17 May 2024

Cümə, 06:29

"BAKIDA FİLM ÇƏKMƏK İSTƏRDİM"

Məhşur aktyor Stiven Siqal "R+"a müsahibəsində Bakıdakı konserti, Azərbaycan haqqında təəssüratları və gələcək planları barədə danışıb

Müəllif:

22.12.2015

Bəziləri onu döyüş ustası kimi tanıyır, əksəriyyət döyüş filmlərinə məhz ona görə baxır. İlk baxışda səmimi və mülayim görünən Hollivud ulduzu lazım olanda sərt üzünü göstərməyi bacarır. Yəqin, söhbətin bu günlərdə şəhərimizin qonağı olan Stiven Siqaldan getdiyini başa düşdünüz. Kinolarda daha çox "NİKO" adıyla tanınan Stiven Siqal həm də musiqiçidir və möhtəşəm Heydər Əliyev Mərkəzində solo konsertilə çıxış edib. 

Stiven Siqal Bakıda olduğu müddətdə iki dəfə media üçün brifinq keçirməyə razılıq versə də, təkbətək heç bir jurnalistlə görüşməyə vaxt ayıra bilmədi. Sonuncu konsertdən sonra "R+" məşhur aktyordan eksklüziv müsahibə almaq üçün 10 dəqiqə vaxt istədi. Nəticə gözlədiyimiz kimi oldu, 10 dəqiqəlik vaxt yarımsaatdan çox davam edən müsahibəyə çevrildi.

- Bakıda növbəti dəfə sizi görməkdən məmnunuq. Konsert haqda fikirlərinizi bilmək istərdik. Tamaşaçılardan razı qaldınız?

- Konsert çox maraqlı alındı. Mənim üçün Azərbaycan tamaşaçısının qarşısında çıxış etmək xoş idi. Bilmirəm, məndən razı qaldılar, ya yox. Öz işimi yerinə yetirdim. Hər zaman 80 dəqiqədən çox çıxış etmirəm. Heç kimi bezdirmək fikrində deyiləm. Bu dəfə konsertdə "Natiq" ritm qrupuyla birgə iki kompozisiyamız oldu. Yeri gəlmişkən, onlar nağaranı mənə sevdirdi. Natiq nağaradan o qədər fərqli səslər çıxarır, adam heyran olur. Məşqlərdə birgə işləməyimizin asan olacağına əmin oldum. Çünki peşəkarla çalışmaq çox rahatdır. Eyni zamanda konsert zalını qeyd etməyi özümə borc bilirəm. Heydər Əliyev Mərkəzi məni valeh etdi. Bu, əsl memarlıq incisidir. 

- Musiqiylə aranız çox yaxşıdır. Eşitdiyimizə görə gitara kolleksiyanız var?

- Düz eşitmisiniz. 200-ə yaxın gitara toplamışam. Onların bəzilərini səfərdə olduğum şəhərlərdən almışam. Bir neçəsini hədiyyə ediblər. Aralarında xüsusi sifarişlə hazırlatdırdığım da var. Bəzən gitaraları saymaqla, onların səsini çıxartmaqla ruhən dincəlirəm. Musiqi dünyası zəngindir. Hər insan musiqiyə xüsusi vaxt ayırmır. Lakin bəzən tənhalıqda musiqinin dəyərini anlayırsan. Blüz musiqisi Robert Conson kimi insanlardan sonra tanınmağa başladı. Bu musiqinin ən məşhur əfsanələri, məsələn, Hubert Sulim, Adam Kollins Houlin Vulf - onların hamısı bu yaxınlarda dünyalarını dəyişib. Mənim bəxtim gətirib ki, onlarla bir mühitdə böyümüşəm və onlarlara eyni zamanda blüzü ifa etmişəm. Bu konsertdə blüz musiqisinin ontologiyası və hekayəsi əksini tapdı. Mən bu musiqiylə yaşamağı və onu gələcəkdə də yaşatmağı istəyən biriyəm.

- Polis işləmək çətindir, yoxsa mahnı oxumaq?

- (gülür) Şerif olmağın məsuliyyəti çoxdur. Həmin illəri xatırlayıram. İndiki halda mahnı oxumağı seçərdim. İnsan həyatı bir neçə hissədən ibarətdir. Hər dövrün öz xüsusiyyətləri var.

- Aykido haqda danışaq. Siz eyni zamanda döyüş növləriylə məşğulsunuz...

- Aykido sadə idman növü deyil. Bu həm bədəni nizama salır, beyni düşündürür həm də özünü müdafiə edirsən. Aykidoyla məşğul olmaq üçün insan daxilən hazır olmalıdır. Ola bilər 10 yaşında, ola bilər 15 yaşında. Sən özünü daxilən idarə etməyə hazır olmalısan.

- Bakıda olduğunuz müddətdə yerli aykido ustalarıyla görüşdünüz. Təəssüratlarınız necədir?

- Azərbaycanda idmanı çox sevirlər. Aykidoya maraq böyükdür. Mənə təcrübəmi bölüşmək təklif olundu. Məmnuniyyətlə razılaşmışam. Gələn il Bakıya növbəti səfərim ola bilər. Aykidoyla məşğul olan gənclərlə görüşmək çox maraqlı idi. 

- Stiven Siqal polis olarkən aykido fəndləri ona kömək edib?

- Bəzən kömək edib, bəzən əksinə. Axı, hər bir fəndi sən qarşındakının əleyhinə istifadə edə bilməzsən. O mənə fərqli düşünməyə kömək edib. 

- Gəlin, filmlərinizdən danışaq. Yaxın keçmişdə Stiven Siqal "NİKO" kimi məşhurluq qazandı...

- Bir müddət "NİKO" adlı silsilə filmlər çəkildi. Həmin filmdə baş rol oynamaq təklif olundu. Əvvəlcə yalnız bir film planlaşdırılırdı. İlk film böyük uğur qazandığı üçün sonradan bu işi davam etdirmək qərarına gəldik. Filmlərdə daha çox təbii döyüş səhnələrinə yer ayırdıq. İnsanlar özünü real həyatda görmək istəyir. Artıq kompüter elementlərindən istifadə etmədik. Məhz buna görə filmlərimiz sevildi.

- Filmdə döyüş səhnələrini özünüz yerinə yetirirsiniz, yoxsa?

- Mənə oxşayan dublyor yoxdur. Yəni istədiyim hərəkətləri göstərməyi bacaran döyüş ustası tapmaq çətindir. Filmlərimdə döyüş səhnələrini özüm canlandırıram. Dublyorum olmur. Yeri gəlmişkən ilk dəfə kinoya məhz döyüş səhnələrini tərtib etmək üçün dəvət olunmuşdum. Döyüş səhnələrini tərtib etdim və sonra bir epizodda onu özüm göstərdim. Sonradan artıq filmlərə dəvət almağa başladım.

- "NİKO" məşhurdur, yoxsa Stiven Siqal?

- Məşhurluq zəhmətin bəhrəsidir. Bir işi görmək üçün nə qədər əziyyət çəkilir. O insanlar xoşbəxtdir ki, işini sevərək yerin yetirir. "NİKO" silsilə filmlərinin birində daha yaxşı fənd göstərmək istədim. Çəkiliş vaxtı ciddi zədə aldım və bir müddət müalicə almağa məcbur oldum. Mənə görə çəkilişlər təxirə salındı. Yenidən çəkiliş meydançasına qayıdanda həmin fəndi səhvsiz yerinə yetirdim. Çox sevinirdim ki, istədiyim alındı.

- Belə filmlərdən birinin Azərbaycanda çəkilməsi mümkündürmü?

- İlk səfərim zamanı bu barədə söhbətimiz oldu. Hazırda müzakirə səviyyəsindədir. Amma çox istərdim ki, Bakının gözəlliyinin yer alacağı film çəkək. Yəni, yeni filmimiz Bakıda lentə alınsın. Heç olmasa, qısametrajlı film olsa da onu reallaşdırmağa hazıram. İlk dəfə Azərbaycana gələndə valeh olmuşdum. Ona görə Bakını çox istədiyimi deməliyəm.

- Filmlərdə Azərbaycan aktyorlarının rol alacağı gözlənilir?

- Niyə də olmasın? Bu barədə dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Məsələ tam dəqiqləşməyib. Konkret ideya təsdiqlənəndən sonra film haqda danışmaq olar. 

- Bakı sizi nə ilə valeh etdi?

- Özüm də bilmirəm. Milli Park, memarlıq tikililəri xoşuma gəldi. Şəhərdə həm qədim, həm də müasir binalar var. İnsanları çox istiqanlıdır. Olduğum hər yerdə özümə qarşı diqqət hiss etdim. 

- Yəqin, Azərbaycan mətbəxinin dadına baxa bildiniz?

- Çox dadlıdır. Özünəməxsusluğu var. Bu yeməklərdən başqa ölkələrdə görməmişəm. Azərbaycan mətbəxi illərin sınağından çıxan yeməklərdən ibarətdir. 

- Müsahibəyə görə təşəkkür edirəm. "R+" oxucularını maraqlı müsahibə gözləyir.

- Suallarınız da maraqlı idi. Düzünü deyim ki, Bakıda mənə bu qədər fərqli suallar verilməmişdi. Sizə və kollektivinizə uğurlar arzulayıram.



MƏSLƏHƏT GÖR:

469