmuş, sonradan Kristina Kirşnerin rəhbərlik etdiyi hakimiyyətdən gedir. Hadisələrin bu məcrada gedə biləcəyi hələ 2013-cü ildə, Kristina Kirşnerin silahdaşlarının parlament seçkilərində məğlub olduqları zaman aydın idi. O zaman prezidentin tərəfdarları ölkənin 24 əyalətinin 12-də, o cümlədən, əhalinin daha sıx olduğu bölgələrdə məğlub olmuşdular. Bu dəfə isə "Respublika təklifi" partiyasından prezidentliyə namizəd Maurisio Makri seçicilərin 51,44%-nin səsini qazanıb. Onun rəqibi, hakim "Qələbə uğrunda cəbhə"nin nümayəndəsi Daniel Sioliyə 48,56% seçici səs verib.

Kristina Kirşner 2007-ci ildə keçirilmiş prezident seçkisini qazanmaqla, dövlət başçısı postunda həyat yoldaşı Nestor Kirşneri əvəzləmişdi. N.Kirşner ardarda iki müddət prezident olduğundan, bu ilkin seçkiyə qatıla bilməyib. Əvəzində o, Buenos-Ayres əyalətinin qubernatoru Daniel Siolini dəstəkləyib. Lakin bu, sonuncuya nəinki qələbə gətirməyib, əksinə, onun məğlubiyyətinə yol açıb. Çünki o, seçicilərdə Kirşnerin siyasəti ilə assosiasiya olunub. Ölkədə iqtisadi vəziyyətin pisləşməsinə, argentinalı vergiödəyicilərinin boğazından asılmış miqrantların artımına, yolların dağılmasına, qəzalı məktəblərin artmasına və s. görə isə xalq məhz Kirşneri günahlandırır.

Argentinada da Venesuelanın problemlərinə bənzər çətinliklər var. Yaxşı iqlimə, zəngin resurslara, Latın Amerikasında həcminə görə üçüncü iqtisadiyyata malik Argentina uğur qazanmaq üçün lazımi şərtlərin olmasına baxmayaraq, durğunluq yaşayır. Ölkədə inflyasiya, təxminən, 30%-dir, büdcədə kəsr var. Bundan başqa, ölkədən ciddi kapital axını yaşanır, korrupsiya getdikcə daha da çiçəklənir. Argentinada ciddi investisiya çatışmazlığı var.

Argentinanın italyanəsilli zəngin katolik ailələrindən birinə mənsub olan Makri siyasi karyeraya başlayanadək bizneslə məşğul olub. O, Buenos-Ayresin meri postunu da tutub. Makri bildirir ki, o, Kirşner və silahdaşlarından fərqli olaraq, "yoxsulluğun sıfır dərəcəsində olacağı" ölkə quracaq, narkotik ticarəti ilə mübarizə aparacaq, xalqı birləşdirəcək, başqa ölkələrlə əməkdaşlıq edəcək. Yeni prezidentin valyuta bazarında liberallaşma aparacağı, ölkənin şimalında bazar məkanının genişlənməsinə yönəlmiş miqyaslı infrastruktur layihələri həyata keçirəcəyi gözlənilir. Onun sözlərinə görə, Argentinada daxili idarəetmə strategiyasının dəyişdirilməsinə ehtiyac var. Yeri gəlmişkən, Makri ölkə əhalisinin əksəriyyətinin dəstəklədiyi postliberal siyasətin sosial nailiyyətlərini əsas götürəcəyini istsna etmir.

Qeyd edək ki, Kirşner müəyyən "xarici təhlükələr"ə qarşı daim müqavimət göstərdiyi, "döyüş hazırlığı" vəziyyətində qalmağa çağırışlar etdiyi üçün də tənqid olunurdu. Ölkənin yeni başçısı isə bu cür xarici siyasi kursa son qoyulmasını, ABŞ və Avropa ölkələri ilə yaxınlaşma kursunun seçilməsini vacib sayır. Makri Nikols Maduronun və Uqo Çaves irsinin qatı əleyhdarıdır. O, Venesuela parlamentindəki yeni çoxluqla əlaqələr qurmağı düşünür.

Maraqlıdır ki, Makri artıq Milli Konqresin Rusiya və Çinlə imzalanmış razılaşmalara yenidən baxmasının vacibliyini bildirib. Beləliklə, Rusiya ilə Argentina arasında əməkdaşlıq sual altına düşüb. Halbuki, Kirşnerin dövründə tərəflər arasında atom enerjisi sahəsində əməkdaşlığa dair milyonlarla dəyəri olan müqavilələr, Neuken əyalətində HES-in inşasına dair razılaşma imzalanıb. 

Yeri gəlmişkən, Maduro da siyasi opponentlərinin Çin və Rusiya ilə indiyədək imzalanmış müqavilələri pozmağı düşündüklərini söyləyib; məsələn, Çinlə Venesuela arasında energetika, sənaye və sosial sahələrdə 20 milyard dollarlıq razılaşmalar imzalanıb. Moskva ilə Karakas da energetika, hərbi texnika və silahların tədarükü kimi bir sıra sahələrdə əməkdaşlıq edirlər.

Bununla yanaşı, Makrinin məsələyə praqmatik yanaşacağını istisna etmək olmaz. Çünki məsələn, Neuken HES-in inşasının 85%-ni Moskva maliyyələşdirməlidir. Amma söhbət yalnız iqtisadiyyatdan getmir. Rusiyanın Latın Amerikası ölkələri ilə əməkdaşlığını məhz çoxqütblü dünya düzəninin formalaşdırılması çərçivəsində qurur.

 

ABŞ-ın təsiri

Odur ki, istər Argentina, istərsə də Venesuelada siyasi gündəmin dəyişməsində bəziləri ABŞ-ın əlini görür. WikiLeaks saytının noyabrın 24-də dərc etdiyi sənəddə bildirilir ki, Vaşinqton Venesuela-Rusiya münasibətlərini diqqətlə izləyir. Rusiya ilə münasibətlər bir yana, Argentinada Makrinin seçkiqabağı kampaniyasına ölkənin ən nüfuzlu nəşrlərinin dəstək verdiyi faktdır. Misal kimi, vaxtilə Karlos Menemin neoliberal siyasətini dəstəkləmiş "Clarin" qrupu və "La Nacion" qəzeti, həmçinin Qərbin CNN, Fox News telekanalları, İspaniyanın aparıcı KİV-i, Amerikaarası Mətbuat Assosiasiyasını göstərmək olar. Ekspertlər hesab edir ki, ABŞ Latın Amerikası ilə bağlı yeni strategiya hazırlayır və o, özünü ilk olaraq, Kuba ilə münasibətlərin qaydaya salınması istəyi ilə göstərib. İndi isə Vaşinqton Argentina və Venesuelada rejimlərin dəyişməsini dəstəkləməklə, bu strategiyasını davam etdirib. Bundan başqa, əsas alıcısı Çin olan Latın Amerikası ölkələrinin xammal ixracından asılı olmaları da Vaşinqtonun işinə yarayır. Hazırda Çin iqtisadiyyatı zəifləyib və demək, Cənubi Amerika ABŞ ilə əlaqələri yenidən gücləndirmək məcburiyyətində qalacaq.

Birləşmiş Ştatların Latın Amerikasına təsiri hər zaman güclü olub. ABŞ artıq 2 yüzillikdir ki, Latın Amerikasına Monro doktrinası və panamerikanizmin müxtəlif modifikasiyası vasitəsilə baxır. Üstəlik, bunun müxtəlif vasitələrlə gücləndirilməsinə çalışılır - Amerika Dövlətləri Təşkilatı (ADT), azad ticarət razılaşması və s. ABŞ-ın bütün son prezidentləri - Reyqan, Buşlar, Klinton və Obama bununla məşğul olublar. Lakin amerikalılar LA-ya hər zaman özlərinin Şimali Amerika Azad Ticarət Zonasının tərkib hissəsi kimi baxıblar. Halbuki, Latın Amerikası ölkələrinin daim özləri öz azad ticarət zonalarını yaratmaq haqqında danışıblar. Onlar inteqrasiya üzrə ALBA, SELAC, UNASUR kimi müxtəlif hökumətlərarası təşkilatlar da yaradıblar və bu, ABŞ üçün regionun aparıcı qüvvəsi deyil, sadəcə, tərəfdaş olması kimi bir təhlükə yaradıb. 2009-cu ildə Barak Obama Vaşinqtonun LA ölkələrinin işlərinə qarışmayacağını bəyan edib. Bəs Ağ evin istədiyi, həqiqətən, bu idimi?

LA sakinləri də ABŞ-a ziddiyyətli münasibətləri ilə seçilirlər - çoxları daimi yaşamaq üçün Birləşmiş Ştatlara köçmək istəyir. Onlar amerikalıların nüfuzuna, həyat və təhsil səviyyələrinə heyrandırlar. Lakin Vaşinqtonun LA-ya münasibətdə, ilk öncə, öz maraqlarına əsaslandığını, yəqin ki, hər kəs hiss edir. Bu, özünü xüsusilə Vaşinqtonun iqtisadi siyasətində göstərir. ABŞ ötən əsrin 80-ci illərindən neoliberalizm ideyasına daha ciddi əsaslanmağa başlayıb. O, BVF, DB kimi beynəlxalq maliyyə təşkilatları ilə nensiv əməkdaşlıq əsasında həyata keçirilir. Bu məsələdə ABŞ-ın əsas məqsədi sonda iqtisadi və siyasi inkişaf məsələlərinin həlli, inkişaf etmiş kapitalizm mərkəzlərinin siyasi yaxınlaşması olub.

LA ölkələrində həqiqətən də bir çox müsbət dəyişiklik müşahidə olunub - valyutalar sabitləşib, dövlətin iqtisadiyyata təsiri azalıb, inflyasiyanın qarşısı alınıb, bank sektorunda vəziyyət yaxşılaşıb, vergi sistemi sadələşdirilib, investisiya axını başlayıb, ÜDM-in artım templəri yüksəlib. Lakin bununla yanaşı, region ölkələrində idxal ixracdan daha sürətlə artıb, əksər ölkələrin xarici borcları azalmayıb, texnoloji inkişaf baş verməyib, adambaşına düşən ÜDM artmayıb, sosial bərabərsizlik dərinləşib, əhalinin həyat səviyyəsi aşağı düşüb, sosial proqramlar azalıb. Nəticədə, əsrin əvvəllərində Meksikada, Braziliyada, Argentinada böhran baş qaldırıb. Elə həmin Argentinada BVF-nin kreditləri ilə bağlı defolt elan olunub. Ölkədə radikal solçu qüvvələrin nüfuzunu artırmağa başlaması da həmin dövrə təsadüf edir. Amerikanın investisiya fondlarını tənqid atəşinə tutan həmin qüvvələr transmilli korporasiyaları soyğunçuluqda günahlandırırdılar. Uqo Çaves özünün "XXI əsr sosializmi", milliləşdirməsi, sosial proqramları, "LA ölkələri üçün Bolivar təşəbbüsü" ilə bu prosesin rəmzi sayılırdı. Onun ardınca digərləri də baş qaldırmağa başlamışdılar - Boliviyada hakimiyyətə Evo Morales gəlib, Nikaraquada Daniel Orteqa hakimiyyətə qayıdıb, Ekvadorda radikal Rafael Korrea prezident seçilib və nəhayət, Dilma Rusef Braziliya prezidenti olub.

 

Heç bir fərqi yoxdur

Beləliklə, göründüyü kimi, tarix təkrarlanır. LA-nın siyasi meydanında kimin hökmranlıq etməsindən asılı olmayaraq, qitə ölkələri zaman-zaman böhranla üzləşir, xarici borc azalmır, sosial bərabərsizlik davam edir, yoxsulluq aradan qalxmır, korrupsiya isə əvvəlkitək miqyaslı narkotrafiklə bağlılığını saxlayır. Narkotrafik isə təsir imkanlarına görə, bəzən dövlət hakimiyyəti ilə rəqabət belə, apara bilir.

Odur ki, ümumi perspektivdə Latın Amerikasında solçu qüvvələrin fəallığı azalsa belə, bunun əhəmiyyəti varmı? Bəlkə də bu, siyasi rejimləri üçün "yeni dövr" sayıla bilər. Əhalinin əksər hissəsinin həyatında isə ciddi dəyişiklik olmayacaq.



MƏSLƏHƏT GÖR:

507