6 May 2024

Bazar ertəsi, 09:23

EKSTREMİZM KABUSU

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz MƏRDANOV: "Radikallar yalnız dinlərarası dostluğa deyil, həm də Gürcüstanın siyasi sabitliyinə təhlükədir"

Müəllif:

12.01.2016

Gürcüstanın Kvemo-Kartli bölgəsinin Soğanlıq kəndində baş vermiş dini ekstremizm aktı ölkə ictimaiyyətini əməlli-başlı silkələyib. İslamın sələfi cərəyanını təmsil edən gənc Ramin İsayev həmkəndlisi Fikrət Əhmədovu qətlə yetirib. İnsidentə Əhmədovun "İmedi" telekanalına müsahibəsində Gürcüstanda dini radikalizmin artmasından narahatlığını dilə gətirməsi səbəb olub.

Gürcüstanın dini təşkilatları hadisə ilə bağlı bəyanatla çıxış ediblər. Kənd sakinləri etiraz aksiyasına çıxıb, Gürcüstan prokurorluğu yalnız cinayət faktı ilə deyil, ümumilikdə dini cərəyanlarla bağlı ciddi araşdırmaların aparılacağını vəd edib.

Gürcüstanda radikal islamçıların sürətlə artmaqda olduğunu mütəxəssislər, ictimai xadimlər çoxdan bildirir. Soğanlığın 23 yaşlı sakininin qətlini müəyyən mənada dözümsüzlüyün, radikal baxışların yer aldığı icmaların öz fəaliyyətini genişləndirməsinin nəticəsi kimi də qiymətləndirmək olar. Gürcüstanda dinlərarası gərginliyin, ekstremist dini cərəyanlara tərəfdar olanların artmasının nələrə aparıb çıxara biləcəyilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin müftisi Ayvaz MƏRDANOV ilə söhbətləşdik.

- Soğanlıq kəndində baş vermiş cinayətdə başqa, qeyri-dini motiv də varmı?

- Hər şey radikal islamın - sələfiliyin təmsilçilərinin kənddə məscid tikmək cəhdindən başlayıb. Kənddə, demək olar ki, bütün inanclılar islamın şiə məzhəbinə aiddirlər. Sələfilərin istəyi Soğanlıq sakinlərində narahatlığa səbəb olmuşdu. Çünki onlar kənddə vəhhabilər tərəfindən dözümsüzlüyün, dini ekstremizmin təbliğ oluna biləcəyindən ehtiyatlanırdılar. Onların fikrincə, radikal baxışları təbliğ edən icmanın fəaliyyəti kənddə münaqişələrə, terror təhlükəsinə yol aça bilər. Ümumiyyətlə, radikallığın nələrə aparıb çıxardığını Şimali Qafqazda, Yaxın Şərqdə yaşananlardan aydın şəkildə görmək olar.

Beləliklə, vəhhabilər dini mərasimlərini tikintisi yarımçıq qalmış məscidin yaxınlığındakı binada təşkil edirdilər. Bu yaxınlarda "İmedi" telekanalının əməkdaşları Soğanlıqda olub və kənddəki dini vəziyyətlə bağlı süjet hazırlayıb. Reportajda Fikrət Əhmədovun da fikirlərinə yer verilib. Mən onun çıxışını görməmişəm, lakin kənd sakinlərinin sözlərinə görə, Əhmədov Gürcüstanda radikal islamçıların sayının artmasından narahatlığını dilə gətirib, bunun cəmiyyətdəki sabitliyə təhlükə olduğunu söyləyib. Fikrət Əhmədovun fikirləri onun tanışı, uşaqlıq dostu, radikal islamçıların icmasına qoşulmuş Ramin İsayevin xoşuna gəlməyib. O, Əhmədovu söhbətə çağırıb və söhbət əsnasında onların arasında dava düşüb. Ramin dostunu bıçaqlayıb. Nəticədə, Əhmədov 2 gün sonra aldığı yaralardan dünyasını dəyişib. Bu cinayətdə heç bir başqa motiv yoxdur. Hadisədən hiddətlənən kənd sakinləri nümayişə çıxıb, ənənəvi dini cərəyanları təmsil edən inanclılara qarşı zorakılığa hazır olan dini radikalların qarşısının alınmasını tələb ediblər. Vəhhabilər isə buna cavab olaraq kəndliləri hədələməyə, qorxutmağa başlayıb. Onlar mitinq iştirakçılarına, yaşananlara KİV vasitəsilə etirazını bildirənlərə, yeni mitinqlər keçirməyi düşünənlərə SMS vasitəsilə hədələr ünvanlayırlar. Kənddə vəziyyət gərgin olaraq qalır.

- Bəs, dövlət strukturları sabitliyin bərqərar olması üçün hansı tədbirləri görür?

- Baş verənlərlə əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi və Gürcüstan Müsəlmanları İdarəsi hökumətə müraciət edib. Müraciətdə hökumət Kvemo-Kartli regionunda təhlükəsizliyin, dini azadlığın təmini istiqamətində addımlar atmağa çağırılır. Bilavasitə dini strukturlar azərbaycanlıların sıx yaşadığı bütün kəndlərdə imkan daxilində iş aparır, bununla da, gənclərin radikalların təsirinə düşməsini önləməyə çalışır. Hesab edirik ki, bu yalnız dinlər daxilində, dinlərarası dostluğa deyil, ümumilikdə Gürcüstanda siyasi sabitliyə də təhlükədir. Ermənistandan fərqli olaraq, Gürcüstanda çox sayda müsəlman yaşayır. İndi buraya müxtəlif yollarla dini radikalizm daxil olmaqdadır. Bu, ilk növbədə, Gürcüstan azərbaycanlıları üçün böyük təhlükədir. Marneuli, Qardabani, Bolnisi və digər şəhərlərin əhalisi birmənalı olaraq, radikal islamı qəbul etmir. Soğanlıqda məscidin tikintisini çeçenlər maliyyələşdirirdi. Yeri gəlmişkən, 10 il əvvəl Marneuliyə bir ərəb ictimai xadimi gəlmişdi. O, regionda məscidlər tikməyi planlaşdırırdı. Ərəb qonağının bu planının arxasında nəyin dayandığı aydın idi və Qafqaz Müsəlmanları İdarəsinin o zamankı nümayəndəsi Əli Əliyev regionumuzda radikalizmin yayılmasını önləmək üçün bütün lazımi addımları atmışdı. O, bu məqsədlə Gürcüstan prezidenti ilə də görüşmüşdü. Əminəm ki, vaxtında həmin addımlar atılmasaydı, Kvemo-Kartli regionu dini ekstremizmlə məşğul olan qüvvələrin əlinə keçəcəkdi. Bununla yanaşı, Kaxetiya regionunda, Talevi, Rustavi şəhərlərində, Acarıstanda vəhhabi icmalarının az olmadığı da qeyd edilməlidir.

- Bəs, hökumət bu problemlərin qarşısını almaq üçün önləyici addımlar atıbmı?

- Bir müddət əvvəl sosial şəbəkələrdə Suriya və İraqda "İslam Dövləti" terrorçularının tərəfində vuruşan gürcü yaraqlılarının videosu yayılıb. Videoda terrorçu Tarxan Batiraşvili (İŞİD-in şimal cəbhəsinə başçılıq edən general "Sarı saqqal" - "R+".) onların vətənə qayıdacaqlarını, din xadimlərini "xalqı səhv yolla apardıqları üçün" cəzalandıracaqlarını, "Gürcüstanda nizam-intizam yaradacaqlarını" bəyan edib. Bu video Gürcüstanın hüquq mühafizə orqanlarını hərəkətə gətirib. Polis terrorçuların radikal islamçı təşkilatlarla əlaqəli qohumlarını həbs edib. Aparılan axtarış tədbirləri zamanı çox sayda silah-sursat, İŞİD bayraqları və sair götürülüb.

Bəzi hallarda hüquq mühafizə orqanları azərbaycanlıların yaşadığı kənd və şəhərlərdə də vəhhabilərdən silah-sursat götürüb. Soğanlıqda baş vermiş insident onların zorakılığa nə qədər asan getdiklərini göstərir.

- Belə çıxır ki, hökumətin dini ekstremizmin qarşısının alınmasına yönəlmiş tədbirləri o qədər də effekt verməyib? 

- Gürcüstan balaca ölkədir və burada potensial təhlükələrin üzə çıxarılması çətin deyil. Lakin insan haqları və azadlıqlarının təmini baxımından hökumət çətin vəziyyətdə qalıb. Avropaya inteqrasiyanın güclənməsi fonunda radikal dini baxışlar, ekstremist planlarla bağlı ittihamların irəli sürülməsi asan deyil. Dini ekstremizmin qarşısının alınması istiqamətində Gürcüstan parlamentidə müəyyən işlər görüb. Xaricdə qeyri-qanuni silahlı birləşmələrin sıralarına qoşulmaya, terrora dəstəyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlar qəbul edilib. Lakin praktiki baxımdan hökumət din kimi həssas məsələlərdə xüsusilə ehtiyatlı olmalıdır. Gürcüstan hökuməti bütün konfessiyalar üçün dini haqları, azadlıqları təmin etməyə çalışır, bu sahədə hər hansı pozuntulara, ayrı-seçkiliyə yol verilməməsi üçün tədbirlər görülür. Pravoslav dövlət olan Gürcüstanın hökuməti milli azlıqların dini azadlıqlarının təmininə xüsusi diqqət ayırır.

- Gürcüstanın hansı regionunda vəhhabilərin nüfuzu daha yüksəkdir?

- Kaxetiyanın kəndlərində. Düşünürəm ki, ümumilikdə Gürcüstanda radikal cərəyanların nüfuzu və sıraları getdikcə genişlənəcək. Çünki hələlik ənənəvi islamı təbliğ edən strukturlar tərəfindən maarifləndirmə sahəsində adekvat fəaliyyətin şahidi olmuruq. Gürcüstanın müsəlman təşkilatlarının özlərində xeyli təşkilati problemlər var.



MƏSLƏHƏT GÖR:

541