17 May 2024

Cümə, 07:16

NƏ MÜHARİBƏ, NƏ SÜLH

Dağlıq Qarabağ nizamlanmasına dair danışıqların perspektivləri dumanlı görünür

Müəllif:

22.12.2015

Dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyan arasında Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar keçirilib. Görüşdə hər iki ölkənin XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyan, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrio (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər. Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə bir saata yaxın təkbətək danışıqlar aparıblar, sonradan görüşə digər iştirakçılar da qoşulublar. 

Prezidentlər və XİN başçıları KİV-lə təmasdan yayındığından, jurnalistlər yalnız ATƏT-in Minsk Qrupunun qısa bəyanatı ilə kifayətlənməli olublar. Bəyanatda deyilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər. "Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər", - deyə bəyanatda qeyd olunur. 

Bu mətnlə tanış olandan sonra təbii bir sual yaranır: bu cür əhəmiyyətsiz nəticə xatirinə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə israr etməyə dəyərdimi? Xatırladaq ki, prezidentlərin bundan əvvəlki görüşü oktyabrın 27-də Parisdə Fransa prezidenti Ollandın iştirakı ilə baş tutmuşdu. Özü də həmin görüş daha konstruktiv keçmişdi və müəyyən müsbət gözləntilərə yol açmışdı. Amma erməni hərbi helikopterinin Azərbaycan mövqeləri üzərində təxribatçı uçuşu və onun vurulmasından sonda vəziyyət dəyişdi. Tərəflər məhsuldar danışıqlar əvəzinə qarşılıqlı ittihamlar və hədələrlə çıxış etməyə başladılar, təmas xəttində vəziyyət isə günü-gündən gərginləşməyə başladı. 

Vəziyyətin genişmiqyaslı müharibəyə keçməsinə yol verməmək üçün Minsk Qrupunun həmsədrləri prezidentlərin görüşlərinin davamlı olmasında israr edirdilər. Dialoqdakı bu fasilə aramsız atışmalar və hətta, ağır silahdan istifadə fonunda davam etdi və bütün bunlar Minsk Qrupunun iflasa uğradığı təsəvvürü yaratmağa başladı. Bakı ilə İrəvanda prezidentlərin bu görüşünə dair nikbin əhval-ruhiyyədə olmasalar da, MQ-nun görüş haqda israrını nəzərə aldılar, çünki imtina edən tərəf qeyri-konstruktiv kimi görünə bilərdi. 

Atəşkəs sazişinin imzalandığı və ATƏT-in Minsk Qrupunun öz missiyasına başladığı andan 20 ildən artıq vaxt keçib, amma bəlkə də, 2015-ci il ən gərgin və səmərəsiz il olub. Regiona bir neçə dəfə səfər etmiş Minsk Qrupunun həmsədrləri nəinki prezidentləri, heç XİN başçılarını da danışıqlar masasına əyləşdirə bilməyiblər - tərəflər həmsədrlərlə ayrı-ayrılıqda görüşməyə üstünlük veriblər. Bakı BMT TŞ və Baş Assambleyasının qətnamələrinə uyğun olaraq, erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması kimi prinsipial məsələnin konkret müzakirəsində israr edirdisə, İrəvan atəşkəs rejiminin saxlanması, yəni mövcud status-kvonun qorunmasına yönəlmiş təkliflər irəli sürür. Aydındır ki, tərəflərin problemə belə yanaşması halında nəinki sülh prosesində ciddi irəliləyiş, heç danışıqlar raundunun gündəliyini müəyyənləşdirmək belə mümkün deyil. 

Ermənilər ümid edirdilər ki, qondarma "soyqırımı"nın 100 illiyində bütün dünyanın onlara can yandırdığı bir şəraitdə onlar Qərbin dəstəyilə Türkiyəni ikitərəfli münasibətlər qurmağa və rəsmi Bakının etirazına məhəl qoymadan sərhədləri açmağa razı sala biləcəklər. Belə olardısa, ermənilər Dağlıq Qarabağa dair danışıqları özlərinə sərf edən istiqamətə yönləndirmək imkanı qazanardı. Amma ermənilərin gözləntiləri nəticəsiz qaldı və türklər xarici təzyiqlər qarşısında geri çəkilmədi.

Öz mövqelərini möhkəmləndirmək üçün ermənilər eyni vaxtda həm separatçı "DQR"in danışıqlar prosesinə qoşulmasına, həm də bu tanınmamış qurumun, heç olmasa, de-fakto legitimləşdirilməsinə nail olmaq üçün bəzi addımlar atmağa başladılar. Bu məqsədlə qondarma "DQR"in "prezidenti" Bako Saakyanın Parisə səfəri təşkil olundu və burada o Fransa parlamentində hansısa görüşlər keçirdi. Londonda separatçıların rəhbərini məşhur analitik mərkəz olan "Çatam Haus"da dinlədilər və onun üçün Vestminster sarayına ekskursiya təşkil etdilər. Moskvada isə heç kəsin diqqətini cəlb etməyən "DQR günləri" keçirildi. Bununla paralel olaraq, özünü "DQR-in XİN başçısı" kimi təqdim edən Mirzoyan adlı şəxs ABŞ-a gedərək, orada təkcə ermənipərəst konqresmenlərlə deyil, həm də Minsk Qrupunun amerikalı həmsədri Uorliklə görüşdü - bu isə ümumiyyətlə, yolverilməz hal idi. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirdi və müvafiq nota ABŞ-ın Bakıdakı səfirinə təqdim olundu. Uorlikin "Qarabağ nümayəndələrinin də dinlənilməsinin vacibliyi" haqda izahatları isə qəbul edlmədi, çünki Bakının icazəsi ilə Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq Dağlıq Qarabağa baş çəkirlər. 

Münaqişə tərəfləri arasında il boyu aparılan taktiki diplomatik mübarizə ATƏT, Avropa İttifaqı və Avropa Şurasında, bir çox ölkənin parlamentlərində davam etdi - burada Xocalı soyqırımının pislənməsi və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ifadə edən bir sıra qətnamələr qəbul olundu. Azərbaycan nümayəndə heyətinin israrı hesabına Avropa Şurasının Siyasi Məsələlər Komitəsi Robert Volterin (Böyük Britaniya) məruzəsi əsasında təqdim olunmuş qətnaməni qəbul etdi. Qətnamədə Ermənistandan öz silahlı birləşmələrini Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarması, Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanıması, həmçinin qanunsuz saxlanılan D.Əsgərovla Ş.Quliyevin dərhal azadlığa buraxılması tələb olunub. 

Sosial komitənin dəstəyini almış digər qətnamə Sərsəng su anbarı ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının bu ölkə tərəfindən düzgün istifadə edilməməsinə görə böyük fəlakətin mümkünlüyü barədə xəbərdarlıq yer alır. Ermənilərin və onların himayədarlarının boş səylərinə baxmayaraq, hər iki qətnamə AŞPA-nın yanvar sessiyasında Assambleyanın plenar iclasının gündəliyinə salınacaq.

İl ərzində informasiya müharibəsi bir dəqiqə də olsun dayanmayıb, Ermənistanın regional layihələrdən təcrid olunması və iqtisadi cəhətdən zəiflədilməsi davam edib. Bu ölkədə qiymətlər və işsizlik artır, əhalinin yaşayış səviyyəsi isə getdikcə pisləşir. Mühacirət edənlərin sayı da artır və bu ona gətirib çıxarıb ki, Azərbaycanla həmsərhəd kəndlərdə artıq insan qalmayıb. Amma "nə müharibə, nə sülh" vəziyyəti hələ də davam edir, danışıqlar prosesinin dalandan çıxarılması perspektivi isə görünmür. Təəccüblü deyil ki, Minsk Qrupunun vasitəçilik səylərinə inam xeyli azalıb. Amma elə vəziyyət yaranıb ki, hazırda sülh nizamlanmasında Minsk Qrupunu əvəz edəcək başqa vasitəçi də görünmr. Avropa İttifaqı, Avropa Şurası, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlar, əsasən, sülh nizamlanmasına və Minsk Qrupuna dəstək formalı bəyanatlarla kifayətlənirlər. BMT artıq neçə ildir Kipr nizamlanması, Fələstin, digər münaqişə ocaqlarında vasitəçilik səylərini davam etdirir, amma bir nəticə əldə edə bilmir. NATO Əfqanıstanda müsbət nəticə əldə etməyib. Aİ, ABŞ, Ukrayna və Rusiya ilə birgə Dnestryanı münaqişənin həlli istiqamətində irəliləyişə nail olmayıb. Abxaziya, Cənubi Osetiya, Krımla bağlı münaqişə tərəflərini bir masa ətrafında oturtmaq və konstruktiv dialoqa başlamaq belə mümkün olmayıb. 

Hazırda Minsk Qrupu həmsədrlərinin tərkibini dəyişmək və ya sayını artırmaq haqda təkliflər də səslənir. Əlbəttə, bununla bağlı, səslənən versiyaları nəzərdən keçirmək olar. Amma nəzərə almaq lazımdır ki, MQ heyətinə dair diskussiyalar bu qrupun onsuz da zəif olan fəaliyyətini bir az da zəiflədəcək, əsas diqqəti yayındıracaq və s. Yəqin ki, hətta ABŞ, Rusiya və Fransanın MQ həmsədrliyindən çıxarılması mümkün olsa belə, bu fövqəldövlətlərin nizamlanma prosesindən kənarlaşdırıla biləcəyinə kimsə inanmır. Elə isə, bu məsələni qaldırmaq və Azərbaycanı bu fövqəldövlətlərlə üz-üzə qoymağa dəyərmi? Vasitəçilik missiyasının effektivliyini gücləndirmək üçün, həmsədrlərin səyləri ilə paralel olaraq, Minsk Qrupunu tam tərkibdə prosesə qoşmaq daha məqsədəuyğundur. Xatırladaq ki, həmsədr ölkələrdən başqa, bu qrupa Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə də daxildir. Qarşıdan gələn 2016-cı ildə ATƏT-də sədrlik Almaniyaya keçəcək. Bu avtoritetli və iqtisadi cəhətdən qüdrətli dövlət Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyə və lazım bilinsə, Minsk konfransının çağırmasına nail olmağa qadirdir. 

Prezidentlərin Bern görüşü, əvvəldən də bəlli olan həqiqəti bir daha təsdiq etdi : münaqişə tərəfləri danışıqlara dair gözləntiləri bir-birinə tam ziddir. Bunu Ermənistan XİN-in başçısı E.Nalbandyanın sözləri də təsdiqləyir. Onun dediyinə görə, "tərəflər Dağlıq Qarabağ probleminin nizamlanmasının müxtəlif elementləri, həll prinsiplərinə öz yanaşmalarını ifadə ediblər. Təəssüflə yenidən qeyd edə bilərik ki, tərəflərin yanaşmaları bir-birinə yaxın deyil və ya üst-üstə düşmür". 

Minsk Qrupunun həmsədrləri orta səviyyəli diplomatlardır və onlar təkbaşına danışıqlar prosesinə impuls verərək, onu dalandan çıxarmaq gücündə deyillər. Bu missiyanı öz üzərinə kim götürə bilər? Yoxsa artıq hamı artan gərginliyin gec-tez hərbi əməliyyatlara keçəcəyi və yalnız bundan sonra beynəlxalq ictimaiyyətin real addımlar atacağı ilə barışıb?



MƏSLƏHƏT GÖR:

498