17 May 2024

Cümə, 12:13

SİLAHSIZ MÜHARİBƏ

Tarix elmləri namizədi, Yaxın və Orta Şərq Ölkələri Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Yelena DunayevaNIN “R+”a müsahibəsi

Müəllif:

19.01.2016

-Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər günbəgün gərginləşir. Bu münaqişənin əsas səbəbi nədir və 2011-ci ildə həbs olunmuş, 2014-cü ildə barəsində ölüm hökmü çıxarılmış şiə moizəçisi niyə məhz indi edam olundu?

- Səudiyyə Ərəbistanının bütün əməllərinin planlı şəkildə həyata keçirildiyini söyləmək olar. Venesiya razılaşmasından sonra, İranın beynəlxalq arenaya çıxması, Tehrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılması, onun Suriya münaqişəsinin həlli prosesinə cəlbi, İranın Bəşər Əsəd hakimiyyətinin keçid dövründə qorunub-saxlanılması siyasətinin uğur qazanması, Suriya, İraq, Bəhreyn və Yəməndə Səudiyyə Ərəbistanını mövqeyinin ciddi müqavimətlə üzləşməsi ər-Riyadı təxribat xarakterli addım atmağa vadar etdi. Söhbət şiə din xadimi Nimr ən-Nimrin edamından gedir. Ər-Riyad, əlbəttə ki, Tehranın buna kəskin reaksiya verəcəyini, hətta bəlkə də İran Silahlı Qüvvələri tərəfindən hansısa hərbi addımların atılacağını gözləyirdi. Məqsəd İranı təxribata çəkmək, Avropa ölkələrinə onun sülhsevər dövlət olmadığını nümayiş etdirmək idi. Etiraf etmək lazımdır ki, ər-Riyad qarşısına qoyduğu məqsədə qismən nail olub: Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu ələ keçirilib. Nümayişçilərin diplomatik missiyalara girə bilməsi İranın radikal-mühafizəkar və praqmatik-liberal islahatpərəst siyasi elitaları arasında qarşıdurmaya yol açıb.

Məsələ ondadır ki, İranın siyasi və hərbi elitasındakı radikal qüvvələr Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatların başlanılmasını lazım bilir. Onlar hesab edir ki, ər-Riyadın siyasəti şiələrə təzyiq göstərilməsinə, İranın Yaxın Şərq regionundan sıxışdırılıb-çıxarılmasına, İranda sabitliyin pozulmasına yönəlib. Ötən ilin payızında iranlı zəvvarların həlak olması da Səudiyyə Ərəbistanı ilə müharibə tərəfdarlarının mövqelərini gücləndirib. İranın siyasi elitasında belə mövqeli insanların olduğunu bilən Səudiyyə Ərəbistanı bu amildən yararlanmaq fikrinə düşüb. Məhz bunun üçün onlar bütünlükdə Yaxın Şərqdə böyük nüfuza malik ən-Nimri edam edib. Ən başlıcası, ən-Nimr daim sünni-şiə barışığına çağırışlar edirdi.

Rəsmi Tehran isə səfirliyin ələ keçirilməsini pisləyib, beynəlxalq hüquqa sadiq olduğunu bəyan edib və insidentin ciddi şəkildə araşdırılacağına söz verib. Diplomatik missiyalara hücumun təsadüf olduğunu düşünmürəm. Etirazçıların arxasında konkret radikal qüvvələr dayanırdı. Bu, daxili siyasi qarşıdurmanın ifadəsi idi. Güman ki, Səudiyyə Ərəbistanı səfirliyinin ələ keçirilməsi 2009-cu ildə Böyük Britaniya səfirliyinin zəbt olunması kimi, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus qüvvələrin, onun "bəsic" bölüyünün işidir.

- Münaqişə tərəfləri qüvvələrini səfərbər edir. Səudiyyə Ərəbistanı, əsasən, Fars körfəzi dövlətlərinə, İran isə region ölkələri olan Livana və digərlərinə arxalanır. Tehranla ər-Riyad arasında müharibə ehtimalı nə qədərdir və bu, sünnilərlə şiələr arasında miqyaslı dini savaşa çevrilə bilərmi?

- Müasir dünyada hadisələri proqnozlaşdırmaq o qədər çətindir ki, heç nəyi istisna etmək olmaz. 3 il əvvəl biz İŞİD haqqında heç nə bilmirdik, Rusiya HHQ-nin Dəməşqə hərbi dəstək verəcəyinə inanmaq çətin idi, Türkiyə-Rusiya münasibətlərində yaşanmaqda olan gərginliyi heç kəs proqnozlaşdırmırdı. Artıq 5 ildir qaynamaqda olan Yaxın Şərqlə bağlı proqnoz vermək çox çətindir. Lakin fikrimcə, Tehranla ər-Riyad arasında birbaşa hərbi münaqişə ehtimalı sıfıra bərabərdir. Ən azı, İran praqmatik mövqe ortaya qoyur və bu münaqişənin nələrə səbəb ola biləcəyini yaxşı anlayır. İranın hazırkı rəhbərliyi vəziyyəti ağılla qiymətləndirir, hərbi münaqişəyə yol verməmək üçün diplomatik cəbhədə əlindən gələni edir.

Müharibə Səudiyyə Ərəbistanının da maraqlarına cavab vermir. Onun iqtisadi problemləri onsuz da kifayət qədərdir və ölkəyə rəhbərlik edən sülalə çətin dönəmdən keçir. Ər-Riyad İranla münasibətlərdə gərginlik yaratmaqla, Yaxın Şərq regionunda şiəpərəst koalisiyanın güclənməsindən narazı olduğunu nümayiş etdirməyə çalışıb: Suriyada ələvilər, Livanda "Hizbullah" və Yəməndə husilər. Səudiyyə Ərəbistanı nə Suriya, nə də Yəməndə siyasi məqsədlərinə nail olub. Yəni, bu, ər-Riyadın İrandan, Aİ ölkələrindən və ABŞ-dan narazılığını ifadə etmək üçün etdiyi yöndəmsiz cəhd idi.

- Xarici münaqişələr daxili çaxnaşmalara səbəb ola bilərmi? İran Səudiyyə Ərəbistanında monarxiyanın tezliklə çökəcəyini bəyan edir. Bəs ər-Riyad İrandakı sünni azlığın dəstəyinə bel bağlayırmı?

- İranlılar Səudiyyə Ərəbistanındakı zalım monarxiyanın çökəcəyini artıq 35 ildir söyləyirlər. İslam İnqilabından sonrakı ilk illərdə İran xeyli sayda şiə əhalinin də yaşadığı Səudiyyə Ərəbistanında buna nail olmaq üçün müəyyən cəhdlər göstərib. Baş verənlər, şübhəsiz, Səudiyyə Ərəbistanı rejiminin sabitliyinə zərbədir. İran dövlət səviyyəsində olmasa da, hansısa müsəlman fondları və təşkilatları səviyyəsində Səudiyyə müxalifətinə dəstək verəcək. Lakin Səudiyyə Ərəbistanında şiələrin yaşadıqları ərazi anklavdan başqa bir şey deyil və ər-Riyad ordu və təhlükəsizlik xidmətinin köməyi ilə onlara uğurla nəzarət edir. Bəli, ər-Riyadda rejim zəifləyir. Lakin yaxın zamanlarda monarxiyanın süquta uğrayacağını söyləmək olmaz.

İrana gəlincə, bu ölkədə əhalinin maksimum 10%-i sünnidir. İranda sünnilərlə şiələrin münasibətində problemlər var. Lakin son zamanlar ölkə rəhbərliyi bu problemin həllinə diqqəti artırıb. İndi İran prezidentinin milli və dini azlıqlar üzrə xüsusi məsləhətçisi var. Yeri gəlmişkən, artıq dövlət səviyyəsində sünnilərin məşvərət şurasının yaradılması haqqında təklif də var. Doğrudur, İranda sünnilər erməni xristianlardan və atəşpərəstlərdən fərqli olaraq, parlamentdə fraksiyaya malik deyillər. Onlar yalnız yaşadıqları əyalətlərdən seçilə bilərlər. Onlar parlamentdə təmsil olunsalar da, fraksiyaya malik deyillər. Lakin İranın proqressiv inkişafı sünnilərin də dövlət strukturlarında müəyyən rola sahib çıxmalarına imkan yaradacaq. Sünnilərin qiyamı, şiə çoxluqla qarşıdurmaya getmələri, hakim rejimi devirmələri tam bir nonsesdir. Bu, mümkün deyil.

- İndiki halda şiə İranı ilə sələfi Səudiyyə Ərəbistanı arasında dini motivli münaqişənin qonşu ölkələrə - Azərbaycan, Rusiya, Mərkəzi Asiya ölkələri - keçməsi mümkündürmü? 

- Tehranla ər-Riyad arasında qarşıdurma, hələ ki, pik həddinə çatmayıb. Onlar arasında düşmənçilik getdikcə dərinləşəcək. Bu qarşıdurmanın qəlpələrinin Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrindəki şiə və sünni icmalarına da toxunması tamamilə mümkündür. Lakin hesab edirəm ki, İranla Səudiyyə Ərəbistanında, ümumiyyətlə, Yaxın Şərqdə dini zəmində düşmənçilik siyasi səbəblərdən qaynaqlanır. Hakimiyyət və resurslar uğrunda mübarizə həlledici məsələyə çevrilir və müəyyən qüvvələr vasitəsilə dini ziddiyyətlərlə kəsişir. İranla Səudiyyə Ərəbistanı arasındakı münaqişə məhz siyasi, geosiyasi amillərlə bağlıdır. Azərbaycanda və Rusiyadakı müsəlman cərəyanları arasında ciddi qarşıdurmanın, dini münaqişələrin olmaması da bununla bağlıdır. Məsələ ondadır ki, dövlətin dayanıqlı sabitliyi, iqtisadi rifah dini zəmindəki münasibətdə mənfi məqamların aradan qaldırılmasına imkan verir. Bu üzdənkənar hadisələr dini münasibətlərdəki sabitliyə xələl gətirmir.

- Belə olan təqdirdə, sünni və şiə dünyasında liderliyə iddialı iki nüfuzlu dövlətin münasibətlərinin pozulmasının səbəbləri arasında dini amil neçənci yerdədir?

- İlk yerdə geosiyasət, ikinci yerdə iqtisadiyyat və sosial problemlərdir. Dini amil yalnız üçüncüdür.

- Rusiya İran-Səudiyyə Ərəbistanı münasibətlərinin qaydaya salınmasında vasitəçiliyin təklif edib...

- Rusiyada anlayırlar ki, bu münaqişə mümkün qədər tez çözülməlidir. Çünki onun həllinin ləngiməsi, münasibətlərdəki gərginlik bütünlükdə regiona mənfi təsir göstərir. Lakin vəziyyəti yalnız çox sayda ölkənin, xüsusilə Aİ və ABŞ-ın prosesə cəlb olunması ilə düzəltmək olar. Suriya ilə bağlı danışıqların nə qədər uğurlu alınacağından çox şey asılıdır. Suriya münaqişəsi ilə bağlı razılığa gəlinərsə, gələcəkdə qarşılıqlı əlaqələr üçün meydan açılacaq. 

- İki nəhəng neft ölkəsi arasında münasibətlərin gərginləşməsi dünyada "qara qızıl"ın qiymətinə necə təsir göstərəcək?

- Qarşıdurmanın ilk günlərində neft bir qədər bahalaşsa da, sonradan yenidən ucuzlaşdı. Nə qədər ki, Fars körfəzindən neftdaşımalarına açıq və ya gizli təhlükə yoxdur, "qara qızıl"ın qiyməti yaranan vəziyyətdən asılı olmayacaq. Neftin qiymətinin formalaşmasına daha çox dünya iqtisadiyyatının inkişafı təsir göstərir. Yaxın zamanlarda qiymətin əhəmiyyətli dərəcədə artacağı gözlənilmir. Güman ki, qiymətlər hazırkı səviyyədə tərəddüd edəcək. Səudiyyə Ərəbistanının dempinq tədbirləri ölkənin özünə də sərf etmir. Çünki indi bu ölkədə iqtisadi vəziyyət 5-6 il əvvəl olduğu qədər yaxşı deyil.

 

 

TEHRAN AZADLIQDA

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) bəyan edib ki, İran 6 fövqəldövlətlə onun nüvə proqramına dair razılaşmanın reallaşdırılması üçün bütün lazımi addımları atıb.

"İranın nüvə obyektlərinə baş çəkmiş MAQATE müfəttişləri Tehranın öhdəliklərə əməl etdiyinin şahidi olublar", - deyə agentliyin Baş direktoru Yukiya Amano bildirib. Bundan dərhal sonra ABŞ-ın dövlət katibi Con Kerri və Avropa diplomatiyasının başçısı Federika Mogerini İrana tətbiq edilmiş beynəlxalq sanksiyaların bir hissəsinin ləğv edildiyini açıqlayıblar. RBK-nın məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) yanvarın 16-dan üçüncü dövlətlərin İranla və ya İran şirkətləri ilə əməkdaşlığına qoyulmuş qadağanın aradan qaldırıldığını bəyan edib. Amerika şirkətlərinin xarici ölkələrdəki nümayəndəliklərinə də bu əməkdaşlığın bərpası üçün icazə verilib. Amerika şirkətlərinin İranla ticarət əlaqələri qurmasına qoyulmuş embarqo isə davam edir. Lakin onlar da bir qədər yumşaldılıb: Vaşinqton İrana mülki aviasiya sənayesi üçün detalların ixracına, həmçinin İrandan ərzaq və sənaye məhsullarının idxalına icazə verib.

Yanvarın 16-dan etibarən, Avropa İttifaqı İrana tətbiq edilmiş sanksiyaları dayandırıb - Avropa neft embarqosundan imtina edib. İndi Aİ İran şirkətləri və bankları ilə maliyyə tranzit aksiyalarının aparılmasına icazə verir.

Bununla yanaşı, İrana tətbiq edilmiş sanksiyaların heç də hamısı ləğv olunmur. Söhbət yalnız nüvə proqramı ilə bağlı tətbiq olunmuş sanksiyalardan gedir. İstər Amerika, istərsə də Aİ İrana silah satışına qoyulmuş qadağanı qüvvədə saxlayıb. Bundan başqa, Tehranın terrorçuluqda, insan haqlarının pozulmasında şübhəli bilinən şəxsləri dəstəklədiyi üçün üzləşdiyi sanksiyalar qüvvədə qalır. Hüquqşünaslar Maya Lester və Maykl o'Keynin qiymətləndirmələrinə görə, Aİ sanksiyalar siyahısından 64 nəfərin və 373 şirkətin adını çıxarıb. Bununla yanaşı, siyahıda 29 nəfər və 94 təşkilat hələ də qalmaqdadır.

Amerika OFAC isə yanvarın 17-də Tehrana yeni sanksiyalar tətbiq edib: İranın raket proqramı ilə əlaqəli 11 şirkəti və fiziki şəxsi müxtəlif qadağalarla üzləşib.

İran üçün sanksiyaların ləğvi, ilk növbədə, 2 sahədə sevindiricidir.

Birincisi, Tehran dondurulmuş vəsaitlərini geri qaytara biləcək. Dünya Bankının qiymətləndirməsinə əsasən, Qərb banklarında İranın, təxminən, 107 milyard dollarına həbs qoyulmuşdu. Söhbət, əsasən, İranın neft ixracından əldə etdiyi pullardan gedir. Sanksiyaların ləğvindən sonra, İran dərhal 29 milyard dollara çıxış əldə edir

İkincisi, Tehran neft tədarükünü artıra bilər. Ölkənin Neft Sənayesi naziri Bijan Zangene hələ ötən il deyirdi ki, sanksiyaların aradan qaldırılmasından sonra, onlar sutkalıq ixracı dərhal 0,5 milyon barel artıracaqlar. Digər iranlı məmurlar və iş adamları ilk 7 ayda neft ixracı həcminin 1 milyon barrel artacağını, 12 ay ərzində sanksiyaların tətbiqinədək olan ixrac həcminin bərpa ediləcəyini proqnozlaşdırırdılar. Söhbət sutkada 3,4 milyon barreldən gedir.

Yanvarın 16-da Tehranın 5 ABŞ vətəndaşını həbsdən buraxmağa razılıq verdiyi məlum olub. Bunun əvəzində Vaşinqton ikilitəyinatlı məhsul almağa çalışmaqda şübhəli bilinən 7 iranlını azad edib.

Mübadilə haqqında danışıqlar ayrıca olaraq, Cenevrədə aparılıb və onun İranın nüvə proqramına heç bir aidiyyəti yoxdur. Bu danışıqların uğurla nəticələnməsi Amerika-İran dialoqunun gerçəkliyini bir daha təsdiqləyib.

İran Prezidenti Həsən Ruhani beynəlxalq sanksiyalardan xilas olunduqları üçün Allaha və "səbirli xalq"a minnətdarlıq edib. O, Twitter sosial şəbəkəsindəki səhifəsində razılaşmanı "şərəfli qələbə" adlandırıb. Ruhaninin sözlərinə görə, iqtisadi və maliyyə sanksiyalarının aradan qaldırılması ölkə iqtisadiyyatının inkişafına yol açacaq. Prezident hər kəsi iqtisadiyyatın inkişafı üçün səyləri artırmağa çağırıb.

Parlament qarşısındakı çıxışında isə Ruhani İranın beynəlxalq bank sisteminə (SWIFT-ə qoşulma) və birbaşa xarici investisiyalara çıxış əldə edəcəyini söyləyib.

Artıq bir çox siyasətçi İranı sanksiyalardan qurtulması münasibətilə təbrik edib. BMT-nin Baş katibi Pan Gi Mun "öhdəliklərin yerinə yetirilməsi üçün tərəflərin göstərdikləri səyləri" alqışlayıb. "Reuters" xəbər verir ki, o, bu işə gələcəkdə də dəstək verəcəyini söyləyib.

ABŞ-ın dövlət katibi Con Kerri isə razılaşmanı "dünyanın təhlükəsizliyi üçün bir başlanğıc" adlandırıb.

Sanksiyaların aradan qaldırılmasını Rusiya XİN də alqışlayıb. Nazirlik "altılıq" ilə İran arasında əməkdaşlıq üçün şəraitin yaradılmasında Rusiyanın aparıcı rol oynadığını bəyan edib.

Böyük Britaniya XİN də ümumi işə töhfə verdiyini, biznes üçün yeni imkanların açıldığını bəyan edib. Fransanın Xarici İşlər naziri Loran Fabius isə tərəflər arasında razılaşmanı alqışlamaqla yanaşı, razılaşmaya nə dərəcədə əməl olunacağını diqqətdə saxlayacaqlarını söyləyib.

İrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasını alqışlayanlar arasında Azərbaycan XİN də var.

"Biz bu nailiyyət münasibətilə dost İran xalqını təbrik edir, bu müsbət prosesin Azərbaycanla İran arasında qarşılışqı səmərəli tərəfdaşlığın inkişafına əlavə stimul olacağına əminliyimizi bildiririk", - deyə nazirliyin bəyanatında bildirilir.


MƏSLƏHƏT GÖR:

508