5 May 2024

Bazar, 23:53

XALQ ÜÇÜN DƏRMAN NEÇƏYƏDİR?

Azərbaycanın əczaçılıq bazarında nələr baş verir?

Müəllif:

12.01.2016

Manatın devalvasiyası Azərbaycanın, demək olar ki, tam şəkildə idxaldan asılı olan əczaçılıq bazarına da əhəmiyyətli dərəcədə təsir göstərib. Nəticədə, Tarif Şurası da 2015-ci il dekabrın 25-də qəbul etdiyi qərarda manatın üzən kursa keçməsini nəzərə almaq məcburiyyətində qalıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "R+"a bildirib ki, Tarif Şurası yaranmış vəziyyətə operativ reaksiya verərək, qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların yenilənmiş siyahısını təsdiq edib.

"Tarif Şurası 3540 adda dərman preparatının qiymətinə manatın yeni kursu nəzərə alınmaqla, yenidən baxıb. Eyni zamanda daha 1510 adda dərman vasitəsinin qiyməti təsdiqlənib. Söhbət qiyməti dövlət tərəfindən ilk dəfə tənzimlənən dərmanlardan gedir. 3661 adda dərmanın yeni qiyməti 2015-ci il dekabrın 25-də qüvvəyə minib. 2016-cı il fevralın 25-dən isə daha 1389 adda dərmanın yeni qiymətləri qüvvəyə minəcək", - deyə A. Əliyev qeyd edib.

Beləliklə, A.Əliyevin də dediyi kimi, ilin əvvəlində manatın kursunda baş vermiş dəyişikliyə baxmayaraq, qiyməti dövlət tərəfindən tənzimlənən dərman preparatlarının 21%-nin dəyəri ən azı 2 dəfə ucuzlaşıb. 9% dərmanın qiymətində isə ucuzlaşma 3 dəfədən çoxdur. Ümumilikdə, satışda olan dərman preparatlarının 60%-i ucuzlaşıb, 40%-nin qiymətisə məzənnə ilə əlaqədar 30% artıb. "Manatın ucuzlaşmasından əvvəl dərmanların qiyməti əhəmiyyətli dərəcədə - 2-3, bəzən isə 5-10 dəfə ucuzlaşdırılmışdı. Bu səbəbdən, qiymətlərə yeni məzənnə ilə əlaqədar təkrar baxılmasından sonra belə, dərmanlar qiymətlərin dövlət tərəfindən tənzimlənməsindən əvvəl olduğundan daha ucuzdur", - deyə nazirlik rəsmisi qeyd edib. Beləliklə, A.Əliyevin sözlərinə görə, dövlət əczaçılıq məhsulları istehlakçısının dərman alarkən çətinlik çəkməməsi üçün hər şeyi edib.

 

Çıxış yolu yerli istehsaldır

Amma qiyməti dövlət tərəfindən tənzimlənən dərmanlar bütünlükdə əczaçılıq bazarının yalnız yarısını əhatə edir. Tarif Şurası 2016-cı ilin ilk yarısı ərzində dərmanlara vahid qiymət tətbiqi prosesinin yekunlaşdırılacağını vəd edir. Ondan sonra apteklərdə alıcılar manatın 50%-lik devalvasiyası ilə əlaqədar nəinki ayrı-ayrı dərmanların qiymətinə görə kompensasiya ilə, həm də qiymətlərin 2 dəfə bahalaşması ilə də rastlaşa bilərlər. Odur ki, alıcıların hiddətini anlayırıq. Axı, onların bir çoxu xroniki xəstəliklərdən əziyyət çəkir və preparatları mütəmadi olaraq alır. Yerli apteklərdən birinin işçisi "R+"a açıqlamasında bildirib ki, qiymətlər tədarükçüdən asılıdır. Tədarükçülər isə dolların bahalaşması ilə əlaqədar olaraq, qiymətləri artırır. Bununla yanaşı, tədarükçünü qınamaq da olmur - onların qiymət siyasətinə bir çox amillər təsir göstərir.

Ekspertlər yaranmış vəziyyətdən çıxış yolu kimi preparatların ölkədə istehsalının təşkilini göstərir. Yeri gəlmişkən, dövlətin belə planının olduğunu baş nazirin müavini Əli Əhmədov da çoxdan açıqlayıb. Abbas Əliyev "R+"a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı dünyanın aparıcı əczaçılıq şirkətlərilə danışıqlar aparılacaq, onlarla əməkdaşlıq çərçivəsində ölkədə əczaçılıq müəssisələri yaradılacaq. "Sumqayıt Kimya Sənaye Parkının bazasında zavodun yaradılması planlaşdırılır", - deyə o, qeyd edib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, bu zavodun yaradılması Azərbaycan üçün çox müsbət hadisə olar: "Dərman idxalına vəsait ödəməkdənsə, özümüz xarici ölkələrə dərman sata, bundan pul qazana bilərik. Bundan başqa, bizdə bir çox dərman bitkisi bitir. Onların vasitəsilə preparatlar hazırlamaqla, kənd yerlərində işsizlərin həmin bitkilərin yığımına cəlbinə nail olmaq olar".

Nəzərə alsaq ki, əczaçılıq müəssisəsinin yaradılmasına dünyanın ən məşhur şirkətlərinin cəlb olunması planlaşdırılır, yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının ucuz qiymətə keyfiyyətli dərman vasitələri tapa biləcəklərini söyləmək olar.

 

Dərmanlar geri qayıdacaq

Hələliksə ölkənin əczaçılıq bazarı axsamaqdadır. Burada söhbət heç də yalnız qiymət artımından deyil, həm də ayrı-ayrı preparatların apteklərdən yoxa çıxmasından gedir. Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyovun sözlərinə görə isə narahatlığa heç bir əsas yoxdur. O, ölkəyə dərman idxalında yaranmış problemlərin tezliklə aradan qaldırılacağını söyləyib.

Yerli apteklərdən birinin əməkdaşı isə bəzi malların yoxa çıxmasını onlara yeni qiymətin müəyyənləşdirilməsilə əsaslandırır və həmin dərmanların tezliklə piştaxtalara qaytarılacağını deyir. O vaxtadək isə alıcılara həmin dərmanların əvəzləyicilərindən istifadə etmələri məsləhət görülür. Digər tərəfdən Səhiyyə Nazirliyi dərmanların pasiyentlərə həkim reseptilə satışı sistemini tənzimləmək üçün 2015-ci ilin oktyabrında "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar müəyyənləşdirib. Yeni qaydalar noyabrdan tətbiq olunmağa başlayıb. Məqsəd həkimlərin pasiyentlərə bahalı dərmanlar yazmasının, satılmış dərmanlardan faiz götürməsinin qarşısının alınmasıdır. Yeni qaydalara görə, resept yazılışı sərt şəkildə tənzimlənir. İndi dərman preparatları üçün 3 resept blankı var - ağ, qırmızı və yaşıl. Stasionarda müalicə alan pasiyentlər üçün resept yazılmayacaq. Onlara dövlətin tibb müəssisəsinə verdiyi preparatlar veriləcək. Pasiyent xəstəxanadan evə buraxıldıqda həkimin ona resept yazmaq hüququ olmayacaq - xəstə bərpa ilə bağlı məsləhətləri poliklinikadan almalı olacaq.

Ağ blankda resept ambulator müalicə alan, həmçinin özəl tibb mərkəzlərində müalicə olunan şəxslər üçün yazılmalıdır. Yaşıl blanklar pulsuz əldə olunması mümkün preparatlar üçün istifadə ediləcək. Onları yalnız dövlətə məxsus tibb müəssisələri mövcud tibbi proqramlara əsasən yaza bilər. Qırmızı blanklar isə əsasən onkoloqların və cərrahların istifadə etdikləri narkotik tərkibli preparatların yazılması üçün nəzərdə tutulub.

Yeni qaydalarla əksini tapmış əsas məqam - bundan sonra həkimlər preparatları onların ticarət markalarına əsasən yaza bilməzlər. Onlar reseptdə mütləq qaydada dərmanın molekulyar tərkibini göstərməlidirlər. Bu, insanlara aptekə gedərək əczaçının tövsiyəsi əsasında cibinə uyğun dərman seçməsinə imkan verəcək. Bununla yanaşı, qaydalara əsasən, həkimin pasiyentə bu və ya digər preparatı tövsiyə etmək hüququ da yoxdur.

Dermatoveneroloq həkim Orxan Abdullayev deyir: "Bu, şübhəsiz ki, müsbət məqamdır. İndi insanlar alacaqları dərmanı özləri seçəcək, həkimin onlara bilərəkdən bahalı dərmanlar yazmasından narahatlıq keçirməyəcəklər. Şəxsən mən pasiyentlərimə hər zaman dərmanın molekulyar tərkibini yazıram. İstisna yalnız beynəlxalq patentləşdirilmiş ada malik preparatlar təşkil edə bilər. Məsələn, "Aspirin" və ya "No-şpa", həmçinin molekulyar tərkibinin göstərilməsi mümkün olmayan dərman və kosmetoloji preparatlar".

Piştaxtalardan bəzi preparatların yoxa çıxmasına gəlincə, həkim buna öz təcrübəsinə əsasən münasibət bildirib: "Bir sıra nəhəng əczaçılıq şirkətləri bazarı tərk edib. Çünki Tarif Şurasının yeni təyin etdiyi qiymətlərlə işləmək onlara sərf etmir". Nəticədə, tez-tez istifadə olunan və nisbətən ucuz analoqları olmayan firma dərmanları bazardan qeyb olub.

 

Yenidən qiymət haqqında

Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərə gəlincə, əczaçılıq üzrə mütəxəssisin bildirdiyinə görə, hər şey 5 ölkədən olan qiymət standartı ilə tənzimlənir. Yəni Tarif Şurasının müəyyənləşdirdiyi qiymətləri adekvat reallıq saymaq olar. Bəzi ciddi əczaçılıq şirkətlərinin bazarı tərk etdiyini nəzərə alsaq, belə çıxır ki, bəzi dərmanların bahalaşması yalnız qazanc əldə etmək istəyilə bağlı deyil. Burada xərclərin artması da öz rolunu oynayır. Digər tərəfdən iri əczaçılıq şirkətlərinin dərmanları elə əvvəldən bahadır. Çünki onların qiymətinə preparatın hazırlanması və illərlə test edilməsi xərcləri də daxildir. Tarif Şurası isə qiymətləri təsdiqləyən zaman, ilk növbədə, dərmanların daha ucuz analoqlarının qiymətlərinə əsaslanır. Məqsəd dərmanları insanlar üçün daha əlçatan etməkdir. Bəzi dərmanların bahalaşmasına gəlincə, əczaçının sözlərinə görə, bütün preparatları ucuzlaşdırmaq mümkün deyil. Çünki bu halda onları ölkəyə gətirən olmayacaq və apteklər zərərlə üzləşəcək. Odur ki, apteklər bəzi preparatlara qiymət qoymaq hüququnu özündə saxlayır. Burada söhbət, ilk növbədə, bioloji aktiv əlavələrdən, vitaminlərdən, siroplardan, fermentlərdən gedir. Bundan başqa, siyahıda yer almayan dərmanların qiymətlərini apteklərlə yanaşı, aptek depoları da artıra bilər.

Əlbəttə, firma dərmanlarını almamaq olar. İnsanlar yeni qaydalardan ruhlanaraq daha qənaətcil varianta üstünlük verə bilərlər. Lakin bu zaman əksər həkimlər Avropa istehsalı olan preparatlarla onların ucuz analoqlarının (jeneriklərin) effektinin fərqli olduğunu söyləyə bilərlər.

Bu, ən yaxşı halda dərmanın təsirinin azalmasına, pis halda isə müxtəlif kənar və allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Pərviz Əzizbəyov isə bildirir ki, dərman dövlət qeydiyyatından keçibsə, bu, avtomatik olaraq onun keyfiyyətindən xəbər verir. Yəni onun daha bahalı analoqlarının daha effektiv olduğunu düşünmək yanlış olardı.

 

Dərmandan dərmana fərq var

Bu arada Azərbaycana gətirilən preparatların keyfiyyətinə nəzarət lazımi səviyyədə deyil. Bunu ölkənin səhiyyə naziri Oqtay Şirəliyev də təsdiqləyib. Onun sözlərinə görə, apteklərin fəaliyyətində, idxal olunan və satılan dərmanların keyfiyyətinə nəzarətdə müəyyən çatışmazlıqlar var. O, bu nəzarətin gücləndirilməli olduğunu söyləyib. Misal üçün, bəzi əczaçı firmalar öz preparatlarının saxtalaşdırılmasına yol verməmək üçün onların adlarını dəyişməli olurlar. 

Beləliklə, qiymətlərin sərt şəkildə tənzimlənməsi zamanı ortaya daha bir problem çıxır: bazara saysız-hesabsız keyfiyyətsiz məhsul, saxta dərmanlar girə bilər. Bəzi şirkətlərin isə öz məhsullarını baha qiymətə "altdan satacağı" istisna deyil. Məhsulları xaricdən gətirən bəzi "firma" apteklər qiymətləri aşağı salmağa meyil göstərmir. Buna baxmayaraq, alıcılar onlardan imtina etmir. Çünki bəziləri bahalı dərmanların ucuz analoqlarından daha keyfiyyətli olduğuna əmindirlər. İstehlakçılardan birinin dediyinə görə, onun bahalı aptekə müraciət etməsinin səbəbi var: dərmanın ucuz analoqu onda güclü allergik reaksiyaya səbəb olub.

Apteklərin və orada çalışan əczaçıların fəaliyyəti ayrıca söhbətin mövzusudur. Pərviz Əzizbəyov deyir ki, artıq 3-4 ildir ölkədə yalnız provizorların deyil, orta ixtisas dərəcəsi olan əczaçıların da sertifikatlaşdırılması, ixtisasartırma kurslarının təşkili təcrübəsi var. Onun sözlərinə görə, bu istiqamətdə ciddi iş aparılır və işçilər hər 5 ildən bir sertifikatlaşmadan keçirlər.

Buna baxmayaraq, bir çox alıcılar apteklərdəki əczaçıların bilik səviyyəsindən şikayətçidirlər. "Bir sıra hallarda onlar satdıqları preparatla bağlı heç bir bilgiyə malik olmur, bəzən isə insanlara adı alıcının istədiyi dərmanın adına oxşayan, əslində isə tamamilə fərqli tərkibə malik dərman verirlər", - deyə respondentimiz Sara Rzayeva bildirir. O, savadsız əczaçının qurbanı olub: aptekdə ona tamamilə fərqli dərman veriblər. Belə olan təqdirdə, əczaçının tövsiyə etdiyi ucuz dərmanın pasiyentdə kənar təsirlərə yol açmayacağına zəmanət varmı? Bundan başqa, unutmaq olmaz ki, postsovet ölklərində istehsal olunan bir sıra ucuz dərmanlar hələ də Dövlət Standartına cavab vermir, onların istehsalı zamanı ÜST tərəfindən qadağan olunmuş maddələrdən istifadə edilir.

"Məsələn, Rusiya istehsalı olan 60 qəpiklik "açetilsaliçilov kislota"sı və "Bayer" şirkətinin 15 manatlıq aspirinini götürək. Fərq nədədir? İlk növbədə keyfiyyətdə - əsas maddə və digər qatışıqların miqdarı, təmizliyi və sair. Bundan başqa, alman istehsalı olan dərmanın bahalığı işçilərin əməkhaqqının yüksəkliyilə də bağlıdır. Ən başlıcası isə effektdir. Rusiya istehsalı olan dərman hərarəti güclə aşağı salırsa, Almaniya məhsulu bir neçə dəqiqəyə öz təsirini göstərir, üstəlik, başağrısını da aradan qaldırır. Başağrısına görə sonuncu dəfə nə vaxt aspirin qəbul etmisiniz? ABŞ və Almaniyada isə qəbul edirlər. Ola bilsin ki, məsələ həm də əczaçılıq zavodlarındakı köhnə aparatlarda, iki ölkənin Dövlət Standartı arasındakı fərqdədir. Odur ki, yaxşısı pasiyentə reseptdə preparatın molekulasının (kimyəvi formulunun) yazıldığını, lakin bahalı dərmanın daha keyfiyyətli olduğunu deməkdir", - deyə Orxan Abdullayev bildirir.

İstənilən halda, dövlət yalnız əczaçılıq məhsullarının qiymətini tənzimləməyə deyil, həm də onların idxalına, keyfiyyətinə, yazılmasına nəzarəti gücləndirməyə çalışır. İndi bütün ümid onadır ki, əczaçılıq zavodunun işə düşməsi ilə bu sistem də nizamlanacaq. Azərbaycan bazarında uyğun qiymətə dərmanlar yalnız bu halda peyda ola bilər. Şübhəsiz ki, əsas diqqət keyfiyyətə yönəldilmək şərtilə...



MƏSLƏHƏT GÖR:

518