3 May 2024

Cümə, 08:47

İDMAN TƏQVİMİ

Bakı 2016-cı ildə "Formula-1" avtoyarışı və Şahmat Olimpiadası daxil olmaqla bir sıra mühüm idman tədbirlərini qəbul edəcək

Müəllif:

12.01.2016

2015-ci ili uğurla başa vuran Azərbaycan idmanı daha məsuliyyətli və önəmli mövsümə qədəm qoydu. Yeni başlayan 2016-cı ildə ölkə idmançılarını ardıcıl olaraq vacib yarışlar gözləyir. 2016-cı il Azərbaycanda keçiriləcək yarışlar baxımından da çox məsuliyyətlidir.

Yeni başladığımız il Azərbaycan Gimnastika Federasiyası üçün əlamətdar olacaq. Federasiyanın Bakıda 3 Dünya Kuboku yarışlarının keçirilməsi ilə bağlı irəli sürdüyü namizədlik təsdiqlənib. Bakı, idman gimnastikası üzrə "Challenge Cup" seriyasından olan Dünya Kubokunun nümayəndə heyətlərini 2016-cı ilin 19-21 fevral tarixlərində qəbul edəcək. İdman gimnastikasının ardınca, 5-6 mart tarixlərində dünyanın tanınmış batutçuları Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında mübarizə aparacaqlar. Qeyd edək ki, Bakı 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kuboku yarışlarını qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində, daha dəqiq desək, 22-24 iyul tarixlərində baş tutacaq. Artıq 2003, 2004 və 2005-ci illərdə ölkəmizdə təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə olaraq təşkil olunacaq.

Fevraldan etibarən Azərbaycanın yeganə peşəkar boks klubu "Bakı Fires" VI mövsüm Ümumdünya Seriyasında mübarizəyə başlayacaq. Turnirdə mübarizə ev-səfər prinsipiylə aparılacaq. 16 ölkənin iştirak etdiyi Ümumdünya Boks Seriyası may ayında başa çatacaq. 

Fevralda futzal üzrə milli komanda Serbiyada keçiriləcək Avropa Çempionatının qrup mərhələsində gücünü sınayacaq. Millimiz əvvəlcə İtaliya, ardınca isə Çexiya komandasıyla yarışacaq. Hər iki görüş Belqradda baş tutacaq.

Martda Bakıda boks üzrə olimpiya lisenziyalı Avropa Təsnifat turniri keçiriləcək. 20-dən çox ölkənin iştirak edəcəyi yarışın qalibləri Rio-2016-ya vəsiqə qazanacaq. 

Mayda 17 yaşadək futbolçular arasında Avropa Çempionatının final mərhələsi paytaxtımızda keçiriləcək. Qitənin ən güclü yeniyetmə komandaları 10 gün ərzində Bakıdakı yaşıl meydanlarda ən güclünü müəyyənləşdirəcək. Mötəbər yarışda Azərbaycan millisi də mübarizə aparacaq. 

Mayda Bakıda cüdo üzrə Böyük Dəbilqə silsiləsindən olan beynəlxalq turnir keçiriləcək. 50-dən çox ölkənin 400-ə yaxın idmançısının iştirak edəcəyi yarış Rio Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Turnirin qalibi olacaq cüdoçular aktivlərinə 500 lisenziya xalı yazdıracaq. 

İyunun 17-19-da Bakı tarixdə ilk dəfə "Formula-1" yarışlarına ev sahibliyi edəcək. Artıq Azərbaycanın 2016-cı ildə "Formula 1 Avropa Qran-pri" yarışına ev sahibliyi etməsi haqqında müqavilə imzalanıb. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçiləcək, yarışlar isə Neftçilər prospekti, Hökumət Evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcək. Bu yarışın Bakıda keçirilməsi "Formula 1" təqviminə möhtəşəm əlavə olacaq. Azərbaycanın bu yarış üçün ən möhtəşəm sxem yaratmaq istəyi "Formula 1" şirkətlər qrupunun baş icraçı direktoru Berni Eklstoun tərəfindən də müsbət qarşılanıb: "Biz Bakının "Formula 1" ailəsinə qoşulmasından məmnunuq. Yarış Bakının maraqlı və mənzərəli hissələrindən keçəcək. "Bu tədbir "Formula 1" yarışının mövcud meyarlarına uyğun olacaq".

İyunda Fransada ilin ən mötəbər futbol yarışı keçiriləcək. Avro-2016-da qitənin ən güclü futbol komandaları yarışacaq. Azərbaycan millisinin kənardan izləyəcəyi turnir azarkeşlərə unudulmaz anlar yaşadacaq.

2016-cı ilin avqustunda dünyanın bütün diqqəti planetin ən mötəbər yarışı Yay Olimpiya Oyunlarına yönələcək. Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək dörd illiyin ən möhtəşəm yarışında Yer kürəsinin bütün ölkələri ən güclü heyətlə təmsil olunacaq. Hazırda Azərbaycan idmançıları olimpiadaya 28 lisenziya qazanıb. Lakin bu rəqəmin 50-ni keçəcəyi gözlənilir. Çünki Yay Olimpiya Oyunlarına lisenziyaların ən çoxu məhz 2016-cı ildə öz sahibini tapacaq. Bu mənada ölkəmizin Rio-2016-da böyük heyətlə təmsil olunacağı gözlənilir.

Yay Olimpiya Oyunlarından sonra bütün dünyanın diqqəti Azərbaycan paytaxtı Bakıya yönələcək. Şəhərimiz tarixində ən kütləvi idman yarışı - Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 175 ölkənin 200-dən çox komandasının yarışacağı turnirdə, ümumilikdə, 3000-dən çox şahmatçı çıxış edəcək. Möhtəşəm "Cristal Hall"da baş tutacaq Şahmat Olimpiadası 12 gün davam edəcək. Təşkilatçı ölkə Azərbaycan mötəbər yarışda həm qadınlar, həm kişilər arasında, ümumilikdə, 6 komandayla təmsil olunacaq. Şahmat Olimpiadası kütləviliyinə və iştirakçıların sayına görə indiyə qədər Azərbaycanda keçirilən ən böyük idman yarışı olacaq.

2016-cı ilin Azərbaycanın idman həyatında vacibliyini qeyd edən gənclər və idman naziri Azad Rəhimov təmsilçilərimizin uğur qazanacağına ümid etdiyini bildirib: "2016-cı ildə ölkəmiz bir neçə mötəbər yarışa ev sahibliyi edəcək. Mayda yeniyetmə futbolçuların Avropa Çempionatı Bakıda keçiriləcək. Bu futbol üzrə Bakıda keçirilən ən mötəbər yarış olacaq. İyunda ilk dəfə "Formula-1" yarışı paytaxtımızda baş tutacaq. Artıq, demək olar ki, biz bu yarışa hazırıq. Avqustda Azərbaycan Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq. İlin son mötəbər yarışı isə Şahmat Olimpiadası olacaq. Bildiyiniz kimi, Şahmat Olimpiadasında Bakıya, ümumilikdə, 3000-dən çox idmançı, qonaq, məşqçi və jurnalistin gələcəyi gözlənilir. Sözsüz ki, bizi çətin və gərgin mövsüm gözləyir. Amma idmançılarımız illərdir belə gərginliklə çıxış edir. Bizim üçün hər bir yarış əhəmiyyətlidir. Biz hər bir turnirdə Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışacayıq. Bakıda keçiriləcək yarışların ən yüksək səviyyədə təşkil olunacağına inanırıq".



MƏSLƏHƏT GÖR:

591