17 May 2024

Cümə, 09:27

SURİYASAYAĞI BRİC

Yaxın Şərqdəki böyük oyuna qoşulanların sayı günü-gündən artır

Müəllif:

22.12.2015

Son günlər Suriyadakı vəziyyət, "İslam Dövləti" (İD) ilə mübarizə və Rusiya-Türkiyə münasibətləri, ən azı, iki önəmli hadisə ilə zənginləşdi. Bu, İslam Antiterror Koalisiyasının (İAK) yaradılması və ABŞ dövlət katibi Con Kerrinin dekabrın 15-də Moskvaya səfəridir. 

 

Yeni koalisiya

İAK-ın yaradılmasının təşəbbüskarı Səudiyyə Ərəbistanıdır (SƏ), yeni koalisiyanın operativ mərkəzi də Ər-Riyadda yerləşəcək. Yeni ittifaqın 34 ölkəni birləşdirməsi onu analoqu olmayan koalisiyaya çevirir. SƏ-dən başqa koalisiyaya BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən kimi ölkələr də qoşulur. Afrika ölkələri də geniş təmsil olunurlar - onların arasında ən önəmli üzvlər kimi Misir, Liviya, Mərakeş, Nigeriyanı göstərmək olar. Yaradılacaq koalisiyanın digər önəmli üzvləri İordaniya, Livan, Türkiyə, Pakistan, Malayziya, həmçinin Fələstin muxtariyyətidir. Koalisiyanın məqsədi adından və məramından asılı olmayaraq, bütün terrorçu qruplar və təşkilatlardan islam millətini qorumaqdır. SƏ-nun xarici işlər naziri Adil əl-Cübeyr bildirib ki, koalisiya üzvləri bir-birilə informasiya mübadiləsi edəcəklər, hərbi dəstələrə təlim keçəcəklər, onlar silah-sursatla təchiz olunacaq, müasir hərbi avadanlıqdan istifadə edəcəklər. Artıq İAK-ın Suriyaya xüsusi təyinatlı dəstə göndərəcəyi məlum olub. 

Hazırda İraq və Suriya ərazisində möhkəmlənmiş, amma başqa ölkələrdə də terror aksiyaları törədən, dünyanın əsas terror təşkilatı sayılan İD-yə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya mübarizə aparır. Bu koalisiyada Avstraliyadan tutmuş Kanadayadək - 50-dən artıq ölkə təmsil olunur. Sentyabrın sonlarından Suriya ərazisində terrorla mübarizəyə Rusiya da qoşulub. O, bunu Suriya prezidenti Bəşər Əsədin xahişilə etdiyindən, özünü bu ölkə ərazisindəki hərbi əməliyyatların yeganə legitim iştirakçısı hesab edir. Amma problem ondadır ki, Əsədin özünü legitim hesab edənlər o qədər də çox deyil. Oktyabrda Parisdə baş vermiş qanlı terror aktlarından sonra Fransa prezidenti Fransua Olland İD-yə qarşı Rusiyanın da təmsil oluna biləcəyi bir koalisiya qurmağa cəhd göstərdi. Amma Türkiyənin rus qırıcısını vurmasından sonra Moskva ilə Ankaranın münasibətlərindəki görünməmiş gərginlik buna imkan vermədi. Yeri gəlmişkən, hələ ötən il Ərəb Dövlətləri Liqası (ƏDL) İD ilə birgə mübarizə aparmaq, özü də, bu məsələdə ABŞ və İraqla əməkdaşlıq etmək qərarına gəlmişdi, amma sonradan bu təşəbbüs elə təklif olaraq qaldı. İndi isə artıq SƏ yeni təşəbbüslə çıxış edir.  

Yeni koalisiyaya İran, İraq, Suriya və Omanın daxil olmaması bir çox suallar yaradır, çünki İraq və Suriya terrorizmdən ən çox əziyyət çəkən ölkələrdir, İran isə İD-nə qarşı həm İraqda, həm də Suriyada mübarizə aparan güclü islam ölkəsidir. Elə isə, yeni koalisiya, həqiqətənmi, İslam koalisiyası olacaq, yoxsa onu sünni ittifaqı adlandırmaq daha doğru olardı? Koalisiyaya qoşulan bəzi ölkələrin bir-birilə dil tapıb-tapmaması məsələsi də suallar doğurur. Məsələn, SƏ ilə Qətər, və ya Qətərlə Misir arasındakı fikir ayrılıqları hamıya yaxşı məlumdur. Bu siyahını artırmaq da olar, amma deyəsən, səudiyyəlilər bəzi ziddiyyətləri pul hesabına aradan qaldırmaq niyyətindədirlər. Misal üçün, "ərəb baharı"ndan, sonrakı dövlət çevrilişlərindən, indisə rusiyalı turistlərin üz döndərməsindən ən çox əziyyət çəkən Misirə 8 milyard dollarlıq sərmayə vəd olunub, 5 il ərzində Ər-Riyad Misiri neftlə təmin edəcək, üstəlik, SƏ-nin gəmiləri Misir kanalına üstünlük verəcəklər. 

Şübhəsiz, terrorizmlə daha güclü mübarizədən Türkiyə də imtiyazlar qazanacaq. Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, Ankara bu ölkədə hərbi baza yerləşdirmək niyyətindədir - burada HDQ və HHQ, həmçinin 3 minlik quru qoşunu yerləşdiriləcək. "Bu gün biz yalnız yeni alyans yaratmırıq, həm də tarixi əməkdaşlığımıza yenidən baxırıq" - deyə Demirok vurğulayıb. Öz növbəsində Qətərin Ankaradakı səfiri Səlim Mübarək əl-Şafi bildirib ki, düynadakı "mavi yanacaq" ehtiyatının 13%-nə malik olan Doha Türkiyəyə lazım olan qədər təbii qaz nəql etməyə hazırdır. 

 

Rusiya və Türkiyə: barışıq mümkün deyil

Türkiyə üçün Qətərlə bu yaxınlaşma indi - Rusiya ilə münasibətlərin gərgin həddə çatdığı dövrdə xüsusilə önəmlidir. Çünki bu gərginlik həm logistika, həm də qaz nəqli məsələsini təhlükə altına alır. KİV-in yazdığına görə, son vaxtlar Rusiyanın Qara dənizdəki limanlarda Türkiyə bayrağı altında üzən 8 gəmi saxlanılıb. Öz növbəsində türklər də Rusiya bayrağının dalğalandığı 27 gəmini "həbs ediblər". Dekabrın 13-də Yunanıstanın Lemnos adasının 22 kilometrliyində yerləşən Rusiyanın "Smetlivıy" gözətçi gəmisi ona 600 metrə qədər yaxınlaşmış türk balıqçı gəmisinə xəbərdarlıq atəşi açıb. Aralıq dənizi getdikcə daha təhlükəli məkana çevrilir ki, bu da Türkiyənin nə ticarətinə, nə də turizm biznesinə əl verir. Bundan başqa, Rusiya Ankaraya qarşı sanksiyaları sərtləşdirməkdədir. Dekabrın 17-də ənənəvi mətbuat konfransı keçirən Vladimir Putin bəyan edib ki, Rusiyanın Türkiyənin hazırkı rəhbərliyi ilə razılığa gəlməsi mümkün deyil, üstəlik, Moskva bunun üçün əsas da görmür. Rusiya prezidenti növbəti dəfə bildirib ki, "təyyarənin naməlum səbəbdən vurulması" arxadan zərbədir. Putin istisna etmir ki, bununla Türkiyə rusların Suriyanı tərk edəcəyinə ümid edirmiş. O, bildirib ki, indi Moskva Suriyada S-400 zenit-raket sistemi yerləşdirib və indi "Ankara burada uçuşlar keçirsin, görək, necə keçirir". 

Bir sözlə, tərəflərin barışması haqda söhbət belə gedə bilməz. 

 

Aşılmayan maneə

Bütün bunların fonunda Kerrinin Moskvaya səfərini çoxları Qərblə Rusiyanın Suriyaya dair mövqeyindəki fikir ayrılıqlarının tədricən aradan qalxmasına işarə kimi qəbul edib. Bəzilər düşünürlər ki, ABŞ, nəhayət, Əsədin istefasını Suriyadakı siyasi nizamlanmanın əsas şərti kimi irəli sürməkdən vaz keçib, Rusiya isə Əsədin keçid dövründə vəzifəsindən getməsilə razılaşmaq üzrədir. Qərb ölkələrinin diplomatlarına istinadən "Reuters" agentlliyi də belə bir xəbər yayıb ki, Rusiya hakimiyyəti Suriyada Əsədi əvəz edə biləcək potensial namizədlərin siyahısını hazırlayıb. Mətbuat konfransında Putin bildirib ki, Rusiyaya Suriyada hərbi baza lazım deyil, çünki "kimisə yaxalamaq istəsək, bazasız da yaxalaya bilərik". Odur ki, Putinin sözlərinə görə, nə qədər ki, Suriya ordusunun terrorçulara qarşı mübarizədə dəstəyə ehtiyacı var, Rusiya ordusu bu ölkədə qalacaq. 

Amma bu "mümkün razılıq" haqda proqnozları bəziləri Amerika administrasiyası daxilindəki ziddiyyətlərlə izah edirlər. Təsadüfi deyil ki, Kerrinin səfərindən cəmi bir gün sonra Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib ki, ABŞ administrasiyası Bəşər Əsədin prezidentlikdən getməsini əvvəlki kimi vacib sayır. 

Daha bir fikir ayrılığı isə onunla bağlıdır ki, tərəflər "hansı dəstələri terrorçu hesab etmək olar" sualına cavab tapa bilmirlər. Xüsusilə də nəzərə alsaq ki, bununla bağlı, müzakirələr yalnız Moskva ilə Vaşinqton arasında deyil, regiondakı bütün oyunçular, o cümlədən SƏ, Türkiyə və İran arasında da davam edir. 

 

Kimdə daha çox "kozır" var?

Putin ölkəsinin "alver"ə getmədiyini iddia etsə də, alver gedir. Bəs, Rusiyanın əlində hansı kozırlar var? Rusiyanın Suriyadakı əməliyyatının konkret hansı nəticələr verdiyini heç kəs bilmir. Məsələn, "Fox News" xəbər verir ki, Rusiyanın aviazərbələri nəticəsində İD-nin neft satışından gəliri iki dəfə azalıb. Rusiya KİV-nin məlumatına görə, Əsədin ordusu mövqelərini nəinki əldən vermir, əksinə, hücuma da keçir. Bu məlumatlar həqiqətdirsə, etiraf etmək lazımdır ki Rusiyanın bölgədəki hərbi iştirakı Moskvaya Suriyaya və ümumilikdə, Yaxın Şərqdəki vəziyyətə güclü təsir imkanları verir. Kreml dönə-dönə təkrarlayır ki, "ölkələrinin gələcəyi haqda qərarı suriyalıların özləri qəbul etməlidirlər". Amma məsələ bundadır ki, talan edilmiş, faktiki olaraq müxtəlif hissələrə parçalanmış ölkədə "suriyalıların özlərinin öz gələcəyini" seçmək iqtidarında olması şübhə doğurur. Belə təsəvvür yaranır ki, Atlantikanın hər iki tərəfinin iddialarına rəğmən, Əsədin gələcəyi, əslində, elə də böyük problem deyil. 

Amerikalılardakı kozırların sayı, şübhəsiz, daha çoxdur və İAK da onlardan biridir. Formal olaraq, ABŞ bu koalisiyanın yaradılmasında iştirak etmir, amma bu formallıq heç kəsi aldatmasın. Qərb koalisiyası, üstəgəl gələcək İslam koalisiyasının 34 üzvü Rusiya, İran, Suriya və İraq ətrafında say çoxluğu yaradır. Bundan başqa, ABŞ-ın müdafiə naziri Eşton Karter İraqa səfər edərək "regionda İD-nə qarşı mübarizədə Vaşinqtonla Bağdad arasında əməkdaşlığın genişlənməsinə" dair müzakirələr aparıb. 

Beləliklə, vəziyyət getdikcə daha maraqlı xarakter alır. Çünki döyüşməyə o qədər də can atmayan Avropa ölkələrindən fərqli olaraq, İslam koalisiyasının əksər iştirakçılarının real hərbi təcrübəsi var və onlar lazımi sayda quru qoşunları ayıra bilərlər. İndi tez-tez Rusiyanı Suriya müxalifətçilərinin mövqelərini bombalamaqda ittiham edirlər. Amma suriyalıların əvəzinə İAK olsa, vəziyyət artıq tamam başqa xarakter alacaq. Və bunun fonunda, Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmiş Su-24-ün vurulması, xırda insidenti xatırlada bilər. 



MƏSLƏHƏT GÖR:

485