28 Aprel 2024

Bazar, 11:06

MÖCÜZƏ SORAĞINDA

Yeni İl nağılının ovqatını övladlarımız üçün qoruyub-saxlamağa çalışmalıyıq

Müəllif:

29.12.2015

Həyat onunla gözəldir ki, o, yerində saymır. Yaxşı pisi, sevinc kədəri əvəz edir. İnsan özünü hər zaman yaxşı və ya hər zaman pis hiss edə bilməz. Onda həyat birtərəfli, boz və maraqsız olar. Soruşa bilərsiniz ki, nə üçün Yeni İlə həsr etdiyimiz bu yazını məhz belə fikirlərlə başlayırıq? Cavab sadədir: oxucunun qınağına tuş gəlməmək üçün. İstəmirik ki, "Bayırda böhrandır, qiymətlər qalxıb, bunlar isə Yeni İli necə qarşılamaq barədə məsləhətlər verirlər", - deyə bizi qınayasınız. Biz hər zaman məsləhət vermək fikrindən uzaq olmuşuq, lakin Yeni İl bayramına bir möcüzə anı kimi yanaşmağa, bu günə övladlarımızın gözü ilə baxmağa çağırmışıq. Bu gün də belə edirik. Çünki bizim uşaqlığımız mürəkkəb dövrə təsadüf edib, valideynlərimiz isə daha çətin vaxtların uşaqlarıdır. Bununla belə, onlar hər zaman bizə bayram və nağıl bəxş etməyə çalışıblar. Çünki ideal dünya olmur, deməli, biz də bu dünyanı olduğu kimi qəbul etməliyik.

 

İdeal dünya "bəxş edən"

Bəs, ideal dünyanı mümkün hesab etsək, necə? Bu mövzuda ən gözəl xəyalları amerikalı uşaq yazıçısı Lois Louri özünün 1993-cü ildə nəşr etdirdiyi "Bəxş edən" kitabında qura bilib. Son hadisələrin fonunda bu kitab bizim üçün çox vacib əhəmiyyət daşıyır, çünki bu, antiutopiyadır, hadisələri bizdən uzaq olmayan gələcəkdə cərəyan edən bir xəbərdarlıq romanıdır. Böyüklər üçün yazılmış antiutopik əsərlərdən fərqli olaraq, bu kitab dəhşətli zorakılıq səhnələri ilə deyil, əks etdirdiyi ideal cəmiyyətin quruluşu ilə qorxudur. Bəli, söhbət məhz bizim xəyal etdiyimiz ideal cəmiyyətdən gedir. O cəmiyyətdən ki, orada bütün insani istəklərimiz həyata keçib və narahatlığımıza son qoyulub. Gələcəyinizdən arxayın olmaq istəyirdiniz? Buyurun! Ta doğulandan ölənə qədər həyatınıza nəzarət sizin ixtiyarınızdadır. Sizə bənzəməyən insanlardan qorxurdunuz? Artıq hər kəs eynidir, hətta bu yeknəsəqlikdə rənglərin də hamısı bozarıb. Aclıqdan sığortalanmaq istəyirdiniz? Budur, artıq insanların doğum və ölümünə də nəzarət sistemi var. Sistem özü sizin kiminlə evlənəcəyinizi, hansı övladı tərbiyələndirəcəyinizi, hansı peşə ilə məşğul olacağınızı müəyyən edir. Yaşlandıqdan sonra isə sizi Qocalar evinə göndərir və oradan sakitcə "silir". Qorxuludur, deyilmi?! Xüsusən, ona görə qorxuludur ki, eyni cəmiyyətlərdən ibarət bu "gözəl dünya" kitabda bir uşağın gözü ilə göstərilib. Bu uşaq başqa dünya tanımır və öz dünyasını yeganə mümkün olan və doğru sayır. Bu dünyada 12 yaşı tamam olan uşaqlara onların gələcək sənəti bəyan edilir və baş qəhrəman Conası "Xatirələri qəbul edən" vəzifəsinə təyin edirlər. Sən demə, icmada "Xatirələri yaşadan" da var. Bu insan real dünyadan olan xatirələri də qoruyub-saxlayır və bunun öz səbəbi var. İdeal təşkilatlanmış bu yeknəsəq cəmiyyətin əsl dünya barədə xatirələrinin qorunmasına ehtiyacı var, "Xatirələri yaşadan" isə artıq qocalıb. Beləliklə, Conas ondan Yer üzündə rənglərin, ağrı-acının, günəşin, qarın, ailənin, okean və səhraların, aclıq və müharibələrin, ən nəhayət, Yeni İlin olduğunu öyrənməli və başa düşməlidir ki, onun gözəl saymağa alışdığı dünya, əslində, çirkin və qəddardır. 

Sözsüz ki, "Bəxş edən" kitabında sosial təminatın, təhlükəsizliyin, zəmanətli həyatın əks tərəfi birmənalı olaraq təhlükə kimi göstərilib. Lakin müəllif, hətta ifrata varmış olsa belə, ideal dünyanın heç də ideal olmadığı barədə aydın təsəvvür yarada bilib. Deməli, biz elə Xeyir və Şərin, yüksəliş və enişin olduğu bu həyatın çətinliklərini aşa-aşa həyatdan dərs alır, nəticələr çıxarır, mənəviyyatımızı cilalaya, Yaradana yaxınlaşa bilirik. 

 

Həyata sadə yanaşaq...

Hər şeyə rəğmən, biz öz yolumuzu keçməliyik, çünki bu dəyişkən həyatda hər enişin mütləq bir yüksəlişi də var. Başqa cür ola da bilməz və bu, elə 2016-cı ilin rəmzi olan Meymunun xasiyyətinə uyğundur. Meymun, həmçinin şən və həyatsevərdir, heç vaxt ruhdan düşmür, hər şeylə maraqlanır, çətinliklərdən asanlıqla çıxır, özünə dost tapmağı bacarır. Deməli, gələn il insanlar uzaq perspektivi bir kənara qoyub, hər günə, hər ana sevinməyi bacaracaqlar. Elə İslam da daxil olmaqla, dünyanın bütün əsas dinləri də yaşadığımız hər ana şükür etməyi məsləhət görür. Eyni zamanda, insanlar bir-birini daha yaxşı anlamağa, köhnə inciklikləri kənara qoymağa və deməli, daha da yaxınlaşmağa başlayacaqlar. 

Yeri gəlmişkən, astroloqlar müvəqqəti çətinliklər qarşısında əyilməməyə çağırır, çünki 2016-cı il yalnız cəsarətli iş adamlarına, tacir və bankirlərə uğur və gəlir vəd edir. Meymun ilinin əsas şüarı isə elə budur: "Risk etməyən, şampan içməz". Bu il bizi elmin inkişafı və texniki tərəqqinin sürətlənməsi gözləyir. Bu baxımdan, 2016-cı il cəsarətli yenilikçi ideyaların həyata keçirilməsi üçün çox münasib olacaq. Geniş dünyagörüşü və hərtərəfli bacarıqları olan insanlar gələn il vəzifə pillələrində sürətli artıma ümid edə bilər. Odur ki, istedad və bacarıqlarınızdan düzgün istifadə etsəniz, özünüzü təmin edə və tanına bilərsiniz. 

2016-cı il bir çoxunun şəxsi həyatına dəyişiklik gətirəcək və bu, daha çox xoş yeniliklər olacaq. Ulduz falına görə, gələn il həyatımızın bütün sahələrində gözlənilməz dəyişikliklər baş verəcək. Onların arasında itib-batmamaq üçün isə hər şeyin yaxşı tərəfini görməyi və əlverişli məqamlardan bəhrələnməyi öyrənməliyik. Bütün bunlar ideal olmayan dünyamızın bir hissəsidir. Həmin dünyamızın ki, elə ideal olmaması ilə gözəldir. 

Biz bugünümüzə sevinməyi bacarmalı, nağıl ovqatını övladlarımız üçün qoruyub-saxlamağa çalışmalıyıq. Yer üzərində hər şey dəyişir, irəliyə gedir. Gedir ki, növbəti mərhələyə adlasın. Elə biz də belə etməliyik ki, xoşbəxt olaq! 

Yeni İliniz mübarək!



MƏSLƏHƏT GÖR:

514