27 Aprel 2024

Şənbə, 12:49

İLİN FEDERASİYASI

Altay Həsənov: "Azərbaycan gimnastika ölkəsi kimi tanınıb"

Müəllif:

29.12.2015

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yekdilliklə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib. Toplantıda, eyni zamanda, digər rəhbər postlara seçkilər baş tutub. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəsi müavini Altay Həsənov yenidən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib. Rauf Əliyev, Mariana Vasilyeva və Rafiq Behbudov Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvləri kimi təsdiqlənib. Xatırladaq ki, Rauf Əliyev və Rafiq Behbudov dördüncü, Mariana Vasilyeva isə birinci dəfədir, İcraiyyə Komitəsinin üzvü seçilirlər.

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki konfransından sonra, vitse-prezident Altay Həsənov "R+"a açıqlamasında başa çatmaqda olan ili gimnastlar üçün uğurlu mövsüm adlandırıb: "Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın səyləri sayəsində ölkədə bu idman növü belə böyük inkişaf mərhələsi keçir. Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Gimnastika Federasiyası uğurlu yol keçib, yüksək nəticələr əldə edib və bunda Mehriban Əliyeva başda olmaqla, Federasiya rəhbərliyinin, əməkdaşlarının, idmançılarının, məşqçilərinin, bu prosesdə iştirak edən hər kəsin böyük rolu var. 2015-ci il gimnastlarımız üçün uğurlu mövsüm kimi yadda qalacaq. Bakıda keçirilən ilk Avropa Oyunlarında gimnastlarımız 7 medalla bizləri sevindirdi. Üstəlik, respublikada nisbətən yaxın dövrlərdə inkişaf etməyə başlayan gimnastika növlərində uğur qazandıq".

Altay Həsənovun, sözlərinə görə, hər bir idmançı, məşqçi, rəhbərlik nəticəni yaxşılaşdırmağı qarşısına məqsəd qoyur: "Belə uğurlardan sonra nəticələri təkrarlamaq getdikcə çətinləşir. Dünya arenasında bizimlə hesablaşırlar, bizi gimnastika ölkəsi kimi tanıyıblar. Beynəlxalq Gimnastika Federasiyasında qeydiyyata alınmış yeddi növün hamısı bizdə təmsil olunub. Biz başlayanda (Azərbaycan Gimnastika Federasiyası 2002-ci ildə yaradılıb) bizdə üç növ var idi. Hazırda dünya gimnastika prosesinin bərabərhüquqlu iştirakçısıyıq. Bizimlə hesablaşırlar, bizdən öyrənirlər, bütün qitələrdən idmançılar məşq və toplanış üçün bizə gəlirlər. Bu, hələlik bədii gimnastikada baş versə də, ümid edirəm, Azərbaycanda gimnastikanın digər növlərində də belə olacaq".

Vitse-prezident bildirib ki, uğur qazanmaq üçün Federasiyada yaxşı kollektivin olması çox vacib amildir: "Federasiyada qürurla qeyd etdiyim sistem yaradılıb. Bu sistem bizə yad elementləri uzaqlaşdırır. Bu, təkcə idman deyil, bu sistem insani ünsiyyətdir. O elədir ki, hamı - rəhbərlikdən adi idmançıya, sıravi üzvədək - ümumi iş uğrunda çalışır. Hamı bir-birinin uğuruna sevinir. Həyatda bu cür tez-tez olmur. Lakin bizdə bu, alındı və bunu qorumaq lazımdır. Nəticələrimizdən başqa, Federasiyada idmançılar, xarici təlimatçılar, məşqçilər arasında belə ab-havanı yarada bilməyimizi çox vacib hesab edirəm. Bu, həqiqətən də bizim üçün vacibdir".

O xüsusilə qeyd edib ki, Federasiyanın işi, Azərbaycan gimnastikasının uğuru gənclərin idman seksiyasına xeyli axınını təmin etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə idman funksionerləri qarşısında qoyduğu əsas tapşırıqlardan biridir - insanlar idmana getməli, kütləvi idmanla məşğul olmalıdır və o zaman nəticə olacaq.

Qarşıdakı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiadasında azərbaycanlı idmançıların perspektivlərinə toxunan Altay Həsənov vurğulayıb ki, belə səviyyəli yarışlar idmançılar üçün həmişə çətin sınaq olub: "Əvvəlki Olimpiadalarda olduğu kimi Rioda da ağır mübarizə olacaq. İnanıram ki, gimnastımız Marina Durunda yaxşı çıxış edəcək".

Vitse-prezident əlavə edib ki, Azərbaycanın qarşıdakı Olimpiadada iştirak üçün bədii gimnastika üzrə artıq bir lisenziyası var. İdman gimnastikasında gimnast Oleq Stepko da artıq bir lisenziya qazanıb və ikinciyə yol açıb. Apreldə Rio-de-Janeyroda sınaq turnirində Azərbaycanın daha bir gimnastı lisenziya qazanmaq üçün mübarizə aparacaq: "Biz idman gimnastikasında medal qazandıq (Azərbaycan gimnastı Oleq Stepko Qlazqoda dünya çempionatında bürünc medala sahib çıxıb) və indi bizimlə hesablaşırlar, bizi "dayandırmağa" çalışırlar, çünki biz həmişə uğurlar qazanan gimnastika ailəsinin üzvlərinə "təhlükə" yaratmağa başlamışıq".

Federasiya rəsmisi, həmçinin idmançıların Olimpiadaya psixoloji hazırlığının vacibliyinə toxunaraq vurğulayıb ki, bu, ilk növbədə məsuliyyətə görə ən çətin yarışdır: "Bu, ən çətin mübarizədir, çünki idmançının belə böyük məsuliyyəti var. Orada hər şeyi saniyələr həll edə bilər. Buna görə də psixoloji hazırlıq çox vacib komponentdir, əlbəttə ki, idman hazırlığı da öz yerində".

Həsənovun sözlərinə əsasən, bugünkü hədəf dünyamiqyaslı idmançıların səviyyəsinə yüksəlmək və Azərbaycan bayrağını həmişə yüksəyə qaldırmaqdır. Azərbaycanda keçiriləcək idman tədbirlərinə toxunan Altay Həsənov vurğulayb ki, 2016-cı ildə Bakıda Dünya Kubokunun 3 mərhələsi keçiriləcək: "Fevralda idman gimnastikası üzrə, martda batutda tullanma üzrə, iyulda isə bədii gimnastika üzrə. Bu yarışlarda müxtəlif qitədən 25 ölkənin idmançısının iştirakı gözlənilir. Hazırda hazırlıq gedir və bu yarışların təşkili ən yüksək səviyyədə olacaq. Azərbaycanın belə tədbirləri təşkil etmək təcrübəsi artıq var, möhtəşəm Milli arena və kollektiv də var. İnanıram ki, yarışlar ən yüksək səviyyədə baş tutacaq".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi 2015-ci ilin yekunlarına əsasən, Azərbaycan Gimnastika Federasiyasını ilin federasiyası elan edib.



MƏSLƏHƏT GÖR:

518