3 May 2024

Cümə, 04:33

AVROOYUNLARIN TƏƏSSÜRATI ALTINDA

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının keçirilməsini ölkənin idman həyatının ən vacıb mərhələsi hesab edir

Müəllif:

29.12.2015

Yeni il yaxınlaşdıqca, ayrı-ayrı sahələrdə nəticələrə yekun vurmaq vaxtı catır. İdman sahəsində də ilin yekunlarını təhlil etmək vaxtıdır. 

Hər il olduğu kimi, 2015-ci ilin son günlərində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idman ictimaiyyətinin nümayəndələri ilə görüşərək, ilin yekunlarını təhlil edib. Dövlət başçısı İlham Əliyev söyləyib ki, 2015-ci ildə idman sahəsində əldə olunan nəticələrdən razıdır. Ölkə prezidenti Bakıda keçirilən ilk Avropa Oyunlarının təşkilatçılığı və mötəbər yarışda qazanılan medalları xüsusi vurğulayıb: "Bu il Avropanın idman həyatında tarixi bir ildir. Çünki ilk dəfə olaraq Avropa Oyunları keçirilib. Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim, o cümlədən, xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik göstərdi. Bu, Ümummilli bir məsələyə çevrilmişdi. Çünki dünyada ilk dəfə olaraq, ancaq bu Oyunlar bizə imkan verdi ki, gələn qonaqlar ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq, idman mütəxəssisi, təxminən, üç həftə Bakıda qalaraq, şəhərimizin gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə idi ki, Oyunları bundan yüksək səviyyədə keçirmək mümkün deyil. Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra, ölkəmizdən getmək istəmirdilər. Olimpiya Kəndində qalmaq istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş idi. Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan dünyaya nəyə qadir olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik".

2015-ci ildə əldə olunan nəticələri yüksək qiymətləndirən Prezident İlham Əliyev növbəti ilin Azərbaycan üçün az əhəmiyyətli olmayacağını bildirdi. Dövlət başçısı yeni ildə bir sıra mötəbər yarışların Bakıda təşkil olunacağı barədə danışdı: "Gələn il Azərbaycanda digər mötəbər idman yarışı keçiriləcək - "Formula-1" yarışı. Bu da dünya miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə Dünya Çempionatıdır. Üçüncü yerdə "Formula-1" yarışıdır. Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir. Bu yarışlar bizim bölgədə ilk dəfə olaraq keçiriləcək. Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib. İndi hazırlıq işləri gedir. Əminəm ki, biz bu gözəl yarışı ən yüksək səviyyədə keçirəcəyik. Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu da dünyamiqyaslı bir yarışdır və şahmatçılarımız bizi sevindirirlər.

Ümumiyyətlə, Azərbaycanda idmanın hər bir növü inkişaf edir. Ənənəvi idman növləri və bizim üçün yeni olan idman növləri inkişaf etməkdədir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Müvafiq göstərişlər verildi, Təşkilat Komitəsi yaradıldı. Sentyabr ayında Təşkilat Komitəsinin birinci toplantısı keçirilmişdir. Əminəm ki, bu Oyunlar da ən yüksək səviyyədə keçiriləcək.

İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında medal qazanan idmançıların vətəndaşlığına nəzər salsanız, görərsiniz ki, inkişaf etmiş ölkələrin idmançıları daha çox medal qazanırlar. Biz də inkişaf etmiş ölkə olmaq istəyirik, bu yolla gedir və əminəm ki, biz buna da nail olacağıq".

İlin yekunlarına həsr olunan görüşdə 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu. 

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin ən vacib idman hadisələrindən biri Bakıda keçirilən ilk Avropa Oyunları oldu. Azərbaycan idmançıları 50 ölkənin yarışdığı mötəbər yarışda komanda hesabında 2-ci yeri tutmaqla, tarixi uğura imza atdı. 17 günlük yarışın sonunda 56 medalla yadda qalan atletlərimiz 21 dəfə Azərbaycan Himnini bütün Avropaya eşitdirdi. 

Azərbaycanın birinci xanımı, Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təşkil olunan İlk Avropa Oyunları möhtəşəm acılış və bağlanış mərasimləri ilə, idman arenaları ilə yadda qaldı. Qonaqlar, həmçinin Azərbaycanın mədəniyyəti, tarixi ilə tanış oldu. İlk Avropa Oyunları zamanı müxtəlif yarışlara ölkə ərazisində 650 minə yaxın bilet satıldı. Məhz bu yarışdan sonra Azərbaycan istənilən turniri keçirməyə hazır olduğunu təsdiqlədi.

 

Futbol

2015-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. Azərbaycan futbolu tarixində ilk dəfə iki klubumuz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. "Qarabağ" ardıcıl ikinci dəfə mötəbər yarışa vəsiqə qazansa da, "Qəbələ" Avroliqada debütant oldu. 2014-2015 mövsümündə Azərbaycan çempionu olan Ağdam təmsilçisi ölkə kubokunu başı üzərinə qaldırmaqla qızıl dubl etdi.

 

Güləş

Başa çatmaqda olan il Azərbaycan güləşçiləri üçün uğurlu oldu. ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Çempionatında Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar və komanda hesabında 4-cü olduq. Sərbəst güləşdə Hacı Əliyev, yuna-Roma güləşində isə Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Güləşçilərin Braziliyaya 11 lisenziya qazandığını nəzərə alsaq, komandanın çıxışını müsbət dəyərləndirmək olar. Qarşıdakı yarışlarda uğurlu çıxış etməklə güləşçilər daha 7 lisenziya qazana bilərlər. Yunan-Roma güləşi üzrə millimiz ilin son yarışında Dünya Kubokunu qazanmaqla, ölkə güləşi tarixində yeni səhifə açdı.

 

Gimnastika

2015-ci il Azərbaycan Gimnastika Federasiyasının tarixində ən uğurlu illərdən oldu. Minskdə keçirilən Avropa Çempionatında Marina Durunda lentlə hərəkətlərdə mürəkkəb kompozisiyanı ustalıqla yerinə yetirməklə, fəxri kürsünün üçüncü pilləsinə qalxdı. Milli gimnastikanın lideri ardınca Almaniyada baş tutan Dünya Çempionatında çoxnövçülük finalında 6-ci yerdə qərarlaşaraq, Olimpiya Oyunlarına lisenziya qazandı. 

İlk Avropa Oyunlarında 7 medalla tarix yazan gimnastlarımız ilin son Dünya Çempionatında da medalsız qalmadı. Bakıda keçirilən ilk Avropa Oyunlarının beşqat mükafatçısı Oleq Stepko Şotlandiyada keçirilən Dünya Çempionatında həm bürünc medal, həm də Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.

 

Polo

İlk dəfə Azərbaycan idmançıları poloda uğur qazandılar. Polo üzrə ilk Avropa Çempionatı Azərbaycanın paytaxtında baş tutdu və ilk çempion milli komandamız oldu. Elçin Camallı, Tərlan Qurbanəliyev, Rəşad Həsənov və Silvester Qarrosdan ibarət Azərbaycan millisi çempionatda keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vurdu. 

 

Ağir atletika

Ağır Atletikada həm sevincli, həm də kədərli günlərimiz oldu. ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə Dünya Çempionatında millimiz iki medala layiq görüldü. Boyanka Kostova qızıl medal qazanmaqla, 2 dünya və 4 Avropa rekordunu da adına yazdı. Kişilər arasında Valentin Xristov bürünc medalla kifayətləndi. 

İlin sonunda yığmamızın üzvlərinin dopinq testdən keçmədiyi məlum oldu. Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, İntiqam Zairov və Dadaş Dadaşbəylinin orqanizmindən götürülən analiz müsbət nəticə verdi. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə "ilişməsi" isə vəsiqələrimizi sual altına alıb. Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən, B testini gözləmək məcburiyyətindəyik. Əgər bu, yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

 

Boks

Azərbaycan boksçuları Qətərdə keçirilən Dünya Çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxdılar. İlk dəfə olaraq, Azərbaycan idmançıları Vətənə 4 medalla qayıtdılar. Üstəlik, boksçularımız Yay Olimpiya Oyunlarına iki lisenziya qazandılar. Qətərdə baş tutan ilin əsas boks yarışında ən böyük nəticəni Elvin Məmişzadə əldə etdi. Bütün rəqiblərinə qalib gələn Məmişzadə Azərbaycan boks tarixinə dördüncü dünya çempionu kimi düşdü.

 

Şahmat

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi qitə birinciliyində titulunu qoruya bilmədi. "SOCAR-Azərbaycan" klubu isə Avropa Kuboku yarışlarında gümüş medal əldə etdi. Rauf Məmmədov blits üzrə Avropa Çempionatının qalibi oldu. 

 

Cüdo

Cüdoçularımız üçün 2015 o qədər uğurlu olmadı. Məlum səbəbdən, bir sıra yarışlarda iştirak edə bilməyən idmançılarımız yalnız son aylarda fəallaşdılar. Bu, SOCAR prezidenti Rövnəq Abdullayev federasiyaya prezident seçiləndən sonra baş verdi. 

Əvəzində, Paralimpiya Oyunlarına reytinq xalı qazandıran Avropa Çempionatında paralimpiyaçı cüdoçularımız möhtəşəm qələbə qazandılar. Təmsilçilərimiz 3 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla, ümumilikdə, 8 medala layiq görüldülər. İlham Zəkiyev, Ramil Qasımov və Bayram Mustafayev qızıl, Səbinə Abdullayeva, Rövşən Səfərov, Ramin İbrahimov gümüş, Afaq Sultanova və Kənan Abdullaxanlı isə bürünc medala sahib oldular. Yarışın nəticələrinə görə, paracüdoçularımız 5 lisenziya qazanaraq, ümumi lisenziya sayını 7-yə yüksəltdilər.

 

Veloyürüş

Ənənəvi hal alan "Tur de Azerbaijan" veloyürüşü ilk dəfə olaraq, meydan sahibinin qələbəsi ilə başa çatıb. Beş mərhələdən ibarət mötəbər yarışın yekun nəticəsində birinci olan "Synergy Baku" ölkə idmanı tarixində ilkə imza atdı.

 

Taekvondo

Azərbaycan taekvondosunun uzun illər davam edən həsrəti sona çatdı. Yığmamızın üzvü, Avropa çempionu Radik İsayev 14 illik fasilədən sonra mundialın qalibi olmaqla adını tarixə yazdı. Taekvondo yığmamız həm də Dünya Kubokunu başı üzərinə qaldırmaqla, ilin ən uğurlu kollektivlərindən biri oldu.

Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanıb. Bir il əvvəl 805 medaldan 275-i qızıl, 255-i gümüş, 275-i bürünc olmuşdu. İdmançılarımız Olimpiya növlərində 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) əldə edib. 2015-ci ildə ölkəmizdə 200-dən çox respublika səviyyəli yarış, 46 beynəlxalq turnir təşkil edilib.

 

 

2015-ci İLİN YEKUNLARINA GÖRƏ, AZƏRBAYCANIN ƏN YAXŞI KOMANDALARI və İDMANÇILARI 

(GƏNCLƏR və İDMAN NAZİRLİYİNİN RƏYİNƏ GÖRƏ)



İlin ən yaxşı komandası: 

Taekvondo, polo

 

İlin ən yaxşı klub komandası: 

"Qarabağ" futbol klubu

 

İlin ən yaxşı federasiyası: 

Azərbaycan Gimnastika Federasiyası

 

İlin idman yarışlarının ən yaxşı təşkilatçısı: 

Azərbaycan Güləş Federasiyası

 

İlin ən yaxşı idman qurğusu: 

Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu

 

İlin ən yaxşı məşqçiləri:

1. İbrahim İbrahimov (paracüdo)

2. Cəmşid Heyrəbadi (yunan-Roma güləşi)

3. Əsgərxan Novruzov (sərbəst güləş)

4. Mariana Vasilyeva (bədii gimnastika)

5. Nizami Paşayev (ağırlıqqaldırma)

6. Nəriman Abdullayev (boks)

7. Elnur Amanov (taekvondo)

8. Firdovsi Umudov (sərbəst güləş)

 

"Qızıl onluq":

Elvin Məmişzadə (boks, Avropa Oyunlarının qalibi və dünya çempionu)

Boyanko Kostova (ağır atletika, dünya çempionu və dünya rekordçusu)

Mariya Stadnik (güləş, Avropa Oyunlarının qalibi və Dünya Çempionatının mükafatçısı)

Rəsul Çunayev (yunan-Roma güləşi, Avropa Oyunlarının qalibi və dünya çempionu)

Hacı Əliyev (sərbəst güləş, Avropa Oyunlarının bürünc mükafatçısı və dünya çempionu)

Oleq Stepko (idman gimnastikası, Avropa Oyunlarının qalibi və Dünya Çempionatının bürünc mükafatçısı)

Toğrul Əsgərov (sərbəst güləş, Avropa Oyunlarının qalibi və dünya çempionu)

Radik İsayev (taekvondo, Avropa Oyunlarının qalibi və dünya çempionu)

Rafael Ağayev (karate, Avropa Oyunlarının qalibi və dünya çempionu)

İlham Zəkiyev (paracüdo, Avropa Oyunlarının qalibi və dünya çempionu)



MƏSLƏHƏT GÖR:

542